Ən “Uzaq adamlar” - hissimizin yaddaşı…

Ən “Uzaq adamlar”  - hissimizin yaddaşı…

20 Fevral 2025 14:44 105

Aynur Bəşirova

Əsərlər cürbəcür olur. Əsər var ki, başqa həyatları kənardan izləyirsən, əsər də var, həyatların içindən keçir. H. Şəfaqətin bir neçə vaxt öncə oxuduğum “Uzaq adamlar” romanı ikincisinə aiddir. Orada yaşanan tale də sənə yad deyil, arzu-istəklər, düşüncələr də.

Gələk süjetə. Əsərdə bütün hadisələr keçmiş və müasirlik, düşüncə və reallıq müstəvisində gərgin psixoloji anlarla təqdim edilir. Bu isə romanın həm kompozisiyasını formalaşdırmış olur, həm də deyərdim ki, onu mürəkkəbləşdirir. Bu səbəbdən oxucu əsərin əvvəlində müəyyən xaotiklik yaşasa da, sonrakı gedişatda aydınlıq yaranır və yazıçının qayəsi anlaşılır.

Əsər boyu birindən digərinə keçən hadisələrin, müxtəlif dövrlərin: repressiya dalğası, sovetlər və sovetlərdən sonrakı dönəmin insan həyatına təsiri, onların mənəvi-psixoloji vəziyyəti, müxtəlif paralellər, ailə-yaşam, dövr-zaman, insan-mənəviyyat məsələlərinin üzvi əlaqəsi son dərəcə canlı və bu canlılıqdan doğan təsirli və ağır boyalarla təsvir edilmişdir. Bu paralellərin kəsişməsində hamımız varıq. Müxtəlif dövrlərdəki hadisələr həm bir insanın simasında, həm də sanki ayrı-ayrı fərdlərin, nəsil-nəsil insan talelərinin fonunda əks olunur.

Güclü dialektika: varlıq-yoxluq, olum-ölüm, cismani yaxınlıq- ruhi-mənəvi uzaqlıq, bunların vəhdəti və paradoksu əsərin ana xəttini təşkil edir. Ona görə də modern romankimi əsərdə realist-fəlsəfi, mistik-psixoloji çalarlar, ekzistensiallıq üstünlük təşkil edir.

Hissin yaddaşı…

Rast gəlinən məqamlardan biri məhz budur. Bəlkə, sual doğura bilər ki, hissin də yaddaşı olarmı. Əlbəttə, olar, həm də bu yaddaş bəlkə də, ən möhkəmi, ən güclüsüdür. Bizim lap kiçik yaşlardan gördüyümüz, yaşadığımız hər şey yaddaşımıza həkk olunur. Yaddaşımız hiss etdiklərimizi (qoxu, dad…), duyduqlarımızı da özündə saxlayır. Bü nüans romanın bir neçə yerində xüsusi qabardılır. Kəpəyin qoxusunun təsviri mənə çoxdan unutduğum o qoxunu xatırlatdı, elə bil o qoxunu birdən hiss etdim. Ümumən, müəllifin şeir yaradıcılığında da ( xəbərdar olduğum qədər) belə təsvirlərə rast gəlmək olur.

Paralellər…

Romanda çox paralallərlə qarşılaşmaq olur, amma mənim diqqətimi daha çox cəlb edən xəyal-düşüncə və reallıq, bir fərd və müxtəlif talelər, şüur və alt şüurdur. Bir insanın taleyinin müxtəlif dönəmlərində qarşımızda canlanan tipləri, yəni bir həyatın içində neçə-neçə taleləri, nəsilləri adlamaq elə həyatın əsl fəlsəfəsidir. Biz şüurla altşüurumuzun məcmusuyuq. Hər şey orada başlayır, orada da bitir, kənar heç nə yoxdur, ola da bilməz. Qəhrəmanın yaddaşına hopmuş əhvalatlarla hal-hazırkı vəziyyətinin bağlılığı, keçmişin onun sonrakı taleyini izləməsi oxucunu əsər boyu gərgin saxlayır. Nə olacaq? Necə olacaq?

Problem…

Burada, məncə, əsas olan insanın mühitə, mühitin insana yadlığı problemidir. Bu, əslində bütün insanlığı düşündürən məsələlərdən biridir. Bir talenin ipucunda öz mühitində bütün kainatın bir parçası olan insan var. O həm individdir, həm də bütün bəşəriyyət, həm xüsisidir, həm ümumi, həm qadındır, həm kişi, həm dünəndir, həm də bu gün. Dünən onun yaddaşındadır. Bu gününü yaşaya bilmir, daha dəqiqi, qəbul etmir, buna görə də təkdir. Tək insan isə məhvə məhkumdur. Onun bir çıxış yolu var: qaçmaq, uzaqlaşmaq. Buna da böyük, aşılmaz sədd imkan vermir. O sədd fərdin aid olduğu mühitdir. Boğulur, amma mühitə qarşı gələ bilmir, çünki təkdir, içində olduğu cəmiyyətə qarşı müdafiəsizdir. Nəticədə gücü özünə çatır. Onu boğan paralellərin cəngindən yaxa qurtara bilmir, onların məngənəsində əzilir.

Romanın dili…

Bu haqda, bəlkə, heç danışmamaq da olar, amma yəqin, əsərdən xəbəri olan oxucuların da nəzərindən qaçmayan, o cümlədən mənim də diqqətimdən yan keçməyən qeydlərimi bölüşmək istəyirəm.

Elə ilk səhifələrdən müəllifin özünə xas leksikonunun olduğunu görürük. Yazıçının aid olduğu bölgənin dialekt ünsürləri (vəzə, fızıllıq, nıqqıldamaq), sözlərə müxtəlif artırmalar onun özünəməxsus yazı tərzini də ortaya qoymuş olur. Əsərdə alışmadığımız deyim tərzləri : “birdəncə”, “masadanca” tipli sözlər ilk baxışda qəribə təsir bağışlayır. Dilimizdə -ca2 şəkilçisinin müxtəkif məqamlarda işləndiyini bilirik. Məna qüvvətləndirmək üçün isə adətən, sifətin çoxaltma dərəcəsində (az-maz başqa əsas nitq hissələrində də) işlənir. Düşünürsən ki, həmin sözləri alışdığımız şəkildə də işlətmək olardı. Amma qəribədir , oxu zamanı adama elə gəlir ki, həmin ifadələrdə -ca2 şəkilçisini atsan, cümlə də, söz də elə bil çılpaqlaşar.

Sonda yenə süjetə qayıdaq. Qəhrəmanın taleyinə şahid olduqca insan bu qənaətə gəlir ki, biz həyatı, əsasən, düşüncə və duyğularımızda yaşayırıq, yəni mövcudiyyətimizi , əsl kimliyimizi onlarla sürdürürük, sübuta yetiririk və buna uyğun olmayan, xitab etməyən insanlar ən yaxınımızda olsalar belə, heç vaxt bizə doğmalaşa bilmirlər…