Fərdlərin edam edildiyi yer - Aqşin Yenisey

Fərdlərin edam edildiyi yer   - Aqşin Yenisey

24 Aprelel 2024 15:53 407


Şəxs və fərd! Kimdir bunlar?

Şəxs fiziki vahiddir, fərd sosial.

Şəxs ümumi dəyərlərin daşıyıcısıdır, fərd spesifik. Kollektivçilik fərdi öldürür, şəxsi qoruyur (sovet sistemi, faşist Almaniyası).

Şəxslərin ittifaqı kütlədir, fərdlərin ittifaqı cəmiyyət!

Fərd cəmiyyətlə toqquşa, hətta ondan üstün keyfiyyətlərə sahib ola, ona qalib gələ bilər.

Şəxsin belə gücü yoxdur. Şəxs ancaq deyinə və söyə bilər.

Fərd oxuyan, öyrənən və biləndir, şəxs danışan, eşidən və inanan.

Şəxsin həyatının amalı yaşamaqdır, fərd yaşamağı yaşatmaq və yaratmaq məqsədinə çevirir.

Yəni şəxsin məqsədi şəxsidir, fərdin məqsədi ümumi. Şəxs həmişə ümumi olanı şəxsi olana qurban verir.

Ona görə də şəxslə cəmiyyət qurmaq olmaz, dövlət qurmaq olmaz. Əksinə, qurulanı onun şəxsi məqsədlərinə qurban verib dağıtmaq olar.

Bizim cəmiyyətin fərd problemi yoxdur, fərdin yerini zəbt edib onu yamsılayan, fərdin rolunu həvəskarca oynayan, fərdiliyin çörəyini yeyən şəxs problemi var.

Bizdə fərd qılığına girmiş şəxslərin yaşlı qismi sovet kollektivçiliyinin yadigarıdır, gənc və orta təbəqədə fərdin mövqeyindən çıxış edən şəxslər Şərqin mühafizəkar və Qərbin liberal missionerliyinin muzdlularıdır. Hər iki missionerliyin məqsədi inkişaf etdirmək yox, ələ keçirməkdir.

Fərd qılığına girmiş bu şəxslər fərdi keyfiyyəti təyin edən heç bir spesifik dəyərə sahib deyillər. Ancaq deyinə və söyə bilirlər.

Ən çox da həqiqi fərd statusu qazanmış sosial istinadlara hücum edirlər.

Çünki şəxs, rolunu oynadığı fərdin ən böyük düşməndir. Fərd önə çıxıb öz rolunu oynamağa başlasa onu ifşa edəcək. Məsələn, məlum olacaq ki, illərdir fərdin rolunu oynayan şəxs, fərdin adından müdafiə etdiyi dəyərləri dəyər-dəyməzinə satıb şəxsi məqsədlərinə xərcləməklə məşğul imiş.

Liberal dəyərlər şəxslərin, yəni bizdəki kimi qondarma fərdlərin deyil, həqiqi fərdlərin ittifaqında uğur qazana bilər. Liberal dəyərlər kütlə üçün deyil, cəmiyyət üçündür. Liberal dəyər qondarma fərdin əlində müstəmləkə silahıdır.

Sosial şəbəkələr il boyu davam edən texnoloji çağın folklorik karnavallarıdır. Şəxslərin, yaxud qondarma fərdlərin meydanıdır. Orada yaradılan süni azadlıq mühiti fərdlər üçün deyil, şəxslər üçündür. Əksinə, sosial şəbəkələr fərdlərin linç, edam edildiyi yerlərdir.

Fərdlərini şəxslərinə qurban verən gerizəkalı xalqlar orada öz Sokratlarına zəhər içirirlər.