Həmişə düşünmüşəm: niyə dünyanın dörd bir yanında yaşayan, dili, dini, adət-ənənəsi, zahiri görünüşü tamam fərqli olan insanlar eyni şeyə sevinir, eyni şeyə gülür, eyni şeyə kədərlənirlər?
Nədir insanlığın bu ortaq cəhəti?
Niyə Madriddə yaşayan portuqaliyalı cibgirlə uzaq Tibet dağlarının ünyetməz yüksəkliyində tək-tənha ömür sürən uzun saqqallı rahib üçün gözəl musiqi, gözəl rəsm, gözəl film, gözəl təbiət anlayışı eynidir?
Niyə körpə bir uşaq sevinə-sevinə qaçdığı yerdə qəfil yıxılanda kimliyindən asılı olmayaraq bütün dünya insanları eyni cür diksinir, eyni cür narahat olur, eyni cür qeyri-iradi əl atıb o uşağı tutmaq istəyir?
Google translate-nın köməyi ilə istənilən dildə "gözəl qadın" sözlərini yazın və baxın, siz də gözəl bulacaqsınız.
Nədir bunu sirri?
Niyə güləndə yanağı çuxura düşən qız hər zaman və hər yerdə cəlbedicidir?
Niyə gözlər iki, qaşlar iki, burun bir olmalıdır?
Hələ alnın genişliyini, saçların gurluğunu, boyunun uzunluğunu demirəm.
Bəlkə bu, bir göz öyrəşməsidir?
Lakin biz ilk gördüyümüz canlıların da hansının gözəl, hansının çirkin olduğunu o saat anlayırıq.
Niyə qarınlı kişi qeyri-estetikdir?
Niyə ucaboy, incəbel, balaca ağızlı, böyük əzələli olmaq üstün məziyyətdir?
Bu barədə düşündünüzmü heç?
Gözəllik deyilən anlayış kimin icadıdır və bu icadı edən necə qərar verib ki, bu, bu, bu cəhətlər gözəllik, bu, bu, bu cəhətlər eybəcərlik sayılır.
Və elə bir qərar verib ki, biz qərar verənin kimliyini bilmədən, onun varlığını hiss etmədən dediklərinə həmişə əməl edirik.
Mənə görə, gözəlliyin konkret düsturu yoxdur və o, insanın yaradılışındadır. O, bizə məlum olan elmi qanunauyğunlara tam tabe deyil. Əks halda sənət və yaradıcılıq mahiyyətini itirərdi. Biz istədiyimiz anda, elmin və texnikanın gücü ilə istədiyimiz gözəlliyi yarada bilərdik.
İnsan buna qismən nail olur. Lakin elə yaradılışın özü qədər sirli olan istedadın gücü ilə. Burda da gözəlliyin yaranması prosesində sirli bir “əl” iştirak edir.
Gözəllik insanın yardılışında olduğu üçün, özünə adekvat hər şeyi bəyənir, qiymətləndirir, bəzənsə cazibəsinə düşür.
Necə ki, orqanizmimizin ehtiyacı olan mineral və vitaminlər təbiətdə - bizdən kənarda su, meyvə şəklində yaradılıb, o cür də, gözəlliyi duyma, sevmə proqramı bizim içimizədir.
Bizimlə birgə yaranıb.
Böyük Füzuli panteist duyumunun köməyi ilə bunu belə izah edir:
Hüsn olmasa eşq zahir olmaz
Eşq olmasa hüsn mahir olmaz
Sevgi ilə gözəllik iç-içədir. Biri olmasa o birinin mənası olmaz. Sevgini doğuran səbəbsə bizim fitrətimizdəki ehtiyacla qarşıdakının bu ehtiyaca çarə olmasıdır.
Eşqin hüsnə, yəni, sevginin gözəlliyə həsrət qaldığı an söz kədərə verilir.
Bədii əsərlər yaradılışımızdakı gözəlliyə xitab edəndə əsl sənət əsərinə çevrilir.
Əks halda Mexikonun qaranlıq arxa küçələrində adam bıçaqlayan meksikalı avaradan bəhs edən hekayə səhranın toz boğanağına düşüb əbasına bürünən dörd arvadlı misirlinin xoşuna gələ bilməz.
Bir yaponu kədərləndirən hadisəyə biz gülüb keçərik.
Dünya insanını gözəllik qədər heç nə öz hüzurunda birləşdirə bilmir.
Nə din, nə beynəlxalq ideologiyalar, nə də böyük ittifaqlar.
O gözəllik ki, hardasa, necəsə Tanrı dediyimiz o mücərrəd varlığın sinonimidir.