“Heç aktyordan da prezident olar?” - Dilarə Zamanova

“Heç aktyordan da prezident olar?”  - Dilarə Zamanova

03 Martt 2022 14:41 1065


İlk dəfədir ki, hansısa bir yazımda başlıq mənə yox, başqa birinə aiddir. Yox, cümlədən də göründüyü kimi, bu hansısa filosof və ya alimə aid bir cümlə deyil. Bu cümlə illərdir Türkiyədə yaşayan, buranın dövlət teatrında yüksək vəzifə tutan, Azərbaycan şou əhlinin böyük qisminin etmək istəyib də edə bilmədiyi işi görərək Türkiyə sənət cameəsində tanınan əməkdar artistimiz Məlahət Abbasovaya məxsusdur.

Məlahət xanım elə bilir ki, dünyadakı bütün aktyorların ali məqsədi xalq artisti, əməkdar artist adını almaqdır. Və ya ən yüksək zirvə prezident təqaüdünə layiq görülməkdir.

Məlahət xanım elə bilir ki, aktyorların yeganə işi çıxıb 50 yaşında ikən 18 yaşında qızı oynamaqdır.

Məlahət xanım elə bilir ki, aktyorun siyasi, ictimai fikri ola bilməz.

Məlahət xanım elə bilir ki, dünyada prezident vəzifəsinə qalxan yeganə aktyor Volodimir Zelenskidir.

Məlahət xanım, dünyanın supergücü ABŞ-ı 1981-1989-cu illərdə idarə edən prezident Ronald Reyqan da bu vəzifəyə aktyorluqdan gəlmişdi.

Sabiq prezident Donald Tramp da uzun müddət şou proqramı aparıcılığı edib. Yəni insanın əvvəllər aktyor, həkim, müəllim və ya kloun işləməsi mühüm deyil, indi nə etməsi önəmlidir.
Prezidentliyə layiq görmədiyiniz bu adam indi ölkəsinə hər yerdən bomba yağanda xalqını tərk etməyərək döyüşür. Bu o adamdır ki, regionda nəhəng bir gücə qarşı təkbaşına savaşır. Amma çox uzaq yox, keçən ilin yayında Əfqanıstanda baş verən hadisələrə nəzər salaq. Nə oldu orada?

Əfqanıstanın iqtisadçı prezidenti Talibanın təzyiqi qarşısında ölkəsini tərk edərək qaçdı.
Yəni Məlahət xanım, aktyor olmaq ayıb deyil, tutduğun vəzifəni, peşəni layiqincə yerinə yetirə bilməmək ayıbdır.