Elə qəfil getdin ki... – Məhsəti Musa yazır

Elə qəfil getdin ki...   – Məhsəti Musa yazır

14 Yanvar 2022 14:18 778


YeniYaz.az Məhsəti Musanın avtomobil qəzasında həyatını itirən gənc şair Saqif Zeynalın ölümündən sonra çap edilən “Tanrı qədər yoxsan” kitabına yazdığı “Son söz”ü təqdim edir.

Şeirlər kitabım çapa hazırlananda onunla xeyli mübahisə etdik. “Ön söz yazdırma, lazımsız bir işdir” deyirdi. Xeyli mübahisədən sonra nəhayət, “Sən öz kitabına yazdırmazsan” deyib söhbətə son qoydum. Hərdən də cırnatmaq üçün deyirdim ki, sənin ikinci şeir kitabına ön sözü özüm yazacağam.

“Mənim kitabımda ön söz olmayacaq” söyləyirdi...

Şeirlərini toplamışdı, ikinci kitabını çap etdirməyə hazırlaşırdı... Oxumaq üçün göndərmişdi mənə. Nə yaxşı ki, göndərmişdi...

Hər gün məni tələsdirir, “tez oxu, fikirlərini bildir” deyirdi. Sanki ürəyinə damıbmış. İlk kitabında yaşaya bilmədiyi sevinci ikinci kitabdan da ala bilməməkdən qorxurdu elə bil.

Xəyallar qurmuşdu kitabla bağlı. Ön söz yazılmayacaqdı, şeirlərin adı olmayacaqdı. Hətta kitaba ad seçərkən də, bir qərara gələ bilmədikdə deyirdi ki, bəlkə elə kitab da adsız olsun? “Yox” deyirdim. Olmaz belə... Şeirlərə də, kitaba da ad vermək lazımdır. Əslində haqlı idim. Çünki əksəriyyəti sərbəst olan şeirlər çapa gedərkən nə qədər diqqətlə yanaşılsa da, qarışacaqdı, bəziləri bir-birinin davamı kimi qəbul ediləcəkdi.

Arzularından biri də kitaba iki yerdə - paytaxtda və Ağcabədidə təqdimat keçirmək idi... Heyf!

Nə qədər yaxın dost olsaq da, bizlər Saqifi itirəndən sonra daha yaxşı tanıdıq. Şeirlərini oxuduqca özümüzü qınadıq. Bu insan elə şeirləri ilə ömrünün qısalığından, yaşanacaqlardan xəbər verirmiş ki... Biz niyə vaxtında bunu hiss etməmişdik? Niyə bu qədər laqeyd yanaşmışdıq öz gələcəyini, öz ömrünü şeirləri ilə bizə anlatmağa çalışan dostumuza?

Sonsuzluğun o üzündən,
Məni çağırır uzaqlar.
Bilirsənmi, gedənlər yox,
Qalanlar uduzacaqlar.

Gedəcəyəm buralardan,
Ax, bu necə xeyir-şərdir?!
Buralar ki, Allahın da
Gözündən düşdüyü yerdi.

Buralarda hər şey, hər şey...
Sonuncu nəğmələr kimi
Oxunub bitmək üçündür.
Bir doğma da gətirməyən,
Bu yollar getmək üçündür...

Kitaba seçdiyi adlar da sanki öz taleyinin təsviri idi: “Sənsizliyin xəritəsi”, “Tanrı qədər yoxsan”, “Sonsuzluğun o üzü” və s.

Sonuncu şeirlər kitabımın təqdimatına Bərdədən gəlmişdi(orada müəllim işləyirdi). Çıxış edəcəyini demişdi. Tədbirin aparıcısı, şair Gündüz Sevindik də onun adını siyahıya qeyd etmişdi.Tədbirin gedişatı zamanı Gündüzə çıxış etməyəcəyini işarə etdi. Sonralar səbəb kimi kürsüdən danışmağı sevmədiyini göstərdi(əvvəl toplantının dəyirmi masa şəklində olacağını planlaşdırmışdıq). Guya vecimə almasam da, nə yalan deyim, bir az incimişdim. Çıxış etmədiyinə görə yox, məhz orada fikrini dəyişdiyinə görə... Amma bunu da əvəzsiz qoymayacaqdım. Demişdim ikinci kitabı çap olunsun, təqdimatını təşkil edib tədbirin tən ortasında bir bəhanə ilə çıxıb gedəcəyəm.

Lakin... Kaş heç bir toplantımızda iştirak etməyəydin, kaş heç bizi illərlə dindirməyəydin, amma bu qədər tez getməyəydin həyatdan – dostluqdan, qardaşlıqdan. Saqif, inan, əllərim əsir bu yazını yazdıqca. Sənin haqqında keçmiş zamanda danışmaq, yazmaq o qədər ağır ki... “Ön söz” istəmirdin kitabına... “Son söz” yazası oldum. Bir daha yazılmayacaq şeirlərinə, bir daha söylənməyəcək sözlərinə, bir daha alınmayacaq nəfəsinə, əbədi susmuş gülüşünə, yarım qalan arzularına, son kitabına son söz yazıram.

Unutmaqla bağlı bir şeirimə ithafən sən də şeir yazmışdın. Deyirdim, ay Saqif, bu, Aqşin Yeniseyin Günel Mövluda yazdığı şeiri xatırladır. Yaxşı şeirdir, amma mənim adımı qeyd etmə. Bir neçə dəfə sosial şəbəkədə paylaşanda da öz adımı sildirmişdim. Deyirdim təkrarçılıqdır. İlk kitabda həmin şeir “Yağmurlu mesaj” adı ilə çap olundu. İkinci kitabı hazırlayanda isə “Məhsəti Musaya” yazmışdın başlığında. Təbii ki, yenə də adımı siləcəkdim. Lakin qəfil qəza, qəfil gedişin bizi elə sarsıtdı ki, o adı silsəm barmaqlarım yanardı. Şeirlərini özün sıraladığın kimi yığıb hazırladıq çapa. Bəzilərini çıxaracaqdın siyahıdan. Onlara da toxunmadıq. Əlimizdən ayrı nə gəlir ki?

Sən mənə ana deyirdin. Bir ana kimi nə qədər nəfəsim var, sənin adını, sənin xatirələrini yaşadacağıma söz verirəm, Saqif balamız! Son söz!