YeniYaz.Az "Ən yaxşılar" silsiləsindən Mirmehdi Ağaoğlunun "85-ci gün" hekayəsini təqdim edir.
Allah Öz bəndələrindən istədiyinin ruzisini artırar da, azaldar da.
Əl-Ənkəbut surəsi, 62-ci ayə
Onlar iki nəfər idilər. Tövşüyə-tövşüyə, dayanıb dizlərini ovuşdura-ovuşdura dağa qalxırdılar. Biri o birindən narahat idi; gah arxaya, gah qabağa, gah da sağ-soluna baxırdı. Nazik-uzun kölgələri ay işığının altında küləkdən qorunan cavan palma ağacları kimi yellənirdi. Kölgələr qayaların arxasında itdi, bir müddət sonra təzədən göründü. Yuxarı çıxdıqca üzləri daha aydın seçilirdi. Qalxıb-qalxıb başını əjdaha kimi irəli uzatmış qayanın yanında çatdılar və asta-asta burulub yaxınlıqdakı mağarada yox oldular.
***
- Santyaqo, gəl bu işdən vaz keç. – Manolin qısqaclarını qoşalaşdırıb bir-birinə sürtdü. – Hamı bilir ki, orda ov olmur. Orda sənin toruna ölü ağcaqanad da düşməz. Biləsən.
- Mən orda öz torumu quracam. Allah bəxtimə ruzi yazıbsa mağaranın ağzında da verəcək. Əgər yazmayıbsa...
Qoca Santyaqo heç nə demədi, sinəsini qabağa verib dikəldi, bədənini gərib ətrafına baxdı və Manolinlə sağollaşmadan aralandı.
Bir vaxtlar hörümçək Santyaqonu Sevr dağında peşəkar ovçu kimi tanıyırdılar. Tor qurduğu yerdən əliboş qayıtmamışdı. Həmişə şikarın ən yekəsi, ən dadlısı onun olmuşdu. Tor qurdumu, ağcaqanadı, milçəyi, mozalanı, arısı, kəpənəyi, cırcıraması hazır idi. Sevr dağındakı bütün hörümçəklər ona həsəd aparırdı. Valideynlər balalarını təlim üçün onun yanına göndərirdilər. Toruna ov düşəndə Sevr dağının bütün hörümçəkləri tamaşaya durardı, dişilər həsədlə Santyaqoya baxardı.
Amma o günlər geridə qalmışdı. İllər hörümçəyi qocaltmış, bədənindəki yaraların sayı artdıqca şikarsız günlər çoxalmışdı. Üstəlik, həyatdan usanmış, arıqlayıb çöpə dönmüşdü. Yorğun görkəmi vardı, peysərini dərin qırışlar örtmüşdü. Qonur rəngə çalan yanaqlarını ləkələr bürümüşdü. Ləkələr hər iki yanağı boyu sifətilə üzüaşağı, sinəsinə qədər yayılırdı. Hər dəfə torda çapalayan şikarla çarpışıb onu zəhərləyərkən cəhəngindən, qısqaclarından, ayaqlarından yaralar almış, bədəni çapıq-çapıq olmuşdu. Bu köhnə yaralar Sevr dağının ətrafındakı susuz səhraların köhnə çatdaqlarına oxşayırdı.
Axırıncı dəfə düz 84 gün dağın müxtəlif yerlərində sərasər tor qurub pusquda otursa da, bir bit belə tuta bilməmişdi. Yaxşı ki, bu cavan, şüvərək hörümçək – Manolin vardı. Onsuz Santyaqo çoxdan ölüb gedərdi.
Cavan hörümçək Santyaqonu çox sevirdi. Manolin hələ balaca, şəffaf hörümçək olanda ona tor atmağın, bərkitməyin, pusquda durmağın, arxa ayaqlarla ipliyin ağzını yönəltməyin, küləyin istiqamətini müəyyənləşdirməyin qaydalarını öyrədirdi. Qurduğu tor tüstü kimi ağ, yüngül və zərif idi. Bir dəfə Santyaqo Manolinin torunu göyərçin lələyinə bənzətmiş, bir qədər fikrə gedərək əlavə etmişdi: “Yox, sənin torun göyərçinin qanadı altındakı narın tükdən də zərifdir. Onu uçurtmağa nəinki kiçik meh, insan nəfəsi də bəs edər”.
Vaxt keçdikcə Manolin ustadından tor qurmağın sirlərini öyrəndi. İndi Sevr dağında hamı onu bacarıqlı ovçu kimi tanıyırdı. Bir müddət əvvəl Manolinin ovuna cırcırama düşmüşdü. O, bu əhvalatı bəlkə yüz dəfə danışmışdı: “...Birdən tor möhkəm silkələndi. Əvvəl elə bildim qüvvətli səmum yeli əsdi, torun bir tərəfi qopdu. Birdən baxıb nə görsəm yaxşıdı?! Torun düz ortasına iri cırcırama ilişib, uzun qanadlarını həyəcanla ora-bura çırpır. Qorxmağın yeri yox idi. O dəqiqə köhnə torun üstünə yeni tor hörməyə başladım. Yoxsa cırcıramaya yaxın düşmək olmazdı. Qanadının havası məni göyə sovurmağa bəs edərdi. Birdən cırcırama qanadı ilə məni vurub yıxmaq istədi, yaxşı ki, əyildim, üstümdən ötüb keçdi. Fürsət tapıb yaramazın belinə atıldım, qısqaclarımı zirehli dərisinə keçirib bütün zəhərimi buraxdım...”
Santyaqo bu əhvalatı hər dəfə şəyirdinin dilindən eşidəndə gülməkdən uğunub gedirdi. Şaqqanaq çəkib güləndən sonra dikəlib qarnını qaşıyır, caynaqlarını havada ovuşdururdu. Cavanlığı yadına düşürdü. Dağda hamı Manolinə bu fərasətin qoca hörümçəkdən keçdiyini bilirdi.
Dövrana bax ki, illərin şan-şöhrətli ovçusu ovdan əliboş və pərt qayıdırdı. Dağın hər tərəfində, hətta ən bərəkətli yerlərində tor qurmuşdu. Necə olurdu ki, ən fərsiz hörümçəklərin də toruna nəsə düşürdü, onunkuna yox? Yaxud, şəyirdin ovu uğurlu olurdu, ustadınkı yox? Elə dağda bütün hörümçəkləri ona güldürən də bu idi. Hamı bu uğursuzluğu Santaqyonun qocalığı ilə əlaqələndirirdi.
Santyaqo inadından dönmürdü. Yox, olmasın 84 gün, olsun 184 gün! Bu dəfə dağın ən bərəkətsiz yerinə - mağaraya gedib ağzında tor quracaq. Ruzini verən Allah orda da verər. Vəssalam!
Manolin əvvəl onunla gəlmək istəsə də qoca razı olmadı. Onsuz, bu günlərdə Santyaqo gənc hörümçəyin gətirdiyi azuqəylə qidalanmışdı. Daha onun əlinə baxmağı özünə sığışdıra bilməzdi.
Mağaranın ağzına çatanda qoca gözlərinə inanmadı; girişdə bir cüt göyərçin yuva qurmuşdu. Qorxdu. Əvvəl istədi qayıtsın. Bir dimdiyə bu uçan varlıqların yeminə çevrilə bilərdi. Amma son günlərin rüsvayçılığını yadına salıb fikrindən daşındı. Yuvanın yanından sivrilib mağaranın qaşına dırmandı, özünə uyğun yer seçdi. Dan yerinin sökülməsinə az qalmışdı. Bir azdan böcəklər yuvalarından çıxıb yem dalınca uçacaqdı. Tələsmək lazım idi. Hörümçək arxasını qaldırıb küləyin istiqamətini tutdu və torunu yapışdıracağı daşları bəlirlədi. Arxasını yerə əyib ipin ucunu daşa yapışdırdı, sonra aşağı boylandı, qabaq ayaqlarını geniş açaraq daşdan atıldı.
Qoca başını qaldıranda gördüyü işə məəttəl qaldı. Mağaranın ağzını boyaboy tutan nəhəng tor qurmuşdu. Başı qarışdığından elə hey toxumuş-toxumuş, nəticədə belə azman tor əmələ gəlmişdi. Santyaqo mağaranın qaşından öz əl işinə baxaraq düşündü: “Heyf, Manolin mənimlə gəlmədi, yoxsa belə böyük tor qurduğumu görüb heyrətlənərdi.”
Hörümçək caynaqlarını iplərdən birinə toxundurub bərkdən silkələdi: “Möhkəmdir, indi bu tora lap insan da düşər”.
Qoca sapların üstüylə torun mərkəzinə doğru gəldi, yerində dövrə vurub axırıncı dəfə yoxladı, möhkəmləndirici tədbirlər gördü, torun ortasına əlavə saplar atdı. Vəssəlam! Tor hazır idi. İndi Santyaqo torun başından çəkilməyəcək, lazım gəlsə, günlərcə oturub gözləyəcəkdi.
Qoca torun üstündən düşüb daşların arasındakı ovuqda gizləndi. Göyərçinlər də görməyəcəkdi onu. Nədənsə bayaqdan quşlar ona tərəf heç baxmamışdılar: “Belə yaxşıdır, bu da xeyrə işarədi”, –öz-özünə dedi.
Tordan uzanan xəbəredici telin ən xırda tərpənişinə də başını qaldırıb baxırdı. Hələlik torun yaxınlığından nə bir milçək, nə bir böcək uçmuşdu. Ətrafda qəribə sükut, rahatlıq vardı. Bayaqdan qurtuldayan göyərçinlər olmasaydı, deyərdin yer üzündə Santyaqodan başqa canlı yoxdur.
***
Dağın yamacında bir dəstə atlı göründü. Səsləri yuxarıya qədər gəlsə də danışıqlarından bir şey başa düşmək olmurdu. Səhər açılmışdı, aydın görünürdülər. Kimsə atdan düşüb yerə əyildi, əlini torpağın üzərində gəzdirdi, başını qaldırıb yuxarıya baxdı və mağaranı işarə elədi.
***
Atlılar yuxarıya, mağaraya doğru çapanda, qoca hörümçək təşvişə düşdü. Deyəsən onlar mağaraya girmək istəyirdilər. Toru dağıdacaqlar, bu nədir? Yenə də bəxti gətirmədi? Kaş toru dağıtmayaydılar... Eh!
Atlılar mağaranın ağzına yaxınlaşıb atdan düşdülər.
Göyərçinlər qorxu içində qurtuldayırdılar.
***
- Bu nədi? Mağaranın ağzında tor var ki? – başında qara əmmamə olan dedi.
- Göyərçin də yuva qurub, yumurtalarına bax. - Atın üstündəki söylədi.
- Bəs deyirdin iz mağaraya aparır? - Qara əmmaməli adam dedi.
- Aparır. Neçə illik təcrübəm məni aldada bilməz – balacaboy, kömür kimi qara, arıq adam dedi.
Əmmaməli özündən çıxdı:
- Mağaranın ağzındakı toru görmürsən? Onlar bura girsəydi belə az vaxta nə hörümçək tor qurardı, nə göyərçin yuva.
- Axı mən yoxladım, izləri təzə idi. Uzun illərdi ləpirçilik edirəm, heç vaxt zənnim məni yanıltmayıb. Burda nəsə bir əməl var. – qara adamın səsində açıq-aşkar pərtlik hiss olunurdu.
- Heç bir əməl yoxdur. Bizi aldadıb izləri bura yönəldiblər ki, elə bilək mağaraya giriblər. – atlı söylədi.
- İz təzədirsə, deməli uzağa getməyiblər. Bir adam tez dağın başına qalxıb baxsın. Mədinə yoluna çıxıb onlara çatmalıyıq. Çox da uzağa gedə bilməzlər. – Qara əmmaməli adam mağaranın lap ağzına yaxınlaşsa da içinə boylanmadı, başını geriyə çevirib bağırdı:
- Dərhal atlanın!
Bunu demişdi ki, yuxarıdan nəsə boynuna düşdü. Diksinib yerindən atıldı. “Oyy!!! Bu nədir?” - əlini şappıltı ilə boynunun ardına çırpdı. Möhkəm sıxılmış əlini boynundan çəkib qabağa uzatdı. Baş nahiyəsində və ağzının kənarında qan ləkəsi görünən yekə bir kərtənkələ əmmaməli adamın əlində çırpınırdı. O, əlini təzədən yumdu və kərtənkələni mağaranın ağzına tərəf tolazladı.
- Lənət olsun! – dodaqlarının altında deyindi və ayağını üzəngiyə qoyaraq bir göz qırpımında atın belinə qalxdı.
***
Tor bərkdən titrədi. Az qala saplar dibindən qopacaqdı. Santyaqo atlıların uzaqlaşmağını gözləmədi, cəld gizləndiyi oyuqdan çıxıb şikarın üstünə atılmaq üçün fürsət gəzdi.
Yaşılımtıl nəhəng kərtənkələ pəncələrini dəbərdir, çırpınaraq azad olmağa çalışır, quyruğunu qılınc kimi hərləyirdi. Santyaqo ovuna yaxınlaşmağa ürək eləməsə də boş-bekar dayanmırdı. İti addımlarla sapların üstündə gəzişə-gəzişə boşluqlara əlavə iplər atır, qopan yerləri bərkidirdi. Kərtənkələ isə çırpınır, quyruğu və caynaqları ilə toru sökməyə çalışırdı. Qoca hörümçək sağa-sola vurnuxub toru bir də tez-tələsik möhkəmlədəndən sonra yuxarı qalxdı, ordan kərtənkələnin belinə atıldı və qısqaclarını can verməkdə olan şikarın kürəyinə sancdı. Zəhər kərtənkələnin bədəninə axdıqca hörümçəyi süstlüyə bənzər rahatlıq bürüdü.
***
Atlılar bir göz qırpımında dağdan endilər. Yamacda dayanıb yenə nəsə danışmağa başladılar. Ətrafa göz qoymaq üçün bayaq dağın başına çıxan adam da gəlib onlara qoşuldu. Bir qədər söhbət etdikdən sonra atları şimala doğru çapdılar. Qara adam isə atın belində bir neçə dəfə dövrə vurub mağaraya tərəf baxdı, baxdı, baxdı və nəhayət atın başını döndərib gedənlərin dalınca çapdı.
***
Kərtənkələ daha çırpınmırdı. Onu zəhərləyəndən sonra belindən düşüb kənardan baxırdı. İndi də yaxınlaşıb caynaqları ilə bir neçə dəfə toxundu, ətrafında dolanmağa başladı. Hə, iri şikar idi. Ömründə beləsini ovlamamışdı. Deməli, Sevr dağında onun haqqında hələ çox danışacaqdılar. Manolin sevincək deyəcəkdi: “85 düşərli rəqəmmiş!” Kaş indi oğlan yanında ola, ona kömək edəydi.
Santyaqo arxa ayaqlarını tora keçirib sallağı dayandı. Yamanca yorulmuşdu. Dincini almaq istəyirdi. “Mən axı deyirdim, Allah versə, hər yerdə verər!”, - qalib gəlmiş döyüşçü ədasıyla düşünürdü ki, qəfil gözünə bir qaraltı dəydi. Diqqətlə baxdı. Kimsə mağaranın içində dizi üstə çöküb əllərini yuxarı qaldırmışdı və astadan dua oxuyurdu: “...Siratelezzinə ən-əmtə əleyhim ğayril mağzubi aleyhim ve ləzzalin”.