Bu gün ən müasir ədəbiyyatımızın tanınan imzalarından olan Orxan Həsəninin 25 yaşı tamam olur. YeniYaz.Az bu münasibətlə Orxan bəyi təbrik edir və onun “Və dalğalandı yaddaş tarlası” romanından bir hissəni oxucuların diqqətinə çatdırır.
Xoşbəxt idim taksidən düşəndə. Düşüb qucağımda tortla restoranın həyətinə daxil olanda və tortu ofisiantlara təhvil verib adamların arasında Aniyəni axtaranda, qaranlıqda kibrit gəzən kimi işıq arzusuyla o tərəf-bu tərəfə baxanda.
Xoşbəxt idim darıxdığım üçün, könlümdə böyüdükcə böyüyən həsrətin elə indicə Aniyənin bənizini görməklə çəkilib itəcəyini, sovrulub gedəcəyini, hisslərimin özünə belə asanca yuva tapacağını bildiyim üçün, onunla bu qədər yaxın olduğumuz üçün xoşbəxt idim. Xoşbəxt idim Aniyənin rəfiqələri ilə söhbətləşdiyini uzaqdan görəndə, aram addımlarla ürkək-ürkək ona sarı gedəndə, yanından keçdiyim tanış üzlərin salam payını alanda və sevincdən, həsrətin belə asanca bitməsi gerçəyindən sifətimdə çiçək açan gülüşümü fikrimi dağıtmaqla, həyatın özgə detallarını, hadisələrini xatırlamaqla gizlətməyə çalışanda. Məni görüncə üzündəki ifadənin birdən dəyişməsini, gözlərini iri açıb çaşqın-çaşqın baxmasını, əllərini gizlətməyə çalışmasını, kölgəli gözlərlə utancaq baxmasını, yanaqlarının qızarmasını görəndə xoşbəxt idim.
Bakı gözəl idi. Bakı həmişə gözəl olmuşdu. Hovuz başında əylənən adamların nəşəli səs-küyü könlümdə lətif duyğular oyadırdı. Qızmar günəş Xəzərin üzünə dəyib əks olunurdu. Keçən tankerə həyatımızdan keçən gözəl xatirələr kimi tamaşa edərkən düşünürdüm ki, Aniyə çəhrayı donu, utancaq, qırmızı yanaqları, gözəl, mirvari boyunbağısı, arxada birləşən gərgin əlləri ilə taleyimin tən ortasında əzəmətlə dayanıb.
Xoşbəxt idim dalğaların səsi qulağıma dolanda, Xəzərin ləngərini ürəyimdə hiss eləyəndə və Aniyənin əsrarəngiz varlığı ruhuma çökəndə... Gözlərindəki dumanlı müəmmaya baxanda xoşbəxt idim...
Dəmir məhəccərin yanında görüşdük. Qızlar gülə-gülə getdilər. Özün sevəndə bilmək olmur güləcəksən, ağlayacaqsan, amma başqalarının eşqi adamları həmişə güldürür. Selfi çubuqları qınından çıxdı. Şəkillərin savaşı bir azdan başlayacaq. Çak-çak. Bəlkə, çoxdan başlayıb?
Əl verdim, Aniyənin zərif əlini ovuclarıma yığdım, saymazyana uydurulmuş yalan kimi nazik barmaqlarıyla şəfqətlə oynadım. Ay aman, əli bumbuzdu! Yayın cırhacırında qışı necə gətirmisən, Aniyə? Əlini üzümə sıxsam, inciməzsən? Hamı bilir, gözəl qızların əlləri soyuq olur, gözləri kölgəli. Elə bil nəsə gizləmək istəyirlər. Adamda sirli, dumanlı təəssüratlar oyadırlar. Sanki heç kimin bilmədiyi nəyisə bilirlər, amma ağızlarını bıçaq açmaz. Onları sevmək sirrin üstünə getməkdir. Sirrin yaratdığı cazibəni kim poza bilər? Danış, quzum! Bir sənsən, bir də mən. Özgə deyilik.
Əlləri hələ də əlimdədir. Qartopu kimi sıxıb nəfəsimlə isitmək istərdim. Qorxdum əriyər. Qorxdum canından can itirər. Qış üçün yaman darıxmışam.
“Nə gözəl görünürsən!” – dedim ki, gözümdən yayınmadığını bilsin. Çəhrayı donu əyninə biçilib. Özü də gözəldir, paltarı da. Elə bil iki ulduzun işığı bir nöqtədə parlayır. Dünən axşam çəhrayı donun şəklini çəkib göndərmişdi. Demişdi, gör necədir? Sabah geyinəcəyəm. Sayıb, xətir-hörmət tanıyıb ki, razılığımı alsın, daha deyəsi deyildim, olmaz, ətəyi qısadır. Ümumiyyətlə, qısa paltar nədir? Dizindən iki qarış yuxarı. İki qarışla dünya dağılmaz, yer yarılmaz. İstəyir, geyinsin. Əli əlimdədir, gözü üstümdədir. Daha nə olsun ətəyi qısadır? Paltar varsa, demək onu geyinən də var. Başqası geyinsin, Aniyə geyinməsin?
Tərifimi gülüşüylə qəbul elədi, gözlərini süzdürdü. Nəzakət mücəssəməsidir. İçimə od düşdü. Elə bil gülmədi, kibrit çaxdı. İşıq yarasaları oyatdı. Yəqin, hamı bizə baxır. Baxsınlar. Göz elə şeydir ki, istər-istəməz gözəllik axtarır, tapanda da istəyir daim nəzərində olsun, bir addım qırağa çıxmasın. Gənclik yuxudur. Eşq isə yuxuda gördüklərimiz.
Aniyə dedi, Nigar da gözəl görünür. Bax necə zərifdir. Mənim rəfiqəm necə olmalıdır? “Elə sənin kimi”, – dedim. Təkəbbürü dəmiri də əridər. Neynək ki, daşıya bilir, ürəkdə soyuqluq oyatmır, adamı tovlayır, cilovuna salıb gəzdirir. Nazik barmağını uzadıb Nigarı göstərdi.
Qızın qaşqabağı yer süpürürdü. Qəm sifətinə dalğa-dalğa yayılmışdı. Nəyin dərdini çəkirsən, ay Nigar? Dünya hamıya eyni dərəcədə gözəldir. Xəyal da buradadır. Nigara tamaşa eləyə-eləyə düşündüm, yəqin, xoşbəxt adamlar ona görə özlərini xoşbəxt hiss edirlər ki, bədbəxtlər öz üstünə düşən yükü dinməz-söyləməz daşıyırlar.
Nigarı çoxluğun arasında itirincə Aniyə əlini atıb köynəyimin düymələri ilə oynamağa başladı. O tərəf-bu tərəfə baxıb bir barmağını düymələrin arasından içəri saldı. Zərif əli sinəmin tüklərinə toxundu. Bədənimdə zəlzələ qopdu. Yerim-yurdum toz-duman oldu. Barmağın sehrinə bax da. Dırnağı da uzun, çəhrayı. Elə bil cadugər çubuğudur. Məni öpsən, bütün qurbağalar şahzadə olacaq, Aniyə! Özünü aparmağına bax hələ. Sanki söhbətin buna dəxli yoxdur. Sinəmdə oynayan barmaq onun deyil, özgənindir. Gözləri mənə dikilsə də, elə hey dil-boğaza qoymasa da, özü yuxudadır. Məsumanə sifəti, ortadan ikiyə ayrılan saçı, gülümsər çöhrəsiylə yatmış mələkdir durub. Oyatsam, deyəcək, sinənin barmağımda nə işi var? Aniyə belədir. Amma deməz, bilirəm, məqsədi məni tora salmaqdır. Pişik isə çoxdan torbadadır. Yəni bunu duymaq belə çətindir?
Gözüm tez-tez ayaqlarına sürüşür. Göz elə şeydir ki, istər-istəməz gözəllik axtarır, tapanda da istəyir daim nəzərində olsun, bir addım qırağa çıxmasın. Gənclik yuxudur. Eşq isə yuxuda gördüklərimiz.
Çılpaq qolunu belimə doladı. Başımı dik tutsam da, kirpiklərim aşağıdadır. Utanıram, nədir? Həsrətində olduğum çiçək baharı görmədən açır. Toxunuşları ürəyimdən xəbər verir, həvəsimə həvəs qatır. Başqa şeylər düşünmək istəsəm də, faydası yoxdur. Aniyənin toxunuşları hipnozdur. Bilmirəm, ürəyim istidən atılır, ya toxunuşun oyatdığı meyildən. Pencəyimin düymələrini bağlamaqla həvəsimi gizləmək istəyirəm. Hə, centlmenlərin düyməsi bağlı olmalıdır. Aniyə də bunu görüb uğunur. Daha niyə uğunursan? Kişi həyat uzunu bədəniylə savaşdadır.
İçəri keçirik. Restoranın işıqları göz qamaşdırır. Həzin musiqi yağ olub ürəyimə yayılır. Havadan yüngüləm. Solumda Aniyə, sağımda Xəyal. Sevgilimin dizi dizimdədir, arada çiyni çiynimə toxunur. Əriyirəm. Toxunuşların oyununda qalib odur. Bütün addımları Aniyə atır. Hələlik qollarımı qaldırmışam, təslim dayanmışam. Ürəyimdən vur, Aniyə!
Körpükəndi xatırlamaq istəmirəm. Keçmiş mənim üçün yaşanmış yox, yaşanmamış ömürdür. Hər şey elə indiki zamanda gözəldir. Gərək dərd düzəltməyin həvəskarı olmayasan.
Çaxır içirsən, əzizim? İçər, niyə içməsin? Lap canını da alar. Yaxşı! Bu sənindir, bu da mənim. Çox olmadı? Olmaz. Başqa içən var? İçirsən, götür süz də. Gərək mən... Hə, sağlıq demək məqamı yetişdi. Qalxıram. Xəyal fikrimi havada tutur, həmən qaşığı stəkana vurub uğultunu susdurur.
– Əzizlərim, həyat güclü insanları sevir, bəli, onun mayasında mübarizə və əzm var. Universitet bitdi, indi həyatımızı qazanmaq vaxtıdır. İnanıram, yaşadığımız gözəl dörd ili gələcəkdə çox xatırlayacağıq. Zaman bizi bu qayğısız günlərdən uzaqlaşdırdıqca həmin günləri daha çox axtaracağıq, arzulayacağıq. Amma əbəsdir. Bəli, əbəsdir. Nə etmək olar? Əlimizdən nə gəlir? Heç nə! Kim birinci kursda təsəvvür edərdi ki, bu on yeddi yaşlı cavanlar gələcəkdə bir-birinə bu qədər isinişəcəklər, bir-birinə bu qədər öyrəşəcəklər. Heç kim. Arzum budur, hamımız çevrilib geriyə baxanda hər şeyi gözəl xatırlayaq, heç nə bizimçün peşmanlıq olub qalmasın, qəlbimizin dərinliyində hansı sirr varsa, açaq bir-birimizə, əzizlərim. – Aniyəyə baxıram və davam edirəm: – Bu badəni vurmaq istəyirəm hamımızın sağlığına, bəli, hamınızın sağlığına içirəm, çünki hamınız mənim üçün əzizsiniz, bizlər bir yerdə yaşadıq, bir yerdə yaşa dolduq, çətin günlərimiz də oldu, xoşbəxt günlərimiz də...
Qədəhi başıma çəkib əyləşdim. Bir-iki tikə yeyib mədəmin səsini kəsdim. Yeməyin dadı damağıma yayıldı. Bilmədim, yeməklər dadlıdır, yoxsa həddən artıq xoşbəxtəm deyə mənə elə gəlir.
Qədəhlər dalbadal sıralandı. Aniyə qolumdan tutub məni rəqs meydanına çıxaranda sərxoşdum. Qrup yoldaşlarımız rəqs eləməyə çoxdan başlamışdılar. Çöhrələrin işığı meydana dolutək yağırdı. Döşəməyə sərilən yaşıl xal ça sərxoş ayaqlara dolaşırdı. Nəğmə sümüyə düşür, hissləri titrədirdi. Aniyə qolumdan tutanda xoşbəxtdim. Xoşbəxtdim zərif, möhkəm boynunu yana əyib nazik barmaqlarını çiynimdən sürüşdürə-sürüşdürə başıma aparanda, alnımda, qaşlarımda, üzümdə gəzdirəndə, gur saçlarımı oxşayanda və barmaqları buzqıran gəmitək saçlarımı yarıb keçəndə, əlinin soyuğunu yenidən duyanda, soyuq canıma keçib məni müvəqqəti oyadanda. Xoşbəxtdim barmaqlarının arasına keçirdiyi dolu qədəhdən güc ala-ala yad dildə nəsə oxumağa çalışanda, gözlərinin biri günəş görmüştək qıyılanda. Xoşbəxtdim rəqs zamanı bədənini rəqqaslarsayaq oynatmasından, qarnımızın bir-birinə toxunmasından və bədənimə tezliklə dolan eşqdən xoşbəxtdim.
Aniyə yorulub masaya qayıtdı. Mən də arxasınca. Deyəsən, çox içdim, başım fırlanır. Çaxır adamı gec tutur, tutanda da buraxmır. Dilini bilirəm, amma içəndə həyatı unuduram, gözüm elə qaralır, bildiyim də yadımdan çıxır. Su içsəm ayılacağam. Sərin “Slavyanka”nı açıb qurtumladım: qurt, qurt, qurt. Suyun bədənimdə dolaşmasını hiss elədim. Dilim pörşələnirmiş. Əjdaha olsam, ağzımdan alov çıxar. Bu da ikinci. Birnəfəsə. Yenə çaxır şüşəsi mənə baxır. Mahnıda necəydi? Belə qəmli dayanma.
Aniyə əyilib qulağıma pıçıldadı: makiyajımı təzələyim, gəlirəm. Qalxıb tualetə doğru götürüldü. Yavaş-yavaş ayılıram. Bədənimə güc gəlir.
Çaxırdan bir qədəh də süzürəm. O mənə baxır, mən ona. Arada göz vururam. Qurt, qurt, qurt. Boş qədəhin yanağından süzülən qırmızı maye. Soyuq şüşənin göz yaşı. Deyəsən, üstümə töküldü. Çaxırın öpüşü köynəyi ləkələdi. Ürəyimdən vurdun, Aniyə, ürəyimdən. Ziyanı yoxdur.
Bu dəm məni Çəmən yanlayır. “Nolub, ala, az iç də. Yenə özünü itirsən, Aniyə üzünə baxmayacaq ha! Mənnən demək, sənnən eşitmək”. Süzmək istəyəndə əlimdən vurdu, götürüb çaxır şüşəsini masanın altına qoydu. Elə bil uşaqdan konfet gizlədir. Ay Çəmən, qurban olum, qoy bir az xoşbəxt olum da! Görürsən, kefim yüzlə gedir. Niyə qanımı qaraldırsan? Yenə canın sağ olsun, bilirsən, səni çox istəyirəm. Nə olsun universitet bitdi! Bitsin də. Həyat belədir. Bir şey başlayırsa, bitəcək. Amma oturub-durub son haqqında düşünməyəsən. Yaşamalısan. Ləzzət almalısan. Bütün günü fikirləşsən ki, bu gün bitəcək, sabah bitəcək, ay indi bitdi, ay bu saat bitdi, vay halına. Arada görüşək. Vallah inciyərəm. Bircə qədəh vur mənlə. Özüm ölüm, inciyərəm.
Çəmən başını yelləyib uzaqlaşdı. Yaxşı qızdır Çəmən. Yəqin, onun üçün darıxacağam. Bundan sonra çətin görüşək. Nə olar, Aniyə ilə görüşəndə onu da çağırarıq. Həm Aniyəyə yaxındır, həm də mənə. Bircə əsgərlikdən qayıdım. Bir şey qalmayıb ha, gedirəm. Gedirəm e, ala, gedirəm. Birini də içim kefim lap düzələr. Aha, bu da belə.
– Yenə çox içmisən, – adamların arasından çıxıb xəyaltək qarşımda duran Elvin dedi.
– Xoşbəxt olanda içmək lazımdır da, – cəsarətlə söylədim.
Önümdəki yarımçıq qədəhi götürüb başına çəkdi:
– Bu da mənim payım. Bəlkə, mən də xoşbəxt oldum.
Restorandan çıxarkən birdən könlümdə Elvinə qarşı mərhəmət baş qaldırdı. Üzündəki ifadə peşman adamlara xasdı. İki il öncəni, Körpükənddəki günü xatırladım, lakin indi əzab çəkmirdim, ruhuma çökən dinclik ürəyimdəki odu söndürürdü. Aniyə və Elvinlə bağlı hər şeyin bu günün xoşbəxtliyi ilə pozulub getməsinə, onların iki il öncəki adamlar olmamasına inanmaq istəyirdim. Hamısı təsadüfdü. Körpükənddə çox içdiyim gecənin səhəri gözümü Elvinlə yanaşı çarpayıda açmışdım. Yaddaşım korşaldığından gecə ilə bağlı heç nə xatırlamırdım, lakin özümü əladan əla hiss elədiyimdən danışmağa həvəsliydim. Söhbəti nədənsə salmışdım, dəqiq xatırlamıram. Ağrıdanmı, xoşbəxtlikdənmi? Elvin üzümə yüngül, zarafatyana yumruq toxundurmuşdu ki, ağrını sübut eləsin. Mən də artistliyimə salıb otaqda yumalanmış, çarpayının üstündən aşmış, özümü divardan divara vurmuşdum. Nəhayət, güldanın başımın lap yaxınına düşüb sınmasıyla zarafatın təsiri soyumuşdu.
– Səhərki yumruğa görə bağışla, brat! Olur həyatda belə şeylər. Elə bil Körpükənddəki yumruğun əvəzidir. – Ona göz vurdum.
Bir-iki qədəh içib oynamağa qalxdım. Aniyə harada qaldı? Sən onsuz da gözəlsən, əzizim. Sənin kimi mah-camal ənlik-kirşanı neylər? Deyəsən, zamanın fərqini itirdim. Çox oynadım, çox içdim. Qurt, qurt, qurt. Aniyə əsas qapıdan içəri girəndə düşündüm ki, görəsən, nə zaman çıxmışdı? Qız əməllicə sirdir, başdan-ayağa müəmmadır. Eləcə durub-durub üzünə zilləndim. O da hərəkətsiz dayanıb mənə baxdı.
Göz elə şeydir ki, istər-istəməz gözəllik axtarır, tapanda da istəyir daim nəzərində olsun, bir addım qırağa çıxmasın. Gənclik yuxudur. Eşq isə yuxuda gördüklərimiz.
Bu məqamda vals çalmağa başladı. Aradakı məsafə musiqinin təsiri ilə bircə anda əridi, yox oldu. Yaxınlaşdıq. Sol əlim belinə keçdi və sağ əli çiynimə qondu. Zamandan və məkandan qopmuş halda fırlana-fırlana rəqs etməyə başladıq. Elə bil havadaydıq, ayağımız yerə dəymir, çəkisiz meydanı dövrə vururduq. Gözlərimi qapadım.
Gözlərimi qapayanda xoşbəxtdim. Xoşbəxtdim evlənəcəyimiz günü düşünəndə, toya həyəcanla hazırlaşanda, barmağımıza keçən üzüyün bizi birgə gələcəyə yola saldığını təsəvvür eləyəndə. Gözəl gələcək mənzərələri qapalı gözlərimin önündən keçdikcə sərxoşluğun da təsiri ilə Aniyənin belindən möhkəm yapışır, özümə sıxmaq istəyirdim. Aniyə isə itaətlə mənə sığınır, yumşaq qarnını qarnıma toxundururdu. Yaddaş tarlam beləcə cücərir, onu tanıdığım dörd ildə baş verənləri sərin-sərin xatırlayırdım. Tələbəliyin ilk illərində yaxın olmaq üçün min oyundan çıxırdım. Hədiyyələr, mesajlar – hamısı təsəvvüründəki məni doyurmaq, can vermək, özümü göstərmək üçündü. Kollektiv şəhər gəzintisinə çıxanda, hamılıqla kafedə əyləşib isti çayı içəndə nəzərim yalnız onu alırdı. O vaxtlar bir gün rəqs eləyəcəyimizi, Aniyənin məni məhəbbətlə süzəcəyini düşünmək necə də uzaqdı. Lakin xatırladıqlarım hadisələrdən çox dinclik bağışlayan ilıq təəssüratlar idi. Təəssüratlar yaddaş tarlamın səmasında şimşək kimi çaxır, anlıq aydınlıq məni xoşbəxt eləyirdi.
Gözlərimi açdım. Aniyənin kövrək gözlərini gördüm və dalğalandı yaddaş tarlası.