Hərə öz imkanı qədər gedə bilir: Eşqin Səhrası

Hərə öz imkanı qədər gedə bilir:   Eşqin Səhrası

24 Noyabr 2023 14:08 721


Salman Qaralar

Səhrada Yalqizliq

İfaçı aşıqların söyləməsinə görə Aşıq Ələsgər şəyirdi ilə bir toydan çıxıb Göyçə mahalına qayıdırmış. Yol elat camaatının düşdüyü yaylaqlardan keçirmiş. Şəyird Aşıq Ələsgərə deyir:

– Ustadım, mənim nişanlımgilin ailəsi qarşıdakı təpənin arxasındakı obada olur. Məsləhət bilsəniz, yolüstü o obaya dönərik. Həm bir çay içib dincələrik, həm də mən nişanlımla görüşərəm.

Ustad razılaşdı, atın cilovunu çəkib sağa doğru gedən cığıra döndərdi, atı dəhmərlədi. Şəyird də mindiyi qatırı ustadın atının dalınca sürdü. Təpəni aşıb şəyirdin nişanlısının olduğu yurd yerinə gəldilər. Baxdılar ki, bu yurda düşən oba yaxın 2-3 gün ərzində köçüb gedib. Yurd yerində qalan ocaq daşlarıdır.

Şəyird bikef oldu. Gözlərindəki sevinc parıltılarının yerini qüssə buludları tutdu. Səsi də sanki içində qırıldı, dillənə bilmədi.

Aşıq Ələsgər də gördü ki, “lələ köçüb yurdu qalıb”, şəyirdin də əhval-ruhiyyəsi tamam dəyişib. Ustad bir söz demədən atdan düşdü, bulağın yanındakı yastı daşın üstündə oturdu. Şəyird də mindiyi qatırın belindən sıçrayıb yerə tullandı. Əl-üzlərini yudular. Soyuq bulaq suyundan ovuclayıb içdilər. Şəyird ustadın baxışından anladı ki, ustadın ürəyi sözlə dolub. Ustadın sazını köynəkdən çıxarıb Dədə Ələsgərə uzatdı. Dədə sazı bu kimsəsiz yaylaqda köksünə sıxdı. Sazın pərdələrindən “Təcnis” havasının kövrək, ürəyə yatımlı sədaları yüksəldi. Bulaq suyunun həzin səsi sanki saza dəm tutdu, suyun zümzüməsi sazın səsi ilə harmoniya təşkil edib, yurd yerinə, ətraf yamaclara yayıldı.

Xəyalları uzaqlara dikilmiş Dədənin şaqraq səsi dalğa-dalğa yayılaraq dağın üstündəki qayalara dəyib əks səda verdi:

El yeridi yalqız qaldın səhrada,
Çək əstərin, çal çatığın, çata-çat.
Hərcayılar səni saldı irağa,
Həsrət əlin yar əlinə çata-çat.

Şəyird alaçıq yerinin qırağında dizi üstə çökərək ustadın bədahətən dediyi təcnisinə diqqətlə qulaq asır, sinəsinə yazmağa çalışırdı. Əlini uzadıb yanındakı ocaq daşını tərpətdi. Ocaq daşının altından qızın saçlarından qırılmış tellərlə bağlanmış bir dəstə moygülü çıxdı. Ustadın sazının, sözünün təsiri bir yandan, sevgilisinin telləri ilə bağlanmış moyçiçəyinin ətri də bir yandan şəyirdin əhvalını dəyişdi, qəlbini həzin duyğular bürüdü. Şəyirdin könlündən nişanlısına bir namə yazmaq, əhvalını ona bildirmək arzusu keçdi.

Şəyirdin hərəkətlərini müşahidə edən Dədə sanki onun ürəyindən keçənləri də hiss etdi. Telli sazı dilləndirə-dilləndirə sıralanmış cərgə dağlara göz gəzdirdi. Lay-lay axıb gələn buludlar dağın zirvəsinə, zirvədə ucalan qayalara dəyib dumana çevrilir, bu ağ duman üzü aşağı yamaclara, təpələrə doğru sallanırdı. Qonurdağdan əsən külək özüylə soyuq hava axını gətirirdi.

Aşığın xəyalı bir anda fəsilləri dolanıb qayıtdı. Qışda ağ geyinən dağlar yaz gələndə bir yandan əsən yellərin, bir yandan da yağan leysan yağışların təsiri ilə əriyir, azalır, tədricən yoxa çıxır. Qarı günəşdən çox əsən yel, yağan yağış aparır. Dağların ağ paltarını əvvəl boz, sonra yaşıl, göy rənglər əvəz eyləyir. Yazın son ayı keçəndən sonra dağlar uzaqdan qara libasda görünürlər. Bu qara libas dağların əzəmətli duruşunu bir az da artırır. Bir müddət də keçəndən sonra payız girəcək, yenə dəli sellər axacaq, başsız küləklər əsəcək, zirvələrə düşən qar yeni mövsümün gəldiyini xəbər verəcək...

Bir anın içində olmuşları, olanları, olacaqları gözdən keçirən qocaman sənətkar təcnisin ikinci bəndini xırdalamağa başladı:

Qışda dağlar ağ geyinər, yaz qara,
Sağ dəstinlə ağ kağıza yaz qara.
Əsər yellər, qəhr eyləyər yaz qara,
Daşar çaylar, gələr daşlar çata-çat.

Ustadın oxuduğu sözləri yaddaşına yaza-yaza şəyird də qeyri-iradi olaraq zirvələrə göz gəzdirdi. Havanın tutulduğunu, buludların dolduğunu, əsən küləyin yağış gətirəcəyini hiss etdi. Astaca ayağa durdu, sazın pərdələrində ustadın gəzən barmaqlarına, şahanə oturuşuna fikir verdi. Gözləri ustadın nurlu sifətinə toxundu. Ustadın simasından qəm oxudu, kədər sezdi. Şəvə kimi qapqara saqqalı, bığları sifətinə bir müdriklik, əzəmət verirdi. Ancaq başının yançaqlarında tüklərin çoxu ağarmışdı. Öz-özünə: “qocalırsan, Allah səni qorusun, ay ustad” – dedi. Sağ əlini üzünə çəkib salavat çevirdi, “Allah, Məhəmməd, ya Əli” sözlərini pıçıldadı.

Dədə Ələsgərin arifanə baxışları uzaqlara zillənmişdi, gözləri yol çəkirmiş kimi məchul bir istiqamətə baxırdı. Sanki ətrafında nə varsa, görmürdü, hiss etmirdi. Əslində isə hər şeyi görürdü də, hiss edirdi də; hətta şəyirdin ürəyindən keçənləri də.

Ustad şirin, ürəyəyatımlı güllər vura-vura şeirin son bəndini oxumağa başladı:

Ələsgərin xəddi çıxdı çal indi,
“Hey”i “ye”yə, “dal”ı “re”yə çal indi.
Hərcayının kəlləsindən çal indi,
Çal çəngəlin, çək ciyərin çata-çat.

Şəyird ustadın sözlərini yaddaşına yaza-yaza heyrət içində qalmışdı. Elə bil ki, onun ürəyindən keçənləri kimsə, hər hansı bir qeyri-adi varlıq ucadan səsləndirir, ustad da o səsləri dinləyir. Bir anın içində şəyirdin ürəyindən keçənləri bədii sözə çevirib şəyirdə qaytarır. Şəyirddə bir yəqinlik hasil oldu ki, ustadı müəyyən məqamlarda hansısa onun bilmədiyi, eşitmədiyi ilahi bir varlıqla danışır. Ustadının Haqq aşığı olduğuna, Haqqın sözünü dediyinə, Haqqı tərənnüm etdiyinə qəlbən inandı. Şəyird ona da inandı ki, bu üç bəndlik sənət əsəri onun halından, əhvalından yarandı. Hətta etdiyi duanı da bədii cümlə şəklinə saldı və “he”yi “ye”yə, “dal”ı “re”yə çalmaqla İmam Əlidən şəyirdin kömək istədiyini də təqdir etdi. Cənab Əli vasitəsilə Məhəmməd peyğəmbərə, Məhəmməd peyğəmbər vasitəsilə Allah-təalaya qovuşmağın yeganə düzgün yol olduğunu şəyirdinə izah etdi.

Söz tamam olanda şəyird ustadın önünə gəldi, yüngülcə baş əyib “sağ ol, ustadım”, – dedi. Sazı ustadın əlindən alıb köynəyinə qoydu. Miniklərini minib dağ gədiyini aşdılar. Dağın Göyçə mahalı olan tərəfində külək güclü əssə də, yalnız dağların zirvəsində ensiz dilim şəklində duman layları görünürdü. Qalan yerlər dənizə (Göyçə gölünə) qədər açıq-aydın idi. Bu da dənizin yaratdığı ab-hava ilə bağlı idi. Dənizdən əsən külək dumanın-çənin aşağılara doğru çox enməsinə imkan vermirdi.

***

Şəyirdin beynində yenidən köhnə xatirələr oyandı, xəyalən nişanlısı olan yurd yerinə, Ustadın dediyi sözlərə qayıtdı, “Çata-çat” rədifli dodaqdəyməz təcnisi ürəyində bir də təkrar etdi. Bu dərin məna və hikmət dolu, irfan yüklü təcnisdə şəyirdə mənası tam agah olmayan bir söz verdi: səhra.

Niyə Dədə Ələsgər bu təcnisdə yaylaq, binə, oba, dağlar kimi sözlərdən birini işlətməyib, məhz səhra sözünü işlədib? Axı onların yaşadığı, gedib-gəldiyi yerlər səhradan çox-çox uzaqda yerləşir. “El yeridi, yalqız qaldın səhrada” misrası əvəzinə “el yeridi, yalqız qaldın binədə” (obada, yaylaqda, bu yurdda...) sözlərindən birini işlədə bilərdi. Ancaq həmin sözlərin heç birindən istifadə etmədi, məhz səhra sözündən bəhrələnərək eşqə düşən şəyirdin sevgilisindən ayrı düşməsini təsvir eylədi?

Şəyird hələ o məqama yetməmişdi. Səhra sözünün niyə, nə məqsədlə Dədənin dilində işlənməsinin incəliklərini bilmirdi. Bizim gümanımız, ehtimalımız, yozumumuz isə aşağıdakılardan ibarət olacaqdır.

Səhra-susuz və bitkisiz geniş çöl, biyaban, düz yerdir. Səhraya qar, yağış, yağmır. Səhrada küləyin təsiri altında qum sovrulur, barxan-qum təpələri yaranır. Səhra insan yaşayışı üçün əlverişsiz bir yerdir.

Klassik ədəbiyyatda səhra deyəndə ilk növbədə insan yaşamayan tənha, sakit, kimsəsiz bir yer xəyala gəlir ki, burada insan öz könlü, öz eşqi və nəhayət, öz Allahı ilə tək qalır. Türk təsəvvüf, eşq yazarı Sinan Yağmur (1965, Qırşəhər) Veysəl Qərani haqqında yazdığı “Eşqə səfər” romanında yazır:

Səhradan qayıdırdım.

– Hardan gəlirsən? – deyə qonşum soruşdu.
– Səhraya getmişdim. Eşq yağmış, yerlər islanmışdı. İnsanın ayağı necə palçığa batırsa, mənim də ayağım eşqə elə batırdı...
– Nə eşqdi? Yoxsa bir qıza vurulmusan? – deyə soruşdu.
– Allah eşqi! – dedim. O var, başqa bir şey yalandır!”

Allah eşqi həqiqi eşq, digər eşqlər isə məcazi eşq olaraq təsəvvüfdə geniş şəkildə yayıldığından ədəbiyyata da sirayət etmiş, həm yazılı ədəbiyyatda, həm də aşıq poeziyasında ilahi eşqə həsr olunmuş mükəmməl əsərlər yaradılmışdır.
XII əsrin böyük Azərbaycan şairi Xəqani Şirvani:

Mən eşqin səhrası, qəlbin qibləsi
Yoluna üz qoydum, könlünün səsi, –

yazaraq könül səsi, könül çağırışı əsasında eşq səhrasına döndüyünü bəyan etmişdir.
Qədim bir ərəb əfsanəsi olan Leyli və Məcnun eşqi, bu eşqin sayəsində insanın bu dünyanın aldadıcı nemətlərindən əl üzməsi, Allaha sığınması, qovuşması bir dastan şəklində müsəlman dünyasına yayıldı. Ancaq bu möhtəşəm əfsanə əsasında yazılı ədəbiyyatda ilk dəfə Şeyx Nizami Gəncəvi “Leyli və Məcnun” adlı poema – eşq dastanı qələmə aldı. “O yatağı səhra, o balıncı dağ” olan Məcnunu böyük şairimiz ilahi eşqə bağlı bir aşiq kimi xalqa təqdim etdi və bu günə qədər də eşqdən yazanlar Nizami dühasından bu və ya digər dərəcədə bəhrələndilər. Nizamini özünün müəllimi, ustadı adlandıran Məhəmməd Füzuli ana dilində yazdığı eyniadlı əsəri ilə ilahi eşqə bağlı olmağın daha emosional, daha bədii həll yolunu tapdı. Bu eşqə talib olanlar üçün əslində səhra ilə dərya arasında olan fərqlər də silinir:

Dəryalərə getsə ləməyi-tab,
Səhralara düşsə qətreyi-ab
Dəryalar olurdu cümlə səhra,
Səhralar olurdu cümlə dərya.

Eşq işığı dəryalara düşsə, səhraya, bir qətrə su səhralara düşsə, dəryaya çevrilərdi.

M.Füzuli “Olsaydı məndəki qəm Fərhadi-mübtəla” misrası ilə başlayan qəzəlində özünün də eşq bəlasına giriftar olduğunu bildirir:

Fərhadü-zövqi-surət, Məcnunu qeyri-səhra,
Bir rahət üçrə hər kəs, ancaq mənəm bəladə.

Yazılı ədəbiyyatda islam dinində təsəvvüfdən yaranan ilahi eşq, aşiq, məşuq kimi sətiraltı mənaları olan sözlərlə – terminlərlə bərabər, səhra sözü də XII əsrdən başlayaraq XX əsrə qədər bu və ya digər dərəcədə poeziyamızda işlənmiş, eşq məkanı, eşqin sonsuzluğu kimi mənaları ifadə etmişdir. XIX əsrin görkəmli şairlərindən Q.Zakirdə, Ə.Nəbatidə, S.Ə.Şirvanidə də bu tipli söz və ifadələrdən istifadə hallarına rast gəlirik.

Aşıq poeziyasında da Dirili Qurbanidən qidalanaraq gələn sufi, səfəvi təriqətinə xas olan baxış və əqidələrin, termin və istilahların işləndiyini müşahidə edirik.

İmtahan eylərlər könül şəhrini
Eşqi-haqdan başqa talanıb gedər, –

deyən Miskin Abdalın gəldiyi qənaətə görə insanın könül şəhərini yoxlasalar, hər şeyin keçəri olduğunu görəcəklər, yalnız haqqa olan eşq əbədi qalacaqdır.

Aşıq Alının da əsərlərində ilahi eşq, ariflik mərhələsi, həqiqət axtarışları kimi irfani nümunələrlə tez-tez rastlaşmaq olur. Səhra sözünə də ustadın şeirlərində ilahi eşq, ariflik, alimlik məqamı, ucalıq məkanı kimi məna verildiyini görürük.

Alıyam, dərdimi yetirdim yüzə,
Gəzərdim səhrada, enmişəm düzə.

Bəzən biz elə bəndlərə rast gəlirik ki, ilk təəssüratda sanki təbiətdən və ya mövcud cəmiyyətdən bəhs olunur, ancaq şeirə bütövlükdə baxanda irfani məqamların da olduğuna şübhə yeri qalmır. Aşıq Alının “Yaylaq” şeirində deyilir:

Yağdı yağış, şirinlətdi yuxunu
Büründü mehmanın qumaşa, yaylaq.

Yağan yağış eşq yağışı olanda aşiqin yuxusu şirin olar, yuxuda məşuqu ilə qovuşar: daş üstündə yatsa belə, özünü qumaşa bürünmüş hesab edər.

İslam mədəniyyəti çərçivəsində yaranan Azərbaycan ədəbiyyatında səhra sözünün əksər qələm sahibləri tərəfindən işləndiyinə aid bəzi nümunələrlə tanış olduq. Tam qətiyyətlə demək olar ki, XII əsrdən başlayaraq günümüzə qədər olan aşıq və şairlərin içərisində səhra sözünü irfani məqamlarla bağlı ən çox işlədən Məhəmməd Füzuli və Dədə Ələsgərdir. Dədə Ələsgərin yaradıcılığında bu söz o qədər çeşidli, o qədər rəngarəng, o qədər zəngin məna çalarları ilə işlənmişdir ki, bu yaradıcılıqla tanış olduqca bir daha “Ələsgərin eşq atəşində yandığını, bişdiyini” – kamilləşdiyini, dədələşdiyini yəqin edirsən:

İstər dara çəkdir, istər qul eylə,
Qoymuşam əmrinə qol, incimərəm.
Həsrətindən Məcnun oldum səhrada,
Alırsan canımı al, incimərəm.

Bu gözəl oxunaqlı, həzin, lirik qoşmada bir gözəlin eşqi yolunda lirik qəhrəman bütün cəfalara, əzab-əziyyətlərə dözməyə hazırdır. Ancaq bu qoşmaya idrak, irfan gözüylə baxanda lirik qəhrəmanın səhrada Məcnuna döndüyünü görürük. Məcnun səhraya yalnız Leyli eşqi ilə üz tutmurdu, Leylinin timsalında Haqqa qovuşmaq, ilahi eşqə yetmək üçün özünə məskən olaraq səhranı seçmişdir.

Səhraya üz tutmaq, səhra adamı olmaq hər igidin hünəri deyil. Gərəkdir ki, insan dini biliklərini, əxlaqını, ruhunu, mənəviyyatını dayanmadan təkmilləşdirsin, irfanın məqamlarını bir-bir keçsin. Şəriətdən təriqətə, təriqətdən mərifətə yol alsın, bundan sonra həqiqət mərhələsinə yaxınlaşsın. Bu mərhələyə keçənlər özlərini “oda salaraq” eşq səhrasının sakini ola bilərlər:

O Xoyun səhrası, o da Səlmasın,
Rəqib dost kuyində oda salmasın.
Fələk Ələsgərtək oda salmasın
Nə naxoşu belə, nə sağı belə.

Bədii məziyyətlərinə görə dəyərli bir sənət nümunəsi sayılan “Sə qalı tez-tez” təcnisində də səhra sözünə rast gəlinir. Fonetik səviyyədə obrazlılığın ən gözəl nümunələrindən biri olan bu əsəri ustad sənətkar aşağıdakı bəndlə başlayır:

Sarsaq ilə seyrə çıxsan səhraya,
Gətirər sərinə sə qalı tez-tez.
Tərlan səkər, qalxar ərşi-əlaya,
Sardan şikarını sağ alı tez-tez.

Əvvəla, onu qeyd etmək lazımdır ki, Aşıq Ələsgərin şeirlərinin toplandığı ilk nəşrlərdə, o cümlədən Hümmət Əlizadənin nəşrində bu bənd yuxarıdakı kimi verilmişdir. Daha sonrakı tərtibçilər nədənsə “tərlan səkər, qalxar ərşi-əlaya” misrasını “tərlan xəyal qalxar ərşi-əlaya” şəklində çap etmişlər və bununla da şeirin həm bədii dəyərinə, həm də məna-məzmununa xələl gətirmişlər. Bu haqda başqa bir səhifədə danışacağımızı nəzərdə tutduğumuza görə səhra sözünün işlənmə məqamına baxaq.

Sarsaq adamla iş görmək, seyrə çıxmaq hər yerdə, hər zaman çətindir. Ancaq səhrada sarsaqla seyrə çıxanın sərinə üç qeylü-qal birdən, həm də tez-tez gələcəkdir. Səhra adi bir seyr, səyahət yeri deyil. Səhra Haqqa doğru uzanan uzaq yolları getmək, müqəddəs mənzil başına yetmək üçün bir məqam, mərhələ yeridir.

“Gəda” rədifli divanisində də Dədə Ələsgər səhra sözünə müraciət etmişdir:

Al çətirin, çıx səhraya,
Sal sərinə saya, gəz.
Qədər sənlə gəzəcəkdi,
İstər gir dəryaya gəz.
Sakin əyləş sin içində,
Həqiqətdən ayə gəz.
Ağ eylə sinən oynasın
Şəri-şeytandan, gəda!

Bu divanidə ustad qeyd edir ki, səhraya çıxan sərinə (başına) saya (kölgəlik) salaraq çıxmalıdır. Səhra gedər-gəlməz bir yoldur. Bu yolda hər cür təhlükə var: səhrada azmaq, qum tufanına düşmək, ac, susuz qalmaq, qızmar günəş altında yanmaq, mənzil başına çatmamaq... Səhraya üz tutmaq, bu qeyri-müəyyən yola çıxmaq və sağ-salamat geri dönmək müəyyən qədər də qismətə, qədərə, alın yazısına bağlıdır. Bütün bu baş verənlərə, qəzavü-qədərə sakit əhval-ruhiyyədə yanaşmaqdan başqa bir çıxış yolu görməyən Dədə haqqa, ədalətə sığınmağı məsləhət bilir.

Təhlilə cəlb etdiyimiz bu kiçik nümunələr göstərir ki, Dədə Ələsgər yaradıcılığı səhra qədər geniş, sonsuz və mübhəm sirlərlə doludur. Səhrada hərə öz imkanına görə müəyyən bir mənzil gedə bildiyi kimi Dədə Ələsgər yaradıcılığından da hər kəs öz qabiliyyət və imkanına görə bir pay götürə bilər.