Yeniyaz.az Fəxri Uğurlunun Nizami Gəncəvi haqqında yazdığı "Tanrının parlaq obrazı" yazısını təqdim edir.
Dini kitablarda deyildiyinə görə, Allah insanı özünə bənzər yaradıb. Nə deməkdi özünə bənzər? Minerallardan tutmuş məməlilərə qədər milyon-milyon varlığa canını qoyan, milyon-milyon güzgüdən özünə baxan Yaradıcı Güc, nəhayət, insanda öz surətini tam, bütöv, boyaboy görə-göstərə bilib. Bundan sonra görənlə göstərənin fərqi itib. Tanrı adını da, əməlini də, ixtiyarını da varislərdən yalnız birinə – yaşca ən kiçiyinə, başca ən böyüyünə tapşırıb.
İnsan Allahın şah əsəri, bu dünya səhnəsinə adam qiyafəsində çıxmış, bütün rollarda özünü oynayan baş qəhrəmanı, ən mükəmməl, ən parlaq obrazıdı. Mən Nizami Gəncəvini Tanrının yer üzündə gəlmiş-getmiş ən mükəmməl, ən parlaq surətlərindən biri kimi tanıyıram. Hərçənd ulu şeyx özü heç vaxt belə iddiada bulunmayıb, bəndəlik mərtəbəsindən o yana addım atmayıb; təkcə baxılan yox, həm də baxan olmağa, təkcə göstərən yox, həm də görən olmağa can atmayıb.
***
Nizaminin gəlişindən iki il qabaq Gəncə torpağında yeri bünövrəsindən oynadan, dağların ətini sümüyündən ayıran zəlzələ baş vermişdi. Abad şəhər, abad yurdlar viranə qalmışdı. Yaradanın dünyanı sevgidən yaratdığına insanın inamı öləzimişdi: yox, mehrabı eşq olan dünya adamın başına uçmazdı; bu nəydisə şeytan yarağına bənzər bir şey idi, od püskürən dağ kimi Tanrının əlində qəfildən partlayıb açılmışdı, indi də yığıb-yığışdıra bilmirdi.
Onun yer üzünə gəlişinin bünövrəsi o dəhşətli dağıntıdan, xaosdan, şər fırtınasından azacıq sonra qoyulmuşdu.
Üstündən ikicə il keçmiş-keçməmiş Gəncəni birincidən geri qalmayan daha bir zəlzələ vurdu; bu dəfə zəlzələ torpağın canını yox, ruhunu, ruhunun laylarını dəbərtdi. Nizaminin ayağına sərilməyə layiq görülən Gəncə torpağı əzablarının haqqını aldı.
Təbiət zəlzələsi dağıdar, könül zəlzələsi qurar. Nizaminin vücudunda taxt qurmuş Uca Ruh təbiətin bir anda uçurduğu dağları ilahi səbriylə iynə ucunda toz-toz, çınqıl-çınqıl yenidən qurdu.
O vaxt Gəncə müsəlman dünyasının neçənci şəhəriydi, bilmirəm; hər halda ən birincilərdən deyildi, zəlzələdən sonra əlbət daha da geri getmişdi. Ancaq sınıq könüllər memarı öz varlığıyla Gəncəni təkcə islam aləminin yox, bütün dünyanın söz-sənət mərkəzinə, yer üzünün mənəvi paytaxtına çevirdi.
Nizami şərq-islam intibahının dünyaya zirvədən baxan çağlarında yaşayıb yaratmışdı. Kainatın dolanbaclarına özündən irəliki mədəniyyətlərin çiyni üstündən boylanan müsəlman renessansı sələflərinə əsla borclu qalmadı, aldıqlarını özündən keçirib xələflərinə (dolayısıyla həm də sələflərinə) ötürməklə əlahəzrət Tarix qarşısında missiyasını şərəflə yerinə yetirdi. Şərq-islam intibahı yarı yolda qaldısa da, gördüyü işlər, yaratdığı dəyərlər hədər getmədi, Avropa intibahının təməlini qoydu.
Bu gün bütün sivilizasiya Avropa renessansının dayaqları üzərində qərar tutub. Bu mədəniyyətin müsəlman intibahının birbaşa təsiri altında formalaşdığını, Nizaminin də şərq-islam mədəniyyətinin ən qüdrətli korpuslarından birinə komandanlıq elədiyini nəzərə alsaq, gözümüzü qırpmadan deyə bilərik: bəşər övladı bu gün də o Böyük Kişinin çörəyini yeyir.
Ancaq bunu deməyim insanlığın onun ideallarına yetişdiyi anlamına gəlməsin; bizim əlimiz Nizaminin Tanrı kimi sözdən yaratdığı Kamil İnsanın hələ heç ətəyinə də çatmır. İnsanlar dövlətsiz, qanunsuz, ordusuz, polissiz, sərvətsiz, pulsuz, qoruqsuz, çəpərsiz, qıfılsız, kilidsiz, düşmənsiz, fitnəsiz yaşamağın yolunu tapanacan onun əsərləri aktuallığını itirməyəcək.
***
Nizami Gəncəvi şərq-islam ədəbiyyatının böyük bir qanadına ən azı dörd yüz il rəhbərlik eləyib. Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli kimi dahilər onun əlindən su içiblər. Üç böyük əsərinin mövzusunu Firdovsinin “Şahnamə”sindən alsa da, istər ideya-məzmun, istərsə də forma baxımından sələfindən tam fərqli dastanlar yaradıb. “Xəmsə”yə nəzirə yazan ardıcılları məhz bu səbəbdən Firdovsiyə yox, Nizamiyə istinad eləyiblər.
Sonrakı yüzilliklərdə şərq şairləri köklü bir yeniliyə imza atmasalar da, öz yaradıcılıqlarında Nizami yolunu müsəlman ədəbiyyatının daha bir aparıcı qoluna – sırf mistik-alleqorik poeziyanı təmsil eləyən Sənayi-Əttar-Mövlana xəttinə, eləcə də, Xaqaninin zahidanə, Xəyyamın rindanə poeziyasına qovuşdurdular. Bütün bunları ədəbi eklektika da saymaq olar, o yolların, xətlərin, cərəyanların başında duran şairlərin əsrlər boyu azalmayan gücünün, nüfuzunun göstəricisi də.
***
İdeya-fəlsəfi platformasına görə platonçu, mistik olsa da, gəncəli Nizami ortodoksal müsəlman, Allaha, Qurana, şəriətə, peyğəmbərə, dörd rəşidi xəlifəsinə sadiq bir dindardı. Hətta Məcnunun əhvalından bəhs eləyəndə də onun namazından, orucundan qalmayan bir iman əhli olduğunu vurğulamağı unutmur.
Bir çox şairin, mütəfəkkirin düşüncəsində toqquşan, yola getməyən bu baxışlar, dünyagörüşlər onun əqidə süfrəsində bir-birini tamamlayan nemətlər kimi yan-yana düzülür. Neçə qızıl başları cəllad ayağına aparan düşmən ideyalar, barışmaz fikirlər Nizami yaradıcılığında sağ əllə sol əl kimi mehribanca yardımlaşır, bir-birinə dəstək verir. Bu baxımdan Nizami Gəncəvini özündən bir az əvvəl yaşamış böyük filosof, din islahatçısı, “ikinci Məhəmməd peyğəmbər” ləqəbli Məhəmməd Qəzzaliyə bənzətmək olar.
Yeri gəlmişkən, son illər saf din axtarışıyla sağa-sola çovuyan, mənşəyi, məsləki, məqsədi bilinməz cürbəcür təriqətlərin könül fəzamıza yaydığı qara dumanda azıb başını itirən səmimi cavanlara demək istərdim: saf din, gerçək islam axtarırsınız, buyurun Nizamini oxuyun! Şeytan ləşkərinə qarşı bu gün də yorulmadan döyüşən peyğəmbərlər ordusunun ən yenilməz sərkərdələrindən olan peyğəmbər xislətli şairin ətəyindən yapışın. And olsun şeyxin üz qoyduğu torpağa, o sizi aydınlığa çıxarar, mütləq çıxarar…
***
O Böyük Kişinin kisəsindən mən də yemişəm. Üç dastanının qəhrəmanlarını özümə işlətmişəm – böyüklüyünə bağışlasın. O, Firdovsinin mövzularına necə sərbəst yanaşıbsa, mən də ondan aldığım süjetləri özüm bildiyim kimi söküb-quraşdırmışam – bu cəsarəti də ondan öyrənmişəm.
Onun türbəsinin yanından keçəndə həmişə məni müqəddəslik yeli vurub, nəsə elə bilmişəm dünyanın harasına gedirəmsə gedim, axırda mütləq bura qayıtmalıyam.
Mənim kompasım onu həmişə göstərib:
çünki onun Nizami türbəsində yatan cisminin ayaqlarıyla Tanrı özü dağılmış Gəncə torpağını ziyarətə gəlib;
çünki onun gözləriylə bir zamanlar Tanrı özü əlindən çıxardığı dünyaya baxıb;
çünki o bu yer üzündə Tanrının büründüyü ən mükəmməl, ən parlaq obrazlardan biridi.
O – İlyas Yusif oğlu Nizami Gəncəvi.