Hasardan sızmış şayiələrdə həqiqət varmış - Fuaddan təzə şeirlər

Hasardan sızmış şayiələrdə həqiqət varmış   - Fuaddan təzə şeirlər

11 Aprelel 2023 16:19 552


Gənc şair Fuad Novruzlunun şeirləri

Kağız təyyarələr

Kiminsə kağıza bükülmüş gizli arzuları,
Kiminsə dilə gətirmədiyi sevgi etirafı,
Kiminsə titrək qanad açmış son ümidləri,
Kiminsə ötəri təbəssüm səbəbi.
Kiminsə sözlərdən hördüyü kədər çələngi,
Zaman küləyinin
Havaya sovurduğu
Ömür vərəqləri.
Kağız təyyarələr limanının
Kövrək bünövrəsi.
Qısa uçuşun
Uzun tarixcəsi.

Qaranlıq foto

Görürsən,
Bu fotodakı qaranlıq
Uyuşmaz cəhətlərimizi
Necə ört-basdır edib?
Ətrafımızda vıyıldayan xaos...
Xaosun nizama qarşı əbədi üsyanı,
Xaosun düzən sevdamıza atdığı istehza,
Xaosun sənin saçlarındakı,
Mənim şüurumdakı,
Bizim hisslərimizdəki təzahürü... hamısı,
Hamısı bu dördkünc zaman-məkan çərçivəsində qaranlığın diktəsinə tabe olub.
Bizi ağuşuna alan
Ehtiras və emosiya tornadosu...
O tornadonun arxasınca uzanan təngnəfəs saatlar və siqaret tüstüsü,
O tornadonun yerlə yeksan etdiyi günahlar şəhərinin firavan xarabalıqları,
O tornadonun episentrindəki etiraf və ani mükafat ziq-zaqı...hamısı,
Hamısı bu fotoda qaranlıq tərəfindən Hamarlanıb, cilovlanıb, qucaqlanıb...
Yadındadır,
Səninlə razılaşdıq ki,
Bu qaranlıq foto
Zamanın xəttiliyi və dönməzliyinə qarşı
Bizim ikiölçülü üsyanımızdır?
Bəlkə, fotodakı qaranlığa tabe olmaq da,
Öz qərarımızdır?

"Pravda"

Məni cəzaçəkmə koloniyalarından yuxarıda,
Qırmızı ulduzlardan aşağıda,
Azad səmalarda gözlə.
O səmalarda ki, hava hücumundan müdafiə qüvvələri onlara hakim deyil.
O səmalarda ki, orada yüz minlərlə ruh qaranlığın şər cəbhəsində səfərbər deyil.
O səmalarda ki, orada radioelektron mübarizə vasitələri dua daşıyan mələklərə maneə deyil.
O səmalarda ki, orada qızılı gümbəzlər günəşdən parlaq deyil.
Məni müharibənin fövqündə,
İki okeanın arasında,
Ehtirasın episentrində gözlə.
O ehtirasın ki, radioaktiv dalğalar onu daha da alovlandırır.
O ehtirasın ki, ümumxalq etirazı onun qarşısında aciz qalır.
O ehtirasın ki, federativ zorakılıq aparatı onun suverenliyini tam tanıyır.
Məni geniş meydanlardakı izdihamdan kənarda,
Nüvə hegemonluğu kölgəsinin altında,
Bəyaz gecələrin şər qarışan cəbhəsində gözlə.
O cəbhədə ki, orada bir dəfə açılan körpülər daha bağlanmır.
O cəbhədə ki, orada qazanılan qəlpə yaraları zamanla sağalmır.
O cəbhədə ki, orada hüdudsuz imperiya üfüqləri heç vaxt qaralmır.

Qorxma

Qulaq as, qorxma...
Düzdür, qaranlıqdır,
Amma ümid var ki,
Kimdəsə fənər var,
Kimdəsə gələcəyə ümidlə baxmağa səbəb var,
Kimdəsə ilk son zəngin xatirəsi var,
Kiminsə qəlbində əvvəlki sakit ahəngin ilğımı var.

Qulaq as,
Sənin həssas qəlbin
Keçmişlə gələcəyin müharibə meydanı deyil.
Qorxma,
Sənin sabahın heç kimin dünənində başlamalı deyil.
Sənin mənəvi sərvətin arxaik yazılmamış qanunlardan ibarət olmalı deyil.

Heç kimin hədə-qorxusu sənin dinin deyil.
Sənin cənnətin də, heç kimin ayağı altında deyil.

Qaranlıqdır, amma qorxma,
Səndə də fənər var.
Səndə də gələcəyə ümidlə baxmağa səbəb var.
Səndə də sakit ahəngin işartısı var,
Sənin də qaranlıq səmanda minlərlə parlaq ulduz var..

Səndən öyrəndiklərim

Sən mənə
Öz doğma dilində
"Hər şey yaxşı olacaq" və "səni sevirəm"
Deməyi öyrətmişdin.
Öyrətmişdin ki, göz yaşları
Öpüşə hərarət qatır.
Öyrətmişdin ki,
Kişi üçün həssaslıq ayıb deyil,
Hissləri müzakirə etmək zəiflik deyil.
Məni öz tanrına inandırmağa çalışırdın.
İnanırdın ki, çarmıxdakı Məsihin
Bizim sevgimizə ehtiyacı var.
İnanırdın ki, sevgi ilə Məsihi çarmıxdan,
Məni isə qaranlıqdan xilas etmək olar.
Beləliklə mənə öyrətdin ki,
Duanın dili qorxu deyil, sevgidir.
Özünü inandırmışdın və məni də İnandırmağa çalışırdın ki,
Bu xudahafizimiz sonuncu deyil.
Hərçənd ikimiz də reallığı anlayırdıq.
Beləliklə mənə öyrətdin ki,
Ayrılan yollar faciə deyil.
Üstündən nə qədər zaman keçib.
Yəqin, küçəmizin köhnə çıraqları
Bizim söhbətlərimizçün darıxıb.
Ola bilsin, o vaxtdan
Çarmıxdakı Məsih özünə yeni sevgi tapıb.
Amma səndən öyrəndiyim cümlələr
Elə hey dilimin ucunda qalıb.

Diktator və kollektiv məsuliyyət barədə

Siz mənim əmrimi icra etdiniz,
Artıq qana bulaşmış müqəddəs tək mən deyiləm.
Gələcəyə olan ümidinizi keçmişin yalanına satdınız,
Artıq kabuslardan qorxan tək mən deyiləm.
Azadlığınızı sizə vəd etdiyim sabitliyə dəyişdiniz,
Hər səhəri qorxu ilə açan tək mən deyiləm.
Mənim öldürdüyüm tanrını siz qəlbinizdə daşıdınız,
Artıq min cildə girən tək mən deyiləm.
Mənim kəsdiyim başların sayını siz unutdunuz,
Artıq dəhlizdəki addım səslərindən ürkən tək mən deyiləm.
Siz məni sevdiyinizi etiraf etdiniz,
Artıq bir almaya görə cənnətini itirmiş axmaq tək mən deyiləm.

Hasarın o üzü

İşə bax,
Hasardan sızmış şayiələrdə həqiqət varmış.
Hasarın üstündəki tikanlı məftillər heç vaxt paslanmazmış,
Hasardakı çatlardan sızan qan heç vaxt qaralmazmış.

İşə bax,
O tərəfə qərənfil aparmaq olmazmış,
Orada şeytanın söyüşü cavabsız qalmazmış.
O tərəfdəki saatın zəngi olmazmış,
Orada oynanmış qumarın borcu bağışlanmazmış.
O tərəfdə qaçırılmış ibadətin qəzası olmazmış,
O tərəfdə göz yaşları heç kimi aldatmazmış.

İşə bax,
O tərəfdə azmış ruhların alın yazıları əks-sədasını
yazılmamış qanunlarda taparmış.
Dəmir barmaqlıqlar orada qazanılmış hörmət və savaba kölgə salmazmış.

İşə bax,
Hasarın o tərəfində ulduzlar yorğun çiyinlərdən yuxarı qalxmazmış.
Orada kəsilmiş başın tacı sahibsiz qalmazmış.