"Ədəbiyyatdan pul qazanmaq olmur" - Müsahibə

"Ədəbiyyatdan pul qazanmaq olmur"  - Müsahibə

01 İyul 2022 11:42 626


YeniYaz.Az “Gənclik kürsüsü” layihəsindən gənc yazar Nemət Mətinlə müsahibəni təqdim edir.

- Mətnin hekayə olmağı üçün nə tələb olunur?

- Birinci növbədə ideya. Yəni ideya olmasa, gedib haradasa dirənirsən. Necə ki, Günəşin nüvəsi var, Yer kürəsinin nüvəsi var, mətnin də nüvəsi olmalıdır. O mətndə demək istədiyin cümləni tapa bilirsənsə, ardı gəlir. Məndə də belədir, beynimdə həmin cümləni qururam və nəsə yaranır, təbii ki, yazmaq prosesində ola bilər nəsə dəyişsin, amma əsas məncə, ideyadır.

- Müasir dövrdə həmkarından hekayələrini bəyəndiyin kimlər var? Məsələn, bu adam doğrudan da yaxşı hekayələr yaza bilər.

- Orxan Həsəninin hekayələrini oxumuşdum. Haradasa xoşuma gəlmişdi. Amma onda da bayaq dediyim kimi ana fikir yoxdur. Mənə əslində fərqi yoxdur ki, kim necə yaza bilir. Ola bilər, elə bir mövzu olar, başqası daha yaxşı yazar və ya yazacaq. Yaxşı yaza bilənlər var. Amma indi hazırda adlar yadıma düşmür. Ümumi olaraq yaxşı yaza bilən müəlliflər var və sayı bir neçədir. Məsələn, Elvin Rizvangil, indi öz dostumuzdur, tanışımızdır deyə demirəm, bir-iki hekayəsi var, orada ana mətn var. Düzdür, hamısı yaxşı deyil, amma yaxşı bir-iki hekayəsi var.

- Şedevr əsər dedikdə gözünün qabağına gələnlər hansılardır?

- Tolstoy gəlir, Dostoyevski gəlmir. Dostoyevski, elə bil, çılğındır, amma Tolstoy rahatdır. Məncə, dünya şedevrlərini yaradan bir nömrə Tolstoydur. Yəni romanı yazmayıb ki, mən burada nələrisə deyəcəyəm. Nəsə demək istəyib deyə romanı yazıb.

- Gənc həmkarlarından kimlərdən narazısan?

- Ümumi deyəcəyəm, məşhurluq üçün, tanınmaq üçün, belə deyim də, yazım, qoy yazımda dayanmayım deyə yazırlar. Məncə, yazmaq bir ehtiyacdır, məsələn, Tolstoyun 80 yaşında yazdığı mətnində belə bir ifadə var: mən ona görə yazıram ki, susa bilmirəm. Susa bilməyib yazırsansa, çox gözəldir, nəinki, yazı xatirinə yazmaq. Bir də publikaya işləmək var.

- Özünü nəsrin hansı mərhələsində görürsən?

- Başlanğıcda görürəm. Çalışıram daha yaxşı yazım, fikirləşmirəm ki, haradasa çap olunacağam və ya hansısa bir uğuru qazanacağam. Yazandan sonra içimdə bir rahatlıq yaranır, sakitləşirəm. Bir şey də qəribədir, adətən, heç kəsin fikri mənə maraqlı gəlmir. Ya kimsə tərifləsin, ya tənqid eləsin, bunlar mənim üçün və mənim yazım üçün artıq şeylərdir. Hansısa bir mövzu məni tutubsa, yazıram ki, bir az sakitləşim, mətn də azad olsun, Nemət Mətin də.



- Ədəbi mühitdə gənc şairlərdən kimləri bəyənirsən?

- Rauf Ra az yazır. Yəni iki misra yazır, amma yaxşı bir yazı çıxarır ortaya. Yəni belə deyim, Nəsimidən bu tərəfə yaxşı ideya yaratmağa çalışır. Əlibala Əhmədovu da, tuta bilmirsən ki, bu hansı bir üslubda yazır və yaxud nə demək istəyir. Demək istədiyi bir fikri yazsa da, onu asan vermir sənə. Əlibala Əhmədov çox maraqlı gəncdir, hətta çox gəncdir deyərdim. Sənin (Nizami Bayramlı – red.), Nadir Yalçının üç-dörd şeiriniz çox xoşuma gəlib. Ümumiyyətlə, gənclərimiz həmişə istəyir yaxşı yazsın və yaxud öz içindən gələn şeyləri təqdim eləsin, amma məncə hələ özləri də bilmir nə olacaq, necə olacaq? Hansı üslubu tutub gedəcələr və nəyi əsas götürəcəklər.

- O gün gənclərdən birinin kitab təqdimatı idi, yəqin ki, tanıyırsan və xəbərin var. Söhbət Ramil Əhməddən gedir. Bir gənc kimi orada iştirak edə bilməməyinin səbəbi nə oldu?

- Açığını deyim ki, işdə idim. Yazıçı və yaxud hər hansı bir incəsənət adamı məcburdur hansısa bir işdə işləsin, özünü və ailəsini dolandırsın. Vəziyyət bunu tələb edir. Ədəbiyyatdan pul qazanmaq olmur və ya sən ona qazanc məqsədi kimi baxmırsan. Olsa da belə, çox azdır. Heç nəyə bəs eləmir. Ona görə də təqdimatların çoxuna getməyə vaxt tapa bilmirəm. Ramil Əhmədi şəxsən də, az da olsa, tanıyıram.

- Ramil Əhmədin şeirlərinə münasibətin necədir?

- Normaldır. Daha yaxşılarını gözləyirəm. Xüsusi bir perspektivi var, o da mənim kimi gəncdir, gələcək yəqin ki, göstərəcək.

- Müasir dövr Azərbaycan ədəbiyyatında hansı çatışmazlıqlar var?

- Dünya ilə ayaqlaşmağa çalışır, amma özünü unudur müasir ədəbiyyatımız.

- AYB-nin üzvüsənmi?

- Xeyr...

- Belə bir arzun varmı?

- Normal bir birlik olsa, istəyərəm. Ancaq bunun adını arzu qoymamaq şərti ilə.

- Oxuculardan hansı narazılıqların var?

- Dünya ədəbiyyatına qaçırlar. Sayları azdır.

- Müsabiqələrə münasibətin necədir?

- Münasibətim yaxşıdır, müsabiqə olmalıdır, sən əgər qarşına məqsəd qoymusansa, öz gücünü də göstərməlisən. Təbii ki, ədalətli qərarlar verilsə, kimdən yaxşı yazmağının da şahidi olarsan, kimlərdən pis yazmağının da. Hətta müsabiqələr tez-tez keçirilsə, daha maraqlı olar. Yazar da həvəslənib daha ciddi mətnlər ortaya qoymaq üçün çalışar.

- Təşəkkür edirəm, Nemət.

- Mən də təşəkkür edirəm, həm sənə, həm də “Yeniyaz” saytına ki, belə bir maraqlı rubrika hazırlayırsınız. Bir daha çox sağ ol.

Nizami Bayramlı