Həmkarları gənc yazarı sərt tənqid etdilər: “Vallah, ayıbdır!”

Həmkarları gənc yazarı sərt tənqid etdilər:   “Vallah, ayıbdır!”

07 Sentyabr 2022 14:45 837


YeniYaz.Az “Dördün-biri” layihəsindən gənc yazar Nemət Mətinin “Dörd min pillə" hekayəsinin müzakirəsini təqdim edir. Layihədə gənc yazarlardan dörd nəfər bir şeiri və ya hekayəni qiymətləndirirlər.

Nihat Pir

“Ümumiyyətlə, bu hekayə niyə var?” sualı ilk cümlədən son cümləyə qədər məni rahat buraxmadı. Həddən ziyadə dil qüsurları, redaktə, korrektə xətaları var, amma bunlar texniki məsələlərdir deyə, müəllifin üstünə çox da getməyə dəymir. Amma və lakin mövzu, mövzuya müəllifin yanaşması və s. heç biri qaneedici deyil.

Əhvalatın sonuna yaxın obraz binaya nərdivanla dırmaşır. Və ona qədərki prosesdə ölkədə (şəhərdə, yaxud dünyada) özündən başqa hamının uça bildiyini israrla vurğulayır. Bəs sual yaranır? Əgər hamı uça bilirsə, o nərdivan orada niyə var? Sırf həmin obraz üçünmü? Yox, ağlabatan deyil. Olsa belə, bu, müəllif tərəfindən qeyd edilməli idi.

Hamının uçma yetənəyinin olduğu dünyada hələ də çərpələngin olması da çox məntiqsizdir. Çərpələng insanın uçmaq arzusudur!

Müəllifə uğurlar!

Vüqar Babazadə

Bu hekayəni “Göygöl”də gölün qırağında oxudum. Hər şey çox gözəl idi. Təbiət, ağaclar, quşlar uçurdu, ördəklər üzürdü, adamlar şəkil çəkdirirdi, balaca uşaqlar o tərəf-bu tərəfə qaçırdı. Bu cür gözəl atmosferdə hekayəni oxuyan kimi qanım qaraldı. Əsəbiləşdim. İstədim Anar müəllim kimi suya kəllə vurum, özümü atım gölə. Dilxor oldum. Əsəblərim gərginləşdi. Ona görə dilxor oldum, ona görə əsəblərim gərginləşdi, ona görə özümü suya atmaq, ona görə Anar müəllim kimi suya kəllə vurmaq istədim ki, hekayəni bəyənmədim. Bəyənmək bir qırağa, hələ bəyənmək qalsın, sözüm onda yox. Dostumuzdur. Yazıb. Yaxşı iş görüb, di gəl ki, bu heç hekayə də deyil. Sizə başlıq da verirəm: Bu, hekayə deyil.

Qərəz, ona görə hekayə deyil ki, burada heç bir hekayə ünsürünə rast gəlmədim.

Əvvəla hekayədə bir fon olar, ay qardaşlar, ay bacılar. Bir atmosfer olar. Bir dil olar. Bir süjet olar. Nə bilim, bu yaşdan sonra sizə hekayə yazmağı öyrədəsi deyiləm. Gedin Çexov, Qorki oxuyun.



Dil bərbad gündədir. İlahi, dil məni dəhşətə gətirirdi. Bu nə dildir? Belə dil olar? Oxuduqca görürsən ki, dil ölüb, hərəkət eləmir, hər söz adama deyir ki, oxuma bizi, oxuma bizi.

Siz Allah, boş yerə danışmıram, bir misal gətirim baxın:

"Hər gün olduğu kimi yenə səhər işə gedirəm. Bəli, məhz gedirəm. Bu proses məni yorur. Sanki ilan məni udub, sonu görünməyən tuneldə yol gedirəm. Hələ bunun yol bitdikdə yuxarı dırmanmağı var. İki kilometr hündürə qalxmalıyam"

Bu hekayənin ilk beş cümləsidir. Yəni hekayəni açırsan oxumaq üçün, ilk olaraq yuxarıdakı cümlələri oxuyursan.

Üç dənə "gedirəm" sözü.

Bəli, məhz, sanki, hələ, kimi – köməkçi nitq hissələri.

İlan məni udub, sonu görünməyən tuneldə yol gedirəm – banal və klişe bir təsvir.

Ümumiyyətlə, fiasko. Bunu kimsə deyib, özünü pis eləməlidir dost-tanış yanında. Cəhənnəm, qoy bu pis adam mən olum. Bu hekayə deyil, bu cürbəcür mənası olan müxtəlif sözlərin yan-yana düzülməsindən əmələ gələn bir şeydir.

Sonluq, ümumiyyətlə, məni utandırdı. Ən zəif yazıçılar sonda qəhrəmanı öldürürlər.

Çox dərinə getmirəm. Çox dərinə getsək, min dənə şey taparam. Mətn olmayanda ortalıqda, nə qədər istəsən danışa bilərsən. Kaş ortada bir mətn olardı, müzakirə edərdik.

Nemətə uğur arzulayıram, bu pis alınıb, başqa biri yaxşı alınar.

Orxan Saffari

Ümumiyyətlə, Nemət Mətin bəyin olmayan yaradıcılığı haqqında məndən soruşduğunuz üçün sizə də bir az əsəbiləşirəm, ümumi olaraq hekayəsini müzakirəyə çıxardığınız üçün də. Məncə, "həvəskarlar" adında-filan bir layihə yaradıb, Nemət bəyin olmayan yaradıcılığını orada yayımlayasınız. O da ən yaxşı halda.

Nemət bəydən bir neçə dəfə nəsə oxumağa cəhd eləsəm də, bu bir neçə ildə zərrə də gözümə nəsə dəymədi. "Filankəs belə deyirdi" deyib, ardınca bir-iki cümlə öz fikrini yazıb, onu da kitab edən müəllif idi və bu da çox uğursuz şəkildə. Bu oxuduğum hekayə də o cümlədən. Vallah, ayıbdır. Bu adam illərdir yazır, ortada heç nə yox. Nemət bəyin təbirincə desək, Tolstoy deyirdi ki, yazmaya bilirsənsə, yazma. İndi Nemət bəy rəhmətlik Tolstoya inansa, yaxşı olar. Axı, o, çox gözəl yazmaya bilər.

Mehdi Dostəlizadə

Hekayə qanunauyğunluqların pozulması üzərində qurulub. Amma sistemlə, rejimlə uzlaşmayan qəhrəmanın kədərini hiss etmək olmur. “Hamı kimi ola bilməmək adamı dəli edir” cümləsini yazmaq əvəzinə, hamı kimi ola bilməyən adamın dəli olmasını göstərmək lazım idi. Çərpələnginin ipi kəsilən, papağı oğurlanan adamın bu sistemə qarşı mübarizə əzmi yoxdur. Bu cür basqı altında qalan adam uçmağı öyrənib hər şeyə boyun əymək əvəzinə fərqliliyini qorumalı, onun uğrunda hər şeyə getməli idi – ən azından mən bunu gözləyirdim. Axı ədəbiyyat razılaşmamaqdır. Üstəlik, binalarda niyə lift yoxdur? Deyilə bilər ki, hamı uça bilir deyə liftə ehtiyac duyulmayıb. Əgər elədirsə, nərdivanlar da olmamalı idi. Bu cür divergent qəhrəmanın iş əldə etməsi, çox işlədiyinə görə çox qazanması da ağlabatan deyil, onun fərqliliyini şübhə altına salır.

Hekayənin dilinə gəldikdə isə, sanki köşə yazısı oxudum. Həm də bu cür fövqəlhadisə heç bir problemə köklənməyib, arxa plana sahib deyil. Mətn müəllifin çərpələnginin ipinin kəsilməsinə, papağının oğurlanmasına səbəb olmayacaq.