Fərd olmağın harmoniyası

Fərd olmağın harmoniyası

17 Yanvar 2024 12:27 442


Ülvi Babasoy

“Əvvəl kral idim, indi isə fərdəm”. Kim, harada, nə zaman?! Amerikalı yazıçı Tom Robbinsin “Parfümün rəqsi” romanının qəhrəmanı Alobar deyir bu sözləri. Kimin haçan, nərədə və nə vaxt deməsi önəmlidir. Alobar bir ölkənin başçısıydı, igid, cəsur ordusu var idi, hərəmxanası qadınlarla dolub-daşırdı, hər kəs ona yarınmaq üçün təkcə sıraya durmamışdı, bir addım atıb on addım qabağa getməyin planını qururdular. Bu vədə fərd deyildi, o. Ancaq uzaq bir ölkənin ucqar bir kəndində heyvanların təzəyini yığan kəndliyə çevriləndə fərd olduğunu anlayır. Qocaman Azərbaycan yazıçısı Çingiz Hüseynov dünya vətəndaşı və fərd kimi yaşadı.

Azərbaycan ədəbiyyatı 1980-ci illərdə İsa Hüseynovun “İdeal”, Çingiz Hüseynovun “Fətəli fəthi”, Yusif Səmədoğlunun “Qətl günü” romanları ilə sıçrayış etdi. Bu romanlarda modernizm və postmodernizmə aid edilə biləcək elementlər var idi. Mətnlərin struktur və ifadə estetikalarındakı yenilik estetik devrim qədər vacib idi. Azərbaycan romanı, bəlkə də, yarım əsr irəliyə getdi.

“Fətəli fəthi” realist roman olsa da, şüur axını və modernist roman strukturunda yazılıb. Çingiz Hüseynov Mirzə Fətəli Axundovun həyatı ilə paralel onun yaratmış olduğu obrazları da romana daxil edir. “Amma Yusif şah burada idi. Tələsirdi ki, özünü yetirsin, axı əsrlərdən keçməliydi, odur ki, təngnəfəs olmuşdu, hind şahzadəsi Kəmalüddövlə də özünü çatdıra bilmiş, Qahirədən [yoxsa Bağdaddan?], “Babilon” mehmanxanasından çıxıb kəsə yollarla [??necə?!] birbaş Tiflisə gəlib çatmışdı ki, dəfn mərasimində iştirak etsin”. Cəhalət və fanatizmin hökm sürdüyü bir dünyada Mirzə Fətəlinin dəfn mərasiminə ancaq yaratmış olduğu obrazlar gələ bilərdi. Bu, Mirzə Fətəli ilə yanaşı, xalqın faciəsidir. Əbədi səfərə çıxan yazıçının əbədi olaraq bu dünyada qalacaq olan obrazlarının sədaqəti də maraq doğurur. Oyun estetikasına olduqca açıq, nadir bir nümunədir. Çingiz Hüseynov hər bir hərf, söz, cümlə, durğu işarəsinə “şüur axı”nından yaranan dərin semantik çalar yükləmişdir.

“İdeal” romanında isə retrospektiv baxış, alternativ tarix yaratmaq, simvol və şifrələrin çoxsəsli, palimpsest semantikası postmodern ədəbiyyata uyğun gəlir. İsa Hüseynovun yaratmış olduğu yeni dil sistemi də postmodern kriteriyaya yaxındır. “Yer” – EyƏr Kainatda deyilmi, ey Kainatı “bu dünya”ya, “o dünya”ya bölən “ins”an?!”. Ancaq dövrün ədəbi mühiti və anlayışlarını nəzərə alsaq, nə “Fətəli fəthi”, nə də “İdeal” Azərbaycan ədəbiyyatında modernizm-postmodernizm mərhələsini başladır. Buna baxmayaraq, “İdeal” romanı indi də ədəbiyyatşünas və yazıçılar tərəfindən postmoderncə yazılmış mətn adlandırılır və haqlılıq payı az deyil.

“Fətəli fəthi” romanında fərqli bir struktur, konfiqurasiya var. Romanın kompozisiyası mükəmməl bir musiqi kimidir. Necə ki, bir musiqi əsərində xaric melodiya yamaq kimi görünür, ən yaxşı halda gurultutək səslənir. Hətta uğurlu bir melodiya da bütövlüyü pozur. Eləcə də romanda kompozisiyanı pozan qeyri-adi bir hadisə maraqlı olsa da, qüsurludur. Romanların finalındakı gözlənilməzlik də hadisələrin cəmindən çıxan estetik nəticədir. “Fətəli fəthi” romanında Mirzə Fətəlinin həyatında semantik mərkəz olan əsərləri, qəhrəmanları arasındakı dərin dialoq finaldakı kədərli hadisəylə tamamlanır. Mən Mirzə Feyzulla Qasımzadənin “Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı” əsərindən öyrəndiyim modern mədəniyyət və ədəbiyyatımızın yaradıcısının bioqrafiyasının necə və nə şəkildə fəthə çevrildiyini Çingiz Hüseynovun “Fətəli fəthi” romanında gündəlik tarix, həyat əsasında izləmişəm. Birinci əsər ədəbiyyatşünaslıq üçün ikinci isə ədəbiyyat üçün dəyərlidir. “Fətəli fəthi”ndə kompozisiya hər hansı texniki ustalıq deyil, romanın özü, üslubu, məzmunudur.

Yusif Səmədoğlu və İsa Hüseynovdan sonra Azərbaycan ədəbiyyatında Çingiz Hüseynovla da “təhkiyə meşələrinə” əbədi səyahət başladı. Çingiz Hüseynov Azərbaycan ədəbiyyatında bir etalon idi. Yaradıcılığında kəsir və qüsurlar varmıydı, vardı. O, Azərbaycan ədəbiyyatında elitist, avanaqardist yazıçı idi. Şəxs olaraq kübar, elitar şəhər mühitini, xarizmatik yazıçı simasını təmsil edirdi. Onun haqqında keçmiş zamanda danışdığım üçün üzr istəyirəm. Hər kəs öz bioqrafiyasını yazır və Çingiz bəy Hüseynov bunu ləyaqətlə tamamladı. Yaradıcılığı haqda isə gələcək daha konkret və yetkin söz deyə biləcək. Çünki yaradıcılıq çevrəsi də qapandı ki, baxışlar, münasibətlər konkret və büt düzəltmədən olsun. Umberto Eko deyir ki, yaradıcılıq çevrəsi qapanmayan bir yazıçı haqqında elmi iş yazmaq etik deyil, çünki müsbət və mənfi fonda çox şey dəyişə bilər.

İnsan, yazıçı ömrü də kompozisiyaya bənzəyir. Çingiz Hüseynov kollektiv düşüncədən uzaq yazıçı ömrü yaşadı. Fərd kimi yaşamağın gözəl melodiyası idi bu. Xaric səslənən ritm və melodiyaları “Fətəli fəthi”ndə daxilə çəkilməyin harmoniyası ilə birləşdirdi. Disharmoniyaya qarşı harmoniya yaratdı. Onun ədəbi missiyası məhz “Fətəli fəthi” romanı oldu.

klv.az