YeniYaz.Az gənc şair Əlibala Əhmədovun şeirlərini təqdim edir.
FANİLİK FASİLƏSİ
Siqaret tüstüsü -
ipdən asılmış şalvar üzərində..
Yorulmuş tüstünün əzələsini görürəm..
(əfsanəvi rəsmi
- yavaşca açılan qolları və bir - birinə
toxunmayan barmaqları,
tüstü aralanıb qopur..
"Creazione di Adamo"!)
Görürəm:
Pilləkan - üstündə yarıqurumuş yarpaq.
Qaralmış qol - tüklər arasında ağ bir toz.
Daşlar - üzərində parçalanmış azca kül..
Fanilik hər yerdədir, hər şeyin üzərində.
Bircə zehnin hücumları yenidən başlamasa..
(Yaşıl yarpaqlara baxıb, birazca dincələrdim.)
ÇİRKLİ NƏĞMƏ
Qorxuları dəf etmək üçün nitqinə çağırdığın dualar
barmaqlarıyla səni göstərir - vecsiz uşaqlar kimi durmadan lağ edir sənə
(Baxmayaraq ki, əmrinə itaət edirlər)
söyüşlərə sarmaşıblar
tüpürcəklərin içində.
İndi, gecə - köhnə çəpərlərin tiniylə
addımlasa bir nəfər
desə ki,
inanmıram, Allaha
və sonra onu söysə
bəlkə çığırardın üstünə
yapışardın yaxasına
amma həm də onu yumruqla vurmaq -
yox!
- buna heç öz inamın da
çatmazdı.
Həm də qorxarsan onun deyəcəyi sözlərdən
(axı sərxoşlar bəzən həddən çox müdrik çıxır)
qorxarsan ki deyə bilər
(qaçan ağız tinlərini birdən yığaraq):
- Müddətini aşmış faydasızlıq
artıq Allahsızlıqdır, dostum,
Buna heç şübhən olmasın.
Və həmin an anlayarsan - dilində dolaşan duaların
bacarıqsız təmirçilər kimi
sənə niyə lağ etdiyini.
("Pulunu aldım və düz həyətinə işədim.")
("Riyakarlıq böyük günahdır")
("İnanmaq - xalislik,
Buna çalışmaq - riyakarlıqdır")
("Allaha inanmaq istedaddır - axtarmaqsa istedadsızlıq")
Və onda anlayarsan
niyə
bədəninin ibadətinin -
şalvarı tən ortadan bölən
təhqirə bənzədiyini..
...Qoy Tanrı, istədiyi kəsləri öpsün.
Gecələri zövqlə keçsin.
Axı eşitmək istəmir hər məxluqun səsini.
(- "Ana, dərmanı yandır, ağcaqanad məni bezdirib.
- Yandırdım, indisə yat.
Allah yuxunu şirin etsin")
Qoy avara dualar tərk edib getsin, nitqini.
(Və çənə sümüyün bu ümidsizliyə
qurban getməsin)
Axı, insan yalnızca ruhdan ibarət deyil.
Axı Tanrı sənə tüksüz bədən bəxş edib
Və dua edərkən ağ əllərin -
qəlbinə gizlincə həzz verir...
("Əgər soyuqdursa - mal təzəyi böyük nemətdir."
Necə böyük söz, pişiyim!
Əlbəttə, sən inan,
Tapın buna!
Başqa yol yoxdur)
Və o an çatmayan şeyi sən özün də unudursan..
TÜKƏNMƏYƏN
Sərin və qaranlıq otaqda
sökülmüş saat sxemi - onun içi
azaddır, qarışqalardan..
Təzə və təmiz.
(otağı uşaq dərisinin şirin ətri bürüyüb.)
Lakin sən
qurtula bilmirsən
ruhundakı fikirlərdən..
Və elə bil, axan qana yalvarırsan saatlarla..
Əzab çəkən beyninə
ağ paltar kimi bükülən
uzaqlarda gizlədilən keyliyi arzulayırsan..
"Qurtuluş - qayçıyla budanan ağacın səsi.."
Ürək döyüntülərin kobudlaşır, getdikcə..
Bədən ruha əzab verir
kinayəli dillə
(sanki acı şokolad...)
Amma ruh - xilas olmur
içini çürüdən
aramsız hücumlardan..
Və boyaq alətlərinin ucu kimi -
qüssə önündə əyilir...
Əllərin xilası tapır yuxularda..
Nədənsə
onu çəhrayı rəngdə duyur.
Lakin addımların artdıqca - sən biraz da çox yuxusuz qalmağa başlayırsan..
Və bitməyən savaş asta - asta puç edir səni..
ÜZÜLMÜŞ MƏRHƏMƏT
Reyhanlarla
sapsarı balqabaqlarla
güllərlə dolu bağçanız
(etdiyiniz duaların çəkilməyən təravəti)
orda siz - ortasına bıçaq sancılmış ət görmək istəməzdiniz..
Amma mən gəldim.
Peşman
(sanki dişlərimi Tanrı qırıb)
və ümidsiz...
Mən həm şəhvətə
həm də pəhrizə tərəf getdim.
Və ilahini - onun mərhəmətini xəyal etdim
sonda -
saxsı çaxır qabında
dırnaq gördüm, sanki..
Siz indi məni görsəniz, gəncliyimlə fərəhlənərdiniz
qara saçlarım ürəyinizə güc verərdi..
Amma mən sanki
ağ işıqla dolu həyətdə
yetişməmiş üzümün dadsız suyunu içirəm..
Və bilirəm - gün gələcək bulaşdığım
günahlar
Tanrı tərəfindən başıma yağdırılacaq
yerə yapışmış içi ətli fətirlər kimi..
(Özümü görürəm dərgahda
günahkar halımı
nə qədər təmizləsə də
gözlərinin qurumuş çirki tükənməyən adamı..)
Ey Allah qullarının qulu!
Dünən mənimlə söhbət edərkən siz
(qaşığı qaldıranda əlləriniz əsirdi)
otaqda çox iri, iti ülgüc unutdunuz..
Və getdiniz, ağır addımlarla -
İblisə qalib gəldiyinizi düşünərək...
"...Elə bil ki,
kipriklərim iynəyə dönür -
özümü dərgahda xəyal etmək istəmirəm artıq.."
AYRILMIŞ PARÇALAR
Sənin haqqında öz xatirəsini danışan
köhnə dostum yadıma düşür.
Bütün bədəni və qəlbiylə şən olan..
Ürəyi uçan şarların fəlsəfəsində..
Bəstəboylu, gülərüz və eybəcər dişli..
Demişdi:
"Uşaq olanda tez - tez çaxan ildırımları eşidir
onlardan yayılan şüaları izləyirdim.
Düşünürdüm - Allah bol - bol şəkillər çəkir,
işıq saçan aparatla.."
"Və yağış damcıları üzüm yarpaqlarına toxunanda
düşünürdüm ki, bu səslə
yuxuya gedir, onun gözləri...
Bir qurbağanın islaq dərisi kimi
tədricən rahat olur, hər şey..."
(İndi - köhnə bir pilləkanda oturmuşam..
Kürəyimin arxasında çörək sobası....
İldırım çaxır, amma yağışlar gəlmir hələ...)
Danışıq - necə qondarmadır!
Bəzən - gözəl sözlərlə necə yaxşı yaranır, o
pəncərə önünə ağ ləçəklər düzmək kimi
lakin
içimiz - palçıqlı arxın üstündə
boru...
bərbad və ümidləri yolunmuş...
(Sıxıcı mənzərənin içində Allahsızlaşmış)
Köhnə bir tövlənin qapısına baxıram mən.
Yaşıl dəmir qapıya - bir vaxtlar həyətin ən yaxşı maşınında bir parçaydı.
(Nə vaxtsa biz də sənin)
"Zaman hər şeyi çirkin edir, amma Allahı yox.."
Və bu fikir üçün bir zamanlar şübhə yox idi..
"Bir vaxtlar düşünürdüm - o çoxlu şəkillər çəkir, işıq saçan aparatla.."
"...İndi bu qüssəlidir.."
SƏLTƏNƏTƏ DOĞRU
Üstünə qırmızı tut yaxılmış, paslanmış çəllək
(kürəyimi ona söykədim)
qaraciyərimin qoxusunu andırır, sanki..
Həm də peşmanlığımın..
Bu ağacın altından cod tüklü it qaçırdı, bir vaxtlar..
Və sakit idi ömür - quyu içində xumarlanan
köhnə sular kimi..
Bir vaxtlar səni unudurdum -xəyallar qururdum, tərəvəzli qadın maskası kimi
xəyallarımla yox edirdim, kimliyini...
Çata bilmirdin damarlarıma
(Qamışlar səbrlə sakitcə titrəyirdi..)
Amma vaxtdır artıq - artıq yaxın olmalısan mənə.
Damarlarımdan daha yaxın.
Və mənə yetişmək üçün
bir gün dəlib deşəcəksən onları
bədəndən azad olmuş ruh
yüksəlib sənə qovuşacaq...
(Zaman ağırlaşdı,
maşın palçığın içində batdı..)
Bədən səbrlə gözləyir - maqnitafon sədalarını,
qədəhlərin toqquşmasını
ağızlardan axan suların səsini eşidir..
Qurşaqda çırpınan ruhların cinsi uğurlarını..
Amma həm də təsəlli tapır - ağızda əriyən şəkərdə faniliyin səsini duyur...
(Ölüm olsun ki, bütün bunların müəllifi sənsən)
Mən rahatam artıq - üstünə tut yaxılmış köhnə çəlləyə söykənərkən
əməllərimi unuduram
(Ağ taxtaları bir - bir quyunun içinə doldururam)
Və bədənimi hazırlayıram, sənin üçün..
(yarpaq üstündə cızıq -
Hər şey sakitcə bitəcək..)