Nifrət üçbucağı
Ernest Heminqueyin ən güclü hekayəsi haqqında
Varlı-hallı amerikalı, rindanə ömür sürən, həyatın həzzlərini dibinəcən dadmağa çalışan Frensis Makomber arvadını da götürüb Afrikada ova çıxır. Fəqət bahalı əyləncə növü sayılan ov mərasimini sifariş verməkdə Makomberin başlıca niyyəti heç də əylənmək, vəhşi təbiətlə döşləşmək deyil; onun bətnində əsərdə mənşəyi göstərilməyən dərin qorxu yuva qurub. Frensis savannaya qorxusunu yenmək üçün üz tutub.
Mənşəyi bilinməyən dedim, ancaq o qorxunun mənbəyinə yetişmək elə də çətin deyil: həyatda hər zövqü-səfanın, hər cür dünyəvi həzzin cəriməsi var, ləzzət dalınca qaçan onun cəriməsini də ödəməlidir. Dünyagir olmağın, aşırı zövqə dalmağın, həddən artıq həzz almağın sonu boşluq, yorğunluq, peşmanlıq, üzgünlükdür. Bunlar da həyəcanın, qorxunun ayrı-ayrı adları, başqa-başqa rəngləridir. Aclıq bir bəladırsa, doyum onun əkiztayıdır, ehtirasla qorxu əkiz qardaşlardır, biri o birindən törəyir, biri o birinə təkan verir, insan cismən var olduqca bu onu, o da bunu müşayiət eləyir. Özünüqoruma instinkti bu ikisinin şərikli adı, ortaq ünvanıdır. Çox güman, Makomber də belə bir qorxuya mübtəla olub, həyat nəşəsinin dozanı aşması sonunda fəsad verib.
Savanna bələdçisi, ova çıxanların müşayiətçisi qırmızısifət Robert Uilson vəhşi təbiətlə ünsiyyətdə itilənmiş instinkti, peşəkar ovçu fəhmiylə ər-arvad arasında münasibətin hamar olmadığını əzəl başdanca sezir. Qızmar günəş altında qaynayan Afrika qazanının sözün hər mənasında bişirdiyi bu adam boy-buxunlu, yaraşıqlı Frensisə də, onun göyçək arvadı Marqaretə də gizli bir ikrahla, nifrətlə baxır. Sivilizasiya mərkəzində Robert yəqin ən yaxşı halda onların evində lakey, ya bağında bağban işləyərdi. Savannada isə yerin yiyəsi odur. Bütün hekayə boyu hiss olunur ki, Uilson özünün bu üstünlüyündən məkrli bir həzz, xain bir zövq alır. Taleyinin tükdən asılı olduğu məqamda Makomberin həyatını göyçək arvadının gözü qarşısında qurtarması savanna bələdçisinin həzzinə həzz qatır, onun öz hakimiyyətindən aldığı zövqü birə-min çoxaldır.
Əlbəttə, Heminquey üslubuna sadiq qalıb bu kimi xırdalıqları üzə çıxarmır, aysberqin suyun altında qalan parçasında saxlayır, ancaq elə müəllifin öz metoduyla yanaşanda hekayənin yazıya alınmamış, kağıza köçürülməmiş səhnələrini də görmək, oxumaq olur.
Savannada ova çıxdıqları birinci gün Makomberin əlində silah ola-ola yaralı aslanın qabağından qaçması qorxunun təntənəsi, özünüqoruma instinktinin bir qütbünün o biri qütbü - ölüm qorxusunun yaşamaq ehtirası üzərində şanlı qələbəsidir. Frensisin bu rüsvayçı hərəkəti onu Marqaretin gözündə bir az da alçaldır, qadın ərinə ikrah duyduğunu heç gizlətmir də. Bu ikrahın ilk görüntüsü onun Uilsonu ərinin gözü qabağında qəfil qucaqlayıb savanna bələdçisinin qaysaqlamış dodaqlarından öpməsi olur. Gecə ərini yatmış bilib Robertin çadırına keçməsiylə Marqaret qisas əməliyyatını başa çatdırır. Heminquey üslubunun incəliklərinə bələd oxucu yaxşı anlayır ki, əslində qadın Frensisin yatmadığını, bəlkə də yarıyuxulu olduğunu bilirdi, yaraşıqlı ərinin gözü baxa-baxa onun beş addımlığında “iyrənc donuza” bənzəyən məxluqun qoynuna girməklə qisasın şiddətini bacardığı qədər artırmağa çalışırdı.
Robert Uilson peşəkar ovçu bicliyi, marığa yatmış yırtıcı ehtiyatıyla öz qələbəsini bayram eləməyə tələsmir; o, yaramaz qadının çöl adamının timsalında vəhşi təbiətin, ibtidai istəklərin çağırışına cavab vermək arzusuyla yox, sınmış ərini çilikləyib ayaq altına səpmək üçün ona təslim olduğunu yaxşı qanır. Uilsondan ötrü ər-arvad Makomberlər bir bezin qırağıdır. Öz müxənnətliyinə də bu adla haqq qazandırır ki, onun bu işdə günahı yoxdur, əri zəhmət çəkib arvadından göz olaydı, qadının ipini çəkəydi. Ancaq elə bu məqamda gözəl, elitar xanımı pulunu balta kəsməyən yaraşıqlı ərinin yatağından durğuzmuş ovçunun səhnə arxasından gələn triumfal bağırtısını da eşitmək çətin deyil.
Frensis Makomber Afrikaya tək gedə bilməzdimi? O öz qorxusunu mütləq arvadının yanındamı kiritməliydi?
Aydın görünür ki, onların arasında nifrət mübadiləsi yeni başlamayıb, müəllifin yazdığına görə, bulvar qəzetləri də zaman-zaman bu mövzuya toxunub. Qadın illər boyu ərinin əməllərindən özünə alibi düzəldib, əri də onun yanında gözükölgəli olduğundan arvadına dinə bilməyib. Qüruru dönə-dönə sındırılan kişinin içində irinləmiş hirs-hikkə, kirs bağlamış nifrət illər ötdükcə ağır fəsadlar verməyə başlayıb, o, tədricən saxta münasibətin girovuna, qorxu dustağına, xəcalət başıqapazlısına çevrilib. Mühiti, havanı, suyu dəyişmək ondan ötrü münasibəti təzələmək, yeni həyata başlamaq, ötən ömrün fəsadlarından arınmaq cəhdidir. Bu səbəbdən arvadını da özüylə ova gətirib ki, bakirə təbiətin qoynunda xariqələr göstərib erkəkliyin intibahını yaşasın, həm özünün, həm qadının gözündə gücünə inam yaratsın, təbiətin bətnindən nəsil atası, qəbilə ağası ibtidai qəhrəman kimi, dişilərin döl tutmaq istədiyi igid ovçu kimi doğulub, var-dövlətlə, daş-qaşla, boy-buxunla ram eləyə bilmədiyi Marqoya özünü yenidən sevdirsin.
Fəqət ovun ilk günü fələyin çarxı tərsinə hərlənir, onun qorxu, xəcalət yükü birə-min artır. Qanı axan yaralı şir canındakı qorxunun azman təcəllası kimi onun üstünə cumur, əlində silah qaçmaqla Frensis rüsvay olur.
Görəsən ərinin aslanla çarpışmadan qalib çıxıb qəhrəmanlıq pasportu almağını qadın arzulayırdımı - bu suala ovun ikinci günü cavab tapacağıq; amma bəri başdan deyək ki, ömrünün romantik dönəmini yaşayan qızlar sayaq Marqo da azadlığını könüllü təhvil verə biləcəyi güclü, zəngin, xarizmatik kişi arzusunda olmuşdusa da (Makomberin göstəriciləri buna şübhə yeri qoymur), ömür bostanı uralanmağa başlayan bir para qadınlar kimi Marqoya da ağayana, zabitəli, igid kişi sərf eləmir. O, ərinin rüsvayçılığını dönə-dönə yada salmaqla onun biabır olmağından aşkar zövq alır, çünki bu bədnamlıq onun “azadlıq heykəli” üçün növbəti, daha uca pyedestal rolu oynayacaq.
Düşünmək olardı ki, Marqaret ərinin ağciyərliyindən doğan pərtliyin acısını, pəjmürdəliyini yaşayır, onu cırnadıb dilinin kəsərini artıran Frensisin qorxusunu yenə bilməməyi, təhlükənin qarşısından qaçmağıdır. Əlbəttə, bu, çox ağlabatan, məntiqli, həm də insaflı yozum sayılardı, əgər əsərin sonluğu olmasaydı; əgər bu hekayə üslubu onda biri üzdə, onda doqquzu suyun altında qalan aysberqə bənzər Heminqueyin yox, bir başqasının qələmindən çıxmış olsaydı...
Ertəsi gün sonuncu kartlar da açılır.
Vəhşi camış ovu uğurlu keçir, nəhəng kəlləri yerə sərən Frensis Makomber olduqca bəxtəvər, dünənki travmasından qurtulmuş kimi görünür. O, proses boyunca içinin devrildiyini, canında bir inqilab baş verdiyini hiss eləyir. Coş?un həyat seli qorxu bəndlərini yuyub aparır, can yatağı təbiətin vəhşi gücüylə limhalim dolur. Frensisin mahir ovçu kimi cəsarətli davranmağı ondan da, arvadından da zəhləsi gedən Robert Uilsonun belə içini tərpədir, savanna bələdçisində ona körpəcə rəğbət oyadır. Uilson düşünür ki, yəqin Makomber bundan sonra arvadının xəyanət eləməsinə yol verməz.
Marqaret isə əvvəl-əvvəl üzdə ərinə heyran qaldığını göstərmək istəsə də, onun möhtəşəm uğurundan heç razı deyil, ov zamanı bəlli qaydalara riayət olunmadığını vurğulamaqla ərinin vəhşi sevincinə zəhər qatmaq, onun yenidən doğuluşuna pəl vurmaq istəyir. Frensisin təbiətində baş vermiş inqilabı Marqaret dərhal duyur, duyduqca da bundan ciddi təşviş keçirir, təlaşını gizlədə bilmir. Bu dəfə qadının nifrəti təkəbbürdən yox, qorxudan qaynaqlanır, Makomber öz üzərində qazandığı böyük qələbənin məstliyindən ayılmamış arvadı bu triumfun hansı bəhrələr verəcəyini qadın fəhmiylə qavrayır. Gerçəkdən də, uğurlu ovdan sonra ərinin onunla davranışı, danışığı dünənkindən kəskin fərqlənir. Bir gün qabaq qarşısına şir donunda çıxan qorxusuna yenilmiş Makomber bir gün sonra üstünə vəhşi kəl cildində gələn qorxunu yerə sərəndən sonra xoşbəxtliyin zirvəsindədir. Daha Marqonun zəhərli atmacaları da bu xoşbəxtliyi yaralaya bilmir.
Ərinin qələbəsini boğazdan keçirə bilməyən qadın artıq nifrətini içinin daldasına çəkə bilmir, qorxunu köklü-köməcli canından çıxarıb atmış Frensisin uğurundan razı qalmadığını aşkar büruzə verir. Ancaq daha onun nifrətində qətiyyət yoxdur. Bu vaxt silahdaşıyan xəbər gətirir ki, vurulmuş kəllərdən biri qalxıb cəngəlliyə çəkilib. Xəbər Marqonun ürəyindən olur, dünənki biabırçılığın təkrarlanmasını arzulayır. Fəqət Frensis dünənki adam deyil, indi o, təhlükənin üstünə böyük həvəslə gedir.
Yaralı heyvan ərinə qəfil hücum çəkəndə missis Makomber vəhşi kəli öldürmək niyyətiylə əlindəki ehtiyat silahdan atəş açır. Güllə camışa dəymir, Frensisin başını tutur. Bununla da ov mərasimi başa çatır.
Soyuqqanlı təbiət qatili, savanna tülküsü Robert Uilson Makomberin qanı qurumamış onun arvadına öz xidmətini təklif eləyir, hadisənin qətl olduğunu bilə-bilə (əlbəttə, Heminquey həmişəki kimi bunu açıq mətnlə demir) Frensisin başına gələni “bədbəxt hadisə” adlandırır, isti-isti Marqaret üçün alibi toplamağa girişir. Ancaq missis Makomberin daha ona mənəvi ehtiyacı yoxdur, nifrət üçbucağı dağılıb. Bundan sonra savanna bələdçisi olsa-olsa şahid kimi qadının karına gələcək.
Sözarası Uilson Marqonun nəzərinə çatdırır ki, yaşasaydı, əri onu atacaqdı. Savanna tülküsü bunu qadını bilgiləndirmək üçün yox (şübhəsiz, o da bilir ki, Marqaret ərinin qırımını artıq görmüşdü), qadının öz ərini qətlə yetirməsinin sirrinə vaqif olduğunu bildirmək üçün dilə gətirir. Əlbəttə, peşəkar ovçu bərəsinə düşmüş bu qiymətli ovu elə-belə buraxmayacaq, Uilson yaxın gələcəkdə zəngin mirasa yiyələnəsi missis Makomberdən öz xidmətlərinin haqqını istəyəcək. Ona görə mahir ovçu ovunun qiymətli dərisini yaralamaq istəmir, onu diri tutmağa çalışır, “o, sizi mütləq atacaqdı” deməklə yetinir; hərçənd o da, qadın da yaxşı bilir ki, Frensis sağ qalsaydı, Marqonu öldürəcəkdi. Misilsiz qadın fəhmiylə bunu duyduğuna görə Marqaret ərini qabaqlayır, şüurunun hökmüylə vəhşi kəli vurmalıykən təhtəlşüurunun təhrikiylə silahı Frensisə tuşlayır...
...Nobel mükafatı laureatı Ernest Heminquey böyük hekayə ustasıdır. Dilimizə yazıçı Mahir Qarayevin çevirdiyi “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” əsərini onun ən yaxşı hekayəsi saymağım, məncə, böyük haqsızlıq olmaz, hərçənd dünya şöhrətli “Kilimancaronun qarı” hekayəsi, eləcə də “Qadınsız kişilər”, “Bizim dövrdə” silsiləsindən olan bəzi hekayələr psixoloji dərinliyinə, sənətkarlıq xüsusiyyətlərinə görə heç də bundan geri qalan deyil. Bu yazıları duya-duya, qana-qana oxumaq bir ədəbi məktəbdən, yaradıcılıq laboratoriyasından keçməyə, ən azı bir ustad dərsi dinləməyə bərabərdir.
"Yeni Azərbaycan" qəzeti