Ev, iş, avtomobil! - Aqşin Yenisey

Ev, iş, avtomobil!   - Aqşin Yenisey

14 Dekabr 2022 12:29 472


Akademik acgözlükdən kortəbii kapitalizmə

Şahidi və şəhidi olduğumuz müstəqillik illəri bizi ümumi ideyalardan daha çox, ümumi ehtiyacların ətrafında birləşdirdi. Bu da bizim azad, müstəqil həyata hazırlıqsız yaxalanmağımızın nəticəsi idi.

Biz azadlığımızın fəlsəfi-ideoloji əsaslarını yaratmadan onun reallığı ilə üzləşdik. Azadlıq vaxt tapıb bizim üçün söz mərhələsindən, anlayış, düşüncə mərhələsinə keçə bilməmişdi. Ona görə ümumi ehtiyaclar yuxarıları özbaşınalığa, aşağıları cinayətkarlığa yuvarlatdı. Çünki biz azadlığı milli mücadilədən daha çox, qlobal mücadilənin nəticəsi olaraq əldə etmişdik. Azadlığımız tarixin bətnindən vaxtından əvvəl doğulmuşdu. Nəsə, bu ağır və geniş mövzudur, izahı üçün vaxta ehtiyac var.

Ehtiyac demişkən, bəs müstəqillik dövründə bizi birləşdirən "ümumi ehtiyaclar” hansılardır? Ən yayğın olanını mən deyim.

Ev, iş, avtomobil!

Bütün bəşəri dəyərlər Azərbaycanda bu ehtiyac üçlüyünə xidmət edir.

"Evə, işə, avtomobilə sahib olmaq” – bu, cəmiyyətimizin qeyrətini və namusunu təmsil edən kişi və qadın zümrəsinin ümumi arzusudur. Arzuların ümumiliyi, eyniliyi nəyin əlamətidir soruşsanız, elm sizin eqonuzun nazı ilə oynamadan qısa bir cavab verəcək – kütləvi nevrozun!
Kitab oxuyanlar, yəqin ki, Böyük Depressiya illərinin (1930-lar) insanlarından bəhs edən Drayzerin qəhrəmanlarını xatırlayırlar; ucuz populyarlığa, qısamüddətli şöhrətə, müftə meşşanlığa can atan, bununla da sərvət əldə edəcəklərini düşünən və bütün insani dəyərləri bu ümumi arzuya qurban verən milyonların vurnuxduğu bir cəmiyyətin insanlarını.

Geridə qoymaq istəsək də, qoca və xəstə biton kimi hələ də arxamızca sürünən sovet dövrünün, yəni müstəmləkə nizam-intizamının xiffətini çəkən adamlarımız düşünürlər ki, əsarət illərində insanlarımız mənəvi ölçülərinə görə indikindən daha böyük idilər.

Onlar ölkədə indiki "kortəbii kapitalizmin” sovet dövrünün "akademik acgözlüyünün” varisi olduğunu qəbul edə bilmirlər. Sovet insanı sözün əsl mənasında görməmiş idi, gözü dünyaya ac idi. Bu nəhəng düşərgənin insanları "böyük ölçülü mənəviyyatı” könüllü seçməmişdilər, əyinlərinə yekə olan bu "mənəvi libası” onlara zorla geyindirmişdilər, həbsxana paltarı kimi. Onlar azadlığa çıxan kimi ilk işləri sovet mənəviyyatının "yekə pencəyini” əyinlərindən soyunmaq oldu.

Ətraflı
Müstəqillik illərində bəziləri başqa-başqa "böyük ölçülü” idxal "libaslar” geyinsələr də, bəziləri, sadəcə lüt yaşamağa üstünlük verdilər. "Ev, iş, maşın” arzusu bizə sovet cəmiyyətinin səfalət tanrılarından irsi yolla ötürülmüşdü. Bizim hansı sistemin övladları olduğumuzu daha aydın anlamaq üçün "sistem” anlayışının özünü saf-çürük etməliyik.

Bir sistem yaşamaq üçün ilk növbədə fərdi və fərdiliyi yox etməlidir. Hətta fərdin rifahı üzərində qurulan Qərbin "Rifah dövləti” sistemi də iqtisadi böhranlarla üzləşincə özü-özünə şübhə ilə baxmağa başladı. Bir sistem özündə yaşayanları nəzarətdə saxlamaq üçün şərik ehtiyaclar və ümumi arzular uydurmalıdır.

Kütləvi nevroz da bu zaman yaranır; insanlar təhkim olunduqları "arzuları” arzulamağa başlayanda, ehtiyacları olmayan "ehtiyacları” qarşılamaq üçün işləyəndə. Bizim cəmiyyət belə bir sistemin varisidir, Hedonizm qızılca xəstəliyi kimidir, hansı yaşda olur-olsun, insanın, cəmiyyətin canından çıxmalıdır.
Sovet sistemi bu gün bizim cəmiyyətin təhtəlşüurudur, azacıq qığılcım lazımdır ki, şüurun üstünə çıxsın. Freydin, ya da Frommun məqalələrinin birindən belə bir cümlə yadımda qalıb ki, mədəniyyət instinktləri ört-basdır etmə vərdişidir.

Özümüzü nə qədər çox gizləyə biliriksə, o qədər mədəniyik. Sovet sistemində biz bunu könüllü etmirdik, sistem bizi məcbur edirdi ki, instinktlərimizi ört-basdır edək, özümüzü gizləyək. Əslində, biz mədəni-zad deyildik, sistemin qorxusundan özümüzü mədəniliyə vurmuşduq.

Azadlıq bizi ifşa etdi!

Bu gün şəhər sakinimiz avtobusa "eşşəyə min, ata çatanıca” düşüncəsi ilə dırmaşır. Çünki içində "ev, iş, maşın” adlı ali bir məqsədi var. Yaxud artıq metroya minmədiyini fəxrlə elan edir, çünki "ev, iş, maşın” adlı ali arzusunu reallaşdırıb.

Freyd kütləvi nevrozu "gücsüz insanların monastrı” adlandırırdı. Bu gün Azərbaycanda bu monastra getmək istəməyənlər, yaxud oradan qaçanlar, yəni ev, iş, avtomobil ehtiyacını özünə dərd etməyənlər dəli hesab olunur.

Halbuki dəli ağlını itirmiş cəmiyyətin dahisi, dahi ağıllı cəmiyyətin dəlisidir.

Qaynar İnfo