Özümü kifayət qədər "əxlaqsızlaşmış" oxucu və tamaşaçı hesab edirəm. Mədəni dildə desək, oxuduqlarından, baxdıqlarından, eşitdiklərindən və yaşadıqlarından sonra məsumiyyəti itmiş və sinikləşmiş oxucu və ya tamaşaçı da deyə bilərik.
Və əxlaqsızlaşmış bir sənət istehlakçısı olaraq, bizim müəllif və rejissorların əsərin əsas qəhrəmanı (kafirlər demişkən, prataqonist) qarşısında mağmınlaşması şəxsən məni qıcıqlandırır.
Hekayəçinin (rejissor, yazıçı, ssenarist, fərqi yoxdur) yaxşı oğlan və yaxşı qızların hekayəsindən yapışmağı hələ on doqquzuncu əsrin sonlarında öz aktuallığını itirmişdi. O vaxtdan cəngavər-sevgili, mübariz-qəhrəmanlar öz yerlərini Dorian Qreylərə, Peçorinlərə vermişdi. Namuslu, ədəb-əxlaq mücəssəməsi ledilər isə Karmen, Skarlet O Xara kimi romantika ilə yanaşı canında məkr, iddia, xudpəsəndlik gəzdirən qadınlara uduzmuşdular.
O zamandan yüz ilə yaxın vaxt keçib. Dünya rəqəmsallaşıb, Yaxşı və Pis arasındakı sərhədlər çoxdan pozulub, birmənalı yaxşı oğlan və birmənalı pis oğlan anlayışları bu gün sadəcə gülməli görünür.
Ümumiyyətlə, bizim hekayəçilərin pis oğlanlarla dərdi nədir, onu da anlamıram. Gül kimi pis oğlandı da, hekayəsini yarat, arqumentasiyasını qur, qoy o antaqonistin dünyanın anasını ağlatmaq istəyini mən də başa düşüm, hətta arada haqq da verim.
Hərdən filmlərdə əsas qəhrəmanlar danışır. Baxırsan ssenarist, rejissor insanlığa hansı mesajı vermək istəyirsə, kobud şəkildə o mesajı yükləyib əsas qəhrəmanın monoloquna.
Ya da Xeyir əsas qəhrəmanın dili ilə Şəri susdurur.
Halbuki mən bir tamaşaçı kimi istəyirəm prataqonistlə antaqonist mübahisə edəndə beynimdə bu sual mənə əzab versin:, ay əclaf rejissor, ay əclaf müəllif, bəs sən özün bunlardan hansını haqlı hesab edirsən, bəs sən kimin tərəfindəsən?
Bu sualın cavabı o dəqiqə aydın olmamalı, hətta, mümkünsə, heç aydın olmamalıdır. Mənim üçün yaxşı hekayəçi antaqonistini prataqonistindən daha çox sevən hekayəçidir.
Kürəyinizi katarsisə az söykəyin. Oxucunun, tamaşaçının sizin qəhrəmanlarla birlikdə ağlayıb, birlikdə gülməsi sənətin dərinliyindən xəbər vermir.