Geriyə – köhnəliyə! - Salam Sarvan yazır...

Geriyə – köhnəliyə!   - Salam Sarvan yazır...

11 Dekabr 2024 10:49 74


Faiq Balabəylinin 60 yaşına

Bu yazını yazmağa başlayan kimi canımı qəribə nostalgiya bürüdü. Səksəninci illərin Bakısı üçün qəribsədim. Faiqlə tanışlığımız həmin köhnə, həmin gözəl, həmin yaşamalı Bakıda başlayıb. Sonra gəncliyimizdə oxuduğumuz sevgi romanlarının indi köhnə görünən dilini xatırladım – mübtədanı cümlənin sonuna keçirməklə romantika enerjisi yaradan üslub: mənim köhnə dostumdu Faiq.

Sonra ötəri olaraq beynimdən keçirdim: dost elə köhnə olar da. Sən kiminləsə indiyəcən ona görə dost qalmısan ki, münasibətləriniz illərin sınaqlarından keçə bilib. Doğmalığın sirri nədədi? Heç nə, həyat boyunca birgə xatirələriniz varsa, doğmasınız artıq.

Faiqlə birgə xatirələrimiz çoxdu: tələbə vaxtlarımızda köhnə Dərnəgülün çayxanasında Füzulinin qəzəllərini “xırdalamaqdan” tutmuş bir həftə qabaq Balaxan Qəribin övladının toyuna gedərkən maşında qocalığa dair meyxana deməyimizəcən...

Mən onu görəndə qəlbmi sevinc bürüyür. Sanki divarlarında oxlanmış ürək təsvirləri olan köhnə Bakı liftlərini, tıxacsız yollardakı tramvayları, buynuzu tez-tez elektrik xəttindən çıxan trolleybusları görürəm. Və uşaqlaşıram. Bəlkə də elə buna görə ən qəribə zarafatları Faiqlə eləmişəm. Bəzən zəngləşib yarım saat danışmışıq, amma söhbətin içində bircə dənə də bitmiş fikir olmayıb – cümlə olmayıb yəni. Bu nədir, avaraçılıq? Yox, qırx illik dostluğun ünsiyyət dili belə olur. Çəkdiyi rəsmdə cansız nəlbəkiyə göz və qulaq calayaraq ilk baxışda absurd görüntü yaradan uşaqların dəst-xətti. Ətrafındakı cansız predmetlərə öz insani cəhətlərini şamil eləyən ibtidai insanın mifoloji şüur mərhələsi. Tarixin uşaqlığı. Həə, ömür mühasibatının özünəməxsus hesab üsulu var: altmış yaş həndəvərində bizimçün uşaqlıq uşaq vaxtlarımızda keçən illərimiz deyil, cavan vaxtlarımızda keçən illərimizdi.

Mən onu daim qaçaqaçda gördüm. Qurudan dənizə, dənizdən quruya. Bu tərəfdən də şair çırpıntıları: yerdən göyə, göydən yerə. O da eyni müşahidəni mənim haqda deyir: işdən evə, evdən işə... yerdən göyə, göydən yerə. Bəzən Faiqlə bu barədə dərdləşirik də: axı niyə bircə anlıq dayanıb öz mövcudluğumuzu özümüzə sübut eləmək istəmirik? Hərəkətdə olan biz deyilik axı – havada uçan oxun getdiyi yol öz həyatı deyil, yayın verdiyi təkanın həyatıdı.

Dərdləşirik... amma dərhal da yaydan çıxıb bəlli hədəfə doğru uçmağa başlayırıq. Dəhşətdi, hətta gələcəyimizdə də mübhəm yoxdu, sirr yoxdu – hara getdiyimizi bəri başdan bilirik, çünki planlaşdırılıb, mentallaşdırılıb, sosiallaşdırılıb artıq.

Həə, cəmiyyətin şablonlarına, standartlarına qoşulub axan həyatımızda biz özümüz yoxuq, adımıza açılmış bir səhifədə profil şəkli kimi mövcuduq ancaq: cansız, ruhsuz, ekzistensiyasız. Real mövcudluğumuzu duymaq üçün Haydeggerin sərhəd vəziyyətinə yetişməyə də macal tapmırıq – bir şeirdə yazdığımız kimi, hamı bir tikə çörək dalınca qaça-qaça yorulub ölür...

Ömür gedir, hər altmışın tamamındakı qonaqlıqda əbədiyyətlə fanilik qum saatındakı qədəhləri toqquşdurur: Adəmin almadakı diş yerinə bənzəyən dərin yaraların sağlığına.