Əyilsəydin bir azca, keçərdim ürəyindən - Təzə Şeirlər

Əyilsəydin bir azca, keçərdim ürəyindən   - Təzə Şeirlər

07 Martt 2025 10:26 55



Banu Muharrem

Hər dildə danışa bilmərəm, ancaq
Hər dildə gözünə gülə bilərəm.
Dəli olanların doğruları var,
Bircə yalanına ölə bilərəm.

Bilirsən? Hər gözə gülmək də olmur,
Hər doğru sözə də inanmıram heç.
İndi dost dostunun üzünə durur,
Sənə dost deyiləm, günahımdan keç.

Yığışdır, toparla, dadına bax, gör
Bitən xatirələr necə bal dadır?!
Sənin ayağını yoran yolların
İzi ürəyimin közü boydadır.

Qar yağır üstümə, üsyanım küldən,
İçimdən yollara səpələnmişəm.
Qayıt uzaqlardan, qayıda bilsən,
Külümdən tökülüb, təpələnmişəm.

Qəlbimdə düyündür bunca iztirab,
Mənim öz cismimdə özüm qədərsən.
Yenə də dönməsən, Günəş doğmasa,
“Heyf” deyəcəyəm… “Heyf… Hədərsən…”

Bir şəbi-yelda daha

Əyilsəydin bir azca, keçərdim ürəyindən,
Əyilməyi bilməyən ürək dünyaya yükdür.
Dünya ovuc içidir, sevgi ovuc-ovucdur,
Qürurun bədəninə iki ölçü böyükdür.

Gecələr yuxularda sənə üzən qayıqlar
Dodağına çatanda ürəyimi ürküdür.
Hardasa çıxsa yanğın, harda olsa təhlükə,
Tez yadına sal məni, xatırlamaq mülküdür.

Dini, inancı belə bəlli deyil sevginin,
Rəngi mavi sulardır, ayrılığı bölgüdür.
Yalan bəhanələrə ucaltdığın qürurun
İmzasını çəkdiyin aramıza hörgüdür.

Hansı kənddə itirdik ilk sevgi, ilk öpüşü?
Hansı küçələr ilə içimizi bölüşdük?
Neçə sevda alışdıq, yandıq, söndük, dirildik?
“Öldüm” deyib ölmədik, bu yelda da ötüşdük.

***

Xırçın bir dənizdir indi ürəyim,
Bütün sözlərimə üfüq dar gəlir.
Çayın gətirdiyi bir nar kimisən,
Elə bil içimdə nar dənələnir…

Çürük bir diş kimi incitməkdəsən,
Süzülür sevgimin hörük çadırı.
Dağlara dırmaşan dəli at olub,
Ruhumun sənsizlik yolçuluqları.

Qorxuram qorxuya düşməkdən yenə,
Yollara düşürəm bir fit səsinə.
Əllərin cibində üşüyər deyə
Uyar sol tərəfin yad fitnəsinə.

Hər kəs itirməyi öyrənir bir gün,
Sən məndə itəndə geri dönərsən.
Gözünü yumarsan, açarsan o gün
Güzgündə özünü ölü görərsən.

Bizdən keçdi

Ömrümüzdən keçmədi,
ömür bizdən keçdi e…
Nənəm, babam qolumda,
qolumda keçindi e…
Kaş oğul doğulardım,
bir bəhanəm olardı,
Qız doğulmaq heçdi e…

Nə uşaqlıq yaşadıq,
nə gənclik gördük elə.
Sizin yeni şəhərdən
Tramvay keçir hələ?!
“Ömür” qoyub adını
Bizim tramvay keçir.
O da yaman bicdi e…

Daha nə öyrənmədik?!
Bir ürək, içində ox.
Bir nağıl danışdılar –
Biri vardı, biri yox.
Hansı gözəl günlərin
Yoluna alma qoyduq?!
Hələ sayı üçdü e…

Nəfəs verib göndərən
Nəfəs alıb aparar.
Mələk gətirən fələk
Kəfən çəkər aparar.
Hər şey əvəz-əvəzdir,
Nəfəs də bir qumardır.
Oynamayan gicdi e…

Nə yazım, sakitləşim,
Mənə baxan varağa.
Bu dünyada qalacaq
Nə mal var, nə də Ağa.
Göydən səda gəlməsin –
“Gəl yenidən yazmağa!”
Daha məndən keçdi e…

***

Dənizlərin arzulara aparacaq
gəmisimi var idi?!
Mən doğulan əyalətin mirvarisi,
dənizimi var idi?!

Çayı vardı –
kağız-kağız gəmiləri aparardı əlimdən,
Bircə-bircə boğulardı gəmilərlə
arzularım ələnəndə dilimdən.

Daha nələr qoparmadı,
Daha nələr almadı?
Bir “payızlıq xatirəmdir”,
bir hekayəm,
bir də ismim,
o dağlardan qalmadı.
Hər çətində gülüşlərim
bir səbətlik almadır.

Tanıyıram saxsıların güllərini,
onlar mənə tanışdır.
Yarpaqları hər düşəndə,
mənə nələr danışdı?!
Dibçək-dibçək ümidlərim
Saxsılarda toz-torpağa qarışdı.

Bu dünya da dərdlərimin dəngimi?!
Saralmışlar cılızlığın, acizliyin rəngimi?!
Bilmirəm ki…

Topla-topla
Əllərimdə sıfır tapdım –
cəmisini.
Tapmadım e,
Çox dərinə batırmışdım
öz arzumun gəmisini.

Bilmirəm ki…
Dönməyə yolun izini,
Yalanın doğru üzünü.
Bir də, doğrumun düzünü
Tapmadım e…
Tapmadım ki…

Öldürdün

Nə gözəl öldürdün dodaqlarında
Qəlbimə sığmayan təbəssümünü ...
"Gülüşün qismətmiş – payıma düşüb"
Saxladım, saxladım ürək sözümü.

Bəsləyib üzümü göz yaşlarımla
Bitirdim yolunda özüm özümü.
Torpağım dizindir, nəfəsin yurdum..
Qoxladım, qoxladım çəmən, düzünü..

Hələ bitməmisən, əskilməmisən,
Nə qədər gizlədim təcəssümünü?!
Ürəyin yolundan qayıtmaq olmur.
Yoxladım, yoxladım bu yer üzünü..

Xoşuma gəldi

Bir nəfər uzaqdan gəldi hayıma
Mən səssiz yerimdə dayanmış idim.
Yanıma çatanda "necəsən?" dedi.
"Necəsən?" sualı xoşuma gəldi.

"Gözündə yaralı uşaq görünür,
Üzündə köhnə bir bulaq görünür.
Qaşların qəlbimə oraq görünür " –
deyəndə öz halım, xoşuma gəldi.

Avazım çıxdıqca susdum içimdə.
Çiynimin ən ağır sevgi köçündə
Qəhqəhə çəkdim bir dəli biçimdə
Biçarə əhvalım xoşuma gəldi...

Boşdu, boş!

Çoxlarının öyündüyü yoxuşdu.
Çoxlarının göründüyü duruşdu.
Çoxlarının süründüyü nə xoşdu.
Çoxlarının etibarı boşdu, boş!

Çoxlarının sultanlıqdır həvəsi,
Çoxlarının sözə çatmır nəfəsi.
Çoxlarının məhəbbətdə qəfəsi,
Çoxlarının intizarı boşdu, boş!

Çoxlarının sözü dəyərləndirir.
Çoxlarının sözü dəyər endirir.
Çoxlarının sözü diyirləndirir.
Çoxlarının ixtiyarı boşdu, boş!

Çoxlarının əqidəsi çolaqdır,
Çoxlarının rabitəsi qulaqdır.
Çoxlarının abidəsi ulaqdır.
Çoxlarının ixtisarı boşdu, boş!