“Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanına əlavələr silsiləsindən
Hərdən çox göynəyirəm, deyirəm Allah nənəmə lənət eləməsin, qoyaydı həkim bıçağı məni anamın bətnindən qaşıyıb küllüyə tullayaydı, yoldan ötən sümsük it qan pıtığının içində cücərməyə başlayan dölümü, mayamı yeyib südünü küçüklərinə əmizdirəydi.
Tez də peşman oluram, yox, elə nə yaxşı doğulmuşam, nə yaxşı belə qardaşların bacısı olmuşam. Onların xətrinə başlarına gələsi hər bəlaya dözəcəm, Əzrayılın xançalında gedən təbərrük canlarına baxacam, fələyin ovcuma damızdırdığı qardaş ölümü zəhərini, şərbətini dadacam...
Nənəm deyərdi qız doğulan evdən muştuluqçu çıxmaz. Mən doğulanda Kamil qardaşım xeyli muştuluq yığıbmış. Nənəm məni sığalladıqca, qorğandıqca böyük əmim Musa ona irad tutardı:
- Ay ana, qıza sərmayə qoymaq su üzündə ev tikmək kimi bir şeydi. Bunun üstündə gədələri üzüdanlaqlı eləmə, qalaylı qazan kimi parıldatma.
Nənəm əlini yelləyib, əziz oğlunun dediklərini sümürdüyü qəlyanın tüstüsütək özündən uzaq eləyərdi, biz qızları kölgəyə, oğlanları gimgəyə ötürərdi...
***
Qırx il çobanlıq eləyən atam cəmi dörd sinif oxumuşdu – kəndimizin məktəbi o qədər təhsil verirmiş. Bundan sonra qonşu kənddəki məktəbə aralıqdan keçən arxın fızıllığını yarıb gedə bilməyib – arxın üstündəki sıx cəngəllik tülkü, çaqqal ovlağıymış. Nənəmlə atam düz bir həftə o pöhranlığı dəhrəylə yarsalar da, arxa körpü ata bilməyiblər. Beləcə atam aylar uzunu məktəb deyib ağlayıb.
Sonra kəndə adamlar gəlib, uşaqları yığıb sənət məktəbinə aparmaq istəyiblər. Atam sevincək nənəmin üstünə qaçıb:
- Ana, mən də oxumağa gedirəm.
Nənəm atamdan kiçik iki uşağının – Telli mamayla Cahangir əmimin əlindən tutub deyib:
- Sən oxumağa gedirsənsə, bəs bu yetimlər necə olsun?
Atam bacısına görə arzularının üstünü torpaqlayıb, məktəb yolunu kəsən o fızıllıqdaca basdırır. Bacısı onda körpəymiş, nənəm çağanı atamın umuduna qoyub kolxoza işə gedirmiş. Arvad gələnəcən atam çağanı diliylə əmizdirirmiş, onu çatlamağa qoymurmuş. Bacısı ölən günə qədər qardaşının bu əhliyyətini unutmadı.
Savad, peşə dalınca gedə bilməyən atam anasıyla şərt kəsir:
- Mən oxuya bilmədim. Tez evlənəcəm, çoxlu uşağım olacaq, hamısını da oxudacam.
Gününü örüşdə, mal-davarın arxasında keçirən atam əlinə düşəni oxuyurmuş. Radionun ədəbi verilişlərini izləyib, oradan tanıdığı müəlliflərin kitablarını alırmış. Bir gün satdığı qoyunların puluna “Səfillər”i, “Anna Karenina”nı alanda kitabsatan atamı lağa qoyur:
- Bunları neyləyəcəksən?
- Oxuyacam.
Musa əmimi tanıyan kişi atamın çoban olduğunu bilirmiş:
- Apar, səni harda görsəm, bu kitablarda yazılanlardan soruşacam, cavab verə bilməsən, bazardakıların yanında səni biyabır eləyəcəm.
Bir aydan sonra atam yenə şəhərə gedir, kişinin sorğu-sualına necə cavab verirsə, kitabsatan çoban oxucusuna xeyli kitab bağışlayır.
***
Atam on altı yaşında evlənir, çoxlu uşağı olur. Səməndər Kamildən iki yaş böyük idi, doğuşdan qan xəstəliyinə tutulmuşdu deyə onu məktəbə gec qoymuşdular. Səməndərin səkkiz, Kamilin altı yaşı olanda ikisi də bir sinifdə oxumağa başlayırlar. Onların dostluğunun bünövrəsi elə o vaxtdan qoyulmuşdu. Əlifbanı öyrənəndən sonra Səməndər çox vaxt məktəbə gedə bilmirmiş. Telli mama hər səhər Kamili kürəyində dərsə aparıb gətirirmiş. Beləcə, balaca qardaş məktəbdə keçilənləri qayıdıb evdəki xəstə qardaşına öyrədirmiş.
Kəndimizdə onillik məktəb olmamışdı deyə atam oğlanlarını iki il şəhər məktəbində oxutmuşdu.
Məktəbin yataqxanasından bir otaq tutub, içində normal şərait qurubmuş. İstilik sistemi olmadığından otağa soba qoyub, bütün qışı atıyla rayon mərkəzinə odun daşıyırmış. Qardaşlarım sönən ocağı qalaya bilmirmişlər. Atam iri kötüklər doğrayırmış, Telli mama o kötüklərin üstünü qaşıyıb ağardıb yuyurmuş ki, gənclərin otağını hisə bulamasın. Kişi örüşdən qayıdıb həmən o kötükləri çuvallara yığıb atını çapırmış qardaşlarıma sarı, iri-iri odunları ocağa qoyub, sobanı yandırıb geri qayıdırmış. On kilometr o yana, on kilometr bu yana.
Qardaşlarım atamın zəhmətini itirmədilər, eyni ildə ikisi də ali məktəbə qəbul olundu. Kamil tələbəliyində də böyük qardaşının qulluğunda durdu – yeməyini bişirdi, paltarını yudu, ayaqqabısını təmizlədi. Onun yerinə imtahana girdi, onun yerinə döyüldü...
Atam, nənəm, bibim, əmilərim, xırda dayım iki qardaşı sevgiyə bələdilər. Bax elə bu sevgi də sonradan Kamilə bəla gətirdi.
***
Nənəm böyük qardaşıma Allahdan əlli yaş diləmişdi. Bu yaşı ötürəndən sonra Kamil qardaşını hər görəndə çırtıq çalıb oynayırdı:
- Yaşayırsan ey, nənəmlə mənim sayəmdə yaşayırsan.
Səməndər evlənib ayrılandan sonra da onun evinin ağır işlərini Kamil görürdü: dəyirmanına gedirdi, bağını suvarırdı, onun inəyini öz qapısında saxlayıb, yavanlığını ailəsinə daşıyırdı.
Aqil qardaşım getdiyi ölkələrdən onlara əyin-baş alırdı: şlyapalar, kostyumlar, qalstuklar, köynəklər, odekolonlar... Hərdən Kamil öz payına düşənləri də Səməndərə verirdi...
Cavidlə mən atam evinə qayıdanda Kamil bunu toy-bayrama çevirmişdi:
- Ay bacı, qadan alım, elə billəm evimizə işıq gəldi, ağzıma dad gəldi.
Hərdən soruşurdu:
- Bu gün bacımın mətbəxində nə bişəcək?
Deyirdim:
- Aş, dovğa.
- Sən Allah qazanı cüt as, yanına da bir şirin şey. Dərsdən tez gələcəm, qazanı götürək qaçaq Səməndərin üstünə, birlikdə yeyək.
Dərsdən gəlcək məni ley kimi dimdiyinə vurub böyük qardaşımızın bacasından salırdı. Süfrə başında deyə-gülə arandan-dağdan danışırdıq. Hərdən Kamil məndən soruşurdu:
- Musa əmi necə demişdi?
- Qarabatdaq tapdı, leylək yedi, sallanıb gəzdi.
Səməndər ürəkdən gülürdü:
- Məni deyirsiz, hə?
Kamil qardaşını sinisaf eləyirdi:
- Sən həmişə bizim leyləyimizsən, qızlar barəsində olanı deyirəm.
- Qız – it dərisindəki kərə yağıdı, oğul – ceyran göbəyindəki müşk-ənbərdi.
Sözümü bitirməmiş ikisi də xorla gülürdü. Səməndər özündən iki yaş kiçik dostuna göz basıb deyirdi:
- Yalan sözdü, qız – qızıl bilərzikdi, qızıl boyunbağıdı, sənin kimi. Yaxşı keçmisən qolumuza, boynumuza.
Mənə yalan-gerçək elə təriflər vururdular, öz-özümə deyirdim: “Allah, nə yaxşı ərim öldü, bunların yanına döndüm...”
***
Səməndər öldüyü ərəfədə Kamil iki ağır əməliyyatdan keçmişdi – böyrəyinin birini çıxarmışdılar, boğazından da şiş götürmüşdülər. Elə buna görə də onu qəfil bəlaya gələn qardaşından uzaq tutmağa çalışdıq. Səməndər gündən-günə pisləşdikcə Aqil deyirdi:
- Bəlkə Kamili çağıraq, sonra bir şey olar, özümü bağışlaya bilmərəm.
Mən özümü didirdim:
- Çağıraq ki, qardaşın ölür, dur gəl? Yox, olmaz, Səməndər məni qoyub getməz.
Keşkə Aqil mənim sözümə baxmayaydı. Böyük qardaşım dili batınca öz dostunu, sirdaşını harayladı, mən ölmüş ikisinə də zülüm elədim.
Səməndər dəfn olunan gündən Kamilə bəla gədi. Yeməkdən-içməkdən kəsildi, üzü gülmədi, evdən eşiyə çıxmadı. Heç birimiz özümüzdə deyildik, bizi kiritməyə, təsəlli verməyə kimsənin hünəri çatmırdı. Tək Kamilə dəymədi qardaşımın gülləsi, Sevil bacım da sağalmaz dərdə ürcah oldu, Hakim şəkər tapdı, mənim əllərim çürüməyə başladı. Hər şənbə-bazar Aqil bizi yığırdı bağına, atam-anam da yanımızda qardaşımın şəkillərini düzürdük ortalığa, çəkildiyi videokasetlərə baxa-baxa özümüzə divan tuturduq.
Səməndərin ilinə az qalmış Aqil zor-güc Kamili Türkiyəyə apardı. Bir həftə sonra kor-peşman geri döndülər – türk həkim qardaşımda bedava dərd tapmışdı. Gecə atamı-anamı, xəstəmizi yuxuya verəndən sonra zülümkeş qardaşım hamımızı başına yığıb xırda məşvərət elədi:
- Həkim Kamilə üç ay vaxt qoyub, amma özünün bundan xəbəri yoxdu. Onu kəndə buraxmayacam, yanımızdan ev alıb köçürəcəm ora. Hamımız hər gün başına yığılacağıq.
Aqil dediyini bir ayın içində yerinə yetirdi. Kamil təzə evinə yığışanda Telli mamayla Rüfət kənddə şəbeh çıxartdılar. Rüfət az qalmışdı Aqillə aradan pərdəni götürsün:
- Sən xəstəlik bəhanəsiylə qardaşımı mənim əlimdən ala bilməzsən. Balalarım da, mən də burda onsuz yaşayammarıq, - deyib Kamilin ayaqlarına düşürdü, ağlayırdı, yalvarırdı.
Aqilə güc gələ bilməyəndə Rüfət geri qayıdıb Telli mamanı, yarımçıq doğulmuş iki körpəsini maşına qoyub sürdü Bakıya. Bibim Kamili görəndə vəziyyətin ürəkaçan olmadığını başa düşdü. Üç gün şəhərdə qaldı, hər gecə gizlicə durub qardaşımın başına dolandı. Üç günün tamamında Rüfətin Kamildən sallaşıb ağlaşan körpələrini də götürüb geri qayıtdı. Gethagetdə Kamilə:
- Ayaqlarımı soyuq suya qoyub, saçlarımla suyu döyüb Allaha yalvarmışam, özümü sənə qurban demişəm, - dedi. - Məni öldürəcək, sən yaşayacaqsan.
Allah Telli mamanı tez eşitdi. Bir müddət sonra arvad yorğan-döşəyə düşdü. On günün içində yaralı qəlbini götürüb bizdən ayrıldı, qanı daman ruhu cavan balasının canına qıymış dağlara çəkildi. Kamil onun tabutuna çiyin verdi.
Bundan sonra Aqil, nağıl diliylə desəm, ayağına dəmir çarıq geyib, heybəsinə yavan çörək qoyub düşdü çöllərə. Harda bir loğman dedilərsə, onun üstünə qaçdı, tibbin inkişaf elədiyi ölkələrə ün saldı. Yüz yerdən dava-dərman tapıb quş dimdiyində Kamilə çatdırdı, hər ocaqdan bir məlhəm qapıb qardaşının yarasına bağladı. Həkimlərin “bu dərman çox bahadı, ala bilsəniz yaşayacaq” deyib nişan verdiklərinin hamısını aldı. Uzaq Kolumbiyadan quana-bana adlı bir meyvə gətirdilər, qardaşım bu meyvənin birini yesəydi, yeddi kimyaterapiya almış sayılacaqdı. Bir sözlə, Şam şamaması, Əcəm alması deyilən nə vardısa, Aqil onu xəstəmizə yetirdi.
Türk təbibin verdiyi üç ay möhlət yalan oldu. Xəstəmiz sağalıb ayağa qalxdı, evinə, elinə, işinə qayıtdı.
***
Nağıl dili yüyrək olar, illər ötdü, atam da köçünü yığası oldu. Kişi gecə-gündüz üzü qibləyə yalvarırdı:
- Allah, məni tez apar, bunun da dağını görməyim.
Səməndər sağ olsaydı, atamı yola salandan sonra qardaşlarımı başıma yığıb onlara süfrə açardım, şirni paylayardım, sonda da aşıq yerinə özüm oxuyardım...
Qaldım anamla Kamilin arasında. İndi də mən Allaha yalvarırdım ki, birinci anam ölsün, onu da Kamil irahlasın. Sən saydığını say, gör fələk nə sayır...
Qəflətən Kamilin halı pisləşməyə başladı. Bacı-qardaşımın uşaqları nişanlıydı, qarşıda dörd toyumuz olasıydı. Qardaşımın özünün təkidiylə Sevil gəlinini gətirdi, Rüfət qızını köçürdü. Qaldı Lalənin oğluyla Hakimin balasının məclisi.
Avqustun axırı fürsət tapıb Cavidlə birgə kəndə qaçdım. Qardaşımı görəndə elə bildim göyün dirəyini çəkdilər, qaldım uçqun altında. Eləcə bir-birimizə sarılıb ağlaşdıq. Uzun yay gününü baş-başa keçirdik, saatlarla göz-gözə durub baxışdıq. Arada Kamil zəif səslə deyirdi:
- Uzanmaq istəyirəm, dur get Rüfətgilə.
Bütün günü iki evin arasında yol ölçdüm. Axşamüstü bozardığımı görən qardaşım dedi:
- Deyəsən bu qız acdı axı.
Cavidi kənddəki dostları qonaq aparmışdı. Qardaşım yanılmırdı, mən doğrudan acından uğunurdum. Bu evin gəlini soruşanda yalandan deyirdim o biri evdə yemişəm, atam evinə keçəndə də kiçik gəlin elə bilirdi Kamilgildə məni yedizdiriblər.
Qardaşım dincəlmək üçün uzananda qaçırdım qəbiristanlığa. Atamın, Səməndərin, Telli mamanın, Şəfaqətin başdaşılarına söykənib ağlayırdım:
- Gözdə-qulaqda olun, az qalıb, Kamil də gəlir, - deyirdim.
***
Səhəri şəhərə qayıtmalıydıq. Çox çətin ayrıldıq. Nənəmdən qalma tutun dibində qucaqlaşıb görüşdük, bir-birimizi öpüb qoxuladıq. Ayaqlarım getmirdi, bir addım irəli atan kimi yenidən dönüb qardaşıma sarılırdım. Bilirdim hər şey ola bilər, ona görə gedə bilmirdim. Bir xeyli beləcə görüşüb-ayrılma oyunu oynadıq. Axırda Kamil bezdi deyəsən:
- Qaç get, - dedi, - bir də geri çevrilmə.
Dediyi kimi elədim, amma bir az gedəndən sonra yenidən geri döndüm, arxamca həsrət-həsrət baxan ərimiş, yığılıb balacalaşmış qardaşımı görəndə bir də qayıdıb ona sarıldım. Kamil dözmədi:
- Səni and verirəm Səməndərin canına (heç vaxt goruna and verməmişdik) get, bir də geri baxma.
Onu öpüb irəli atıldım, daha geri qanrılmadım. Cibimə qoyduğu zərfləri bərk-bərk sıxıb özümü oğlumun maşınına yetirdim:
- Sür, balam, dayanma, sür. Sür qaçaq buralardan.
Doğrudan da, bu, mənim yaralı qardaşımla son görüşümmüş...
***
Zərflərin içində pul vardı. Üstünə öz xəttiylə yazmışdı: “Toyunuz mübarək olsun!” Əgər bu günlərdə Kamil ölsəydi, zərfin birini Lalənin oğlunun, birini də Hakimin oğlunun nəmər qutusuna atacaqdım.
Şükür ki, Anarın toyuna gələ bilmədisə də, sorağını eşitdi. Zərfi öz oğluna verdim, atasının adından toya saldı. Qalırdı Hakimin oğlunun toy nəməri. O günlər ürəyim əsim-əsim əsirdi, zamanın damarını dartıb qoparmaq istəyirdim...
Toyqabağı Lalənin yükünü yüngüllətmək üçün məzuniyyətə çıxıb anamı yanıma gətirmişdim. Kamil bizə söz vermişdi: “Anarın toyunun sabahı həkimə gələcəm”.
Anar məndən toyuna şax bəzəməyimi istəmişdi. Uşağın istəyini yerinə yetirmək üçün Sevil bacımı anamın yanında qoyub toya getdim. Məclisə girməmiş Kamilə zəng vurdum. Ağrıdığı səsindən bilinirdi:
- Həmişə toylarda! Bacı-qardaş bir şəkil çəkdirin, gələndə götürəcəm. Bu gecə möhkəm duracam, ölməyəcəm, gedin uşağın toyunu eləyin.
Bir küncə çəkilib gözümün yaşını qurutdum, bəzədiyim şaxı Anarın başına fırlayıb içəri keçdim. Əmim balalarını, sonbeşik qardaşım Rüfəti görəndə əhvalım düzəldi, bir anlığa bütün ağrı-acımı unutdum.
Ziya gah məni, gah da Laləni qucağına alıb ortalıqda fırladıb yerə qoyurdu, meymunluq eləyirdi. Arada Lalə ona söz atdı:
- Ay bala, axı mən səni toya çağırmamışam, de görüm nəyə gəlmisən?
- Yaxşı eləyib gəlmişəm, yeyib içib oynayacam. Hələ gör Bircənin şaxına nə qiymət kəsəcəm! Cibim dolu pulla gəlmişəm, bu gecə o pulun hamısını sizin başınıza səpəcəm.
Rüfət hərdən əl atıb Ziyanın saçını dağıdırdı:
- Kirpiyə baxın, məni qoyub küçədə, salona dürtülüb özünə saç düzəltdirib.
Əmimin Rüfətlə yaşıd sonbeşiyini öpüb dedim:
- Soruşublar kimin başı gözəldi, tısbağa öz başını qından çıxarıb.
Dəcəlov qardaşım Ziyanın kəlləsinə çırtma vurub dedi:
- Bax o tısbağa budu. Atamızın bir vaxtlar Anarın əlindən alıb çəpər dibinə atdığı həmən qoca tısbağadı...
Hamı yerini təzəcə tutmuşdu, bəy-gəlin də içəri girmişdi, gördüm əmimin balaları salonda aşağı-yuxarı gedib-gəlirlər. Ziya ağappaq ağarıb, Məhər pörtüb, bayaqdan deyib-gülən adamların üzü dönüb. Aradan azca keçmiş baxdım uşaqlar bir-bir zaldan çıxırlar. Rüfət məni yanlayıb qulağıma pıçıldadı:
- Biz kəndə qayıdası olduq.
Gözüm kəlləmə çıxdı:
- Niyə, əlbət Kamilə nəsə oldu?
Qardaşım çiyinlərimdən basıb məni oturtdu:
- Dəli-dəli danışma!
- Bəs noldu, niyə gedirsiz? Axı Ziya dedi oynamağa gəlmişəm.
Qardaşım məni darta-darta toyxanadan çıxardı. Əmim oğlanları foyedə boyun-boyuna vermişdilər. Rüfət məni divana çökdürdü, bir istəkan suyu dodağıma söykəyib dilləndi:
- İndi sənə bir söz deyəcəm, amma qışqırmayasan ha!
- Yaxşı, - deyib udqundum, amma boğazımdan nəinki su, hava da keçmədi. - Bilirəm pis xəbərdi, amma bir az tez denən. Anamız öldü?
- Kaş anamız öləydi. Zümrüdün oğlu şəhid olub, biz geri qayıtmalıyıq.
Oturduğum yerdən salona baxdım – bacım oğlunu ortaya qoyub oynayırdı, qanadlanıb uçurdu. Bəzəkli divarlar başıma fırlandı. Gözümdə bir ayrı mənzərə canlandı: mənim uşaqlıq yoldaşım, bacım əvəzi əmim qızı zülüm-zillətlə böyütdüyü övladının qanlı paltarını sinəsinə sıxıb nalə çəkirdi...
***
...Kənddə olan vaxtlarımdı, oğlumun paltarlarını yuyub zivədən asıram. Xırda, çəlimsiz bir uşaq ayaqlarıma dolaşır, əlini ipdən asılı paltarlardan süzən suyun altına tutub deyir:
- Xala, bax bu şalvarı mənə verərsən, bu jaketi də. Onsuz da Cavidə balaca olur.
- Verərəm, qadan alım, qoy qurusun, verərəm.
- Ay xala, gəl gedək gör sənin oğlun nə geyib futbol oynayır.
- Gedək görüm nə geyib.
- Mənim hər gecə yuxuda gördüyüm ayaqqabıları. İndi o ayaqqabılar cırılsa, sonra mən nə geyəcəm?
Məhlədən qapıya adlayırıq, yalandan vay-şivən salıb oğlumu evə qovuram, ayağından çıxardığı idman ayaqqabılarını kösöv kimi qaralmış arıq uşağın qucağına basıb yola salıram:
- Qaç, Cavid görsə, ikimiz də batdıq.
Səhər atam oğluma yalandan bir and içəcək:
- Ayə, buranın adı haqqı it aparıb sənin ayaqqabılarını...
Ovurdlarını şişirtmiş qırmızıyanaq kişi zurnanı pülədikcə qucağında bir cüt geyilmiş ayaqqabı tutan qaraşın cılfır uşaq illərin arxasından üzümə gülümsəyir...
***
Məhər məni qucaqlayıb dilə tutdu:
- Səni and verirəm əmimin adına, gir içəri, heç kimə də heç nə demə, qoy Lalə uşağının toyunu eləsin. Biz getdik.
Onları qapıyacan ötürdüm, sonra ayağımdakı qondaraları soyunub əlimə aldım, özümü sürüyüb içəri saldım. Atamın xalası nəvələri oturan masanın qırağındakı boş yerə çökdüm, dodaqlarımdan boyanı, sifətimdən yaxını silməyə başladım.
Bacılarım yapışdılar yaxamdan:
- Nolub sənə, niyə uşaqlar tez getdilər?
Eləcə susurdum. Saat on ikiyəcən Lalə məni dəli danaya döndərdi:
- Sən necə xalasan, aazzz, bəs deyirdin Anarın toyunda belə eləyəcəm, elə eləyəcəm. Camaat gülür ey sənə, niyə ayağa durmursan?
Bacım donumu necə dartdısa, elə bildim cırıldı, əndamım çöldə qaldı.
Təpədən-dırnağa keyimişdim. Aqil ağzını qulağıma tutub dedi:
- Sənin halını görəndən sonra anamızla, Kamillə danışdım. Hər şey qaydasındadı. Toy qurtarır, heç olmasa indi de görək nolub?
Mən də qardaşıma sarı əyilib qulağına dedim:
- Zümrüdün balaca oğlu şəhid olub.
- Vaayy, uşaqlar ona görəmi tez qayıtdılar?!
Saat on ikini keçəndə qardaşım toyu bağladı. Hamının gözü bəzəkli şaxda qaldı. Lalə heyrətlə Aqilin üzünə baxdı: yəni niyə belə tez?
Camaatı salonda qoyub Cavidlə birgə evə getdim.
Toy libasımı soyunub yas paltarı geyindim, gecəylə əmim qızının – bir vaxtlar ilk düşmənim olan, sonradan bacılarım qədər bağlandığım Zümrüdün harayına tələsdim.
Yerdə işıq, göydə ulduz bərq vururdu. Oğlum maşını qovduqca qovurdu. O gecə Anar gərdəyə girir, nişanlı Fərhad kəfən geyinirdi...
***
Dan yeri sökülhasöküldə yanından ötdüyümüz obalar hələ yuxudaydı. İllərin o tayından Zümrüdün gülən gözləri gözümün önündə peydahlanırdı:
- Ala, sox gözünə bu donu, ayaqqabını sənə mənim atam alıb.
Əmim qızının gətirdiklərini qapıb içəri qaçırdım, tələsik əynimə pəçitləyirdim.
Qəribədi, on səkkiz yaşımacan mənə paltarı Musa əmim, Zümrüdlə Səhərə atam almışdı. Qardaşlar bir-birindən utanırdılar, heç biri öz qızına bazarlıq eləmirdi.
Geyinib otaqdan çıxar-çıxmaz Zümrüd mənə cocuyurdu:
- İndi get dədənə göstər bunları, qoy sabah gedib o da mənə alsın.
Beləcə dəyiş-düyüş yaşayırdıq, boğuşa-boğuşa böyüyürdük. İndi o nəmişi gözəlin qundağına qan damırdı...
***
Hava çox soyuğudu, qapıda xeyli adam vardı. Əmim oğlanları camaatı yarıb bizə doğru gəldilər. Bir gecədə hamısı qocalmışdı.
Zümrüdün Telli mamamızın səsinə bənzər avazı içəridən səhərin qoynuna yayılırdı:
Nərgizlər, ay nərgizlər,
Topa-topa nərgizlər.
Sənin gözəl canını,
Torpaq örtər, yer gizlər.
Cəfakeş əmiqızı yanaqlarını soyub qanını sinəsinə axıtmışdı. Rəhman əmimizin qızları haya məndən tez çatmışdılar. Ortalıqda bir yıxılı igid uzanmışdı. Zümrüd bir cüt qanlı çəkmə də qucağında oğlunun baş ucunda oturub mələyirdi...
Axşama yaxın evə qayıdıb Sevili anamın qulluğundan azad eləməliydim ki, indi də o, Zümrüdün (həm də sinif yoldaşıydılar) harayına çatsın. Məhər hamını bərkitmişdi – Kamil Fərhadın müsibətini bilməməliydi.
***
Qardaşım sözünün üstündə durdu, toyun səhəri şəhərə gəldi. Həmişəki kimi yenə öz evinə düşdü. Anam imkan vermədi ki, gedib onu ziyarət eləyim. Eləcə telefonla danışırdıq. Qəribədi, mən anamın beyin, göz yaddaşından əməlli-başlı silinmişdim, nə qədər qulluğunda dururdumsa, yenə məni tanımırdı. Kimsə məni soruşanda “Bircə çoxdan ölüb” deyirdi. Bunu eşidəndə Kamil çox pəjmürdə olurdu, mənsə gülüb:
- O məni doğmamışdan öldürüb, - deyirdim, - heç kefini pozma.
Anamın yaddaşından təkcə mən silinmişdim, qalan uşaqlarını əzbər bilirdi. Kamil bir az gec zəng vuranda havalanırdı.
Lalə Kamili necə görmüşdüsə gözünün suyu qurumurdu, elə hey Aqilə yalvarırdı:
- Nolar, əziyyət vermə, onsuz da qardaşımız son günlərini yaşayır. Dəymə ona, qoy elə yığışıb oturaq dizinin dibində, üzünə baxaq, səsini eşidək.
- Dəlisən, oturum gözləyim ki, Əzrayıl bəy nə vaxt gəlib qardaşıma çəngəlini çalacaq? Bir bahalı iynə var, onu köçürdəcəm Kamilə. Ağrısı-acısı olmayacaq. Qoy barı Hakim də oğlunun toyunu çaldıra bilsin.
Mən hər zəng elədikcə Kamil də azaylanırdı:
- Mən canımdan usandım, bezdim, Aqil əl götürmədi, yorulmadı. Mən həkimə getməyə gəlməmişəm ey, gəlmişəm ki, görüşək, halallaşaq.
- Elə demə, ay qardaş, Aqil neyləsin. Səməndərin dərdini hələ çəkib qurtara bilməmişik.
Neylədiksə Aqili fikrindən döndərə bilmədik. Qardaşımızı zorla xəstəxanaya yatırtdı. Həmin gün Kamildən mənə zəng gəldi:
- Qadan alım, nətərsən?
- Mən sənin qadanı alım, ay qardaş, yaxşıyam, - dedim.
- Anam bu gecə yuxu-zad görməyib ki?
- Ananın yuxusu qara gəlsin öz canının üstündə. Görsə də, yuxu danışar? Niyə soruşdun, ay qardaş?
- Dedim bəlkə o yuxunu bəhanə eləyib Aqildən canımı qurtaram. Vallah daha dözümüm qalmayıb, heç bir iynə-dərman istəmirəm.
- Aqil sənə pis dərman verdirməz, başına dolanım, azca səbr elə, yaxşı olacaqsan.
- Sənə bir söz deyim, amma sən Allah qaraçılıq eləmə. Mən ölsəm, anamıza deməyin, qoyun elə bilsin sağam.
- Sənə bir şey olsa, ananı boğub öldürəcəm.
- Hıhh, ağbirçəyə bax ey, səki bunu ağıllı bildik. Qadan alım, birdən elə iş tutarsan ha, vallah yaşaya bilməzsən ondan sonra.
- Bax dedim sənə, başına bir iş gəlsə, ananı öldürəcəm.
Qardaşım keçdi yalvarmağa:
- Bircə, qadan alım, onsuz da anamız bir yol beyman olub, Səməndər kimi oğlunu itirib, bir də sən onu beyman eləmə.
- Onda sən də ölmə.
- Yaxşı, ölməyəcəm.
***
Axşamüstü Aqil hamımızı tək-tək yığdı:
- Heç biriniz bu gün Kamilə zəng vurmayın. Çox yorulub, qoyun dincəlsin, sabah yanına yığışarıq.
Arxamız, dirəyimiz, ümid-pənah yerimiz, başımızın böyüyü qardaşımızın sözündən çıxmadıq, hərəmiz öz evimizdə qıvrılıb yatdıq.
Heç demə Kamil o gecə sübhə kimi canıyla əlləşib. Yoldaşı qoymayıb oğlu bizi oyatsın:
- Yazıqdılar, qoy gecəni rahat yatsınlar, - deyib, - onsuz da atan gedir.
Səhərə yaxın oğlu Kamili xəstəxanaya qaytarar, həkimlər axşamacan qardaşımın üstündə əlləşərlər...
Bizim Əzrayılımızı mən yaxşı tanıyıram, əzizlərimin dalınca həmişə şər çağı gəlib. Nənəm yazıq dar vaxtı, şər vaxtı dediyi gecə doğuşundan yaman qorxardı. Biz balaca olanda şər çağı hamımızı başına yığardı, kəlağayısının quncundan tutub havanı yelpikləyə-yelpikləyə deyərdi:
- Gəl, gəl, xoş gəlirsən! Putlamış kötüyü qoyub körpə şivləri doğrama. Rahat gəl, yüngül get. Xançalını iti elə, kəsdiyini ağrıtmasın.
Bizi arxasına yığıb, əliylə, yaylığıyla havanı yara-yara gah mehriban danışar, gah qəribə söyüşlər söyərdi. Hamımızı nədənsə qorğanırmış kimi davranardı. Biz də bir az arvadın arxasında ləngiyər, sonra dağılışardıq...
***
Şəhərə ağır bir axşam düşürdü, top-top qara buludlar o yan-bu yana qaçışırdı. Anam divanda oturub gözünü bir nöqtəyə zilləmişdi. Sabah başqa bir rayona – Hakimin oğlunun qız toyuna gediləsiydi. Lalə bu toyu da sovub anamı götürəcək, məni azad eləyəcəkdi.
Aqil zəng vurdu:
- Neylirsiz?
- Heç, yaxşıyıq.
- Cavid işdədi?
- İndi çıxdı, evinə gedəcək.
- Otur.
- Oturdum, - qardaşıma yalan söylədim, otura bilmədim, - indi de sözünü.
- Yığ Cavidə denən özünü xəstəxanaya çatdırsın, mən də gəlirəm. Deyəsən Kamil gedir. Qapını aç, sürücünü yollamışam. Anamı qəşəng geyindir, ona heç nə demə.
- Ananı kəfən geyinsin, ananın meyidi ortalıqda qalsın.
Aqil o başdan yalvardı:
- Bircə, başına dönüm, anam neyləsin? Anam istəyərdi balası ölə? Qapını aç, sürücü evə girsin. Bax səni and verirəm atamın, Səməndərin, Telli mamanın adına, birdən arvada bir şey eləyərsən haaa!
Ürəyim ağzımda döyünürdü, ağlayırdım, neyləyəcəyimi bilmirdim. Qapım aramsız döyülürdü. Qəfil dəli gülmək tutdu məni: Kamil mənim dediklərimə inanıb, sözümü qardaşıma çatdırıbmış.
- Anana neyləyəsiyəm ki! Əzrayıl ona elədiyini elədi, qorxma.
- Anamı da götür get Laləgilə, görək başımıza nə gəlir.
Yolboyu anamın əllərini sığalladım, üzündən öpdüm. Bəlkə də ilk dəfə ona çox acıdım, yazığım gəldi. Mən onu öpdükcə arvad çimçəşirdi, məni yad adam bilirdi, hərdən sinəmdən itələyirdi.
Şəhərin bütün işıqları yanırdı. Bir azdan daha bir qardaşımızı arxası üstə elinə-obasına çatdıracaqdıq, kəndimizə vay xəbəriylə girəcəkdik...
***
Laləylə mən yolun yarısınacan Cavidin maşınında getdik. Hakimi güc-bəla, yalvar-yapış geri qaytardıq – xonçalar qurulu, qız evində toy tutulu; işi axsatmaq olmazdı.
Oğlum bir əli sükanda, bir əli də gözündə danışıb ağlayırdı, ağlayıb danışırdı:
- Ana, dayımın üzündə gözəl bir təbəssüm donmuşdu. Nadiri (Aqilin kiçik oğlunu deyirdi) meyitdən güclə araladım.
Dayı kultu bizim evdə çox güclü olub. Oğlum dayılarından bir hörmət görən kimi atılıb düşüb deyirdi:
- O Allahın bacısı oğlu deyirlər e, bax o mənəm...
Yolun yarısında Aqil bizi öz maşınına mindirdi. Gah ağlayır, gah sükanı qapazlayır, gah da qanrılıb üzümüzə baxıb deyirdi:
- Bəlkə də ürəyinizdə məni qınayırsız, qardaşımızın ölümündə məni günahkar bilirsiz.
Arxadan əlimi onun kürəyinə çəkdim, saçlarını qarışdırıb dedim:
- Göydə Allah, yerdə sən əlbir olub Kamilin ömrünü on il uzatdınız. Biz neyləsək də, sənin haqqını ödəyə bilmərik. Sən özünü qardaşlarının yolunda şam kimi əritdin. Onunku da bura qədərmiş, ağlama, qoy indən belə biz ağlayaq.
Hərdən ortaya ağır sükut çökürdü, onda Aqil bayatı çağırırdı:
Dağlar səni əndərim,
Üzünü bəri döndərim.
Kamil də öldü, ay Səməndər,
Xəbərə kimi göndərim?..
Lalənin ağzını tutub səsini çıxarmağa qoymurdum, axı qardaşımızın yükü çox ağırıydı, sevimli dostunun buzlamış canını torpağa pay aparırdı.
Cənazənin hardan götürüləcəyini hələ qərarlaşdırmamışdıq. Aqil dedi:
- Bəlkə atamız evinə aparaq?
Etiraz elədim:
- Yox, ay qardaş, özü külüng çalıb iki yerdə ev tikib, rayon mərkəzindəki evi çox rahatdı, gəlin ordan götürək.
Çox keçməmiş Rüfət bizim canımızı götür-qoydan qurtardı:
- Kənddəki evinə gəlin, - dedi, - el tökülüb qapıya, Kamilin yolunu gözləyir...
***
Gecə üçdə kəndə çatdıq. Qardaşımın qapısında iri mağar qurulmuşdu, evlər xalçaya bürünüb döşəyə tutulmuşdu. Samovar qaynayırdı, kənd qocalı-cavanlı ifçin dayanıb bizi gözləyirdi. Yenə bütün ağırlıq Rüfətin, Ziyanın, Məhərin çiyinlərindəydi.
Qardaşımı öz evində yönü qibləyə uzadıb başına yığıldıq. Bacıların böyüyü olduğumdan yerimi qardaşımın baş ucunda irahladım. Mən bu gecə onun həm nənəsi, həm anası, həm bibisi, həm xalası, həm qızı, ən sonda da bacısı olacaqdım. Anasının dilincə “balam laylay”, bibisinin dilincə “gülüm laylay” deyib ağlayırdım. Amma onların heç biri ola bilmirdim.
Anan olsa, ağlardı,
El sinəsi dağlardı.
Kəsərdi saç-birçəyin,
Tabutuna bağlardı...
Yox, mən qardaşıma ana ola bilməzdim. Onun anası gəlib balasına layla çalmalıydı, əlini yarasının üstünə qoymalıydı. Qismət olmadı. Neynək, bacı elə bacılığında qalsa yaxşıdı:
Atam oğlu, sağnan gəl,
Sol uçqundu, sağnan gəl.
Dumanlı dağa düşdüm,
Dur dumansız dağnan gəl...
Dan yeri ağarana qədər gah ağladıq, gah da qardaşımızla qolboyun olduq. Sevil yol gələndə üzünü cırmışdı, onu heç cür kiridə bilmirdim. Axırda bacılarıma acıqlandım:
- Ölən mənim qardaşımdı, gedin öz qardaşlarınızın başına dolanın.
Bu da nənəmin bölgüsüydü: Səməndərlə Kamil mənim payıma, Aqillə Hakim Sevilin payına, Rüfət də Laləyə düşmüşdü. Biz də nənəmizin sözünə inanıb payımıza düşən qardaşlarımıza yiyələnmişdik...
Nənəmin evi, məhləsi Kamilə qalmışdı. Hamımızın dünyaya göz açdığımız həmən ev bir il qabaq sökülmüşdü. Nənəm o evdə, bu həyətdə başımıza çox dolanmışdı. İndi üstündə əsdiyi bir nəvəsi də fələyin zavalına gəlib arxasını yerə qoymuşdu.
Məndən böyük qardaşlarımın hamısının uşaqlıqda məlahətli səsi olub. Cahangir əmi dördünü də yan-yana düzüb nənəmin üzünü divara çevirirmiş. Sonra əmim qardaşlarımı bir-bir oxudurmuş, nənəm oxuyanın kim olduğunu tapanda ona xına, xurma, kişmiş, qoz halvası alırmış.
Xatirələr baxmır ki, sənin ölün ortalıqdadı, üzün cırıqdı, saçın yoluqdu. Harda istəsə, gəlib beyninə dolur.
Hərdən də bibimə acığım tuturdu, nənəm kimi eləmək istəyirdim. Sürgün qardaşının Sibirdən qara kağızı gələndə nənəmin qohumlarından kimsə yasa üzükmür, onda arvad həmən qohumuna bir ismarış yollayır: “Sənin ölünə axıtdığım göz yaşımı düy bir dəsmalın qulağına, yolla bəri”. İndi mən də Telli mamaya təhniz vururdum: “Sənin qardaşlarına, balana tökdüyüm yaşı özümə qaytar, ya da dur harayıma gəl”. Sonra da göynəyirdim – tutiya bibimiz özünü Kamilə qurban demədimi...
***
Cənazə dəfnə saat birdə götürülməliydi. Ancaq Kamilin müəllim yoldaşları, şagirdləri qoymadılar. Mən özmüzünküləri cənazənin başından genidib onlara yer elədim. Müəllimlər hamılıqla meyidə sarıldılar, ağladılar, sızladılar, ağı, bayatı dedilər. Şagirdlər cənazəni gülə tutdular, hər biri müəlliminin qulağına onun bir bənd şeirini pıçıldadı. Demə Kamil Səməndərdən də hörmətli, ondan da istiqanlıymış...
Bir payızı qardaşım yenə çox ağır keçiribmiş. Müəllimlərinin məktəbə gəlmədiyini görən şagirdləri onun xəstə yatdığı otağın pəncərəsinə hər axşam gizlicə gül düzürmüşlər. Qızılgül biz tərəfdə payız daha çox açar. Kamil hər gün pəncərəsində tər gülləri gördükcə dirçəlirmiş, sıyrılıb yataqdan çıxırmış. Axşamlar pərdə dalında gizlənib gülü kimin gətirdiyini görmək istəyirmiş. Gülü görüb gətirəni görməyəndə üzünü qaranlığa tutub şeir deyirmiş, mahnı oxuyurmuş:
Qarşı yatan qara dağdan güllər dərdin,
Yaman tutub çər bağlamış yarama sərdin.
Gəlişini görəmmədim, Həsənəlim, Gülçinarım...
- deyə sevimli şagirdlərinin adlarını qaranlığın qoynuna üfürürmüş.
Arada Rüfət də qoşulurmuş uşaqlara. O da həyətimizdən, həyətimizin gülü qurtaranda qonum-qonşudan gül dərir, dəstə bağlayır, gizlinə qoyurmuş. Düşünürmüş ki, birdən uşaqların yadından çıxar, ya gecədən qorxub gəlməzlər, qardaşının gözü yolda qalar. Belə vaxtlarda sonbeşiyimiz xəstə yatan qardaşının pəncərəsinə gül dəstəsi qoyub qaçırmış.
O payız o güllər qardaşımı ölməyə qoymamışdı...
***
El Kamili necə yola saldısa, mənim yaram dərhal qaysaq bağladı. Səməndərin ən gözəl kostyumunu, atamın saatını, biz bacı-qardaşın Anarın toyunda çəkdirdiyimiz şəkli Məhər Kamilin qəbrinə qoydu.
Yeddisi çıxana qədər hamımız yas evində qaldıq. Ata evinə yovuşmadığımızı görən Rüfət də gecələr gəlib bizim yanımızda yatdı. Onun balalarını da Kamil böyütmüşdü, həkimə, məktəbə özü aparıb gətirmişdi.
Yerdən düzülüb otururduq, bəzən danışmağa sözümüz olmurdu. Kamilin yoldaşı canını qoymağa yer tapmırdı, üzünü xırda qızına tutub deyirdi:
- Əmilərinin, bibilərinin altına döşək qoy, samovarı içəri gətir. Atanın qəbri alışar, ay bala, Kamilin ölmüş günü, onun əzizləri quru yerdə oturublar, qarınları acdı.
Gəlin başımıza pərvanə kimi dolanırdı, arada başını qovzayıb tavana baxırdı. Bilirdim ki, gözləri qardaşımın ruhunu axtarır, qorxur birdən qardaşımız bizə görə sevimli xanımından inciyər.
Allah Aqilin arvadını saxlasın, o da İpəyə qoşulub bizə analıq, bacılıq, bibilik eləyirdi. Fəridənin əziyyətini, qayınlarına bacı sevgisini, yanımcıllığını ölüncə unutmaram.
Kamilin belini qıran Aysel balası bizdən xeyli aralı oturub üzümüzə baxa-baxa susurdu. Atası öləndə onu evdən genitmək istədik, gəlin qoymadı, dedi:
- Dəyməyin, qoyun gözləriylə görsün, sonra mən onu qandıra bilmərəm.
Qəribədi, qardaşım qızı zaman hissini itirmişdi, atası onun yaddaşında özü xəstələnəndə hansı yaşdaydısa, o yaşda qalmışdı. Mənə baxıb ağlayırdı, təkrar-təkrar deyirdi:
- Ay Bircə mama, atam çox cavanıydı axı, bir həftə əvvəl sən onun tortunun üstünə 43 yazmadınmı?
Qardaşımın 66 yaşı ölümündən bircə həftə əvvəl tamam olmuşdu. Demək ki, yazıq qızın yaddaşına həkk olunan atasının 23 il əvvəlki doğum günüydü.
Adam çoxalanda Aysel rahatlıq tapırdı, qalxıb cavanlara qoşulub iş-güc görürdü. Camaat seyrələndə əvvəlkitək məni gözdən qoymurdu. Yeddiyə bir gün qalmış yenə mənə əl buladı. Kamilin oğlu özümü ora-bura vurduğumu görəndə:
- Ay bibi, - dedi, - götür vedrəni, get qozun dibinə tökülənləri yığ, hayıfdı, yerdə qalıb çürüməsin.
Aysel özünü ağacın altına məndən qabaq yetirdi:
- Qozun hamısını yığıb evinə aparacaqsan?
- Yox, qadan alım, - dedim, - neylirəm qozu.
Canıma vəlvələ düşdü. Kürəyimi qıza tərəf çevirmirdim, qorxurdum itələyib yıxar, sonra da döyər məni.
Vedrə dolan kimi götürüb getdi, qalan qozu ağacın dibində bir yerə komalayıb özümü verdim bostana. Balqabaqlar bozarmış otların arasında göbələyə oxşayırdı. Bir irisinin yanında dayanıb baxırdım. Qəfil kürəyimə nəsə dəydi, yıxıldım balqabağın üstünə. Mənə nə olduğunu anlaya bilmədim, səsim sinəmdə düyünləndi. İpəyin qıyyası qulağıma çatanda gözümü açdım, daş kimi balqabağın üstündən arxası qatda yerə düşdüm. Aysel başımın üstündə durub gülürdü. Üzümü əllərimin arasında gizləyib növbəti zərbəni gözlədim. Qapıdakılar mənə doğru qaçanda qız yel kimi aradan çıxdı.
Qabırğalarım sınmadı, amma ağrısı hələ də canımda gizildəyir. Ondan sonra hamı məni qorğanmağa başladı. Axşamlar yerdən döşənib yatanda qızlar məni aralığa alıb gizlədirdilər. Gecənin bir yarısı Aysel otağından çıxıb zalın işığını yandırır, yatanların arasında məni axtarırdı.
***
Gündüzlər yas evində adam azalanda Aqil yoxa çıxırdı. Bilirdim Məhərin bağına çəkilib, döşənirdim dalınca.
Əmim oğlu ata evimizin arxasında gözəl bir bağ salmışdı, dörd yanına dövrələmə çinar əkmişdi. Bağın içi meyvəlik, bostanlıq, yoncalığıydı. Yarpağı tökülmüş budaqlardan nar, heyva, xurma sallanırdı. Aqil çinarların dibindəki çırtatan (itxiyarı da deyirlər) kollarını əzə-əzə aşağı-yuxarı gəşt eləyirdi. Öz-özünə danışırdı, ağlayırdı, gah atamı, gah Səməndəri haraylayırdı. Anamı köməyə çağırırdı:
- Ay ata, balan öldü. Ay Səməndər, səni çağırmaqdan Kamilin bağrı yarıldı, heç olmasa qarşılaya bildinmi qardaşını, görüşdünüzmü? Ay ana, əziz-xələf oğlin ölüb ey, yerinə qor dolmadımı?..
Kamil ayrılıb evinə köçəndən sonra anamın ovcunda iki konfet olsaydı, onu götürüb oğlunun evinə qaçardı. Qazanın dəc yerindən ona pay çəkib gizləyərdi. Atam həmişə bunlara görə anama söz atardı:
- Kamil bizim arvadın ilk məhəbbətindən doğulub. Uşaq göz açan kimi kişi ölüb, bizim arvad da bu oğlanı götürüb mənə ərə gəlib.
Anam havalanardı, qardaşımın cibinə ovuc-ovuc ləpə yığıb topamıza aley verərdi:
- Kamilin daşı düşsün onu istəməyənin başına! Allah ilanın ürəyindəkini bilib deyə ona ayaq verməyib, çatlayın paxıllıqdan.
Anam yayı yaylaqda, qışı qışlaqda keçirərdi. Yazın burnu dəlinəndə şəhərə, Aqilin bağına, ordan sanatoriyalara, istirahət mərkəzlərinə gedərdi. Payız gələndə yenə kəndə dönərdi. Hər dönüşündə Kamil onu şeirlə, mahnıyla qarşılardı, ən çox da Nizami Gəncəvinin son dastanından İsgəndərin anasına vəsiyyətini deyərdi:
Anacan, sən məni eyləyəndə yad,
Yoluma saçlarını, qoparma fəryad...
Buna mən çox cırnayardım:
- Anana deməyə ayrı şeir tapmırsan?
Qorxduğum illər sonra başıma gəlmişdi, saçını yolub fəryad qoparası ananınsa dünyadan xəbəri yoxuydu...
İndi Aqil bunları xatırlayıb anamı təhnizləyirdi. Mən də qoşulurdum ona, yas tutub ağlaşırdıq. Az keçmiş Məhər ley kimi başımızın üstünü alırdı:
- Hələ bacımıza bax ey, heç utanırsan? Niyə bu kişinin bağrını yarırsan? Onsuz da gedən geri qayıdası deyil. Aqil, qadan alım, hamımız sənlə nəfəs alırıq. Ağlamaq nədi, ə! Mən səni hamıdan güclü bilirəm. Məndən balaca olsan da, əmimdən, Kamildən sonra ağsaqqalımız sənsən.
Məhər bizi beləcə danlaya-danlaya qabağına qatıb evinə aparırdı, gəlininə süfrə açdırırdı, keçmiş-keçəndən danışıb başımızı qatırdı.
***
Yeddinin səhəri hamı dağılışdı. Qurulanlar söküldü, qalan ehsan kəndin xəstələrinə, ayaq tutub yasa gələ bilməyənlərinə paylandı. Aqil məni qoyub getmək istəmirdi:
- Sən neçə gün qalsan, mən də o qədər qalacam, - deyirdi.
Əzizim xəstə yeri,
Xəstəsən, asta yeri.
Qiyamət o gün qopar,
Yığıla xəstə yeri...
İkinci qardaşımın da xəstə yatağını yığıb, gözümüzü yolundan çəkib, əbədi ayrılığın yedəyində geri qayıdırdıq.
Qəbiristanlığın yanından keçəndə Aqil başını maşının pəncərəsindən çıxarıb dedi:
- Salamat qalın, ay qardaşlarım! Atamız tutsun çırağı, Telli mama baxsın yaralarınıza.
Yol yarı olanacan heç birimiz dinib-danışa bilmədik. Çiskinli, dumanlı yolu əlimizə alıb ayrılıqlar paytaxtının qoynuna girdik...
Fevral 2023-cü il