Günlər keçib. Laçına səfərin təsiri keçməyib hələ. Yol uzun olsa da, Laçında vaxtımız az idi. Bir günə gedib, tədbirdə iştirak etmək, qayıtmaq... Elə bil, bir yuxu kimidir.
Yaxşı ki, yaxşı yol yoldaşlarımız vardı. Onların heç birisi ilə heç vaxt heç yerə getməmişdim. Yol yoldaşı olmamışdım. Çoxunu az-çox, bir çoxunu da çox az tanıyıram. Amma yaxından və yaxşı tanıdıqlarım da vardı. Bununla belə yol bizi doğmalaşdırdı. Zöhrə xanım evdən gətirdiyi yeməklərə, çaya hamını qonaq elədi. Evdən kənarda evimizdəki kimi hiss etdirdi.
Zatən evimizə gəlmişdik bir mənada. Füzuli mənim ata yurdumdur. Evimizin yanından, evimizin içindən keçib gedirdim sanki. Ramilə Qurbanlı doğma Cəbrayılını (daha doğrusu, geri qalanları) elə həyəcanla təsvir elədi ki... Eyni hissi yaşadım. Ən çox ünsiyyətdə olduğum Müsəllim Həsənov, İlqar Rəsul, Cəlil Cavanşir, Orxan Məmmədli, Zöhrə Əliyeva... Hər biri bir incə toxunuş elədi bu yolçuluğa.
Şərif Ağayar təkcə yaxşı yazıçı deyilmiş, həm də yaxşı bələdçi imiş. Bakıdan Laçına, Laçından Bakıya qədər çox maraqlı, dolğun məlumat verdi. Laçın onun öz doğma yurdu, kiçik vətənidir axı. Şərifdən yaxşı kim tanıyacaq Laçını və kim tanıdacaq?
Mənə elə gəldi ki, Şərif Ağayar Laçını özü ilə Bakıya daşıyıbmış; indi qaytarıb hər şeyi öz yerinə qoyurdu. Sevdiyi, oxuduğu, üstündə əsdiyi qiymətli kitabları ehtiyatla və ehtiramla rəflərə düzdüyü kimi...
O danışdıqca, qəribə assosiasiya yaranırdı. Sanki Həkərini qaytarıb öz yatağına yerləşdirdi. Dağları öz özüllərinə bərkitdi, ağacları, kolları hərəsini öz yerinə əkib meşə saldı, otları, gülləri, hətta tikanları da yerbəyer edib çəmənləri xalça kimi ayaqlarımızın altına sərdi. Hətta yağışı da öz vaxtına, öz ritminə köklədi. Gözlərimizin önündə Laçını bir ecazkar tablo kimi çəkdi, sonra ona can verdi. Biz də virtual Laçından real Laçına keçid elədik.
Mən Laçını əvvəllər də görmüşdüm. Qarabağda doğulub böyümüşəm. Buralar mənə çox doğmadır. Şuşa azad olunandan sonra çox adam məndən soruşurdu: "Hələ Şuşanı gedib görməmisən?!" Deyirdim, mən gözümü açandan Şuşa görmüşəm. Eləcə də, Xankəndi, Ağdam, Cəbrayıl, Qubadlı və sair. Mən o torpaqlarda dünyanın düz vaxtı da gəzmişəm, əyri vaxtında da. Dinc dövrdə də görmüşəm, "nadinc" dövrdə də. Müharibənin birinci fazasında müharibə müxbiri olmuşam axı həm də. Laçından da yazmışam. Amma indi Laçına başqa cür baxdım. Bir var, yaralı Laçın, bir də var indiki sağalan, daha da gözəlləşən Laçın.
Bir zaman bir yazımda yazmışdım ki, o torpaqlar bizim bədənimiz, biz o torpaqların ruhuyuq. Biz qayıdanda o torpaqlar da cana gələcək. Bax, bu gün o torpaqların ruhu özünə qayıdır. Elə bizim ardımızca, Laçınlı keçmiş köçkünlərin bir qrupu da öz kiçik Vətəninə qayıdırdı. Öz bədəninə yenidən qayıda bilən ruhdan xoşbəxtini təsəvvür edə bilməzsiniz.
Laçının çox ayrı bir energetikası var. Maraqlı şəhərdir. İndi də evlər təmir olunub, yollar çəkilib, gül-çiçək əkilib. Elə təkcə Laçının bulvarı nəyə desən dəyər. Müharibə vaxtı da gəlmişdim bura. Amma 32 ildən sonra bir də gəldim. Bu, həmin o... başqa Laçındır. İndi bu torpaqlara qələbə ruhu, quruculuq məntiqi, qonaq gözü, sakin şükranlığı ilə baxırsan. Hərənin iki gözü var. Amma bu gün Şuşanı, Laçını, o yenidən qurulan Füzuli şəhərini, Xankəndini, Xocalını... hamısını başqa gözlərinlə görürsən. Bədənindəki gözlə deyil təkcə, ruhunun gözü ilə baxırsan.
Burda ruhuma doğma olan çox insan gördüm. Əlbəttə ki, Həkərinin qırağında, əvvəlcədən qurulmuş səhnədə Laləni görəndə Laçın lap da doğmalaşdı. Özünü "Bakı Abadlıq Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin fəhləsi" kimi təqdim etsə də, o gün o gözəl bayramsayağı ovqatın əsl sahibəsi idi. Lalə Əliyeva çox talantlı jurnalistdir, qədim dostumuz, keçmiş iş yoldaşımdır. Özü kimi gözəl daha bir ortaq dostumuz da səhnəyə gəldi: Rövşanə Ağasəfqızı. Elnarə Rəsulovanın yaradıcılığına həsr olunmuş xalça bayramının aparıcısı idi, Rövşanə. Çox maraqlı bir ortam idi. Doğrudur, yaz yağışı əvvəldən hazır ssenariyə, konsert proqramına öz toxunuşlarını elədi. Axarı bir az dəyişdi. Ancaq yemə də hər şey çox gözəl keçdi. Çox müsbət enerji aldıq dostlardan, Laçından. Həmkarımız Yeganə Quliyeva ilə də görüşmək xoş oldu. Bakıdan köçüb Laçında yaşamağa başlayıb. Artıq orda bir işi də var. Bakıdan uzaqlarda doğma bildiyin insanlarla görüşmək ayrı bir enerjidir. Laçına artıq kitablar da qayıdıb gəlir insanlarla birlikdə. Laçlndakı "Simurq" kitab evinə kitab da hədiyyə aparmışdım. Gələcək səfərlərimdə də Laçına maraqlı kitablar aparacam.
Bəli, Laçına hələ çox səfərlərimiz olacaq. Hər halda mən belə arzulayıram. Qismət olsa, arzuma çatsam, qayıdıb Füzulidə yaşamaq imkanım olanda Laçına da tez-tez yolumuz düşəcək, Şuşaya da, Qarabağın o biri gözəlliklərinə də. Hələlik isə, sadəcə, qonaq kimi gedib gəldik.
Bilirsiniz, nəyə sevinirəm, niyə çox sevinirəm?! Qarabağ, Şərqi Zəngəzur yenidən və yeni biçimdə qurulur. Yollar çəkilir, işıq var. Qarabağa, Zəngəzura insanlar qayıdır. Artıq mənim Füzuli şəhərində, Şuşada, Laçında, Xocalıda qonaq gedəcəyim dostlarım, qələm yoldaşlarım var. Başqa bölgələrdə də olacaq. Məsələn, Şuşada Kərim Kərimlinin və Xocalıda Səriyyə Müslümqızının evlərinin mübarəkbazlığına getmək çox maraqlı və xoş olacaq.
Bir sözlə, gedəcəyin yerdə səni qarşılayacaq doğmaların olması çox ayrı bir hissdir. "Çox gözəldir" desəm, bu, tam ifadə etməz o duyğunu... Yaşamaq lazım!
"Bizim Yol"