Həqiqət sabit deyil - Mətanət Vahid yazır...

Həqiqət sabit deyil   - Mətanət Vahid yazır...

10 Martt 2025 09:39 37


Mişel Fukonun "Sözlər və nəsnələr" kitabı haqqında

Əsəri tərcümə edən professor Qorxmaz Quliyev kitabın “Giriş” hissəsində yazır: “Fukonun “Sözlər və nəsnələr” əsərində insanın, onun varlıq imkanlarının sonucluğu ilə bağlı, yüksək aforistik və obrazlı şəkildə ifadə olunmuş düşüncələri mənim ümidlərimi alt-üst etdi və məni zaman-zaman bu kitaba qayıtmağa və tədricən onu dərk etməyə və nəhayət, onu dilimizə çevirməyə sövq etdi.”

Fukonun yazı üslubu mürəkkəb fəlsəfi terminlər və konseptlərlə zəngindir. Qorxmaz müəllimin fikirləri bu tərcümə işinin nə dərəcədə məsuliyyətli olması ilə yanaşı, filosofun tədriclə dərk olunan düşüncələrinin ağırlığını da ifadə edir. Çünki kifayət qədər oxu təcrübəsinə malik olmayan oxucunun çətinliklə sevə, qəbullana biləcəyi bir əsərdən söhbət gedir.

Mișel Fukonun 1966-cı ildə nəşr olunmuş "Sözlər və nəsnələr" (Les Mots et les Choses) kitabının adı dilimizdə “Kəlmələr və şeylər” kimi də işlədilir. Mahiyyətcə eynidir, Qorxmaz Quliyev birinci variantı uyğun bilib.

Mütəxəssislər onu strukturalizm ilə poststrukturalizmin sərhədində fəlsəfi əsər kimi qəbul etsə də, müəllif həmişə “metodoloji çərçivə”lərin əleyhinə olub. Altbaşlığı “Humanitar elmlərin arxeologiyası” şəklində olan “Sözlər və nəsnələr" humanitar elmlərdə metodoloji yanaşmalara əhəmiyyətli təsir edən əsərdir.

Kitabda əsasən bilik, dil və epistemoloji qavrayışın tarixi inkişafı araşdırılır. Fuko qarşısına əsas qayə kimi bir problemin həllini qoyur: dərk etdiyimiz dünya nəsnələrin təzahürüdür, yoxsa bizim bu qavrayışımızı nizamlayan xüsusi mexanizmlərin fəaliyyətidir?

Əsərdə Mişel Fuko tərəfindən irəli sürülən “epistem” anlayışı bilik və düşüncə sistemlərinin hər tarixi dövrdə spesifik bir struktura sahib olduğunu ifadə etmək məqsədi daşıyır və müəllifin sonrakı əsərlərində, demək olar ki, istifadə olunmur.

Qorxmaz Quliyev “epistem”in Kantın “apriori”, Kunun “paradiqma” anlayışlarını xatırlatdığını vurğulayır. Başqa sözlə desək, epistem – varlığın nizamı və onun qavrayışı üsulu kimi şərh edilir. Fukoya görə, epistem – obyektiv həqiqət deyil, əksinə tarixi, sosial və mədəni diskursların təsiri altında formalaşan bilik şəbəkəsidir.

Sadə desək, epistem anlayışı 1) bizi əhatə edən bilik sistemlərinin obyektiv və əbədi olmadığını, zamanla dəyişən konstruksiyalar olduğunu göstərir; 2) biliklərin necə formalaşdığını və müəyyən bir dövrdə fərqli baxışlar sisteminin qəbul edilmə səbəblərni anlamağa kömək edir.

Həmçinin kitab, tarix, fəlsəfə, sosiologiya, psixologiya və digər humanitar elmlər haqqında yeni düşüncə tərzi təqdim edir. Fuko göstərir ki, bu elmlər sabit və obyektiv biliklər məcmusu deyil, əksinə, cəmiyyətin tarixi və diskursiv dəyişikliklərinə tabedir.

Kitabdakı fikirlər o qədər maraqlıdır ki, uzun-uzadı şərh etmək, irəli sürülən tezis və qənaətlər ətrafında xeyli müzakirə aparmaq olar. Amma ümumiləşdirib “Mişel Fukonun "Sözlər və nəsnələr" kitabını nəyə görə oxumağa dəyər?” deyiriksə, qısaca belə cavablandırmaq olar:

Bilik və həqiqət anlayışını sual altına qoyaraq Fuko göstərir ki, həqiqət sabit deyil, tarixi və sosial kontekstdən asılı olaraq dəyişə biləndir. Yəni əsər elm və fəlsəfənin necə işlədiyini dərindən anlamağa kömək edən bir yanaşmadır. Başqa sözlə, elmlərin inkişaf mexanizmini anlamaq baxımından faydalı bir kitabdır.