Həmin travmalar... - Sərdar Amin

Həmin travmalar...  - Sərdar Amin

15 Sentyabr 2023 15:35 253


Pul o qədər tez-tez dəyişirdi ki, dünən maşın alacağın məbləğə bu gün saqqız ala bilmirdin. Həmin zamanlardır, atam ayın əvvəli bizə dürlü-dürlü sözlər verirdi, ay başa çatanacan bir kisə unun qiyməti qalxıb çatırdı onun müəllim maaşına. Kor-peşman unu həyətə qoyub çantasındakı rəngli noğulları böyük həvəslə bizə paylayırdı. Guya ayın əvvəlində mənə top, bacıma çanta söz verən, ayın sonu sözünü tuta bilməyən bu deyil.

Əslində, o deyildi! Həmin vaxtlar Azərbaycan kişisini gündə bir sözü verib ailəsinin qabağında pərt edən zaman idi.

Xülasə, 6 yaşımın tamam olduğunu məndən gizləyirlər ki, birdən qonşu rayonda dərs deyən atam mənə köynək-şalvar, kitab-dəftər ala bilməz, məktəbə çatdıra bilmərəm.

Bioloji yaş isə sözünü deyir, artıq məktəbə getmək istəyirəm.

1 sentyabr, 1994-cü il.

Anam məni həyətdən uzaqlaşdırıb bostana aparıb ki, dərsə gedən uşaqları görməyim. Görsəm, məktəb yadıma düşəcək. Tərəvəzdəyik. Qusarın vəhşi təbiəti... Ağaclar yerdən yaşıl fəvvarələr kimi püskürür... Yay payızla nəfəs-nəfəsədir... Adamın köksündə nəsə durmadan qanad çalır. Anamsa mənlə hey danışır... Başımı qatmaq istəyir.

Birdən onun danışığının altından, uzaqdan, yoldan mahnı oxuya-oxuya dərsə gedən uşaqların səsini eşidirəm, ağ-qara geyinmiş balaca yaşıdlarım...

Anama sarı dönümrəm. Başını aşağı salıb şiddətlə alaq çıxarır. Qurumuş qarğıdalı şaxını əyib ona vururam:

- Mama! Mən də məktəbə istəyirəm! Ay mama! Eşitmirsən? Mən niyə məktəbə getmirəm? Hə?

Anamın susduğunu görüb qarşısına keçirəm. Üzünü məndən gizləsə də, ağladığını görürəm.

Başa düşürəm ki, bilmədiyim nəsə olub. Heç nə demədən anamdan bir az uzaqlaşıb məktəbə gedən balaca yaramazların ardınca baxıram.

Dərsə bütün yaşıdlarımdan gec, sentyabrın 7-si gedirəm.

1 sentyabr, 1999-cu il.

Son 4 ildən fərqli olaraq mən artıq məktəbə səhər növbəsində gedəcəm. Bu da o deməkdir ki, artıq ibtidai sinif uşaqlarından ayrılıb, bizdən çox yaşlı məktəblilərlə bir növbədə oxuyacağıq. Dünənə qədər oxuduğumuz məktəbdə ən yekələr biz idiksə, artıq ən balacalarıq. Mən bu reallığı anlamayacaq qədər balacayam.

Yay tətili boyu yığdığım yapışqanlı saqqız kağızlarını köynəyimin qoltuq cibinə qoymuşam. “Commandos” saqqız kağızlarını bütün uşaqlar əl-əl gəzir. Kənddə 18 yaşa qədər adamlar üçün bu kağızlar o qədər qiymətlidir ki, qiymətli kağız qədər işə yarayır, 10 kağız verib top ala bilərsən. Döyüş aktyorlarının hisli-paslı fotolarının yer aldığı bu kğızların cədvəli var, şəkilləri cədvəldəki nömrələrinə uyğun yapışdırıb şirkətə təhvil verən, böyük hədiyyə qazanacaqmış. Ancaq nə bəladırsa, “Commandos” saqqızlarının heç birindən 23 nömrəli şəkil çıxmır. Hamının cədvəlində 23-cü yer boşdur. Deyirlər ki, bu, bir hiylədir, o şəkildən çox az istehsal olunub ki, böyük hədiyyəni az adam qazansın.

Mənsə bu qədər vacib kağızları aydın bir yerə, qoltuq cibimə qoyub məktəbin səhər növbəsinə - “Kurtlar vadisi”nə ayaq basıram.

Yuxarı sinif uşaqlarından məni ilk görən biri yanıma gəlir, cibimə aşağıdan yuxarı zərbə vurur, “Commandos”un bütün döyüş qəhrəmanları havada uçuşur. Cibimdə cəmi 3-4 kağız qalır. Dəli oluram! Yığmaq istəsəm də, böyük uşaqlar hərəsi birini götürüb qaçır. Hirsimdən ağlayıram. Bu vaxt onbirincilərdən biri mənə yaxınlaşır, ağlama, kişi ol, deyir. Gözümün yaşını silir:

- İndi onlardan hamısını alıb sənə qaytaracam!

Əlindən gələn siqaret və qarağat adekolonun ətri hələ də burnumun ucundadır. Qolunu boynuma salır. Ona elə güvənirəm, iç atsam da, ağlamağım kəsilir. Bu vaxt görürəm ki, boynuma saldığı əlinin barmaqlarıyla cibimdə qalmış 3-4 saqqız kağızını da gizlin-gizlin götürmək istəyir. Onun ətrində özümü o qədər xoşbəxt hiss edirəm ki, kağızları götürdüyünü görməzliyə vururam.

Bu hadisə mənə hara qədəm basdığımı yaxşı-yaxşı öyrədir. Üzümü yuya-yuya güzgüdə şişmiş gözlərimə baxıram, saqqız cədvəlindəki 23-cü – boş yerə xəyalımda öz şəklimi yapışdırıb amansız illərin 5-ci sinfinə başlayıram.

1 sentyabr, 2004-cü il.

Mən artıq göy qurşağı kimi yox, ağ yağışlar kimi yersiz dərəcədə uzun sürən orta məktəb illərimin sonuncusuna başlayıram. Həmin günün önəmini hiss etdirmək üçün 4-5 ay qabaq yaşanan bir hadisəyə qayıdaq.

5-ci sinfə qədər idman dərslərində cərgənin başında dururdum, sinif uşaqlarımızdan uzun idim, sonra astadan əğyarlar boy verməyə başladı, oğlan sinif yoldaşlarım əvvəl gəlib mənə çatdılar, sonra ayda bir düyü qədər boyumu ötdülər.

Yaman sınıxmışdım, cərgədə geri düşmək ağır söhbət idi. Tərs kimi sinfimizdəki ən gözəl qızı sevirdim.

Artıq 10-cu sinifdə oxuyurdum, eynən bu problemi dərd etdiyim günlərin birində həmin qız sanki halımdan duydu, dedi, fikir eləmə, gələn il sən o qədər hündür olacaqsan ki, bu qapıdan keçə bilməyəcəksən. Göstərdiyi sinfimizin hər gün yüz dəfə açıb bağladığım qapısı olsa da, çevrilib bir də baxdım. İkitaylı, nəhəng çərçivəli, uşaqların əlinin kirindən yarıya qədər qaralsa da, əzəmətini itirməyən ağ boyalı qapı üzümə güldü. Qapı, sanki astadan açıldı...

Kimsə ürəyimi əlinə aldı, sıxıb buraxdı, əlini çəkdi, ürəyimin ritmi dəyişdi, o əlin diktəsinə kökləndi torağay ürəyim.

O yayı ancaq böyürtkən yedim. Biçilmiş zəmilərin kənarıyla at çapdım, bildirçin ürkütdüm, nilufərli, yosunlu göllərdə çimdim. O yay bir quşa daş atmadım, bir qurbağa öldürmədim, böyələri çubuqla yuvasından perik salmadım, parabüzənləri aldadıb uçurmadım, qumru səsi çıxarmadım, heç kəslə dalaşmadım. O yayı ancaq böyürtkən yedim...

O qızın sözü, üzü yay uzunu yadımdan çıxmadı: qüruba enən günəş də onu xatırladırdı, gecələr həzin səslə quruldayan qurbağalar da, hər səhər toyuqlara dən səpən anamın səsi də.

11-ci sinfə başladığımız həmin gün cərgənin başında durmuşdum, sağ əlimi dovşan balası kimi hoppanıb düşən ürəyimin başına sıxıb var gücümlə Azərbaycan himnini oxuyurdum. Himn bitən kimi astaca döndüm, sıranın ortasında həmin qızın sevimli üzünü gördüm.

Gülümsəyirdi...

Bu travmalarla hər il əlaçı oldum. Məktəbi bitirəndə ən çox balı da mən yığdım.

Bütün bunlar travmadırmı?

Bəli!

Ancaq bizi var edən də həmin travmalar və o travmalarla davranışımız deyilmi?

Mən pişik balası kimi həmin travmalarla oynaya-oynaya böyüdüm.

Bu gün məni məktəbə apara bilməyən anamı da, dərsə 7 gün gecikməyimə səbəb olan atamın da məcburiyyətlərini başa düşürəm. Ağır da olsa, o daşları hamısını yerinə oturtmuşam.

Xatirələr insanın enerji batareyalarıdır. Bir ömür onların gücüylə addımlayırıq. Hərdən həmin günləri gövşəyib gülümsəyirik, duyğulanırıq. Həmin travmalar mənim atom enerjimdi.

Mənim qoltuq cibimdəki qəhrəmanları göyə uçuran uşağın da, xatirimdə bu gün də kişi qoxusu kimi qalan qarağat və siqaret qoxusunun qarşığıyla məni ovsunlayan digərinin də həyatımdakı rolunu yaxşı anlayıram. Həmin uşaqların qorxunc əlləri məni geri dartmasaydı, sevdiyim qız da mənə “gecə yağan qar kimi” sərin və bəyaz əlini uzatmayacaqdı, torağay ürəyimi ovcuna almayacaqdı. Böyüməyəcəkdim.

Yeni dərs iliniz mübarək, balacalar və böyüklər!

“Qafqazinfo”