Cesare Pavese "Təpədəki ev" romanında ənənəvi mövzularını işləyir; həsrətlə arzulanan keçmiş, ötüb getmiş gəncliyin təsəllisi, kəndə bağlılıq, müharibənin toxunuşları, fərd və müharibə. Pavese bu romanda fərdin özəyinə - onun şəxsiyyətinə yönəlir. Nəyə, kimə, hara aidik? Aid olduğumuzu necə müəyyən edirik?
Hadisələr 1943-cü ilin yayında Turində və ətraf kəndlərdə cərəyan edir. Müharibə gedir. Almanlar şəhərləri yandırır, kəndləri ələ keçirib adamları öldürür. Partizan hərəkatı başlayıb və az da olsa, müqavimət göstərilir.
Əsas qəhrəman Corrodino öz eqosunun tənhalığında məhkum, öhdəlik götürməkdən çəkinən, məsuliyyətdən qaçan bir ziyalıdır. Orta məktəbdə dərs deyir, axşamlar isə bombalardan qorunmaq üçün kəndə qalxır. O, kəndə böyüyüb, lakin şəhər ziyalısına çevrilib. Həqiqətdə isə, heç birinə aid deyil. Pavesenin tənhalıq burulğanında dönən daha bir qəhrəmanı.
Müharibə yaxınlaşanda yaxınları müqavimət göstərməyi seçir, o isə təkliyini qorumaq üçün öz kəndinə qaçır, necə deyərlər, təpələrinə qayıdır. Budur, uşaqlığın mifik məsumluğunun mənzərəsi.
Lakin müharibə onu öz kəndində də təqib edir və Corrodino faşistlərlə partizanlar arasında gedən döyüşün şiddətinə burada şahid olur. Beləliklə, qəhrəman hər kəsin tarix qarşısında mənəvi məsuliyyəti olduğunu hiss edir, bütün dünyanı öz mənliyinə sıxışdırmaqdan utanır və anlayır ki, həyatın "yalnız nəyəsə və ya kiməsə görə yaşadığınız halda dəyəri var".
"Təpədəki ev" romanı bizə müharibəni tamam fərqli baxış bucağından göstərir. Bu, məyus insanın, heç nəyin dəyişməyəcəyini, səy göstərməyin nəticə verməyəcəyini düşünən birinin baxış bucağıdır. Böyüməkdə, yetişməkdə aciz olanların baxış bucağıdır. Və ətrafda müharibədən doğan faciələr baş verdikcə Corradionun şəxsi faciəsinə şahid oluruq. On il öncə münasibətdə olduğu bir qadından sən demə oğlu var imiş.