Dovşan səsi - Günel Mövlud yazır...

Dovşan səsi   - Günel Mövlud yazır...

13:08 42


Universiteti bitirəndən sonra şəhərdə iş tapmadım. Valedieynlərimin qaçqın kimi sığındıqları kəndə getdim. Burada nə qədər qalacağımı bilmir, açığı, heç bu barədə fikirləşmirdim də. Yayın axırlarıydı, meyvənin, tərəvəzin, südün-qaymağın bol vaxtı. Bir tərəfdən dörd ilin yorğunluğu, bir tərəfdən şəhərdə ixtisasıma uyğun iş tapa bilməməyin depressiyası, bir tərəfdən kəndin rahat, təmiz havası…

Üç ayın içində bədənim bir yana, ruhumu da piy basdı. Fasiləsiz yemək-içməklə keçən günlərin birində evimizdə yeni bir canlı peyda oldu. Ovuc içi boyda dovşan balası. Qardaşım yoncalıqdan tutmuşdu. İki ovcumun arasına aldım. Çox balacaydı, qorxudan əsirdi. Atam dedi ki, çöl dovşanı çox vaxt evdə qala bilmir, ölür. Amma bəlkə bu ölmədi, çünki onun tutan kimi burnuna insan nəfəsi veriblər, öyrəşib. Mən də burnumu ona yaxınlaşdırdım. Balaca, isti dilini çıxarıb, burnumu yaladı.

Evdəki otaqların bütün qapıları gün uzunu açıq olurdu, amma dovşan qaçmağı heç ağılına da gətirmirdi. Qabağına nə töksən yeyirdi, oturub televizora baxan olanda onun qucağında özünə yer eləyib, gözlərini televizora zilləyirdi, yatanda da gəlib düz yatağımın içinə girir, bədənini mənə söykəyib, yatırdı. Həftələrlə gecə narahat, yarıoyaq yatırdım, çevriləndə, dovşanın üstünə yıxılıb, onu öldürə biləcəyimdən ehtiyatlanırdım.

Səhərlər hamını o oyadırdı. Balaca, isti dilini çıxardıb, adamın ağız-burunun yalayır, qıdıqlayıb oyandırmayınca əl çəkmirdi. Səhər, günorta, axşam – yemək yeyəndə bir-bir hamının boşqabına hucum çəkirdi, qucaqdan-qucağa hoppana-hoppana bütün süfrəni gəzir, hər şeydən dadırdı. Dolma belə yeyirdi!

Ən maraqlısı buydu ki, indiyə qədər bütün ev heyvanlarıma düşmən kəsilib, hamısının başını bir yolla əkən valideynlərim də dovşanı sevmişdilər. Onu ev heyvanı yox, ailənin sonbeşiyi bilirdilər. Körpə kimi dindirib, əzizləyirdilər, başını sığallayırdılar. Onu süfrəyə gətirmədən yeməyə başlamırdılar.

Bir gün dovşanın saatlarla bir yerdə yatıb qaldığını gördüm. Tərpənmirdi, amma sağ idi. Eləcənə, yerindən tərpənə bilmirdi. Yanına yemək apardım. Yemədi. Qucağıma alanda ayağının birinin sallandığını gördüm. Dizdən sınmışdı. Atamı çağırdım, çubuq qoyub, sarıdıq. Axşam yenə mənim yatağımda yatdı. Səhər də balaca, isti dilini çıxarıb, burnumu yalayaraq, oyatdı. Yaxşlaşdığını fikirləşib, sevnə-sevinə qalxdım.

Dovşanı qucağıma alanda gördüm ki, yaralı ayağı şişib. Atam dedi ki, qanqrenadı, bir azdan bütün bədəninə yayılacaq. Ağladım, bütün gücümü toplayıb, yalvardım ki, atam dovşanın şişən ayağını kəssin, onda üçayaqla da olsa, yaşayar. Halımı görəndə anam dözə bilmədi. Sarışın, toppuş üzü qıpqırmızı qızardı, “Allah məni öldürsün!” deyib, gözüyaşlı otaqdan çıxdı. Dovşanın hayından ona fikir vermədim, niyə belə dediyini anlamağa halım yoxuydu.

Dovşanın ayağını kəsdik. Sonrakı günlər dirçəldi. Artıq evin içində üçayağı və yerə dəyəndə döşəmədə taqqıldayan kəsik dizi ilə sevinə-sevinə ora-bura qaçırdı.

Bir gecə, yenə yerimə uzananda gəlib yanıma sığındı. Çevriləndə onu əzməyimdən ehtiyatlana-ehtiyatlana yuxuya getdim. Gecənin bir aləmində qulağıma hənirti gəldi. Səs dovşandan çıxırdı. Ömrümdə birinci dəfə idi ki, dovşan səsi eşidirdim. Tam yuxulu olmasam da, tamamilə oyana da bilməmişdim, buna görə də bir azdan özümü bütünlüklə yuxunun ixtiyarına verdim.

O səhər dovşan məni oyandırmadı. Öz “xoduma” yataqdan qalxanda onu yatağımını içində ölü tapdım. Qəhər məni boğdu, amma ağlaya bilmədim. Dovşanı evin arxasındakı yoncalıqda basdırandan sonra, gəlib həyətdəki kətillərdə yox, çürümüş kötüyün üstündə oturdum. Neçə saat keçdi, yerimdən tərpənə bilmədim.

Anam gəlib yanımda oturdu. Xeyli susdu. Sonra ağlaya-ağlaya dovşanın əsl dərdini danışdı. Bir gün evdə uzanan vaxt dovşan gəlib, onun böyrünə sığınıbmış. Anam yuxulayıb. Yatdığı yerdə çevriləndə dovşan onun altında qalıb. Dərdi də təkcə ayağının sınmağı deyilmiş, yəqin ki, içalatına da zədə keçibmiş.

Heç nə demədim. Axşam yatağıma girəndə yenə də ehtiyatla yuxuladım. Elə bilirdim ki, yuxulasam, çevriləndə dovşan altımda qalar. Gecənin bir vaxtı yenə də qulağıma dovşan səsi gəldi. Başa düşdüm ki, daha bu evdə, bu yataqda rahat yaşaya, rahat yata bilmərəm.

Şəhərə qayıtdım, o vaxtlar isə təzə-təzə çıxmağa başlayan “Kino+” qəzetinə işə düzəldim. Dovşan haqda evimizdə bir də heç vaxt heç nə danışmadım. Hətta evdə bir başqası onu yada salanda dovşanı da, ölümünü də zarafata salırdım, istəmirdim, anam ömrü boyu o günah hissi ilə yaşasın. Onsuz da dovşandan söz düşəndə sarışın, göyçək üzü qıpqırmızı qızarırdı, ağlamaqdan özünü saxlaya bilmirdi.

…Bir gün kinoşünaslar Aygün Aslanlı və Sevda Sultanovaya ev heyvanlarımdan, valideynlərimin onların başına gətirdikləri yarızarafat-yarıciddi fəlakətlərdən – itimi Rusiyada qoyub gəlməklərindən, fars pişiyimi azdırmaqlarından, kirpi balalarını saxladığım yeşikdən çıxarıb, bağçaya buraxmaqlarından danışırdım.

Dovşanın da tarixçəsini gülə-gülə danışmağa başladım. Onu tapmağımızdan, evdəki hərəkətlərindən danışıb, axırda ölüm səhnəsinə çatanda qulağıma yenə dovşan səsi gəldi. Gözlərim yaşara-yaşara güldüyüm yerdə qəfildən hönkürdüm. Aygün qaçıb başımı sığalladı, Sevda Sultanova isə “gülməkdən ağlamağa belə “rezki perexod”u heç Cülyetta Mazina bu cür ustalıqla eləyə bilməzdi!” deyə məni alqışladı.

İki il içimdə saxladığım göz yaşımı ta gözlərim quruyana qədər boşaldandan sonra əl-üzümü yuyum deyə, vanna otağına keçəndə başımı qaldırıb, güzgüyə baxdım: ağlayanda anama oxşayırdım...