Ən yaxşı dialoq - Qismət yazır...

Ən yaxşı dialoq   - Qismət yazır...

28 Fevral 2023 11:41 429


Tanınmış şair-tərcüməçi Nicat Məmmədovun tərtib və tərcümə etdiyi, “Qanun” nəşriyyatında rus dilində çap olunan “Çağdaş Azərbaycan hekayələri” kitabına ön söz.

Bu ön sözü Rusiyanın Ukraynaya hücumunun 120-ci günündə yazmağa başlayıram. Rusiya baxdığı hər yerdə özünü gördükcə, öz surətinin içində yoxa çıxır, bütün güzgülərə ən gözəlin kimliyi haqqında suallar verdikcə, doktor Cekil mister Hayda çevrilir, hansı quşdan adını soruşsa, cavab eynidir: Nevermore!

Rusiya bir vaxtlar böyük Tolstoyun “İnsana nə qədər yer lazımdır?” hekayəsindəki suala Dostoyevskinin gündəliklərində cavab axtardıqca, dünya mədəniyyətindən çıxdaş edilir.

“XX əsrin ən böyük geo-siyasi fəlakəti SSRİ-nin dağılmasıdır” deyən Putin imperiyanın xatirəsindən kaşşeylər yaratmağa çalışdıqca, böyük ədəbi əsərlərin dili olan rus dili də qana batır.

Almandilli poeziyanın zirvələrindən sayılan Pol Selan vaxtilə yazırdı ki, mənim alman diliylə münasibətim travmatikdir, yəhudi olduğuna görə qətlə yetirilən ailəmin ölüm əmri bu dildə verilib, məncə, soyqırımla bağlı bütün sözlər dilin qanını tökür. Ona görə də, elə bil, Selan alman dilindən qaçmaq üçün qaçıb alman dilinin öz bildiyi yerində gizlənmişdi.



Rus dili ilə Azərbaycan dilinin münasibətləri də üzdə olmasa da, dərinlərdə bu cür ziddiyyətlidir. Belə ki, Azərbaycan prozasının da başlanğıcı olan XIX əsr maarifçiliyi və tənqidi realizmi daha çox rus dili vasitəsilə baş tutub. Bu mənada rus dili Qafqazda ədəbiyyatçılar üçün bir tərəfiylə maarifin, dünyaya inteqrasiyanın, böyük ədəbi əsərlərin dili olsa da, bir tərəfiylə həmişə işğalçının dili olacaq.

Müasir mənada Azərbaycan hekayəçiliyi XIX əsrin hadisəsidir. Onun bu gün müraciət edilən fəndləri XIX əsrin tənqidi realizmiylə qohumdur. Bu mənada sizə təqdim edilən antologiyanın birinci cildindəki hekayə ustaları üçün birbaşalıq, reallığı olduğu kimi, birəbir əks etdirmək refleksi daha qabarıqdır.

Bu antologiyadakı müəlliflərin yaş şkalası genişdir, belə ki, burada “Azərbaycanın Çexovu” adlandırılan, kəskin tənqidi yazısına görə dindar bir fanatik tərəfindən qoca yaşında qətlə yetirilən Rafiq Tağının da mətnləri var, daun sindromlu övladıyla bağlı təcrübəsini qələmə alan gənc Xanım Aydının da, Reymon Karveri xatırladan sadəlik və yığcamlıqda hekayələr yazan gənc Həmid Piriyevin də.

Ancaq üç-dörd hekayədən bir ya vaxtilə, ya da elə hekayənin nəql edildiyi zamanda Rusiyaya getmiş kimsə geri qayıdır – Azərbaycana, Bakıya, öz kəndlərinə. Bu “geri qayıtmaq” motivi hekayə dünyasının “check-point”i kimidir, qəhrəmanlar, anti-qəhrəmanlar, məcbur qalmış, ya da “azmış oğullar” hansı etapda uduzsalar, “oyun”a həmin yerdən başlayırlar.

Bir neçə cild şəklində nəzərdə tutulan bu antologiyanın birinci cildinin tərtibçisi və tərcüməçisi çağdaş Azərbaycan ədəbiyyatının ən bənzərsiz şairlərindən, usta esseistlərindən və tərcüməçilərindən biri, rus dilinə dərindən bələd olan Nicat Məmmədovdur.

Hərdən düşünürəm ki, biz ədəbiyyatçılar bu dünyadan köç etmiş, ya da yaradıcı şüurun daxili laboratoriyasında metamorfoza uğradığı üçün artıq bədii mətnin dünyasından başqa heç vaxt mövcud olmayacaq adamlar haqqında yazırıq. Deməli, yazmaq hardasa ölülərin əhvalatını dirilərə danışmaqdır. Bu, ən yaxşı dialoqdur, çünki heç kim bir-birini sözünü kəsmir...