Dünyanı dəyişmək inadı - Cavanşir Yusifli yazır...

Dünyanı dəyişmək inadı   - Cavanşir Yusifli yazır...

27 Martt 2024 09:56 641


Müəllif bütün hallarda maneədir - yaratdığı əsər qarşısında, onun (bədii mətnin - !) dünyanı dəyişmək inadı qarşısında. Məqalələrin birində elə belə də yazılır: "Hansı müəllif yazdığı kitablarla dünyanı işıqlandırmaq (işığını artırmaq) və hələ sağkən qazandığı uğurlardan zövq almaq istəməz..."

Kim nə deyir-desin, nə düşünür-düşünsün, həm müəllifin, həm də bədii mətnin bir böyük arzusu olur: dünyanı dəyişmək (fiktivliyin gizli mənası də bəlkə elə budur...). Elə bu səbəbdən əksər müəlliflər dəhşətli dərəcədə böyük, enerjiylə aşıb-daşan əsərlərinin, ya çapını görmür, ya da çap olunsa da, həmin mətnlərin dünyanın gedişini dəyişdiyinə şahidlik edə bilmir. Dünya ədəbiyyatında bu məsələdən çox sayda nümunə gətirmək olar.

Frans Kafkanın əsərləri ilə bağlı yazılanlara baxmaq kifayətdir. Ölüm yatağında vəsiyyəti: "Əsərlərimi yandırın". Buraya onun Amerika, Qəsr və bütün əsərlərinin gücünü içinə yığan "Trial" (Proses) romanları da daxil idi. PROSES-də bədii mətnin, xüsusi olaraq yazıçı üslubunun yaratdığı mühitin içindən sıyrılıb özün kimi mühakimə yürütmək şansı, demək olar ki, yoxdur. Üslub səni idarə edir, dünya ədəbiyyatında bu, görünməmiş hadisədir. Eynən Məhəmməd Füzulidə olduğu kimi.

Oxuduqca hər şeyi o daxili məhkəmə prosesinin (əsərin adının proses olması da təsadüfi deyil) məntiqiylə, o qəzəllərin səni aparıb çıxardığı vadinin havasıyla izah edirsən. Mətn bitdikdə dünya da qurtarır, mətndən sonra düşdüyün reallıq artıq dəyişmiş dünyanın reallığıdır. Böyük əsər dəyişən dünyaya şahidlik etmir, onu son kərpicinə qədər alt-üst edir, tanınmaz hala salır. Mirzə Fətəli Axundzadə də bu ideyadan bəhs etmək üçün ən çox və ən kədərli materialı təmin edir. Dünya ədəbiyyatında onun qədər çevik (istədiyini almaq naminə resipiyentin duymaq istədiyi hər şeyi deyən, yetişmək istədiyi dünyanı - nəticəni gözləri tutulana qədər apaydın görən...) ikinci bir mütəfəkkir çətin tapıla.

Axundzadənin Həsən bəy Zərdabi ilə məktublarına baxın, digər yazışmalarında da yaşayaraq daddığı kədərin "zəhəri"ni hiss etmək, hətta görmək mümkündür. Axundzadə yaratmaq istədiyi, yaxud büsbütün dəyişmək istədiyi dünyanın sınırlarını o qədər aydın təsəvvür edirdi ki, əlçatmazlıq hissi onun qəlbini kədərlə doldururdu. O, dünyanı quran, yaradan və nəhayət, dəyişən mətnlərin yazılmasını istəyirdi, oxuduqca səni idarə edən, səni öz işığına bələyən mətnləri deyil. İkinci halda, o işıq və enerji bir gün tükənə bilər, yeni dünyanın qurulması, mövcud reallığın dəyişdirilməsi oxucunu fərqli nəsnələrə sövq edirdi.

Axundzadə, aydın məsələdir ki, tənqidə çox böyük önəm verirdi. Bəzən arzusunu reallıq kimi qələmə verməkdən belə vaz keçmirdi. "...Lakin Kəmalüddövlə məktubları bir şəxsin əlinə keçərsə, yeyib-yatmağı özünə haram edərək, bulaq başına çatan susuz bir adam kimi, onları oxuyacaq və onların mətləblərini anlamağa, onlardan ibrət almağa və bilik əldə etməyə çalışacaqdır..."

Daha sonra. "...Səbr etmək lazım gəlir ki, əcəl gəlib çatsın, bu dünyanı tərk edək və bədbəxt xalqımızın tamamilə ölüb ortadan getməsini heç olmazsa, öz gözümüzlə görmüyək!" Və: "ömrümdən bir şey qalmamışdır, müasirlərimin qanacaqsızlığından təngə gəlmişəm və taqətdən düşmüşəm".

Demək, burada, bu kontekstdə iki məsələ qabarıqdır: 1. Müəllif və bədii mətnlərin dünyanı, mövcud reallığı dəyişmək inadı. 2. Müəllifdən sonra mətnlərin dəyişməsi. Bədii mətnlər təkcə başqa dillərə tərcümə vasitəsilə dəyişmir, həm də onlarla təmasa girən hər kəsi içinə "hopduraraq" dəyişir, müəllifi və yazılan, təsvir edilən gerçəkliyi hər təsadüfdə yenidən qurub-yaratmaq inadını sürdürür.
Axundzadənin çox ağır şərtlər altında apardığı mübarizələrdən sonra nəhayət, dilə gətirdiyi şikayəti kədərlə dolu idi. Ona həsr edilən televiziya filmində bir xarakterik detal var: uşaqkən onu anasından ayırırlar, bu ayrılıq onun tale möhürünə dönür, həmin ayrılıq faciələrlə növbələşir. Əslində Mirzə Cəlilə aid edilən "anlamaq dərdi" Axundzadə taleyindən başlayır və hər şey bir az sonra dəli yığıncağına çevrilir...