Dünya ədəbiyyatının klassiki və dünyanın ən məşhur dramaturqlarından olan Anton Pavloviç Çexovun yaradıcılığında «kiçik proza» bütün janr müxtəlifliyi ilə təmsil olunur. Çexovun dramaturgiyası isə, dünya teatr repertuarının ayrılmaz hissəsi kimi, rus ədəbiyyatının bir növ «vizit kartı»na çevrilmişdir.
Çexov nəsri öz lakonikliyi və bənzərsiz üslubi özəllikləri ilə seçilir; ayrıca götürülmüş bir epizodda bəzən bütöv bir həyat dramı ifadə olunur, nəticə etibarilə kiçik həcmli əsər roman səciyyəsi daşıya bilir. Obrazların assosiativliyi və daxili, yaxud gizli məna kateqoriyaları Çexovun hekayələrinin ifadəliliyini şərtləndirən amillərdəndir. L.Tolstoy yazırdı ki, Çexov dünya ədəbiyyatında «tamamilə yeni, mükəmməl formalar yaradıb». O, müəllifin əsərlərinin dilini ayrıca qeyd edir: «Necə gözəl dili var… Sanki incidir. Heç birimiz: nə Dostoyevski, Turgenev, Qonçarov, nə də mən belə yaza yaza bilməzdik».
Müəllifin çox zaman klassik hekayə strukturu və komprzisiyası ilə uyuşmayan yazı üsulu, məsələlərə didaktikadan uzaq yanaşma tərzi bədii detalların özünəxas istifadəsinə də şərait yaradır. Çexovda heç bir məna yükü olmayan, lazımsız təfərrüat, demək olar, yox dərəcəsindədir.
Çexovun bir çox əsərlərinin adı aforistik («Qılaflı adam») və ya simvolik səciyyəyə malikdir. Ümumiyyətlə, onun əsərlərinin ideyasının dərkində bədii simvolikanın rolu böyükdür. Bədii simvolika onun əsərlərindəki bəzən romantik, əksər hallarda isə real dünya mənzərəsini təhrif etmir, əksinə yeni ifadə çalarları ilə zənginləşdirir, maraqlı ümumiləşdirmələr üçün zəmin yaradır.
Lakin yazıçının məşhur «Çöl» əsəri başlıca olaraq klassik rus realizminin parlaq nümunəsi kimi nəzərdən keçirilir.
Gənc Çexovun «böyük ədəbiyyat»da uğurlu debütü sayılan «Çöl» uzun hekayəsi haqqında müəllifin özünün və digər ədiblərin, fikir adamlarının mülahizələri ilə kitabın arxasındakı xüsusi bölmədə verilmiş materiallardan tanış ola bilərsiniz.
Hələlik isə qeyd edək ki, çöl mövzusu A.P.Çexovun yaradıcılığında xüsusi yer tutur. «Çöl»dən başqa «Xoşbəxtlik», «Kazak» «Gözəllər», «Doğma guşədə», «Peçeneq» və s. kimi əsərlərində də bu mövzuya xüsusi yer ayrılır. Çexov bu əsəri əbəs yerə «Çöl» adlandırmayıb. Vətən, təbiət, həyat, insanlarla bağlı ən müxtəlif aspektlər haqqında müəllifin baxışları oxucuya məhz çöl obrazı vasitəsilə çatdırılır. Çöl obrazı bir tərəfdən amansız gerçəkliyi əks etdirir, digər tərəfdən isə gələcək xoş həyatla bağlı ümidləri, perspektivləri simvolizə edir.
«Çöl» əsəri Çexovun yaradıcı bioqrafiyasında dönüş nöqtəsi, eyni zamanda rus ədəbiyyatında hadisə kimi yaddaşlarda qalıb. Bu əsər rus ədəbiyyatının poetik zirvələrindən biri sayılır. Azırbaycan dilinə ilk dəfə tərcümə olunur. Yazı-pozu adamlarının da oxumasında fayda var!
Sonuncu kitab sərgisində rusiyalı qonaqların iştirakıyla "Çöl"ün gözəl təqdimatını da keçirdik.
Xalq yazıçısı Natiq Rəsulzadə, prof. Cavanşir Yusifli, prof. Flora Naci, prof. Nizami Məmmədli, Rusiya Tərcümə İnstitutunun direktoru Yevgeni Rezniçenko, eləcə də, dəyərli qələm yoldaşlarım Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, Yaşar Əliyev və digərlərinə qiymətli sözlərinə görə təşəkkür edirəm!