Ştirnerdən Bazarova anarxizm
İvan Sergeyeviç Turgenevin “Atalar və oğullar” romanı haqqında
Fəxri Uğurlu
Bədii əsər onu yazanın xəyalı, yuxusudur. Yazıçının yuxusunu doğru-düzgün yozmaq üçün onun söykəndiyi fəlsəfi-estetik prinsiplərdən, onun dünyagörüşündən xəbərdar olmalısan. Məsələn, Dostoyevskinin, Tolstoyun əsərlərini İncilə, xristianlığa istinad eləmədən tam mənimsəmək mümkün deyil. Qonçarovun “Oblomov”undan danışanda biz onun genetik şəcərəsini Şopenhauerə, buddizmə calamağa çalışdıq. İndi də İvan Turgenevin “Atalar və oğullar” romanına ideya əcdadı tapmağa cəhd göstərək.
Turgenev bu mənada çox qapalı yazıçıdır, onun məramını, verdiyi mesajları tutmaq, anlamaq asan deyil. Ona baxanda Dostoyevskinin də, Tolstoyun da, hətta Qonçarovun da məramı daha əlçatandır, ideyaları daha üzdədir. Turgenev haqqında bunu deyə bilmərik. Üslub baxımından o, dövrünü qabaqlayıb, hələ sağlığında Avropa ədəbiyyatına təsir göstərib, Floberlə paralel zamanda stilistik xariqələr yaradıb. Ədəbiyyatşünasların Heminqueyin hekayələri ilə bağlı işlətdikləri “aysberq” rəmzi prinsipinə Turgenev yaradıcılığında bolhabol riayət olunub. Çexov, Bunin kimi dünya şöhrətli rus klassiklərinə onun təsirini sezmək çətin deyil, Coys, Heminquey kimi dünya klassikləri onu özlərinə ustad biliblər.
“Atalar və oğullar” romanı haqlı olaraq İvan Turgenevin şah əsəri sayılır. Eynən Qonçarovun romanı kimi bu əsəri də dövrün ictimai-siyasi reallıqları kontekstində şərh eləməyə çalışanlar çox olub, indi də var. Ancaq müəllif həmişə belə yozumları müqavimətlə, etirazla qarşılayıb. Əlbəttə, əsərdəki hadisələrin konkret zaman-məkan çərçivəsində baş verdiyini danmaq olmaz, müəllif bu romanında hətta dəqiq tarix də göstərir. Bununla belə romanın ideyasını hansısa tarixi dönəmin konkretliyindən asılı vəziyyətə salmaq doğru deyil. Belə olsaydı, bu kimi kitablar indi heç kimdə maraq doğurmazdı. Sovet dövründə isə Turgenevin qəhrəmanı Yevgeni Bazarovdan az qala inqilabçı, sosialist, bolşevik düzəltmişdilər. Zaman keçdikcə göründü ki, bunlar hamısı Bazarova şər yaxmaqdan, onun boynuna idim qoymaqdan başqa bir şey deyilmiş.
Turgenev estet idi, bəzi əsərlərində siyasi fon, böyük siyasi kataklizmlərin əks-sədası olsa da, o, Qoqol, Saltıkov-Şedrin, Çernışevski kimi sosial roman yazmırdı, onun əsərlərinə bu cür yozum verən tənqidçilərlə razılaşmırdı, hətta buna görə Nekrasovun rəhbərlik elədiyi “Sovremennik” jurnalıyla əməkdaşlığını biryolluq kəsmişdi. Odur ki, Turgenevin yaradıcılığına, o cümlədən “Atalar-oğullar” romanına sosial-siyasi prizmadan baxmaq bizə heç nə verməyəcək. Ən doğrusu bu əsərə fəlsəfi-psixoloji aspektdən yanaşmaqdır.
***
Turgenev Peterburq universitetinin fəlsəfə fakültəsini bitirmişdi, klassik alman idealistlərinin, o cümlədən Hegelin sistemini dərindən mənimsəmişdi, Şellinqlə dostluğu vardı. Ancaq onun düşüncəsi tarixə optimist baxan idealistlərin baxışlarından çox uzaq idi – Turgenev pessimist yazıçıydı. Onun fikir əcdadlarını soraqlasaq, antik dövrün atomistlərinə, sofistlərinə, skeptiklərinə, Demokritə, Epikürə gedib çıxarıq. Yeni dövrdə bu düşüncə xəttinin ən möhtəşəm təmsilçisi alman filosofu Maks Ştirner idi.
Ştirner fəlsəfədə anarxizmin banisidir. Ancaq onun anarxizmi Prudonun, Bakuninin təlimi kimi siyasi yox, individual anarxizmdir. Cəmi bir kitabı var: “Təkcə və onun mülkü”. Bu əsər klassik fəlsəfə dilində yox, sadə esse üslubunda yazılıb. On doqquzuncu əsrin birinci yarısının sonlarında Ştirnerin traktatı Avropada çox populyar idi, dövrün ən parlaq zəkaları ondan heyranlıqla danışırdılar. Sonradan qeybə çəkilib unudulsa da, əlli illik ömrü faciələr içində keçsə də, öz mülkü elan elədiyi dünyada ona yer tapılmasa da, dahi mütəfəkkir Avropa fikir tarixinə dərin iz sala bilmişdi. Eynən varlığı atomlara bölən Demokrit kimi Ştirner də cəmiyyəti fərdlərə bölmüşdü, hər fərdə ayrılıqda ən yüksək səlahiyyət, azadlıq, hakimiyyət vermişdi: fərd təkdir, əvəzsizdir, mütləqdir (onun başının üstündə heç nə, heç kim durmur), dünya onun mülküdür.
Turgenevin Ştirneri oxuduğu barədə səhih bilgim olmasa da, buna əsla şübhəm yoxdur, çünki İvan Sergeyeviç ömrünün çoxunu Avropada keçirmişdi, oradakı ədəbi-fəlsəfi mühitə ovcunun içi kimi bələdiydi, daha burasını deməyə ehtiyac duymuram ki, çox da savadlıydı. Üstəlik, gəncliyində rus anarxistlərinin atası Bakuninlə dostluq eləmişdi, eynən romanının bir cüt gənc qəhrəmanı kimi Rusiya əyalətlərini birgə dolaşmışdılar, macəralar yaşamışdılar. Bütün bu faktları uc-uca düyəndən sonra Turgenevin Ştirnerin fəlsəfəsindən xəbərsiz olduğuna inanmaq mümkün deyil.
Maks Ştirner fərdin azadlığını məhdudlaşdıran nə varsa hamısını – dini, dövləti, ailəni, cəmiyyəti, hər cür ictimai institutu inkar eləyirdi. Həm də insan deyəndə o, klassik alman idealisti Fixte kimi böyük hərfli absolyut MƏN-i, yəni ümumən insanı yox, ayrıca götürülmüş hər bir fərdi, empirik insanı nəzərdə tuturdu. Bazarovun hansı ideyanı təbliğ elədiyini müəllif açıq deməsə də, onun nəyi inkar elədiyini biz romanı oxuduqca görürük. Bazarovun təbliği elə onun inkarıdır, yaxud da tərsinə: inkar onun əqidəsidir. Hər cür avtoriteti danmaq, başının üstündə heç bir super-eqoya yer saxlamamaq onun başlıca prinsipidir. Müəllif onu nihilist adlandırsa da, Bazarov aşkar anarxistdir – bu, onun soyadından da oxunur (rus dilində “bazar” sözünün bir açması da xaos, anarxiyadır). Ondan dağıtmaq istədiyi köhnə dünyanın yerində nə qurmaq fikrində olduğunu soruşanda cavab verir ki, biz ancaq dağıtmaq işinə baxırıq, yerində nə qurulacağına gələcək nəsil qərar verər.
Əslində, Bazarovun qurmaq istədiyi dünya elə o dağıntıların altından çıxa bilər. Burada söhbət hansısa sosial-siyasi inqilablardan, çevrilişlərdən getmir; söhbət insanın öz fərdiyyətini, tənhalığını, öz həqiqətini hər şeydən üstün tutub zəncirlərini, buxovlarını qırmasından gedir. Fəqət bu iş inqilabla, top-tüfənglə başa gəlməz. Anarxizm düşüncəsi, ultra fərdiyyətçilik insan oğlunun varlığına hakim kəsiləndə yeni dünya, yeni həyat öz-özünə yaranacaq.
***
Bazarov özü gələcək dünyanın vətəndaşı kimi rolunu pis oynamır (Onun üçün bu dünya artıq qurulub, o hər şeyə, hər kəsə subyektiv dünyasının pəncərəsindən, təkadamlıq teatrının səhnəsindən baxır). O dünyada nəsil bağları indiki kimi möhkəm olmayacaq – Yevgeni də üç ildir onun üzünü görməyən, ona bir büt kimi pərəstiş eləyən fədakar, qayğıkeş ata-anasıyla danışmağa söz tapmır. Atası Arkadinin mərhum general babasını tərifləyəndə Bazarov onun haqqında təhqiramiz ifadə işlədir, bu da dostunun xətrinə dəyir, hiss olunur ki, Arkadi Yevgeninin qurduğu səltənətdə yaşamağa hələ hazır deyil. Daha sonra Bazarov elə bil qəsdən Kirsanovun atası, əmisi haqqında da xoş olmayan sözlər deyir, onun nəsil instinktini sınağa çəkir. Arkadi narazı qalanda Yevgeni bundan qəddarcasına zövq alır, dostunun damarında qanın dilə gəlməsini ikrah, qəzəb qarışıq maraqla izləyir.
Sərt, köntöy, kobud Bazarovu yamsılamağa çalışsa da, onun təsiri altında dolansa da, Arkadi Kirsanov çox həlim, mehriban, şən oğlandır, atasına candan-könüldən bağlıdır, illər əvvəl ölmüş arvadının – Arkadinin anasının yerinə Nikolay Petroviçin evə nikahsız-kəbinsiz rəiyyət qızı gətirməsini nəinki etirazla, tam tərsinə, razılıqla qarşılayır, bir neçə aylıq körpə qardaşını ürəkdən əzizləyir, axırda da özü kimi həlim, mehriban qızla ailə qurub atasıyla eyni vaxtda kilsədə kəbin kəsdirir. Bazarovdan ötrüsə belə həyat ssenarisi qəbulolunmazdır, o, hüdudsuz azadlığını nə özündən əvvəlki, nə də özündən sonrakı nəsillərə güzəştə getmək fikrindədir. O, Ştirnerin barışmaz anarxisti kimi həm göydəki, həm yerdəki bağlarını qırıb atıb. Qohumbazlıq, millətçilik, din, adət-ənənə, ictimai əxlaq, vətəndaşlıq borcu, bəşəri dəyərlər, qanun, hüquq, dövlət, hakimiyyət, norma, nikah – Bazarov bunların hamısına biganədir.
“Oblomov”dan danışanda vurğuladığım bir məqama yenə qayıtmaq istəyirəm: əlbəttə, Turgenev hansısa traktatı oxuyandan sonra belə bir roman yazmaq fikrinə düşməyib, onun obrazı Ştirnerin ideyasına sözün hərfi mənasında illüstrasiya deyil, bununla belə biz bu iki dünya arasındakı doğmalığa, qan bağına da göz yuma bilmərik. Turgenevin Ştirnerdən təsirləndiyinə mənim şübhəm olmasa da, yazıçı öz qəhrəmanlarını misilsiz fəhminin canlı, real həyatdan döl tutan bətnindən doğub, əks halda roman quru, süni, sxematik alınardı, indiyə qalmaz, çoxdan unudulmuş olardı.
***
Bazarov tibb təhsili alıb, qurbağaları kəsib doğrayıb mikroskop altında fizioloji axtarışlar aparır, ədəbiyyata, incəsənətə yuxarıdan-aşağı baxır, bir savadlı kimyaçının iyirmi şairdən üstün olduğunu deyir, “təbiət məbəd yox, emalatxanadır” kimi maraqlı pozitivist aforizm işlədir. Bununla belə o, alim tipi deyil. Bazarovun təfəkkürü elmi-praqmatik təfəkkür deyil. Dostu Arkadi Kirsanovun Yevgeninin atasıyla söhbətində də buna işarə vurulur. Ata Bazarov Arkadidən onun oğlu haqqında nə fikirləşdiyini soruşanda Arkadi dostunun çox böyük gələcəyi olduğuna əminliyini dilə gətirir. Bu zaman özü də həkim olan atayla oğlunun dostu arasında belə bir dialoq yaranır:
“- Necə bilirsiniz, sizin ona isnad elədiyiniz şöhrəti o yəqin tibb sahəsində qazanmayacaq, eləmi?
– Əlbəttə, tibb sahəsində yox, ancaq elə bu sahədə də tanınmış alimlərdən biri olacaq.
– Arkadi Nikolaiç, bəs hansı sahədə?
– Bunu indidən demək çətindir, ancaq o, çox məşhur adam olacaq.”
Göründüyü kimi, müəllif personajların diliylə baş qəhrəmanı gözləyən perspektivə aydınlıq gətirir: Bazarovun böyük gələcəyi elmə bağlı deyil, onu başqalarından seçdirən təbabətin sirlərinə hamıdan yaxşı vaqif olması, elm dəryasının dərinliklərinə baş vurması deyil.
Sovet ədəbiyyatşünaslığı ondan inqilab bahadırı düzəltməyə çox can atdı, di gəl, Bazarov inqilabçı, savaşçı da deyil. Onu duelə çağıran Pavel Petroviç – Arkadinin əmisi Bazarovdan tapançası olub-olmadığını soruşanda baş qəhrəman bu həqiqəti açıq mətnlə dilə gətirir: “Mənim tapançam nə gəzir, mən axı döyüşçü deyiləm…”
***
Yaxşı, bəs Bazarovun düşüncə tipini necə xarakterizə eləmək olar? Cəngavər deyil, alim deyil, bəs nədir? Məncə, bu, Turgenevin oxuculara, tənqidçilərə qurduğu bir tələdir. Qəhrəmanın poeziyaya, musiqiyə istehzayla baxdığını göstərməklə yazıçı əsl mətləbi gizləməyə çalışıb. Arkadinin bəlağətli, poetik nitqinin Yevgenidə qəzəb doğurduğu səhnəni qələmə almaqla müəllif bu mətləbi bir az da ört-basdır eləyib. Əslində, Bazarovun təfəkkürü poetik-panteistik təfəkkür tipidir. Quru otun üstünə səvərib Arkadiylə söhbətləşəndə Yevgeni ona aralıdakı kalafanın qırağında bitmiş ağcaqovaq ağacını göstərib, uşaqlığında bu ağacın nəsə bir tilsimi olduğuna inandığını, ağcaqovağın yanında əsla darıxmadığını şairanə bir tərzdə etiraf eləyir. Onun dostuyla uzun-uzadı söhbətindən bir məqama göz yetirək:
“Düşünürəm ki, budur burada, bu tayanın dibində uzanmışam. Mənim tutduğum bu daracıq yer mənim mövcud olmadığım, mənə heç bir dəxli olmayan qalan məkana nisbətən nə qədər cüzi, nə qədər cılızdır. Mənim yaşaya biləcəyim ömrün müddəti mənim əvvəllər mövcud olmadığım, gələcəkdə də mövcud olmayacağım əbədiyyətə nisbətdə nə qədər miskindir… Fəqət bu atomda, bu riyazi nöqtədə qan dövran eləyir, beyin işləyir, nəsə istəyir… Bax, mənim ata-anamın başı necə qarışıbsa, ömrün heçliyi-puçluğu sarıdan qəti narahat deyillər, belə fikirlər onların ürəyini bulandırmır. Mənsə daim darıxıram, müdam qəzəblənirəm”.
Elə bil bu sözləri həyatın faniliyi müqabilində bədbinliyə, qəm-kədərə qapılan, təbiətin vahiməli qüdrəti qarşısında tərksilah olan zen-buddist şair deyir. Bazarov özünü güclü adam kimi qələmə verməyə nə qədər çalışsa da, Arkadinin atası Nikolay Petroviçin Puşkini oxumasını, violonçel çalmasını lağa qoysa da, səmimiyyət anında şairanə duyğularını gizlədə bilmir. Arabir “ölüb gedəcəyik, üstümüzdə pıtraq bitəcək” deyir, bununla da elə bil klassik Şərq şairi, epikürçü Ömər Xəyyamın diliylə danışır. Varlı dul qadın Anna Sergeyevna Odintsovaya aşiq olanda duyğusunu əzabla, xəcalət çəkə-çəkə dilə gətirir. Oblomov üçün sevmək yaşamaq iradəsinin coşması, fizioloji diriliş, apatiya vəziyyətindən çıxmaq idisə, Bazarovdan ötrü sevgi iradə zəifliyi, bioloji deqradasiya, apatik duruma düşməkdir. Dostu Arkadi Odintsovanın bacısıyla evlənmək niyyətini açıqlayanda Yevgeni onun “yuva qurmaq” məramını istehzayla qarşılayır. Özü isə bütün aqressiyasını işə salıb sevgi tilsimini qırır, gözəl, zabitəli, ağıllı qadını özündən soyudur, azadlığına yenidən qovuşur.
Hərçənd öz azadlığından doyunca barına bilmir, ölüm ayağında sifariş göndərib Odintsovanı yanına çağırdır, soyuq, intizamlı qadına bəyənmədiyi poetik, bəzəkli dildə “öləziyən çırağı üfürün sönsün” deyir. Bununla da Bazarov biganə, zalım təbiətin qüdrəti qarşısında təslim bayrağı qaldırır, onun yer üzünə səfəri bu məqamda başa çatır: “Daha yetər, – deyib başını yastığa atdı, – indi… zülmət…”
Bazarovu şairanə tip kimi qələmə verməyim çoxlarına inandırıcı görünməyə bilər. Buna şübhəylə yanaşanlara Turgenevin nəsildaşı, “Parnas” ədəbi məktəbinin ən məşhur üzvü olmuş böyük fransız şairi Şarl Bodleri nişan vermək istərdim. Bu qəzəbli şair də inkarçıydı, poeziyanın, ədəbiyyatın nihilisti kimi bütün klassik kanonları, oturuşmuş estetik prinsipləri, ədəbi ehkamları rədd eləyirdi. Ona qədər Platondan qalma belə bir fəlsəfi prinsip vardı ki, həqiqət, xeyir, gözəllik – üçü bir arada olmalıdır, yəni şər gözəl ola bilməz, həqiqət xeyirdən ayrı yaşaya bilməz. Bodlersə öz poetik toplusunun adını “Şər çiçəkləri” qoymuşdu, çürüyən at cəsədini, leşi vəsf eləyirdi, Şeytana mədhiyyə oxuyur, İblisdən kömək diləyirdi. Onun yaradıcı inkarı yeni ədəbi-estetik prinsiplərin ortaya çıxmasıyla, poeziyada inqilabla nəticələndi. Bazarovun poetik istedadı olsaydı, əminəm, Bodlerin şeirlərinə bənzər şeirlər yazardı; yox, fəlsəfədə əli olsaydı, Ştirnerin traktatına oxşar esselər qələmə alardı. Onun güman olunan şöhrəti də elə bu kimi fəaliyyətlərin hesabına gələ bilərdi.
***
Ştirner öz traktatının girişində yazırdı: “Heçnə – bax mən öz işimi bunun üstündə qurdum”. Nihilizmin kökü olan “nihil” sözünün də latınca mənası elə “heçnə”, “heçlik” deməkdir.
Maks Ştirner 1856-cı ildə – əlli yaşında zəhərli tropik milçəyin sancması üzündən qanına keçmiş infeksiya nəticəsində dünyadan köçüb. Taleyin ironiyasına bax ki, cahan mülkünə sahib çıxmaq iddiasında olan bir zəka zalım təbiətin bəsləyib yetişdirdiyi xırdaca həşəratın güdazına gedib. Bəli, ana təbiət “həddini aşmış” insana yerini belə göstərir, onu iynələyir, onu ələ salır, onunla əylənir.
Buna bənzər aqibət Bazarovun da başına gəlir. O, tif (yatalaq) epidemiyasından ölmüş xəstənin meyidini yaranda cərrah bıçağıyla barmağını yüngülcə yaralayır. Nəticədə qanına infeksiya keçir, min bir əzabla canını tapşırır. İnsan ağrılarına biganə təbiət burada da qüdrətini gözə soxur, qəddar fələk bəşər övladını yenə əlində oynadır, onu dəyirmanında üyüdüb bir ovuc toza çevirir. Təbiət Bazarovun da qiyamını yatırır, onun iddiasından, qəzəbindən, zəkasından geriyə heç nə qalmır.
Əgər Oblomovun yuxusuna girən kənd onun panteistik cənnətiydisə, Bazarovun yatdığı torpaq panteistik cəhənnəmdir – hərçənd bu cəhənnəmlə o cənnətin elə bir fərqi yoxdur. Romanın Bazarovun qəbri üstünə gələn qoca ata-anasının təsvir olunduğu sonuncu abzasının son cümləsinə diqqət yetirək: “Məzarda gizlənən qəlb nə qədər coşqun, günahkar, üsyankar olursa olsun, onun üstündə bitən çiçəklər öz məsum gözləriylə bizə sakit-sakit baxır: onlar bizə yalnız əbədi sükunətdən, laqeyd təbiətin o böyük sükutundan danışmır; onlar əbədi ülfətdən, sonsuz həyatdan da danışır”.
Maks Ştirner kimi Yevgeni Bazarova da yalın əlləriylə qurduğu yer səltənətində bir vəzifə verilmədi. Onlar gələcək zamanda yaşadıqlarına görə indiki zamandan çıxdaş olundular. İndiki zaman onları tanımadı, qəbul eləmədi. Bununla belə hər ikisi gödək, ağrılı ömründə vaxt tapıb öz missiyasını yerinə yetirə bildi – gələcək həyatın bünövrəsinə bir daş atıb getdilər. İnsan oğlu köhnə dünyanın dibini qazıb yerində yenisini tikməyə başlayanda o daşlar onun karına çox gələcək.
“Yeni Azərbaycan” qəzeti