Ən yaxşı qələm nümunəsi - Nizami yazır...

Ən yaxşı qələm nümunəsi   - Nizami yazır...

20 İyul 2022 10:39 677


Nizami Bayramlı

Volterin belə bir ifadəsi var: "Poeziya ruhun musiqisidir". Aforizmə verilən şərhdə qeyd olunur ki, ruhun ritmə olan tələbatının kökündə poeziya dayanır. Əgər bu baxımdan yanaşsaq, tərifə bir əlavəni də mən edərdim: "Poeziya ruhun musiqisidirsə, hekayə ruhun özüdür”.

Nadir Yalçının "Nina Nikolayevna" hekayəsini oxuduqdan sonra bir anlıq Amerika yazıçısı Silviya Platın "Səmimi və fantaziyalısınızsa, hər şey yaza bilərsiniz, yaradıcılığın ən böyük düşməni öz şübhələrinizdir” - fikri yadıma düşdü. Müəllifin fantaziya azadlığı ona şübhələrindən uzaqlaşmağa imkan verir, fürsət yaradır ki, o, fikirləri ilə mövzu arasında körpü yarada bilsin.

Öncə onu qeyd edim ki, hekayədə nəzmi xarakterizə edən dil axıcılığı, başqa sözlə, hekayəyə məxsus şeir dili var. Mənzum hekayə yox, hekayəyə məxsus şeir dili. Təsvir olunan obyektlərə şair kimi yanaşmaq prizması. Məsələn, hekayənin giriş hissəsinə nəzər edək:

“Zümzüməsi obamın nazlı gəlininin – Kürün qızıl tanasına çevrilən salxım söyüdləri titrədir, günəşlə ay arasında bardaş quran toranlığa layla çalır, sulardan boylanan ülvi arzulara dəm tuturdu. Yanıqlı, təmkinli, aramla oxuyurdu. Bütün susan qaratoyuqların acığına bu oğrun vədəni nəğmələndirirdi. Sözə avazı ilə yaraşıqlı libas geyindirsə də, bu avazla mizrabı telə möhkəm vurmaq olmazdı, od tutub yanardı qovaqlar. Qəmlə nəşələnmək olardı bu sədada!”

Nadir Yalçının mətnə verdiyi girişdə şeir dilinə bənzərlilik olsa da, ən çox təəssüfləndirici məqam onun XX əsrin 60-80-ci illərinin hekayə dilində ilişib qalmasıdır. Əvvəl istədim ki, bunu kənd məişətinin bədii mətnə verdiyi gözəllik adlandırıb üzərindən keçim. Sadəcə müəllifin postmodernist yanaşma zəifliyindən irəli gələn bir meyar var, o, novatorluğun arxasınca qaçmaq istəyir, amma müasir hekayə dilindən tamamilə uzaqlaşır. Bir həqiqəti də danmaq olmaz ki, həmin dövrün hekayə müəlliflərinin bir neçə mətninin girişindən daha uğurlu alınıb. Əgər Nadir Yalçın da 60-ci illərdə yaşasaydı, hekayənin girişini etalon kimi qiymətləndirmək olardı.

Yəni dilimizdə olan "bir yay səhəri idi", "mayın əvvəllərində", "payız saralmış yarpaqlarını artıq yerə səpələyirdi" kimi standart ifadələrdən müəllif kifayət qədər uzaqlaşıb:

“Yer yerindən silkələndi, darvaza şaraq-şaraq şaqqıldadı, toyuq-cücə çəpər başına tullanıb qonşu həyətinə keçdi, ağacın ətək budaqlarında sallanan gilaslar əsim-əsim əsdi, yazıq anamın yerindən dik atılmağı ilə həyətə qaçmağı bir oldu, dədəm necə diksindisə, mürgüsünə daş bağlandı. Qorxumdan tutun başına dırmaşdım”.



Mətnin göstərilən hissəsində ən çox diqqəti çəkən təbiət hadisələrinin bir-birini gözəl bir ardıcıllıqla izləməsidir. Əvvəl obyektlərin dilindən danışmaq, sonra isə həmin obyektləri təsvir edən subyektin içində yaranan qorxunu göstərmək. Nəzərə çarpan əsas nüanslardan biri neytral ritmik fon yaradan "şaraq-şaraq", "əsim-əsim" və s. kimi sözlərdir ki, müəllif onlardan istifadə etməklə dildəki passiv (az hallarda rast gəlinən) sözlərlə işləmə bacarığını hekayədə mətnaltı vurğulamaq istəyir. Bu həm də məişət dilinin zənginliyinə tərəf yönələn işarədir.

Doğrudur, yeni hekayələrin əksəriyyətində rast gəlinməyən haldır, sadəcə o demək deyil ki, onlardan istifadə etməklə yenilikçilik ideyasını göstərmək olmaz. Xeyr, əslində, bədii mətndə belə arqumentlərə əsaslanmaq elə özü də novatorluğu xarakterizə edən əsas elementlərdəndir.
Bəzi şərtlər və xüsusi hallar istisna olmaqla, müəllifin yazdığı hekayədə islam dininin müqəddəs kitabı sayılan "Qurani-Kərim"ə əsaslanan motivlər də var. Hazırda aşağıda mətndən göstərdiyim cümlə bunu deməyə əsas verir:

"Amma o tindəki zeytun ağacı haqqı ürəyimdə pis şey yox idi".

Qurani-Kərimdə Allah deyir: “And olsun əncirə və zeytuna”.

Kiçik bir haşiyə çıxaq. Müsəlman dünyasında elmin, modernizmin, insan hüquqlarının lehinə çıxış etmiş aparıcı cərəyanlardan olan Quranilikdə meyvələrə və digər qida məhsullarına and içmək bərəkətin önəm daşıdığını simvolizə edir. Modernistlər Qurani-Kərimdə Tanrının özünə yox, məhz meyvə və digər bərəkət rəmzlərinə and içməsini mistik təsəvvür sayırdılar. Hətta onlar düşünürdülər ki, əgər Tanrı özünü yox yaratdığını işarə edərək and içirsə, deməli, bu məsələnin hansısa bir dini məzmunu və öhdəliyi var. Hekayədə Ninanın boynundakı xaç da Xristianlıq dinini simvolizə edən stixiyadır. Burada iki dini qarşı-qarşıya qoyan müəllif maraqlı ziddiyyət yaradıb.

1. Mərdanın müsəlman olması,
2. Ninanın xristian olması.

Əvvəl mətnin dini motivlərini "Əli və Nino" romanındakı "azərbaycanlı oğlan və gürcü qız" obrazları üzərində müqayisə etdim, hekayəni sona çatdırdıqdan sonra isə Nadirin bu romandan, ümumiyyətlə, təsirlənmədiyinin şahidi oldum.

"Nina Nikoleyevna" hekayəsində müəllif hadisələri diskurs şəklində qurmur, mətndə bir istiqamət və ona meyllənmə var.

Klassik nəsrdə tərbiyə almış oxucu aydın şəkildə görə bilər ki, hekayənin mövzusu sovet dövrünün yazı dili ilə yazılsa da, mövzunun özü müasir tələbatları ödəyir və müəllifin sovet dövrü ideologiyasından qaçdığını şifahi şəkildə şərh edir. Hekayədəki lakoniklik, görümlülük, xarakterlərin konkret olması Nadir Yalçının təbii şəkildə cərəyan edən dil təcrübəsinə əsaslanır.

Bir məsələdə də razılaşmaq lazımdır ki, müəllifin mətndə verdiyi hadisələr fərziyyədir, şüuraltı təfəkkürün mübaliğəsidir. Şübhəsiz bizə tanış olan mətnlərin əksəriyyətində bu hallarla qarşılaşırıq, amma mövzunun gözəlliyi bu kimi düşüncələrin aradan qaldırılmasına lazımi qədər şərait yaradır. Dekonstruksiya haqqında fikir bildirən mütəfəkkirlərin yazarı unudaraq, mətni diqqət mərkəzində saxlama formulu var idi, o da gedib orijinal mövzu obyektivliyində dirənirdi. Əslində, elə müəllifin dil müasirliyini unudub, mövzu estetikasını diqqət mərkəzində saxlaması hekayə üçün ən yaxşı göstəricidir.

Maraqlı məqamlardan biri də baş verən hadisələrin dinamik çərçivəsidir. Bu da ona əsas verir ki, yazarın mətndə yükləndiyi məsələ kompozisiya qurmaq bacarığını büruzə verməkdir. Hekayənin kompozisiyası ümumi olaraq mətnin bədii güc imkanlarını artırır. Müəllif həm mövzunu, həm də obrazları nəzəri güc imkanlarının təsiri ilə bataqlığa düşməkdən xilas edir, mətnə bir az da rəng qatmaq məsuliyyətini üzərinə götürür. Haradasa buna hadisələri gedişatın ümidinə buraxmaq da demək olar. Hekayənin gözəl bir sonluqla başa çatmasına şərait yaradan səbəblərdən başlıcası da budur.

Nadir Yalçının hekayə yaradıcılığında "Nina Nikolayevna" hekayəsini bir sıra texniki qüsurları nəzərə almasaq, nəsrdə göstərdiyi ən yaxşı qələm nümunəsi hesab edirəm. İnanıram ki, hekayə yolunda "Nina Nikolayevna" ilə başlamaq gələcəkdə onu daha gözəl bədii nümunələrin müəllifi kimi görməyimizə gətirib çıxaracaq.