Pandemiyadan sonra Frankfurt kitab sərgisinə ikinci gəlişimdir. Açığı, əvvəlki hava, gurluq, şölən yoxdur. Pavilyonların böyük hissəsi boşdur. Mən 1998- ci ildən sərgiyə gəlib gedirəm. Burda hələ, bu qədər sönük mühit görməmişdim.
Əvvəllər buranı içində yaşamaq istədiyim şəhər kimi hiss edirdim. 18 sərgi binasının az qala hamısı işlək halda olardı. Binalar arasında avtobuslar, taksilər işlərdi. Giriş-çıxışlarda böyük növbələr olardı. Kitab stendəlrində kitablar üst-üstə yığılırdı. Böyük nəşriyyatların setendinə adam əlindən yaxın getmək olmurdu.
İndi çox fərqlidir. Nəşriyyatlar könülsüz qatılırlar. Az kitab gətirirlər. Əvvəlki bayram yoxdur. Elə bil onu kovid oğurladı.
Yenə nisbətən alman sərgi salonu adamın ürəyini açır. Kitabların gözəlliyinə valeh olursan; tərtibatı, çapı o qədər səliqəlidir ki, əlindən yerə qoya bilmirsən. Kitaba baxanda gülümsəyirsən.
Alman salonunda yenə də qızğın mübahisələr baş verir, görüşlər keçirilir, amma ziyarətçilər daha çox yemək təqdimatlarına, mətbəx kitablarının müzakirəsinə yığılır.
Nəşriyyatların sahələri kiçildikcə ajansların sayı çoxalır. İldən ilə bura gəlməyə şəxslər daha çox maraq göstərir. Amerikadan gələn bir gənc yazıçı ilə tanış oldum. Dedi, özümə nəşriyyat axtarmağa gəlmişəm.
Böyük nəşriyyatların, həcmli kitabların yerini rəssamlar, yazıçılar, ajanslar tutur.
Amma istisna hallar da var. Alman bölümündə foto albomları nəşr edən stendin qarşısında dayanmışdım. Nəşriyyatın sahibi yaşlı bir naşir-fotoqrafın nəşrə təqdim etdiyi yeni foto kitabına baxmasının şahidi oldum. Zərgər dəqiqliyi ilə kitabın ilk nüsxəsini gözdən keçirir, çox soyuqqanlıdır. Müəllif isə durmadan danışırdı. Naşir arada başını qaldırıb eynəyinin altından müəllifə baxırdı. Müəllif inandırmaq istəyir, naşir tərəddüd edir.
İndi, məni düşündürən bir sual var: kitab sektoru əvvəlki gurluğunu bərpa edəcək, ya yeni münasibətlər sisteminə keçəcək?