Göyərsə göylərdə bir ağ göyərçin - Yeni layihə

Göyərsə göylərdə bir ağ göyərçin   - Yeni layihə

04 Martt 2022 09:28 719


YeniYaz.Az “Seçilmiş əsərlər” adlı layihəyə start verir. Burada istedadlı Azərbaycan şairləri özləri öz yaradıcılıqlarından 5 ən yaxşı şeiri seçəcəklər. İlk iştirakçımız ən gənc nəslin nümayəndəsi El Romandır.

Yarasalar

Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Gəldiyi yerlərə qayıtdı hər şey-
adamlar torpağa, kağız torpağa...

Göyərsə göylərdə bir ağ göyərçin
Bu işə göylər də gülərdi, gərçi...
Sonra da darıxıb bu boz şəhərçün
Gəlib bulaşardı o toz-torpağa.

İstəsən, küləyə çevrilərəm

Saçların tərəfə çevrilərəm,
gəl.
Sən kimin olmusan min illər əvvəl?
adını oxudum cam kasalardan...

Deyən olmadımı vaxtı dayandır?
Tanrısan, bilmirəm yerin hayandır...
Mağara ağzında cığara yandır,
məni də bir dəfə yada sal orda...

Mağara?!
görəsən, nəyin nəsidir?
Mağara - dağların əsnəməsidir.
Tərsinə asılmış quş qəfəsidir
Belə eşitmişəm yarasalardan...

Bir qoca dedi ki, hələ diriydi
dünən gömüləndə o qız torpağa.
Sonra...
Gəldiyi yerlərə qayıtdı hər şey-
adamlar torpağa, kağız torpağa...

Qonaq

Mən səni sevməsəm, başqası sevsə,
Sənə də heyifdir,
mənə də heyif.

Sarı dimdiyini mənə uzadıb,
Çiyninin üstündə öpüş gözləyən,
Buğda saçlarından ovucladığım,
O quşa atdığım
dənə də heyif.

Hətta küçənizə raket də düşsə,
Ağappaq çiynindən jaket də düşsə,
Birinci vətənçün, sonra səninçün
Narahat olacaq adamlar ki var,
Onların gözünə qəm qonaq gedə.

Mənim də bəxtimə o səngər düşə...
Allahın əlindən bir çəngəl düşə,
Göylərə bu dəfə mən qonaq gedəm.

Daha ikimizdən oldu, olmadı,
Yenə də heyifdir,
yenə də heyif...
Mən səni sevməsəm, başqası sevsə,
Sənə də heyifdir,
mənə də heyif

Canıyeva Göyərçin

-Yerek...

Ratsiyadan səs gəlir:
-Canıyev, yerini de!
-Təpənin “A” nöqtəsi!

Ratsiyadan səs gəlir:
-Əbdülov, yerini de!
-Təpənin "B" nöqtəsi!

-Erku...

On üç yaşlı Göyərçin
giley tökür kağıza:
"Ehh, bu riyaziyyat da
yığıb məni boğaza!
"A"-dan "B"-yə məsafə
Nə bilim, nə qədərdi?
atam olsa, bilərdi..."

"Canıyev,
aradakı məsafəni xəbər ver!"-Ratsiya hələ susmur...

İnsanlar özlərinə yaxşı təsəlli verir:
"Ordu müharibəni nə olsun, hələ udmur?
əsas odu, uduzmur..."

-Mek!

Bu vaxt bir mərmi deşir
buludların bağrını.

Silahlar da diksinir
Partlayışın səsinə…

O partlayış,
əsgəri tutub “A” nöqtəsindən
atır “B” nöqtəsinə…

"Tapdım, anacan, tapdım!
Məsafə əlli metr!" - bərk qışqırır Göyərçin...

"Canıyev, nə baş verir?!" - Ratsiya ağı deyir...

birdən
əlaqə itir...

sonuncu nəfəs ilə,
Canıyev ratsiyanı dodağına gətirir.

Xırıltılı səs ilə:
"Komandir, əlli metr..."

O qədər uzağıq ki...

Nəfəs alıb dərindən ötüb keçən ayıma,
ilimə inanmışam.
Göz-qaşını görəndən qaşla göz arasında
ölümə inanmışam.

Gözlərimi zilləyib baxırdım uzaqlara,
sənsə getdin yağışla.
Sən yağışı sevirsən, güvəndiyim dağlara
qar yağarsa bağışla...

Canına od qoyduğun yoxluğunda Tanrını
Gözüylə zikr eylədi.
Tanrı səni yaradıb əlini göyə açdı,
Özünə şükr eylədi.

Gecə-gündüz demədən gözlədim ki, gələsən,
gəlməmisən hələ sən.
Tələyə düşmək arzum, çünki mənə tələsən,
mənəm sənə tələsən.

Ümidimə qar yağa, qardan həyat düzəldim,
dizi keçincə qayıt.
Sol qolumu dişləyib sənə saat düzəldim,
izi keçincə qayıt.

Gülümsəmir birinə sən gedəli gözlərim,
mənimlə üz-göz oldun.
Gülüm, sənin yerinə o qədər ölmüşəm ki,
artıq ölümsüz oldun.

Ay bəri bax, bəri bax..Mən tərəfdə od yanır
Kül olmağa hazıram.
Tanrının iki əllə yaratdığı qadını
Mən tək əllə yazıram.

Üzməyimi bilmirik, niyə bizi dərd boğur,
içimizdə kin yatır?
O qədər uzağıq ki, sən tərəfdə gün doğur,
mən tərəfdə gün batır...

Zəlzələ

Sonuncu qullabı içimə çəkdim,
Siqaret qutusun cibimə qoydum.
Özü də, eyvanda.
Böyük cəsarət!

Həyətdə qocalar söhbət edirlər-
Siyasət, siyasət,
yenə siyasət!

Ekranda bir xanım kamança çalır,
Anam qazançanın dibini yuyur.

Atam həyəcanla otağa girir
Qan-tərin içində...
Göz bəbəkləri
Az qalır, uzanıb ekrana dəysin.
Bir gözü onsuz da ekranda qalıb,
Qorxuram, bir gözü eyvana dəysin.

Analar nə yaman qısqanc olurmuş!

Kanalı dəyişir.
"Aha, xəbərlər!
Görək, nələr olub bu gün şəhərdə?!"

Xəbərlər oxunur:
"Bu gün Bakıya
iki bal gücündə zəlzələ gəlir..."

Xəbərlər oxunur:
"Bu gün Bakıda
Yenə də silahlı cinayət olub..."

Atam asta səslə təsəlli verir-
"İki bal zəlzələ nə böyük şeydir?!
Bah dədə, elə bil qiyamət olub!"

Müxbir təkrar edir:
"Bu gün Bakıda..."

Atalar nə yaman qısqanc olurmuş!

Kanalı dəyişir.
Həkim danışır:
"Təbabət böyüyür, inkişaf edir,
Daha qalmayacaq bağlı qapılar.
Şahidi olarıq, bir-iki ilə
Hətta ölümə də çarə tapılar!"

Həkim öz diliylə alov püskürür.

Yanakı otaqdan səs pöhrələnir.
Xərçəngə uduzan babam öskürür,
İki bal gücündə ev silkələnir-

Sürahı üstündən qazança düşür,
Anamın gözündən kamança düşür,
Atamın belindən tapança düşür-

Bütün kirli üzlər ortaya çıxır.

Siqaret qutusu...

Utanır, nədi,
Təkcə o cibimdə ilişib qalır...