Heç həkim sevgiliniz oldumu? - Günel Mövludun yeni şeirləri

Heç həkim sevgiliniz oldumu?   - Günel Mövludun yeni şeirləri

17 Fevral 2022 14:03 998


YeniYaz.Az Günel Mövludun yeni şeirlərini təqdim edir.

Onsuz da şeirdən başqa
tərk etməyən heç nə yoxdur bir şairi
Amma elə gedəydin ki,
Sağalmış olaydı sinəmin üstündəki cırmaq izləri

Elə gedəydin
Saçlarındakı gümüşləri bir az sığallamış olaydım
Yanaqlarım kürəyindən
Gözlərim biləklərindən doymuş olaydı
Gözlərindəki o qorxmuş körpəyə
Hər dəfə baxanda ağlamaq istəməmiş olaydım

Elə gedəydin
Səhərlərimin saat beşdə
Ölüm küləyinə açılmasına alışmış olaydım
Saçlarımdakı ağ tellərlə barışmış olaydım
Yerdəki çaylara,
havadakı tüstülərə qarışmış, axmış olaydım

Elə gedəydin
Yumşaq-yumşaq qar yağmayaydı ayaq izlərinə
Getdiyin ilğım yolları günəş şüaları dolduraydı
Bir isti külək əsəydi Qəraiblərdən
Göy üzündə Günəşlə Ay ikisi birdən görünmüş olaydı

Elə gedəydin,
Bir məclis qurmuş olaydım gənclik dostlarımla
Orta əsrlər süfrəsində
Cəngavər qədəhləri toqquşdurmuş olaydıq
Bir tərəfimdə Russo Didrodan küsəydi
Bir yanımda kimsə Lermontovu duelə çağırmış olaydı
Bu həngamədə sənin gedişinin fərqinə varmamış olaydım

Elə gedəydin
Dodağında şokolad dadı ilə edama gedən Robespyer kimi
Üzümdə təbəssümlə addımlamış olaydım
Cəhənnəmin üz qarsan qapılarına tərəf
Zira indi içimdəki Cəhənnəmin yanında
Sönük qalar dünyanın bütün alovları

Elə gedəydin
Sən Allaha, mən Şeytana sığınmış olaydıq
Qırmızı əllərini uzadaydı İblis
Başımı oxşamış olaydı
Bir anda unutmuş olaydım,
Bir anda unutmuş...
Unu...

Qızım üçün

Ayı səmasından yox olmuş Şərqəm
Hüqosuz Fransa, Voltersiz Qərbəm
Qızım, əl çək məndən, bir qara rəngəm
Burax, anan axsın sulara, qızım.

Mənimki dərd deyil, qara ümiddi
Sənə nə var balam, tək dərdin süddü.
Anan arx üstündə tozlu söyüddü
Saçını sallasın sulara qızım.

Sən məni taparsan hər sınığımda
Gəl, öpüm gözünün nəm qırağından
Ananı axtarsan, Kür qırağında
Elə hey baxarsan sulara, qızım...

Züleyxa

Mən yorğun yollarda karvan gözləyən,
Sərgərdan səfiləm, qəlbi yuxayam.
Mən Yusif nuruna iman gətirmiş,
Möcüzə gözləyən kor Züleyxayam.

Sənin duruşuna, təkəbbürünə
Sipər eləmişdim nəğmələrimi
Ovcundan içməyə bir qurtum su ver,
Sonra da zəncirlə biləklərimi.

Mənə bir din göndər, köhnə-təzədən,
Öpüm kitabının varaqlarından.
Uzat əllərini, yum gözlərini
Şəhadət gətirim dodaqlarında...

Şair və alma

Bir alma boylanar soyuducudan
Almısan, üstündən on beş gün keçib
Taleyin dağılıb bu on beş gündə
Sanarsan, ömründən Çingizxan keçib

Bəlkə də bir körpə ölüb bətnində
Bəlkə də dağılıb ailən sənin
Baxırsan almanın al yanağına
“Yox, mən istəmirəm, yemirəm səni...”

Gecələr yuxuna girir bu alma
Almanı uzadır sevdiyin əllər
Qarsır sifətini Qafqaz günəşi
Deyir: “Qərib qızım, sevin, gəlirəm...”

Sonra oyanırsan, iştahın küsüb,
Dərdini nə oğlun, nə qızın çəkir.
Uzanır almanın turşməzə ömrü
Allah, şair dərdi nə uzun çəkir?!

Həkim sevgili

Heç həkim sevgiliniz oldumu, qadınlar?
Qəfil müayinəyə çevrildimi heç sevişmələriniz?
Qarın boşluğunuzu şəfqətlə taqqıldatdımı
İkicə saniyə əvvəl bədəninizə ehtirasla toxunan barmaqlar?

Heç həkim sevgiliniz oldumu, qadınlar?
Oyatdımı gecəyarısı sizi dərin yuxulardan?
Üzünüzü qırışdırıb: "Heç sevişmək vaxtıdımı?" dediyinizdə
"Üzüstə yatma, mastopatiya olar döşlərin..." dedimi sizə?

Heç həkim sevgiliniz oldumu, qadınlar?
İpək qara gecəliyinizi soyundurub,
Yun köynək geydirdimi əyninizə?
"Pnevmoniyadı belə soyuqlamağın axırı,
yun olmalıdı alt paltarları" deyə danladımı sizi?

Heç həkim sevgiliniz oldumu, qadınlar?
Gecəyarı övladınız xəstələnəndə
O gözünüzə dünyanın ən güclü kişisi kimi göründümü?
Bir toxunuşla oyadacaq qədər yaxın oldumu Doktorunuz?

Heç həkim sevgiliniz oldumu, qadınlar?
Tutdumu telefonun fənərini ağzınızın içinə
Şikayət elədiyiniz hər məsaməni yoxlayıb, güldümü?

Heç həkim sevgiliniz oldumu, qadınlar?
Seçdimi sizin üçün diş fırçasının qanatmayanını?
Səfərlərdə siz ondan sevgi sms-i gözləyərkən
Ağrıkəsici tapdınızmı çantanızdan?

Heç həkim sevgiliniz oldumu, qadınlar?
Heç həkim sevgiliniz oldumu?

***

Mənə təsəlli ver, denən ki, "gözlə,
Bu da ötüb keçər, keçənlər kimi"
Məni bilirsən də, başım xarabdı
Sevdanı qibləsi seçənlər kimi.

Sən Allah, yol göstər, ağıl ver bir az
"Axtar, bəhanə tap, küs!" denən mənə
"Götür bu hissləri köhnə şərf kimi,
Apar, bir mismardan as!" denən mənə.

Yox, mən bacarmıram daha bu başla,
Uzat o kəndiri, asım, bitirim...
Dilimin ucunda minbir kəlmənin
Hamısın mən necə susum, bitirim?

Qırx yaşın şeiri

Oğlu savaşda ölür
Yaşıdım qadınların.
Hər taleyin, hər ömrün
Yaşadım qadınların...

Sinif yoldaşlarımın
Baxdım şəkillərinə.
Övladları ya şəhid,
Ya əsgər, ya tələbə.

Qırx yaşında kəsdilər
Xalamın döşlərini,
Həyat qırx yaşda tökdü
Anamın dişlərini.

Dişim - sağ, balam - körpə,
Döşlərim yerindədi.
İlk sevgilim xərçəngdi,
Dostlarım sürgündədi.

Könlümdə ər sevgisi,
Övlad sevinci azdı.
Qürbət göyündə Günəş,
Qürbət səmasında Ay,
Ağzımda bir şirin dad -
İçim-çölüm Qafqazdı...

İsa peyğəmbərin şeiri

Unut, gözəl qızım, o boş gecəni,
Canından qan soran naxoş gecəni,
Hər odlu gecənin, sərxoş gecənin
Ardından buz kimi bir səhər çıxar.

Doğrayar, dilini qanadar ömrün,
Sənə qan uddurar, qan dadar ömrün,
Hər dəfə başını aldadar ömrün -
“Nəhəng” dediklərin yekəpər çıxar.

Ələsən bir kitab varaqlarına,
Düzsən də bir dostun barmaqlarına,
Səpsən donuzların ayaqlarına,
Qurtarmaz, qoynundan incilər çıxar...

***

Yer üzündə daha tonqal qalmadı,
Heç biri isitmədi bədənimi.

Yer üzündə daha ağac qalmadı,
Bağrıma basdım hər birini.

Göy üzündə bircə dənə də quş qalmadı,
Hamısı uçub getdi ovuclarımdan.

Tonqal kimi isit məni,
Ağac kimi qucaqla,
Quş olub, ovuclarımda qal.

Tonqal kimi isit məni, indi boğazımda
Hələ məni boğmayan əllərin izi var.
Böyrümdə hələ bədənimə sancılmayan bıçaqların yarası...
Ürəyimi hələ sevmədiyim bir sevginin əzabları göynədir,

Ağac kimi qucaqla məni.
Qucaqla, de ki, "artıq vaxtdı"
De ki, "bütün şair bacı-qardaşların gözləyir səni orda..."
Qucaqla,
Mənim kəndirim ol, "Angleter"im ol

Tonqal kimi isit məni.
De ki, "bu dünyada yaşanacaq bir şey qalmadı,
Ağrıdın bütün ağrılarla,
Qorxdun bütün qorxularla,
Sevmədin bütün sevgilərlə..."

Mənim sevgim ol, ağrılarım ol...