YeniYaz.az Könül Arifin “Yoxluğun çərçivəsiz şəkilləri” şeir silsiləsini təqdim edir.
Şəkil 1
Qəfil atəş kimi
Onlarla göyərçin qanadları açıldı havaya
Sübh çağı!
Oyandım...
Öncə göyərçinlərin
Güllə kimi başıma sıxdığı
Sübhün açıldığını anladım.
Sonra
Yoxluğun düşdü yadıma...
"Durub ölüm" dedim,
Ağlayıb qaldım.
Şəkil 2
Qabları
Soyuq suyla yuyanda
Əllərimə köçür yoxluğun.
Şəkil 3
Sükut...
Sükut xofu!
SÜKUT XOFU!!!
Şəkil 4
Evdə insan səsləri,
Çöldə insan səsi,
İnsan gülüşü,
İnsan surətləri!!!
...və heç biri,
İlahi,
Heç biri
O deyil...
Şəkil 5
Saçlarımı kəsdirdim,
Telefonu söndürdüm,
Təzə paltar geyindim,
Daha nə qaldı?
Hə,
İndi
Ölə bilərəm.