Azərbaycanlı oxuculara dair
Şəhriyar Del Gerani
Bunu qoyub o birinə keçirəm. Deməli, ˝Kitabın ortasından demək˝ anlayışlı bir ifadə var Azərbaycan dilinin təfəkküründə. İndi deyəcək, ˝Dilin təfəkkürü nədir?˝ Deyəcəm, onu da deyəcəm. İcazə ver ˝Kitabın ortasından demək˝məsələsinə aydınlıq gətirək. Məsələn, bir də gördün kimsə söhbətə belə müdaxilə etdi: ˝Halal olsun! Zalım oğlu düz kitabın ortasından dedi!˝. Burada müdaxilə edən adam həmin o zalım oğlu kimdirsə, ona tərif deyir. Bu ifadədə bəhs olunan kitab birmənalı olaraq Qurandır. Ümumiyyətlə, müsəlman aləmində kitab məhz Qurandır. Çünki, müqəddəs kitabdır, Allahın kitabıdır, harasından açsan, haqdır. Ola bilər axırıncı ayəni deyəsən, ola bilər ki, ortada bir surədən misal çəkəsən, yaxud ilk ayəni göstərəsən, fərq etməz. Harasından açırsan aç, açdığın yer Kitabın tən ortasıdır. Orta - yəni ən düz yeri, ən doğru olan yeri, mətləbin ən dəqiq izah edildiyi yer. Yəni Kitabın (Oxu – Quranın) hər yeri Ortadır, hər yeri Haqdır. Gətirdiyimiz məsəldə həmin o zalım oğlu da düz söz deyib, haqq danışıb demək, mətləbin tam kökündən vurub. Bax, belə məqamlarda işlənir bu ifadə. Bu ifadənin işlənmə təyinatı budur.
İndi isə gələk ˝Dilin təfəkkürü˝ söhbətinə. Heç uzağa getməyək, elə götürək yuxarıda misal çəkdiyimiz ifadəni. Baxın, bu, dilin təfəkkürüdür. Bu ifadəni başqa hansı dilə çevirsən, mənasız görünəcək, anlamını itirəcək. Yeri gəlmişkən, Türkiyə türkcəsində də sıx-sıx işlənən ifadədir. Amma pis çıxmasın, bu ifadənin anlamını heç kimdən belə dəqiq, belə məntiqli eşidə, oxuya bilməzsiniz. Halal xoşunuz olsun, buyurun. Soruşsalar ki, kim öyrətdi, deyərsiniz, özümüz bilirdik.
Bəli, dilin həqiqi qatı onun təfəkkür qatıdır, üzdə olan qatı, qabığı, qılafı deyil, özəyidir, nüvəsidir. Nə isə, belə şeylərdən sonra danışarıq. Keçək öz mövzumuza. Bunları qeyd etdim ki, nə deyəcəyimi lap axırda bununla əsaslandıracam.
İndi olmasın, günlərin bir günü Azərbaycan telekanallarının birində qonaq idim. O vaxtlar məşhur idi qonaq olduğum proqram, çox adam baxırdı. Bəzən də biz yazarları dəvət edirdilər proqrama. Onu da hansısa müğənniylə üz-üzə qoyub müğənnini haqlı göstərmək, yazıçını, şairi öz ağıllarıyca aşağılamaq, şou yaratmaq üçün. Məqsədləri maarifçilik deyildi yəni. Qərəz, mövzunu xatırlamıram, hər halda ədəbiyyata, mədəniyyətə, yaxud cəmiyyətə aid bir mövzu idi. Canlı efir bitəndən sonra telefonuma zəng gəldi, xətrini istədiyim yaxın qohumlardan biriydi. Ağsaqqal adamdır, sanballı kişiydir. Rəhmətə gedib, ruhu şad olsun. Mənə çox şey öyrətdi o zəngiylə. Xülasə, açdım. Danışdıq. Bir cümləsi şimşək kimi çaxdı başıma, ömür boyu unutmayacam. Dedi, ˝Vallah yaxşı danışırdın, geyimin-keçimin də səliqəliydi, qabiliyyətli görünürdün. Danışanda da çaşmadın, amma mənə çox maraqlıdır, orada nə danışırdın? O danışdıqlarını öz dilimizdə mənə başa sal, bilim nədən söhbət getdiyini, orada-burada söz düşəndə mən də hali olduğumu göstərim˝. Elə bil başımdan qaynar su tökdülər, kürəyimdə samovar qaladılar. Onda başa düşdüm ki, bizim oxucularla problemimizin kökündə nə dayanır. Onda anladım ki, əslində biz yazarlar başqa dildə danışırıq, oxucular başqa dildə anlayır. Tam səmimi deyirəm, ˝Azərbaycanlılar niyə kitab oxumur?˝ sitəminin cavabı konkret olaraq o telefon zəngindədir. Çünki, azərbaycanlılar başqa dildə danışır, başqa dildə düşünür, başqa dildə anlayırlar, sənin yazdığın dildə deyil. Ölkədə nisbətən oxunan 2-3 primitiv adlandırdığımız və həqiqətən də primitiv olan yazarın uğuru da bundadır. O yazıq yazar azərbaycanlı oxucunun başa düşəcəyi dildə yazır. Neyləsin? Yeganə üstünlüyü, yeganə bəxti gətirdiyi nəsnə budur ki, Allahından özü də primitivdir, rahatdır, əziyyət çəkmir, adiliyin təntənəsində kef eləyir. Oxucu onu qanır, onu başa düşür, onu sevir. Nədən ki, onu özünə oxşadır. Ümumiyyətlə, heç kəs özünə oxşatmadığı adamı sevə bilməz. Hər kəs özünə oxşayan adamı sevir. Bunun o yan-bu yanı yoxdur.
Bəs, biz nə etməliyik? Düzü, o qənaətə gəlmişəm ki, ən doğru yol elə mollanəsrəddinçilərin yoludur. Füyuzatçılar öz dövründə də məğlub oldular, bu gün də. Sabah da məğlub olacaqlar. Baxın, yazıram, sonra fərqinə varıram ki, axı oxucular bilmədi ki, mən nədən danışdım. Həqiqətən də, zülmdür azərbaycanlı oxucular üçün yazmaq. Allaha and olsun, zərrə qədər təkəbbür yoxdur nə bu yazımda, nə də bu fikirlərimdə. Ağrıyaraq, acıyaraq yazıram. Necə deyərlər, ürəyimin qanıyla yazıram bunları. Düşündükcə özüm özümü məzəmmət edirəm: Axı onlar bilmir mollanəsrəddinçilik nədir, füyuzatçılıq nədir, onlar kimlərdir, bunlar kimlərdir, onlar nə istəyirdi, bunlar nə istəyirdi...
Oxucuların bədii ədəbiyyatdan xəbərsiz olmaları yazar üçün ən ciddi problemdir. Bu problem yazının səviyyəsinə ən çox təsir edən amillərdən biri, bəlkə də birincisidir. Müasir ədəbiyyatı qoyaq bir kənara, oxucuların çoxunun klassikadan, dünya ədəbiyyatının ən güclü nümunələrindən, bir insanın ölmədən öncə mütləq oxumalı olduğu mətnlərdən belə xəbərləri yoxdur. Məsələn, tutalım, sən yazında, yaxud qonaq olduğun televiziya proqramında kimisə Tenardye ilə müqayisə edirsən. Yazırsan, yaxud deyirsən ki, filankəs eynən Tenardyeyə oxşayır. Oxucu, tamaşaçı Tenardyeni tanımadığı üçün söhbəti tuta bilmir. Gərək sən söhbətə lap əvvəldən başlayasan. Yazasan və ya deyəsən ki, Fransa adlı bir ölkə var, Avropada yerləşir, İtaliya, Almaniya, İspaniya ilə qonşudur. Vaxtilə Zinəddin Zidan bu ölkənin milli futbol komandasında oynayıb. Hə, həmin o ölkənin çox böyük yazıçısı var. O yazıçının da adı Viktor Hüqodur. Həmin bu Viktor Hüqonun “Səfillər” adlı çox möhtəşəm bir romanı var. O qədər möhtəşəm əsərdir ki, hər bir şüurlu məxluq ölməzdən qabaq mütləq və mütləq bu əsəri oxumalıdır. Həmin bu “Səfillər” əsərində Tenardye adında bir obraz var. Bu Tenardye Vaterlo döyüşündən sonra döyüş meydanında ölmüş əsgərlərin üst-başını yoxlayıb onları soyur. Sonra özünə bir kafe açıb həyasızcasına, iyrənccəsinə adını “Vaterlo serjantı” qoyur. Bax bu səbəblərə görə filankəs Tenardyeyə oxşayır. Vaterlo da indiki Belçikada yer adıdır. Söz vaxtına çəkər, 1815-ci ilin yayında, 18 iyunda Napoleon orada məğlub olub. Tenardyenin adını çəkməklə nə demək istədiyini çatdırmaq üçün gərək bütün bunları yazasan, deyəsən. Başqa təhər olmur, alınmır, anlaşılmır.
Çətindir. Çox çətindir. Hətta mümkün deyil. Halbuki bu obrazlar sənə fikrini səlis ifadə etməyə yardım etməliydi. Amma bu obrazlar səni əməlli-başlı zibilə salır. Bir dəfə inqilabçı ruhda olan, dağa-daşa dırmanan, həqiqət axtarışıyla alışıb-yanan bir gəncə dedim ki, sənin etdiyin bir növ Holden kolfildlikdir. İnanmayacaqsınız, məndən küsdü, incidi, durub məclisdən getdi. Selincerin ˝Çovdarlıqda uçurumdan qoruyan˝ romanının qəhrəmanına bənzətmişəm adamı, inciyir, küsür. İyirminci əsr Amerika gəncliyinin təfəkkürünü dəyişən roman deyirlər bu əsərə. Rəhmətlik Tehran Vəliyev də o qədər usta çevirib, elə bilirsən ki, orijinalda oxuyursan romanı. Di gəl, 10 milyonluq Azərbaycanda 500 tirajla çap olunub, onun da yarısı satılmayıb hələ. Satılanların da əlli faizi dəqiq bilirəm ki, oxunmayıb. Ona görə də, bizim işimiz zəlalətdir, zillətdir. Qınamağa tələsməyin, xahiş edirəm. Keçən dəfə bir alim dostumuz yazıb, ˝Şair, niyə belə sadə yazırsan? Biz səndən başqa yazılar gözləyirik˝. Dözmədim, zəng elədim, dedim, ey hörmətli müəllim, hər könüldə yerin var, hər kənddə, hər şəhərdə sənin kimi adamlar yoxdur axı. Sən oxumusan, özünü yetişdirib bəlli bir mərhələyə çatdırmısan, xaric görmüsən, ciddi universitetlər, auditoriyalarda olmusan. Axı Azərbaycanda sənin səviyyəndə neçə nəfər var? Axı ümumiyyətlə mənim sənə deyiləcək sözüm yoxdur. Axı mən sənin üçün yazmıram. Axı bizim görüləcək çoxlu sayda işlərimiz var. Axı... Axı... Axı... Gördü ki, yanıb tökülürəm, dedi, haqlısan, bağışla. Bizcə, adamlar bunu anlamalıdırlar. İndi durub söhbəti bilən kəslərə də izah edək məsələni? Adamı elə şeydə qınayırlar, qalırsan məəttəl. Əşi başa düşdük də, sən ali mərtəbəyə çatmısan. Di dincəl. Aman ver heç olmasa 500 nəfərə, 1000 nəfərə sözümüzü çatdıraq, özümüzü ifadə edə bilək. Nə vaxta qədər öz yağımızda qızarmalıyıq? İzah etmək olmur. Çətindir.
Bir də var həyəcanlı oxucular. Hərbi xidmətdə olanlar bilir, belə bir əsgər jarqonu var. Jarqon – yəni müəyyən bir qrupun, müəyyən bir çevrənin öz aralarında olan ünsiyyət deyimləri, ifadə formaları. Bəhs etdiyim jarqon isə belədir: Özünü yaxın hiss eləmə! Çox ağır sözdür. Əsgərlikdə olanlar bilir. Bunu eşitdinsə, öl yerə gir. Məsələn, sənin babında olmayan bir sümsük əsgərlə zarafat edirsən, istəyirsən bir az açılışsın, özünü rahat hiss etsin, toxdaq olsun. Qəflətən o da başlayır həyəcanlanmağa, düşükcəsinə səninlə zarafat etməyə. Onda deyirsən ki, ˝Əsgər bala, deyəsən həyəcanlandın. Özünü yaxın hiss eləmə!˝ Ola bilər oxuculardan kimlərsə hərbi xidmətdə olmayıb, həm onlar üçün, həm də ayrı-seçkilik etmədən qadın oxucularımızı da nəzərə alaraq başqa misal çəkək. ˝Uşaqlığın son gecəsi˝ filmində belə bir səhnə var. Kombinatın yeməkxanasında Murad yüngülvari həyəcanlanır, ortalığın səmimiyyətindən təsirlənib Rüfətə - Sən deyəsən institutu çoxdan qurtarıbsan? – deyə sual edir. Rüfət isə belə cavab verir: “Ay uşaq, gəl belə şərt kəsək, sən mənimlə o vaxt danışacaqsan ki, mən səndən bir söz soruşum. Yaxşımı?” Bəhs etdiyimiz əsgər jarqonunun mahiyyəti bundan ibarətdir. Sizə deyim, günümüzdə belə həyəcanlı oxucular olduqca boldur. Sosial şəbəkələrin verdiyi yaxınlıq lüksü də burada təsirsiz deyil. Ümumilikdə isə, çağdaş insan sırtılmağa daha çox meyllidir. Adını qoyurlar komplekssizlik, ağıllarına gələni edirlər. Saxta ˝Əlçatmazlıq sindromu˝na riayət edən şairlərimizə, yazıçılarımıza yeganə haqq qazandırdığım məqam budur. Gərək azərbaycanlı oxuculara üz verməyəsən. Yoxsa həyəcanlanır, özlərini yaxın hiss edirlər. Oxucu səni həmişə əlçatmaz bilməlidir. Əli çatdısa, vəssalam, düşünmə əl uzadıb mərifətlə salam verəcək, qətiyyən, bil ki, fürsət düşdükcə başına qapaz vurmağa cəhd edəcək. Bir daha deyirəm, hamıya aid deyil. Xüsusi tip sürtülmüş oxucular var, onlara aiddir bu misallar. Çünki onlar başa düşmürlər yazıçı kimdir, şair kimdir. Nəinki səni, heç kimi tanımırlar. Nəsimini, Füzulini də küçədə görsələr, yumurta selbələyərlər. Necə ki, dövrlərində bunu ediblər də. Sadaladığımız tip sümsük oxucular, heç şübhəniz olmasın, məhz Nəsiminin dərisini soyanların nəslindəndir. İnanmırsınız, gedin analiz götürün.
Deyir, başına gələn başmaqçı olar. Universitetlərin birində mənimlə görüş idi. Ortalığın dördbucaqlığını, ütüsünü dağıtmaq, səmimi poetik məclis yaratmaq üçün sinəmin altındakı qalstuku çıxartdım, bir az yumor qatdım söhbətə. Ki, tələbələr özlərini sərbəst hiss etsinlər. Çox keçməmişdi bayaqdan ˝Sizin şeirlərinizi oxuyanda düşdüyüm depressiyada çarə tapıram, özümü görürəm o şeirlərdə, ruhum güclənir, həyata daha çox bağlanıram˝ və s. bu kimi fikirlər səsləndirən bir mədəni oxucu qəflətən səmimiyyətdən sui-istifadə edərcəsinə qayıdasan ki, ˝Filan şeirdəki bəhmən misranı elə yox, belə yazsaydın daha tutarlı olardı˝. İnanın, belə də dedi. Nə etməli? Əsgərlik deyil, kombinat yeməkxanası deyil, ali təhsil ocağıdır. Dedim, gənc dost, sən buradan çıxandan sonra təcili surətdə get dənizə, balıqlara da üzməyi öyrət. Salonda gülüşmə qopdu, uşaq pərtləşdi. O vaxt özüm də gənc idim, indi olsa heç nə demərəm, hətta razılaşaram, deyərəm, haqlısan, evə gedib dəyişərəm. Sonra düşünürəm, bəlkə də demək lazımdı. Demək lazımdır ki, adamlar həddini bilsin. Rumidən soruşurlar, “hocam, bizə elə bir şey de ki, o şey bütün həyatımızı xilas etsin”. Rumi deyir, “həddinizi bilin”. Yeddi dəfə soruşurlar, yeddisində də eyni cavabı verir. Rumidən çox bilməyəcik ki? Hərdən adamlara həddini göstərmək lazımdır. Hətta vacibdir. Öncəki yazılarımızda bildirmişik, insan natamam varlıqdır, pozulmağa meyllidir.
Bir həssas məqamı da deyim, mövzunu qeyri-müəyyən vaxta qədər bağlayaq. Azərbaycan oxucusuyla yazarı arasında bağlar o vaxt qopdu ki, Azərbaycan oxucusu kitabdan ayrı düşüb qəzetlərə qurşandı, qəzetlərin də zayı çıxdıqca televiziyaya dadandı. Təxmini xronologiya aparsaq, kitabdan qopuntu baş verdi SSRİ-nin dağılması, daha sonra Birinci Qarabağ müharibəsi ilə. Qəzetlərə qurşanmaq baş verdi 90-lardan 2005-ci ilə qədər. Televiziyaya dadanmaq isə 2005-ci ildən günümüzəcən. Sirr deyil ki, Azərbaycan televiziyalarının dili Azərbaycan türkcəsinin ən primitiv məişət qatıdır. İllərdir bu dildə düşünən, bu dildə ağlayan, bu dildə gülən adamlara, hiss və emosiyalarını bu dildə təmin edən insanlara ciddi kitablar oxutdurmaq Sizif əməyidir. Yəni puçdur. Sizif – yunan mifologiyasında Tanrılar tərəfindən böyük qaya parçasını dağın təpəsinə qaldırmaqla cəzalandırılmış obrazdır. O nə qədər çalışıb qaya parçasını qaldırsa da, yorulduğunda qaya parçası dığırlanır dərəyə. Sonra yenə, sonra yenə, sonra yenə. Sizif qaldırır, qaya dığırlanıb düşür. Sifiz qaldırır, qaya dığırlanıb düşür. Bihudə işlərə belə deyirlər. Sözüm ona, azərbaycanlı oxucularla ortaq bir dil tapmaq lazımdır. Yoxsa, alınmayacaq. Biz özümüzü gəlişdirib dünyada baş verən ədəbi proseslərə can atırıq, dəyişən tendensiyaları izləyirik, çağdaş dünya nəsri, çağdaş dünya poeziyası ilə ayaqlaşırıq, amma azərbaycanlı oxucular ən yaxşı halda qalıb Əlibala Hacızadədə, Səməd Vurğunda. Ona görə də sənin modern romanını, hekayəni, şeirini, sənin çağdaş bədii təfəkkürünü başa düşmürlər. Hələ Əlibala Hacızadədə, Səməd Vurğunda qalanlar yönübəridir, bir neçə ilə çalışıb ciddi proqramlarla yönləndirmək olar onları. Mütləq əksəriyyət onlardan belə xəbərsizdir. Təəssüf, Azərbaycan oxucusu ilə yazarı arasında ən azı yarım əsrlik uçurum var. İllərdir Azərbaycan ədəbiyyatı, Azərbaycan müəllifləri həm də həmin uçurumdan yuvarlanıb param-parça olurlar – ya infarktdan, intihardan, ya da havadan, sudan və sairədən. Nə deyim? Başımız sağ olsun...
Məqaləmizin əvvəlində vurğuladığımız bir ifadə vardı – Kitabın ortasından demək. Dilin təfəkkür qatında bu deyimin mənasını da izah etməyə çalışdıq. Bəli, min əfsus, azərbaycanlı oxuculara kitabın ortasından heç nə demək olmur. Nədən ki, azərbaycanlı oxucuların Kitabı yoxdur...
Oxu.az