Ən yaxşısı unutmağa çalışmaqdır - Qadın mənzərələri

Ən yaxşısı unutmağa çalışmaqdır    - Qadın mənzərələri

08 Martt 2022 10:10 474


YeniYaz.Az Sevinc Elsevərin “Qadın mənzərələri” şeirlər silsiləsini təqdim edir.

Bahardan pay

qadın ki qadın...
tamah salır alça ağacının çiçəkləyən budağına
uşaqlıqda tanıdığım
kənd qadınlarını xatırladan
yaşlanmaqda olan qadınlardandır...

ətrafa boylana-boylana
zorla ayırır üstü ağ çiçəklərlə dolu budağı
hündürmərtəbəli binaların arasında
asfalt küçənin yeganə bəzəyi olan ağacdan
nə məqsədi var deyə düşünürsən
niyə qoymadı meyvə olmağa o çiçəkləri?!
məktəbdən çıxan uşaqlar dərib yeyəcək
sərçələr dimdikləyəcəkdi
sadəcə gözəllik vurğunu olduğu üçünmü?!

yanını basa-basa gedir
bahardan bir az pay qoparıb özüylə aparmaqdır qəsdi.

Tuflilər və kişilər

təzə, dəbli dikdaban tuflilərinin
ayaqlarını incitməsinə
dözür qadın
ağrısını-acısını büruzə vermədən
o tuflilərlə görüşə gedir
rəqs edir küçələr boyu
tuflilərdəki ayaqları
axşam evə qayıdanda
tufliləri soyunub ufuldayır
ancaq səhər yenə eyni ayaqqabıları geyinib
çıxır evdən
uf demədən

sevəndə də belə səhv edir qadınlar
onları hər addımda incidən kişilərin
qoluna girərək
təbəssümlər saçaraq
ətrafda hər kəsə xoşbəxt olduqlarını göstərərək
qibtə doğurmağı sevirlər...

yetər ki, yaraşsın onlara
ayaqlarını incidən, dəbli tuflilər
qəlblərini qıran
kobud, amma yaraşıqlı kişilər.

Taykeş əşyalar

taykeş əlcəkləri
sırğaları
corabları atmağa əli gəlməz
ürəyiyuxa tənha qadının
ümidlə dolabın bir gözündə gözlədər
baxanı kədərləndirən taykeş əşyaları
özü də o əşyalar kimi
təkdir
tənhadır
gözləyir illərdir
taykeş əşyalar arasında
yolunu hardasa azıb yoxa çıxan adamı...

İtə, pişiyə çevrilən qadın

evimə ən yaxın bankomatı qoyub
yolumu uzadıram
bankomatın altında oturub dilənən
yaşlı, qara örtüklü qadına görə
ona görə yox ki
bir neçə qəpiyimdən
ya manatımdan keçirəm hər dəfə

qəssab dükanlarının qarşısında ümidlə şöngüyən
xəsis, acıqlı qəssabların gah qovub uzaqlaşdırdığı
gah görməzdən gəldiyi itlər, pişiklər kimi
o qadının da bankomatın altında
eləcə çarəsizcə oturması incidir adamı

bəlkə o qədər “itin, pişiyin olum, Allah!” - deyə dua elədi
Tanrı da arzusunu gerçək elədi
bilmirəm...
orda o bankomatın altında
yaşlı qadının ovcuna pul basanlar da
etinasız ötüb gedənlər də
necə qaçırırlar gözlərini
o qadından
bunu da bilmirəm

ancaq o qadının ovcuna pul basanda da
özümü görməzliyə vuranda da
qaçır dincliyim
ağrıyır qəlbim...

ən yaxşısı heç rast gəlməməkdir
unutmağa çalışmaqdır
heç bir qadını o halda görməməkdir ən yaxşısı...

***

ölkəmiz günəşlidir
çox şükür
İsveçə isə il uzunu qar yağır
ancaq tez qırışır üzü biz qadınların
erkən qocaldır bizi gün işığı
bir yandan həyat
bir yandan günəş
turşudur üzümüzü
çatırıq qaşlarımızı
ən yaxşı gün eynəklərini belə
dəlib keçir odlu şüalar
ən xeyirxah ürəkləri də
zalımlaşdırır pis həyat
üzlərdən zəhər yağır
bal dammalıykən
çiçək açmalıykən
dünyanın ən günəşli diyarında...

***

avtobusdakı basabasda
“qiymətli” yerini
hicablı, gənc xanıma təklif edir cavan kişi
yaşlı və yorğun xanım dura-dura.
sonra boşalan həmin o “qiymətli” yerini
müasir geyimli, makyajlı, gözəl bir xanıma təklif edir
həmin o cavan kişi
bayaqdan mən də ayaq üstəyəm
gənc kişinin alicənablığına baxıb gülümsəyirəm
görəsən daha kimi layiq biləcək
öz “qiymətli taxtına” deyə?!

***

təkcə
ayaqyolu qapılarına yazılan
“Qadın” kəlməsi
yada salır qadınlığını
hər dəfə yerin dibinə enincə...

üstünə “Kişi” kəlməsi
həkk edilmiş kirli qapılar diksindirir onu
əlləri cibində, şən, firavan
o divarların dibini isladan kişilərin bir çoxunun
kişi olduğu heç bir kitabda deyil də
təkcə bu kirli qapıların üzərində yazılı

bilir o müdrikcə
dodağı qırmızı boyalı
əyri şlyapalı
pinqvin yerişli qoca fahişə...

Ətçəkən maşın

pis işləyən ət maşınıyla
girinc qalan qadın
həyatın nə qədər çətin olduğunu düşünür
qadın olmağın ağırlığını
bütün günü mətbəxdə qurdalanmağın
ona qarşı haqsızlıq olduğunu

bayırda güllər açmışkən
günəş torpağı qucmuşkən
dörd divar arasına sıxışıb qalmağını
düşünür acı-acı...

ancaq hardansa insaf düşür ürəyinə birdən-birə
ətini çəkdiyi heyvana daha böyük zülm olunduğunu salır yada
utanır əzablarından
səhər qəssabxananın önündə bu heyvanı
dipdiri gördüyünü xatırlayır bir də
yamyaşıl otlardan kənarda
boğazından bağlanmışdı yoğun bir kəndirlə
günəş üstünə şəfəq saçırdı tükənməz şövqlə...

***

barı sevimli serial qəhrəmanının həyatı
qaydasına düşmürdü
ekrandakı qadın da özü kimi gücsüzdü
özü kimi qorxaqdı

gücü mətbəxdəki bıçaq , çəngəl, qaşığı
möhkəmdən bir-birinə çırpmağa çatırdı
axşam yeməklərini hazırlamazdan qabaq
bıçaqları bir-birinə hirslə sürtüb itiləyirdi
dişlərini bir-birinə sıxaraq...

“başını kəsərəm!” - sözüylə
uşaqlarının gözü önündə
hər gün təhdid olunan qadın

Əsgər anası

əsgərlikdəki oğlunun
göyərçinlərini yemləyən ana
bir-bir yeyib doymalarına fikir verirdi quşların
sanki udduqları hər buğda dənəsi
oğlunun mədəsinə gedirdi
oğlunu doyururdu

ana baxmaqdan gözlərini yorurdu
yeyib-doyub gözdən itincəyədək
uzaqlara uçan
gah görünən, gah gözdən qaçan quşların dalınca

gecələri başını atanda balınca
yuxu getmirdi gözlərinə
qalxıb çiyninə şal atır
bayıra çıxır
quş damının qapı-bacasını yoxlayırdı bir də
əvvəllər oğlunun üstünü açıb-açmadığını yoxladığı kimi

quşların əhvalı xoş
qarınları tox
canları sağ olduqca
ana arxayın olurdu oğlundan

quşların boyunu sevir
qanadlarını oxşayır
dimdiklərindən öpürdü

yuxularını qarışdıranda
qaçıb quşlara danışırdı
quşların əhvalından bilirdi ana
oğlunun necə olduğunu

bir axşam
bir axşam göylərə pərvazlanan quşlardan biri
geriyə qayıtmadı
o gecə, o gecə sabahadək yatmadı
dilində dualar
gözündə yaş
ürəyində dağdan ağır daş.

***

hər gecə minlərlə qadın
dizin-dizin sürünərək
yalvarır Allaha:
“ailəmin bütövlüyünü qoru!” - deyə
ölkənin bütövlüyü uğrunda gedən müharibədə.