Əlini qana batırmaq istəməsə də...

Əlini qana batırmaq istəməsə də...

09:41 23


Sükuta sığınmaq, zənciri qırmaq

Kamilo Xose Selanın “Paskual Duartenin ailəsi” romanı haqqında

Fəxri Uğurlu

İyirminci yüzil ispan nəsrinin Migel de Unamunodan sonrakı dövr üçün ən nüfuzlu imzası Kamilo Xose Seladır. Özünü Unamunonun şagirdi sayan Sela Nobel mükafatına layiq görülmüş ispan ədəbiyyatı nümayəndələrinin hələlik sonuncusudur (nasir kimi həm də birincisi, çünki ondan əvvəl bu mükafat ispanlardan iki dramaturqa, iki də şairə verilmişdi) - 1989-cu ildən bəri İspaniyada planetin ən nüfuzlu söz yarışından qalib çıxan yazıçı olmayıb. Onun haqqında danışmağa çalışacağımız əsəri Servantesin “Don Kixot”undan sonra dünya dillərinə ən çox tərcümə olunmuş ispan romanıdır. Azərbaycan dilinə bu əsəri yazıçı-tərcüməçi Saday Budaqlı çevirib.

“Paskual Duartenin ailəsi” romanı Alber Kamünün “Yabançı” romanıyla eyni vaxtda - 1942-ci ildə işıq üzü görüb. Onda Selanın iyirmi altı yaşı vardı - o, Kamüdən üç il sonra dünyaya gəlib. Bu faktlarda qeyri-adi heç nə yoxdur; təəccüblü olan burasıdır ki, eyni dövrdə, bir-birindən uzaqda qələmə alınmış bu iki əsər arasında qəribə bir yaxınlıq, xarakter, məna, məzmun qohumluğu var. Hər iki roman ölümə məhkum olunmuş dustağın adından yazılıb, hər iki əsərin qəhrəmanı anasına soyuq münasibət bəsləyir, hər iki romanın təhkiyəçisi istəmədən cinayətə bulaşır, insan qətlə yetirir. Qəhrəmanlar ikisi də sonda edam olunur, ancaq Kamünün Mersosundan fərqli olaraq Selanın qəhrəmanı Paskualın boynunda bir yox, bir neçə ölüm var. Kamünün romanı kimi Selanın əsəri də ekzistensializm fəlsəfəsi həvəskarları üçün müntəxəbat yerinə istifadə oluna bilər.

***

Roman zindanda edamını gözləyən əlli beş yaşlı Paskual Duartenin xatirələri, etirafları üslubunda onun dilindən qələmə alınıb. Şəhərdən aralı yoxsul bir kənddə, kasıb ailədə dünyaya göz açmış Paskual uşaqlıqdan xoş gün görməyib, mənhus taleyi onu daşdan-daşa çırpıb. Qaçaqmalçılıqla məşğul olduğuna görə məhbəsdə yatan portuqal əsilli, iri gövdəli zalım, bədheybət atası ona da, anasına da həmişə zülm, işgəncə verib. Gün gəlir, ata it tutması nəticəsində quduzluğa yoluxur, onu yerli adət-ənənəyə uyğun şəkildə tövləyə qapadıb acından ölməyə məhkum eləyirlər.

Dərd burasındadır ki, bəxtsiz qəhrəman ta uşaqlığından bəri anasından da mehribanlıq, şəfqət görməyib, əyyaşlığa, dava-dalaşa, pozğunluğa meyilli bu qadın da övladlarına biganə olub. Paskualın gözünün qabağında böyümüş istəkli (bilmirəm bu xarakter haqqında belə söz işlətmək düzgündürmü) bacısı Rosario yeniyetmə yaşına çatar-çatmaz evdən qaçıb şəhərdə bədənini satmaqla özünə güzəran qurmağa, gün ağlamağa çalışır. Anasının oynaşı Paskual baxa-baxa xəstə, anlaqsız qardaşı Marionu yiyəsiz küçük kimi təpikləyəndə ana da məşuquna qoşulub qulaqlarını donuz gəmirmiş yesir, köməksiz uşağa gülür. Sonra heç kimə gərək olmayan o xəstə uşaq yağ küpünə düşüb boğulur, bu dəhşətli mənzərə Paskualın yaddaşından ömrü boyu silinmir. Bütün bu deyilən-deyilməyən faktlar şərdən şər törədiyini, qəhrəmanın aqibətinə hələ doğulmamışdan sərəncam verildiyini, aldığı zədələrin ona mənhus tale yazdığını göstərir.

***

Halbuki Paskual da başqa həyat yaşamaq, xoşbəxt olmaq istəyirdi. Ürəyinin dərinliyində o qətiyyən pis adam deyil, hətta bəlkə yaxşı adamdır. Yoxsulluq onu qorxutmur, Paskual qoçaq oğlandır, sərrast atan ovçudur, zəhmətə qatlaşıb ailəsini dolandırmaq gücündədir. Yoxsul kənddə yaşayışın son dərəcə çətin olduğuna baxmayaraq bu ağır şərtlər altında həyat dolu sağlam kəndçi qızıyla evlənməyə də özündə təpər tapır, toya gələnlərə bol yemək-içmək verir, sonra da gənc arvadıyla əyalət şəhərində bala batırılmış günlər-saatlar keçirir. Səfərdən qayıdanda Lolanı evə göndərib dostlarıyla meyxanada əylənir, tay-tuşlarından biri sərxoş başla ona kobud söz atıb sevincinə zəhər qatır. Tikanlı eyham, atmaca götürməyən impulsiv xarakterli Paskual abırsız gəncə üç bıçaq zərbəsi vurmaqla alnına həkk olunmuş amansız fərmanın icraya yönəldilən ilk bəndinin altından birdən-birə üç imza qoyur.

Hər bədbəxtlik özüylə yeni bəla gətirir. Evə çatanda məlum olur ki, ondan sonra Lola atdan yıxılıb, uşaq salıb. Paskual özünü tövləyə verib, arvadını yıxan madyana iyirmi bıçaq vurur, bundan sonra sevinc onun çöhrəsindən yenə silinib gedir: “Bu bədbəxt hadisə məni üzmüşdü, qara-qura fikirlər başımdan çıxmırdı; dilxor halda kənd-kəsəyi dolaşırdım, özümə gələnə qədər düz on iki ay ötdü. Bizə üz verən bədbəxtlikdən təxminən bir il keçər-keçməz Lola yenə uşağa qaldı və ilk dəfə olduğu kimi səbirsizliyin, narahatlığın məni yenə diddiyini sevinclə hiss elədim: vaxt sürünürdü, istədiyim kimi tez keçmirdi, hara getsəm də içimdəki acığı soyuda bilmirdim”.

***

Zalım tale gözünü necə qırıbsa, Paskual xoş xəbərə də sevinə bilmir, daha doğrusu, sevinməyə qorxur, bilir ki, amansız fələk gec-tez o sevinci də burnundan gətirəcək. Paskual Duartenin aqressiyası tamahından, iştahından, nəsə almaq, nəyəsə yiyələnmək həvəsindən, bir sözlə, yaşamaq ehtirasından güc almır. Bu aqressiya kasıblıqdan, ehtiyacdan, varlıya, imkanlıya paxıllıqdan da bəslənmir; yəni bəxtsiz qəhrəman sosial bərabərsizliyin qurbanına çevrilmiş potensial inqilabçı da deyil. Onun üsyanı taleyinə qarşıdır, fəqət başa düşmür ki, fələyə çomaq çəkdikcə həmin mənhus taleyin yazdığı rolun kor-koranə icraçısına, fələyin gözübağlı kuklasına çevrilir. Paskualın aqressiyası onun qaysaq bağlamayan mənəvi yaralarından, qorxularından, ağrılarından, şübhələrindən bəslənir: “Adamayovuşmaz, qaraqabaq, xoflu olmuşdum, arvadımla anam bu halımdan baş çıxara bilmirdilər deyə hamımız ehtiyatlı tərpənirdik, hər dəqiqə qalmaqal qopacağından qorxurduq. Gərginlikdən üzülürdük, ancaq özümüz sanki onu qəsdən artırırdıq, hər şeydə eyham, hiylə, biclik görürdük...”

Kənara yönəlmiş aqressiyanın o biri ucu insanın özünü kəsir. Qatillik instinkti intihar ehtirasıyla əkizdir. Xofdan, günah hissindən doğan aqressiyanın son həddi, kulminasiyası insanın özünü bəlaya atması, yol gələn dərdlərin intizarına dözməyib fəlakəti qarşılamağa çıxmasıdır (“Mən istərəm bəlanı, çün istər bəla məni” - köklü məzmun fərqi olsa da, burada Füzuli yada düşür). Paskual Duarte adlanan bəndənin cisminə anadangəlmə qoyulmuş mühərrik də belə bir qara enerjiylə hərəkətə gəlir. Onun xoşbəxtliyə dartınan ruhu hər dəfə xoşbəxt olmaqdan qorxan, bədbəxtliyə susamış, başqalarının vasitəsilə özünü cəzalandırmaqdan zövq alan vücudunun nəhs niyyətinə ilişib qəzaya uğrayır. Sadiq ov tulasını heç bir səbəbsiz-filansız güllələyəndə belə o, əslində, gülləni bir ayrı məxluqa yox, özünə, öz bədəninin bir parçasına, gövdəsinin it cildində zühura gəlmiş uzantısına çaxır.

Oğlu doğulanda da Paskual sevinə bilmir, çün sevinmək ona haramdır, ondan ötrü hər sevinc arxasında gizlətdiyi böyük bir fəlakətin çuğuludur. Sevinc ona rahatlıq yox, qorxu, səksəkə gətirir, onun bəlaya həssas sümüklərini sızıldadır: “Haradan biləydik ki, dünyanı nizama salan Tanrı arzumuzu, bütün var-yoxumuzu - oğlumuzu əlimizdən alacaq, onu həyata qədəm qoymamış itirəcəyik! Niyə sevgi həmişə ona ən çox ehtiyac olanda bizi tərk edir?.. İzahını bilməsəm də, uşaqla bu qədər fərəhlənməyimiz məni çox narahat eləyirdi. Ömür boyu fəlakəti əvvəlcədən duymuşam - bilmirəm bu, mənim xeyrimədir, ya ziyanıma. Üstündən bir neçə ay keçəndən sonra elə bil bu duyumum korşalmasın deyə ürəyimə daman yenə doğru çıxdı...”

Oğlunu alandan sonra da fələk onun yaxasını buraxmır, özünü təslim olmuş kimi göstərməyə çalışsa da, Paskual dərdi azdıra bilmir: “Deyirdim vaxt keçdikcə dərd dərilmiş qızılgül kimi solar, mümkün qədər az əzab çəkmək üçün sükutumu ən qiymətli şey kimi qoruyurdum”. İçinə çəkilib səssizliyə, seyrə dalmaq, hərəkətsizlik, sükunət - asketizmin, zahidliyin min illərin sınağından çıxmış üsulu həyatın təcavüzündən qorunmağın tək olmasa da, tək-tək yolundan biridir. Canından kəsib verdiyi böyük qurbandan sonra misilsiz nemət saydığı sükuta sığınmağı Paskualın bu gerçəkdən xəbərdar olduğunu göstərir. Ancaq içində qalanmış qisas tonqalı, üsyan alovu onun sükutunu oyadır, onun təşnə qəlbinə dinclik vermir.

Belə bir dincliyi o yalnız türmədə, öz etiraflarını qələmə aldığı zaman tapır - doğrudan da, yaradıcılıq ən böyük terapiyadır. Üstəlik də, zindanda o daha öz bədəninin qayğılarıyla əlləşmir, canına müsəllət olmuş cinlərlə, kabuslarla süpürləşmir, qorxuları, dərdləriylə güləşmir - bunların hamısını Paskual cisminə büküb cəllada təhvil verib, edama hazırlanan bədəni artıq onun deyil, indi o, ömründə həm ilk, həm də tək dəfə təmiz, qılafsız ruh kimi yaşamaq imkanı qazanıb: “Günaha batmış qəlbin dinclik tapması cadar-cadar olmuş torpağa yağış yağması kimidir: quruyan torpaq münbitləşir, bəhrə verir. Ona görə belə deyirəm ki, çox, lazım olduğundan da çox illər ərzində dincliyin - göylərin xeyir-duası, neməti olduğunu, qorxu içində yaşayan biz zavallıların bel bağladığı ən qiymətli nemət olduğunu anlamamışdım. İndi sevgiylə dinclik içimi nurla dolduranda onlardan elə həvəslə, elə sevinclə həzz alıram ki, qorxuram - halbuki ömrümün sonuna az qalıb, lap az qalıb! - vaxtım çatana qədər bu sevinc tükənə. Əgər həmin dinclik qismətimə bir neçə il əvvəl düşsəydi, hökmən rahib olardım, çünki bu dinclikdə o qədər işıq, o qədər səadət var, yəqin onda da mənə xoş gələrdi... Mən üzündən mehribanlıq yağan zahidə, göydə quşa, suda balığa, hətta kol dalında marığa yatmış yırtıcıya həsəd aparıram - onları yaddaşı incitmir”.

***

Fələyi yanıldıb iz azdırmaq üçün o, şələ-küləsini götürüb yaşadığı bölgədən uzaqlaşır. Əvvəl qatarla Madridə yollanır, niyyəti budur ki, oradan da liman şəhərlərindən birinə gedib sərnişin gəmisiylə Amerikaya üzsün, bununla da yaşadığı həyatın üstündən xətt çəkib yeni bir həyata başlasın.

Ancaq taledən bu yolla qurtulmaq mümkün deyil, insan hara gedir getsin, canına yüklənmiş, qanına yeridilmiş qismətindən qaça bilməz. Tale deyilən nəhs qismətdən qurtulmağın tək yolu ona qalib gəlməkdir, genlərimizə yüklənmiş şeytani proqramları qəlbin açarıyla çözüb, iblisin yuva qurduğu can zirzəmisinə saf işıq çəkməkdir. Yoxsa tale dediyimiz bu ağır şələ duz yükütək kürəyimizdən basdıqca basacaq.

Maddi çətinlik ucbatından Amerikaya getmək ona qismət olmur. Üstəlik də, günahlarıyla suvardığı doğma torpaq, cinayətlərinin vətəni onu şiddətlə özünə çəkir. Qatil həmişə qətl törətdiyi yerə dartınır, çünki işlədiyi əməlin fəsadlarına, dağıntılarına şahid olmaq, o fəsadlardan, dağıntılardan əzab dolu maniakal həzz almaq istəyir. Beləliklə, bu istək başıbəlalı Paskual Duarteni iki illik ayrılıqdan sonra yenidən öz yurduna çəkib gətirir.

***

Məlum olur ki, arvadı Lola bir zaman bacısı Rosarionu da yoldan sapdırmış, hələ üstəlik bununla öyünüb Paskualı alçaltmaqdan zövq almış Ədabaz ləqəbli yaramazdan hamilədir. Beləcə, tale yenə qol çırmayıb yeni qanlı əməliyyata başlayır. Paskual əvvəlcə arvadı Lolanı boğub öldürür: “Əqrəblərin sinəmdəki yuvası dağıldı, damarımın hər damla qanından məni sancan ilanlar baş qaldırdı. Arvadımın qatilini, bacımı rüsvay eləyəni, mənə hər şeydən çox dərd gətirən adamı axtarmağa başladım. Gizləndiyinə görə onu tapmaq asan deyildi. Tülüngü mənim gəlişimdən xəbər tutmuşdu, dörd ay Almendralexoda gözə görünmədi...”

Qardaşının evə qayıtdığını eşidən Rosario da şəhərdə bənd almır. Artıq o da yaşlanıb, üz-gözü qırışıb, çox güman, bazarı da kasaddır. Bacısının sayəsində Paskual bir müddət dinclik tapır, uşaqlıqdan möhtac olduğu ana şəfqətini də o, yanımcıl Rosariodan alır: “Çalışırdı həmişə köynəyim təmiz olsun, təsərrüfatı idarə eləməyinə də söz ola bilməzdi, üstəlik, mənim üçün üçdən-beşdən qənaət də eləyirdi, gec gələndə yeməyimi isti saxlayırdı... Belə həyat ürəyimcəydi! Gündüzlərim qu tükütək yüngüldü, gecələrim monastırdakı kimi sakitdi, əvvəlki pis fikirlər elə bil yaxamdan əl çəkirdi. La Korunyadakı narahat həyatım uzaqda qalmışdı, bıçaq davalarım isə tamam yadımdan çıxmışdı. Lolanın xatirəsi ürəyimdə yara kimi sızıldasa da, tədricən bu yara da qaysaq bağlayır, keçənlər yavaş-yavaş unudulurdu. Ancaq məni inadla təqib eləyən bəxtim, uğursuz bəxtim onları təzədən yada saldı”.

Göründüyü kimi, Paskual Duartenin bu dünyada dinc, sakit yaşamaqdan uca, ondan böyük, ondan müqəddəs arzusu yoxdur. Necə deyərlər, ağlı başında olan hər Allah bəndəsi kimi.

***

Bu məqamda Ədabaz kənddə peyda olub Rosarionu aparmağa gəldiyini bildirir. Paskual onun Lolanın ölümünə, Rosarionun bədbəxtliyinə bais olduğunu deyib Ədabazı yüngül xəsarətlərlə uzaqlaşdırmağa çalışır. Ancaq Ədabaz gözləndiyindən də həyasızdır, özünü heç nədə təqsirkar saymır, zərrə qədər vicdan əzabı çəkmir. Paskualın hər iradına təxminən belə cavab verir ki, neyləmişəmsə düz eləmişəm, əcəb eləmişəm. Sonda cadugər fələk istədiyinə çatır, Paskual yenidən əlini qana batırmaq istəməsə də, Ədabazı öldürməyə məcbur olur, çünki onu susdurmağın bundan başqa yolu qalmır.

"Yeni Azərbaycan" qəzeti