Eyni aqibət müəllifin də başına gəldi: “Martin İden” romanı haqqında

Eyni aqibət müəllifin də başına gəldi:   “Martin İden” romanı haqqında

27 İyun 2023 10:46 441


Həyat dozanı aşanda
Fəxri Uğurlu

Cek Londonun “Martin İden” romanı haqqında

1913-cü ildə Cek Londonun şöhrəti zirvəsinə çatmışdı. Həmin il o, dünyanın ən çox oxunan, həm də ən varlı yazıçısı olmuşdu, hətta əqidə qohumu Kiplinqi belə bu məsələlərdə geridə qoymuşdu. Ta uşaqlıqdan bəri yük altından çıxmayan yorğun, cəfakeş canını, nəhayət, dincə qoymaqdan ötrü Cek London təbiət qoynunda böyük, sarsılmaz bir ev tikdirmişdi. Divarları qaya parçalarından, mamırlı çöl daşlarından, “əhliləşdirilmiş” çarpanaqlardan hörülü bu möhtəşəm ev - evdən çox qalaya, qəsrə, nəhəng ibtidai mağaraya, ayı kahasına bənzəyirdi. Yazıçı özü bu evin adını “Qurd yuvası” qoymuşdu. Evini vəhşi təbiətə pərçimləməklə körpəlikdən ana nəvazişi görməyən Cek London qoynunda böyüdüyü ana təbiətlə arasından sərhədi götürmək, mədəniyyəti təbiətə qovuşdurmaq, qalan ömrünü həyatın bu iki üzünün qovuşağında keçirmək niyyəti güdürdü.

“Qurd yuvası”nda işlər hələ tam başa çatmamış ev yiyəsinin orada sığınacaq verdiyi, havayı yedirib içirib cibinə xərclik qoyduğu sakinlərdən hansısa yazıçının minillik xəyalına soyuq bir kibrit çəkdi. Onun arzularının qəsri gözünün qabağındaca yanıb-yanıb külə döndü, Cek Londonun həyatın həm kefindən, həm əzabından qaçıb gizlənmək istədiyi qalanın quru qabırğası qaldı. Bu fəlakəti gözüylə görən yazıçı dörd gün yatağından qalxa bilmədi. Halbuki o, “Qurd yuvası”nı şairlərin, rəssamların, gəzərgi filosofların, cürbəcür könül adamlarının, dostlarının qayğısız yaşayacağı bir ocağa, yaradıcılıq evinə, ruhlar karvansarasına çevirmək istəyirdi. Ancaq fələk onun ömür dəftərinə rahatlıq sözü yazmamışdı, onun dincəlməyi üçün bircə yol vardı - ölüm.

***

Cek Londonun özü də təbiətlə mədəniyyətin canlı-başlı sinteziydi. Cismi mamontu çökdürən ibtidai ovçunun çapıqlarla, zədələrlə yazıqlanmış yaralı bədəni kimi xalis vəhşi olsa da, ruhu küskün bir şairin, çılğın bir filosofun, barışmaz bir anarxistin ruhuydu. Öz taleyini köçürdüyü Martin İden də eynən müəllifi kimi sivilizasiyaya vəhşi təbiətdən, həyatın (həm də cəhənnəmin) rəmzi sayılan okeanın bətnindən doğulur. Onun Morz ailəsinin evinə təsadüfi girişi mədəniyyətlə, sənətlə ilk ciddi görüşünə çevrilir. Morzların qızı Rufa məhəbbəti də elə Martinin ədəbiyyata, incəsənətə sevgisinin, bütövlükdə burjua sivilizasiyasına könül bağlamasının, ona müştəri çıxmasının, onunla izdivaca cəhd göstərməsinin simvolu sayıla bilər.

Müəllifi kimi Martin də mükəmməl təhsil almayıb. Uşaqlığı qeylü-qalda, dava-şavada, çörək dalınca qaçmaqda, okeanla savaşda keçib. Universitet tələbəsi Rufun sayəsində o, yeni-yeni şairlər, yazıçılar tanıyır, yeni kitablarla tanış olur. Sonra kitabxanaya ayaq açır, aclığa, səfalətə Prometey mətanətiylə dözə-dözə gecə-gündüz biliklərini artırır, oxuduqlarının sayəsində anadangəlmə istedadı yavaş-yavaş cilalanır, onda yazmağa, macəralarla dolu həyat təcrübəsini bölüşməyə coşqun həvəs yaranır.

Az keçmiş qızıl saçlı gözəl Ruf onun qoruyucu mələyinə, ilham pərisinə çevrilir, Martin qızın diqqətinə layiq olmaq üçün, Rufun təmsil olunduğu kübar dairəyə, burjua mühitinə yol tapmaq üçün gücündən artıq güc göstərir, zehnini bu yolda fəda eləyir. Martinlə Rufun münasibəti timsalında vəhşi təbiətlə mədəni sivilizasiyanın, istedadla ağılın, intuisiya ilə intellektin həsəd aparılası vəhdəti yaranır. Ancaq hələlik bu ittifaq “nişan” mərhələsindədir, ağılla hiss arasındakı münasibətin bu mərhələni adlayıb-adlamayacağı, “nikaha” çevrilib-çevrilməyəcəyi hələ sual altındadır.

***

Dibçəkdə bəslənmiş gözəl Rufun Martinə marağı da getdikcə sevgiyə bənzəməyə başlayır, amma qız oğlanı olduğu kimi qəbul eləmək istəmir, onu içində böyüdüyü cəmiyyətin bir üzvünə döndərməyə çalışır. İlk baxışda qızın bu cəhdi təbii görünür, çünki mədəniyyət təbiəti, ağıl istedadı, intellekt intuisiyanı öz qəlibinə soxmasa, nə sənət, nə sivilizasiya yaranar. Xaos harmoniyaya, dağınıqlıq nizama yalnız bu halda çevrilir, yalnız bu halda heçlikdən varlıq doğulur, yoxluq ələ gəlir.

Fəqət burada bir incəlik var: Martin Rufdan borc aldığı intellekti yavaş-yavaş öz malına çevirə bilir, Ruf isə onun əsas məziyyətini, həyatdakı başlıca təyinatını, yəni istedadını ya görmür, ya da görmək istəmir. Qızın böyüdüyü mühitdə Martin sayaq oğlanlara avara, tüfeyli kimi baxırlar, orada hörmət qazanmaqdan ötrü ya məmur, ya bank işçisi, ya tacir olmalısan. Bu səbəbdən Ruf Martinin köntöy vücudunu yontalayıb onu öz mühitinin bəyənə biləcəyi şəklə salmaq istəyir, anlamır ki, Martin İden tipli biri o qəlibə əsla sığmaz.

Rufu ona sarı çəkən Martinin çağlayan ilhamı, zəngin təcrübəsi, dəmir iradəsi, ucalıqlara dartınmaq, özünü bütün dünyaya təsdiqlətmək istəyi deyil; qızı cəlb eləyən gənc dənizçinin varlığından əsən okean yelləri, onun quruda da dalğaları yarırmış kimi yeriyən azman gövdəsi, ondan gələn təbii, sağlam həyat qoxusudur. Bir sözlə, Ruf Martinin istedadına yox, instinktlərinə, mənəvi varlığına yox, fiziki-bioloji parametrlərinə heyrandır. Fəhlə qız Lizzidən fərqli olaraq o, sevdiyi oğlana canını fəda eləmək, ömrünü sevgilisinin yoluna sərmək xəyalıyla yaşamır, tam tərsinə, Martini əhliləşdirməyə, özününküləşdirməyə, onu istədiyi şəklə salmağa, əl meymununa döndərməyə çalışır. Məhz buna görə ədəbiyyatdan, sənətdən başı çıxa-çıxa onu bədii yaradıcılığın daşını atmağa, atasının kontorunda işə düzəlməyə, yəni varlı qızına layiq oğlan olmağa çağırır. Ruf Martinin istedadına inanmır, Martin özünü sübuta yetirəndə isə artıq iş-işdən keçmiş olur.

***

Cek Londonun illər boyu tanınmaq arzusuyla, varlanmaq yanğısıyla yaşayan avtobioqrafik qəhrəmanı şöhrətin, sərvətin zirvəsinə çatanda dərin, çıxılmaz məyusluq quyusuna yuvarlanır. Öz təbirincə desək, Martin İden heç nə arzulamamaq xəstəliyinə tutulur. Yaradıcılıq da, pul da, sevinc də, qəm də onun gözündə dəyərini itirir. İllər boyu əli yetməyən nemətlər, şərəf masaları, diqqət, məhəbbət dalğaları indi özü onun üstünə axışır, özü gəlib onu tapır. Onu nahara dəvət eləmək, onu masasının başında görmək üçün şəhərin varlıları, kübar cəmiyyətin kapitanları növbəyə düzülürlər. Şöhrətli yazıçıya bir köynək yaxın görünmək hər kəsdən ötrü prestijə çevrilir.

Martini ən çox bu təəccübləndirir: axı o neçə il qabaq indi ona şan-şöhrət, qazanc gətirən əsərləri yazanda da indiki adamıydı, pulsuz-parasız gəzib-dolanır, günlərlə ac qalırdı; bəs onda niyə bu mənasız, məzmunsuz, içiboş adamlar onu yeməyə çağırmır, onu dinləmək istəmirdilər? Hətta onu sevən qız da atasının bol sərvətindən ona bircə sent qıymır, ac olduğunu bilə-bilə onun qarnını doyurmağa tələsmirdi. Bunlar bir yana, iş o yerə çatır ki, Martinin sosialistlərə yan aldığını biləndə öz silkinin kor-koranə təəssübkeşi Ruf ona məktub yazıb nişanı pozur, onu taleyin ümidinə buraxır.

İndi şöhrət taxtına çıxandan sonra hamı onun səcdəsinə durur, dünən Rufla onun arasına girən qardaşı bu gün bacısını keçmiş nişanlısının qaldığı otelin qapısından içəri öz əliylə ötürür. Sən demə bunlara Martinin özü yox, ad-sanı, şan-şöhrəti gərəkmiş. Bir parça çörəyə möhtac olanda ona bu çörəyi kimsə qıymırdı, indi - bütün yer üzündə bir gündə bişirilən çörəklərin hamısını almağa imkanı varkən ona hər yandan çörək uzadırlar. Nişanını qaytaran, onunla kəlmə kəsmək istəməyən burjuy qızı indi özü özünü ona təklif eləyir. Amma artıq bunların heç biri Martinə lazım deyil. İndi şöhrət də, pul da onda ikrah doğurur. İndi Martin Budda kimi sakitdir.

***

Martin İdenin (eləcə də Cek Londonun) əsl dünyagörüşü, gerçək təyinatı haqda mübahisələr bu gün də səngimir. Sovet tənqidi ondan sosialist düzəltməyə çalışsa da, arzuladığı nəticəni ala bilmədi, bilməzdi də. Romanda qəhrəmanın sosialistləri kölələr dövləti, qullar səltənəti qurmağa cəhd göstərməkdə qınaması açıq mətnlə verilib. Doğrudur, Cek London özü də bir ara sosializm ideyasına rəğbət göstərmişdi, ancaq bu rəğbət sosial ədalət tərəfdarı olmaqdan o yana getməmişdi.

Cek Londonun fəlsəfi baxışlarının başlıca mənbəyi pozitivizmin atalarından, liberalizmin dayaqlarından sayılan ingilis filosofu Herbert Spenserin, bir də hakimiyyət iradəsi, fövqəlinsan ideyalarının bayraqdarı Fridrix Nitsşenin təlimidir. Əsərdə Martin İden onu müxtəlif səmtlərə sürüməyə çalışanlara birmənalı şəkildə fərdiyyətçi olduğunu söyləyir. Fəqət bu fərdiyyətçilik nə Spenserin liberal individualizminə, nə də Nitsşenin ideal individualizminə bənzəyir.

Spenserin təbiətlə cəmiyyət arasındakı antaqonizmi aradan qaldırmağa yönəlmiş analogiyaları, məsələn, “Əcdadların harayı”, “Ağ diş” kimi povestlərin ərsəyə gəlməsində Cek Londonun dadına çatmışdı, bu əsərlərdə Spenserin təsirini sezmək çətin deyil. Ancaq böyük filosofdan heyranlıqla danışan Martin İdeni liberal fərdiyyətçiliyin çərçivəsinə salmaq olmaz, əks halda o, nifrətlə baxdığı burjua mühitinə də asanlıqla qaynayıb qarışardı. Martin nadan varlıların təəssübünü çəkən liberal burjua elitasına da, həyatın dibində heyvan kimi güzəran sürən yoxsulların, kölələrin müdafiəsinə qalxmış sosialist qaragüruhuna da bir gözlə baxır. Təsadüfi deyil ki, o, sonda burjuy qızı Rufdan da, fəhlə qız Lizzidən də üz döndərir, hər iki mühit onu bənzər şəkildə sıxır.

Onu Nitsşenin idealı fövqəlinsanla da eyniləşdirmək olmaz. Fövqəlinsan - materiyanın elçisi, absurdun rəsulu, yoxluğun peyğəmbəridir. Hakimiyyət iradəsi onun əsas hərəkətverici qüvvəsidir. Fövqəlinsan Martinin şöhrətini ictimai-siyasi kapitala, kosmik hakimiyyət alətinə çevirib kütlələrin önünə keçər, insan kəllələrindən ayağının altında piramida düzəldib dünyaya o bədnam ucalıqdan baxardı. Di gəl Martin İdendə belə bir həvəsin olduğunu görmürük. Onun hər cür həvəsi həvəsdən düşüb, o, daş kimi soyuyub, qranit kimi bərkiyib. Fövqəlinsana keçid Martinin bitdiyi yerdən başlanır.

***

Martin İdenin fərdiyyətçiliyi anarxist tənhalıqdır. Öz tükənməz enerjisini yandıra-yandıra qalxdığı zirvədə onu boşluq, heçlik, ölüm gözləyir. Bayaq Buddanın adını nahaq çəkmədim. Cek Londonun dünya şöhrətli qəhrəmanı Spenserdən, Nitsşedən çox Şopenhauerin idealına illüstrasiya sayıla bilər. Burada bir mühüm fərq var ki, Şopenhauerin asketi (eləcə də buddistlər, stoiklər) öz məqsədinə, yəni ruhi, zehni sakitliyə arzularını boğmaqla, Martin İden arzularına çatmaqla çatır. Şopenhauerin həyat iradəsi onun timsalında doyub yuxuya gedir. Bu yuxudan artıq onu heç kim oyada bilməz. Bir asket üçün ideal sayılası bu hal Martin üçün də, onun prototipi üçün də tragik situasiyadır. Əgər Nitsşelik olsaydı, bu dünyadan nəsibini almış yaşamaq iradəsi bir boy da ucalıb ağalıq iradəsinə çevriləcəkdi.

Sonda Martin özü kimi tənha bir adaya çəkilmək fikrinə düşür. Ancaq onun həyat marşrutu ta əzəldən cızılıb. O, bir ovuc toza dönüb milyon illər boyunca günəşin başına avara-avara dolanmaq istəmir, eynən müəllifinin arzuladığıtək göz qamaşdıran parlaq kometa şiddətiylə yer üzünü bir anda işıqlandırıb külə dönmək istəyir. Ta uşaqlığından bəri sivilizasiyadan uzaqda cilalayıb bərkitdiyi yaşamaq iradəsini mədəni həyatın piştaxtasına çıxarıb baha qiymətə satandan sonra ona sədaqətlə qulluq eləmiş bu iradəni aldatmaq qərarına gəlir.

Martini vəhşi həyatda yoğurub yapıb ardınca sınaq müddətinə sivilizasiya mərkəzinə göndərən okean artıq onu geri çağırır. Yaşamaq iradəsi ölüm ehtirasıyla - Eros Tanatosla toqquşur. Okeanın dərinliyinə baş vuran Martin bilir ki, o dərinlikdən qayıtmağa nəfəsi çatmayacaq. O, son ağrılarını yaşayır, ancaq bu, hələ tam sönməmiş həyatın ağrısıdır, ölüm ağrı vermir. Aldandığını görən həyat ucsuz-bucaqsız yoxluq qarşısında geri çəkilib yerini ölümə verir. Zülmət boşluq itkin övladını ağuşuna alır. Martin İdenin gəldiyi yerə panteistik dönüşü mükəmməl tragik sonluqla başa çatır.

***

Təxminən yeddi il sonra eyni aqibət müəllifin də başına gəldi. Otuz üç yaşında yazdığı bu romanda Cek London öz gələcəyinə dəqiq proqnoz vermişdi. 14 ildə 41 kitab ortaya qoymuş azman müəllifin ömrünün sonlarına doğru yazıb-yaratmağa həvəsi qalmamışdı, dərin böhran içindəydi, eynən sevimli qəhrəmanı kimi həyatın dadını itirmişdi, həm bu, həm də can ağrıları səbəbindən içkiyə, narkotikə qurşanmışdı. İş o yerə çatmışdı ki, ədəbiyyata orijinal mövzular gətirmiş bir sənətkar yeni kitabı üçün gənc yazıçılardan süjet, mövzu satın alırdı.

Həyatı arxasınca sürüməyə nə qədər çalışsa da, Cek London kimi həyatsevər yazıçı sevgilisinin ondan üz döndərdiyini duymamış deyildi. İçindəki yaşamaq iradəsini diri saxlamaq üçün onu cürbəcür süni üsullarla körükləyirdi. Həm ağrıların, həm də ümid qıtlığının, həyat çatışmazlığının ucbatından artıq morfiyə keçmişdi.

Bir axşam o da Martin kimi yaşamaq iradəsini aldada bildi. Həmin axşam Cek canından asılıb qalmış zəif, ölgün, kədərli iradəni həddindən artıq yemləməklə onu gücü yetməyəsi süni sevinclə, qondarma həyatla çox yükləmişdi. Beləcə, həyat dozanı aşmışdı...

“Yeni Azərbaycan”