Ən böyük oyuncaq - Səfər Alışarlı

Ən böyük oyuncaq   - Səfər Alışarlı

11 İyun 2024 11:55 317


Magistraldan çıxıb Xızı dağlarına tərəf xeyli getmişdik, darıxdırıcı Abşeron bozluğu tükənmək bilmirdi. Hər il imicini dəyişib tanınmaz hallara düşən Bakı yazından sonra, nəhayət, yay gəlmişdi: bir azdan yamaclardakı seyrək yaşıllıq da yanıb kül olacaq, günəşin od-alovu bu çılpaq, susuz dağ-daşın dəyişməz, əzəli mənzərələrinə tam oturuşacaqdı. Bəlkə də Nuh zamanında dünyanı su basanda bu dağların üzünü duzlu dəniz dalğaları belə yalayıb sterilləşdirmişdi. Yüz əlli gün davam edən şıdırğı leysanla bu dağları dünya okeanına qovuşdurmuş o müdhiş fəlakəti siz necə təsəvvür edirsiniz? Onu Məmmədhəsən əminin eşşəyinin itməsinə, Ağdamda mişar daşının əbədi süqutuna bənzətmək olarmı?

Lazımsız görünən yol nişanları ilə dolu Xızı şosesinin döngələrində və sərt yoxuşlarında hərdən sanki yerin altından qəflətən çıxan köhnə rus maşınlarının zırıltısı qəmli hicran nəğmələrinin mürgülü yatağında aqressiv meyxana avazı kimi alt-üst vururdu. Bu ani səs, külək və xəyal toqquşmalarında Cəfər Cabbarlı, Mikayıl Müşfiqdən sonrakı üfüq genişliyində nədənsə hər dəfə “Tövbə” Cəmiyyətinin mərhum sədri Hacı Əbdülün xırıltılı moizələrinin bayağı obrazları peyda olurdu. Fəslin ən xoş günlərini də gülsüz-çiçəksiz, axar-baxarsız yaşayan dağlarda bitki örtüyünün və canlı həyatın kasadlığı təbiətin ədalətsizliyi kimi adamı ən azı feysbuk etirazına səsləyirdi.

Bura Böyük Qafqazdır: özünəməxsus gözəllikləri irəlidədir, bizim bu yolçuluqda oralara çatmayacağımız dəqiqdir. Dostumla mən Kiçik Qafqaz arealında doğulmuşuq. İndi qocalıq nostaljisi və həyat üçün fayda müqayisəsində nə vaxtsa “adam olmaq” eşqilə baş götürüb qaçdığımız o tərəfləri daha çox xatırlayırıq. Biz gözümüzü açandan Ağrının qarlı zirvələrini, onlardan nəhəng kölgələr kimi sallaşıb gedən dağların bitməz-tükənməz, ilğımlı sıralarını görmüşük. O dağların havası, suyu, yetirib-bitirdiyi naz-nemətlərin dadı-duzu dəyişməz identiklik kodu kimi bizim qan yaddaşımızda yaşayır. Bəlkə də öz lokal nəsil şəcərəmizdə bu mühüm həyati keyfiyyətlərin rəngarəng bütövlüyünü daşıyan sonuncularıq.

Dostum Xızıda tikdiyi evdə ilin tətil günlərini yaşamaqla sanki bu dağların da sirri-sehrinə qovuşmağa, onların havası, suyu və qamçı kimi çevik insanları ilə öz həyatının final mərhələsini necəsə bəzəməyə çalışır. Ancaq insan həyatı müəyyən yaşdan sonra quzulamış divartək suvaq götürmür. Dostum bunu bilir, elə bil yaşlılara məxsus bu oyuncaqla özünü aldatmağa çalışır. Bütün dönərgə və gərdişlərilə həyatın ən böyük oyuncaq olduğunu isə həvəsdən düşməmək üçün xatırlamır.

“Müşfiqin evi” deyilən yerdə turist avtobusları və başqa maşınlar yol qırağına pinti dizaynla parklanmışdı. Adətən belə şeylərə “müsəlmansayağı” deyirlər. Mən terminləşmiş bu ifadənin özünü də azadlığa qəsd elementlərindən sayıram. Yamacdakı kiçik düzəngahda çəhrayı rəngə boyanmış tənha evin qarşısında Müşfiqin büstünün və ora toplaşmış əlvan geyimli adamların başına rəhmsizcəsinə gün döyürdü. Adamlar özlərinin bu əziyyətini güllələnməzdən əvvəl NKVD həbsxanasında işgəncələrə məruz qalmış Müşfiqin ağrılarına ithaf edirdilər. Bu adi bir toplumun sakit, ürək hüznü idi. Bəlkə də vaxtilə buradakı kənddə şairin “Vüsuqi” təxəllüsü ilə şeirlər yazan atasının evi olmuşdu. Amma nəsə kənd yerinə, insan məskəninə oxşamırdı, çünki sarı dağ döşünün ağacsız susuzluğu uzaqdan görünürdü. İnci saflığına malik, artıq içiləndə dərd verənin yoxluğu, bildiyiniz kimi, antihəyat nişanəsidir. O da qala poeziya...



5 iyun nakam şairimizin doğum günüdür. Dağlar arasında gözlənilmədən qarşımıza çıxmış bu qələbəlik özlüyündə yeni dövrün əlamətlərindəndi. Müşfiqin adının reabilitsiyası ilə bağlı Azərbaycanda ötən əsrin 60-cı illərindən bəri baş vermiş çox şeylər yadıma gəlirdi. İlk qəzet, jurnal nəşrləri, Dilbər Axundzadənin məşhur xatirələr kitabı, Bakıda “SSRİ-nin 50 İlliyi” adını daşıyan meydanda Müşfiqin qırmızı mərmərdən büstünün qoyulması, onun şeirlərinin televiziya kədəri, sözlərinə bəstələnmiş mahnıların benefisi-filan – hamısı gözümün qabağında olmuşdu. Üstəlik də Dilbər xanımın qızı Leyla Axundzadə ilə tanışlığımız və Müşfiq yaradıcılığının yorulmaz tədqiqatçısı mərhum şair Gülhüseyn Hüseynoğlu ilə qapıbir qonşuluğumuz mənim üçün çox dəyərli idi. Ancaq dağlar qoynundakı bu anım tədbiri məni o qədər də sevindirmədi. Nəyə sevinəsən? Ömür keçib getmişdi. Biz qocalmışdıq, Müşfiq köksündəki qurğuşunlarla əbədi olaraq 30 yaşlı gənc şair kimi poeziya divarına həkk olunmuşdu. Qətlindən səksən il sonra poeziyasevər vətənpərvərlər onun adına pir kimi tikilmiş bu tənha, çəhrayı evi sanki üzrxahlıqla ziyarətə gəlmişdilər. Sevinmək üçün bunlar az idi. Mahiyyət az dəyişmişdi. Dəyişmək üçün səksən il də gecə-gündüz, vicdanla çalışmaq lazım idi.

–Bəlkə, düşüb qatılaq? – dostum dedi, mən yola baxa-baxa susdum.

Mən neçə dəfələrlə buradan keçmişdim, Müşfiqi, onun dövrünü, sevgisini, şeirlərini xatırlamışdım. Güllələndiyi (1938) repressiya illəri haqqında çox kitablar oxuduğum üçün Stalin və ona ləbbeyk deyənlərin xalq adından körüklədiyi qanlı düşmənçiliyin sərsəm ruhunu bütün vücudumla hiss etmişdim. Milyonlarla günahsız insanın qətlini öz siyasi qələbəsi sayan o rejimin davamçılarını, satqın əlaltılarını, eləcə də ona nifrət edənləri, sürgünlərdən, həbsxanalardan yarımcan qayıdan sındırılmış insanları görmüşdüm. Həbsdən, sürgündən buraxılsalar da, sovet cəmiyyəti onlara qucaq açmaq, onların yaralarını sağaltmaq fikrindən çox uzaq idi. Hər yerdə onlara həyat perspektivlərinin üzərindən qırmızı xətt çəkilmiş, bəxtsiz, talesiz insanlar kimi baxırdılar. İş vermirdilər, sosial təminata yaxın buraxmırdılar. Onlardan biri – gənclik ehtirası ilə şeirlər yazan Rəhim Nəcəfov, bizim kənddən pedaqoji instituta daxil olmuş ilk gənclərdən olmuşdu; Səməd Vurğuna sadəlövhcəsinə ünvanlanmış məşhur məktubun müəlliflərindən sayılırdı. İndi bu ev mənə Müşfiqdən, bütün repressiya qurbanlarından öncə onların cəlladlarını xatırladırdı: onlar Nəsiminin dərisini soyanların davamçıları idi. Mən qəddar Stalin repressiyasının mexanizminə, onu hərəkətə gətirən total qorxu hissinə və satqınlığın anatomiyasına bələd idim. Düşünürdüm ki, sabah yuxarıdan yenə əmr gəlsə, bəlkə də bu gün bu ziyarəti təşkil etmiş, bura səmimi hüzn hissilə gəlmiş bu adamlar bir yox, yüz Müşfiqin başının kəsilməsinə səksən il əvvəlkitək seyrçi qalacaq.

Maşını əylədim. Evin qarşısında quraşdırılmış səsgücləndiricilərdən qopan Müşfiq misraları dağlarda kar guppultularla qısa əks-səda verirdi. Elə bil kimsə nəhəng bir kürəklə dağların səthini şappıldadırdı. Ancaq bu misraları kim bilmir ki?

Yenə o bağ olaydı,
Yenə yığışaraq siz o bağa köçəydiniz...

Adi sözlərdir, ancaq gənc müəllifin dönməzliyi, nakam sevgisi, bütövlükdə faciəvi taleyi o misralardakı mənaları bu gün hər kəsin qəminə, şəxsi nisgilinə çevirə bilirdi. İstedad bəsirət və ibrət silahıdır, bəlkə də insana mübarizə üçün verilir. Onu “Snikers”ə dəyişib yemək də olar, şərə qarşı mübarizədə “Zülfüqar”a çevirmək də...

–Sən istəyirsənsə, get dəy, – dostuma dedim. – Mən burada gözləyərəm.

Dostum heç nə demədən, heç nə soruşmadan dinməzcə düşüb getdi və tezliklə həyətdəki izdihama qoşulub gözdən itdi. Mənə elə gəldi ki, göz yaddaşı bəsit və qısamüddətlidir: məşhur insanlar haqqında əsasən gözün görmədiyi, ağlın uydurduğu əfsanələr yaşayır. Tanıdığım birisi istedad adından çıxış edirdi. Müşfiqin yaradıcılığından, onu məhv etmiş rejimin qəddarlığından keçmiş zamanda, rəvan danışırdı. Dedikləri həqiqətə yaxın, bəlkə də həqiqət idi, bəlkə də ora toplaşanların çoxu, elə o özü də öz dediklərinə inanırdı, ancaq mən inanmırdım. Bu, onilliklər boyu siyasi iqlim şəraitindən asılı olmayaraq, hər mövsümdə çiçəkləyən bir sovet uşağı idi. İndi, yaxasında mənim qanıma bələnmiş üçrəngli bayraq nişanı, daha da şişib yekəlmişdi. Bunamı sevinəsən? “Oxu tar” deyən Müşfiq də buna sevinməzdi.

Bu gün neostalinizmin bərpası uğrunda Ukrayna və tərəqqipərvər dünya ilə qanlı müharibə aparan Putin diktaturası keçmiş sovet ölkələrini yenidən işğal edib Rusiyaya birləşdirməyi hərbi-siyasi doktrina olaraq bəyan edib. Rus ordusunun cəbhədə böyük məğlubiyyətlərindən sonra da Kreml ideoloqlarının bu fikirdən daşındığını göstərən ciddi bir sübut hələlik yoxdur. Sovet rejimi və ya onun analoqları keçmişdə olduğu kimi, yalnız diktatura, qorxu, repressiya və hərbi-polis zorakılığı üzərində bərqərar ola bilər. Tanıdığım və tanımadığım çoxlu-çoxlu adamlar var ki, rusun gizli ordusunun əsgərləritək hər şeyə qol qoyublar. Onlar o qədər çevikbaş, ictimai-siyasi mövqe baxımından o qədər mütəhərrik, yırtıcı və həyasızdırlar ki, istənilən rejimdə özlərini kərtənkələ quyruğu kimi bərpa edə bilirlər. Öz şəxsi mənfəətləri və ambisiyaları uğrunda Cavidləri, Müşfiqləri, Cavadları qurban verənlər də onlardır.

Bir azdan dostum qayıdıb gəldi, biz yolumuza davam etdik. Arxamızca səsgücləndiricilər gurlayır, uzaqlaşdıqca anlaşılmayan avaz qırıqları yenə dağlara yayılırdı. Nədənsə dostum mənə bayaqkından da qüssəli göründü. Elə bil həyatın ən böyük oyuncaq olduğunu xatırlayıb Xızıda min əziyyətlə ev tikdiyinə peşman olmuşdu. Nə mən ondan niyə qüssələndiyinin səbəbini soruşdum, nə də o məndən maşından düşməməyimin. Biz bir-birimizi sözsüz də başa düşürdük.

2013