Şərif Ağayar
İctimai Televiziya maraqlı layihələri ilə heyrətləndirməkdə davam edir. Dünən axşam “Yarat” İncəsənət Mərkəzində baxdığımız “Çılpaq” da İTV-nin layihəsidir. Heç vaxt üz-üzə oturub söhbət etmədiyim ən yaxın dostum Hikmət Rəhimovun filmini deyirəm. Niyə ən yaxın? Çünki onun qəlbindən doğma bir sızıltı duyuram. Nadinclikləri də bu səbəbdəndir.
Hikmət estetik ağrıya bilir. Bu, böyük sərvətdir. Sənət yanğısı səni mütləq yekəbaşlarla kəllə-kəlləyə gətirir. Necəsə etiraz edirsən, kiminləsə razılaşmırsan, nəyəsə tüpürməyə götün çatır. Yaradıcılıq etiraz ruhundan yaranır. Ortaya yaxşı əsər qoymağa, doğrudan da, göt lazımdır. Həm də təmizindən. Yağlanmayan... Barmaqlanmayan... Hüseynbala-hüseynbala əllərdən qoruna bilən...
Bir var ətrafdakı mövcud gerçəklik, bir də sənin bu gerçəkliyə münasibətin. Əgər arada ziddiyyət, partlayış, dava-qırğın yoxdursa, get AYB-yə üzv ol, sənətin Kərbəla meydanında nə çöplənirsən?
“Çılpaq” filmi Azərbaycanı bu günə qoyanların üzünə lombası ilə tüpürür.
Ölürsən, meyitin ortada qalır və lənətlənmiş aqibətin sərvət topu kimi fırlana-fırlana dərisi beş qəpiyə dəyməyən nəcis tuluqlarına milyon qazandırır.
Sarsıdıcıdır!
“Çılpaq” sənətdən əvvəl bir ləyaqət hadisəsidir, mənəviyyat hayqırtısıdır. Hikmət güzəşt etmir. Hamının ağzının payını verir. Əzilənin də bir zibil olmadığını ustalıqla göstərir. Bax elə məni heyrətdə qoyan da bu məqamdır. O, humanizmin tələsinə düşmür, fağır-füğara nəğmələrinin yanından modernist əda ilə “es” keçir, hətta arada üzündə postmodern qımışmalar görünür.
Filmdə Mirzə Cəlilə göndərmə “Tfu sizin üzünüzə!” nidası ilə bitmir, həm də Azərbaycan bir matəmgah kimi göstərilir. Ölən isə azərbaycanlının özüdür. İylənib ətrafdakıları – polisi, mollanı, sürücünü, narkomanı, ağlını itirmiş (!) binəva övladından başqa hamını iyrəndirir.
Filmə baxa-baxa öz adıma utandım, xəcalət çəkdim, ortada qalan meyitin əvəzinə ölüb yerə girdim. Çünki vəziyyətin bu həddə gəlib çatmaması üçün mən də nəsə edə bilərdim. Etmədim. Bir az da mənim yaratdığım amansız gerçəklik ekrandan şillə kimi dəydi sifətimə. Deyəsən, hamının içində bu duyğu vardı. Çünki film qurtarmışdı, lakin heç kim durub xarabasına cəhənnəm olmurdu. Varlısı da, kasıbı da. Qəbir yeri tapanı da, tapmayanı da. Nə qədər ağır da olsa, hamı ortada qalan meyitdə bir az da özünü görmüşdü.
Aqibətimiz xeyir olsun, əgər bu, mümkündürsə...