NASA kosmosun səsini lentə almışdı. Dinləmişdim. Bu, Yerdəki müxtəlif taleli insanların ərşə çıxan qəhqəhəsi, ah-naləsi, sevinc və şiddət bağırtılarının bir-birinə qarışmış qulaqbatıran bir uğultusu idi...
Bu fikir qəlbimin harayı ilə melanxolik tərzdə yazılmış bədii-fəlsəfi düşüncə axınının təsiri ilə əmələ gəlib. Bəlkə heç o qədər ciddi də deyil. Amma bəlkə də bəşər üçün hələ də mübhəm olan həyat, varlıq, mövcudluğun mücərrəd bir sirrini aşina edən dərinliyə varmaq üçün oxuyana ipucu verə bilər.
Mövcud olduğu milyonlarla il ərzində Yer bizim kimi çox insanların gəlişinə və gedişinə şahid olub. Milyonlarla illər ərzində insanlar əzəli və əbədi mübarizə - Xeyirlə Şərin mübarizəsinin baş iştirakçısı olublar. Aranızda ən xoşbəxt olan kimdir? Məncə heç kim. Heç kim mütləq xoşbəxt və ya mütləq bədbəxt deyil. Amma şərin enerjisi güclü olduğundan biz insanlar onun ağrısını xoşbəxtliyin verdiyi sevincdən daha uzun yaşayırıq. Çoxumuz üzdə gülsək də, içərimizdə ağlar sifətli, yaş gözlü bir adam var. Çoxumuz sevincimizi kədərizimizi haray çəkən kimi bəyan etmirik.
Amma insanlar müxtəlif xarakterə malikdir. Hamı səsli haray çəkmir. İçimizdə - bax elə siz hamınız, bu yazını oxuyanlar - aranızda o qədər səssiz haray çəkənlər var ki, ürəyimizin qulaqları tutulub o səssiz bağırtılardan. Qulaqları tutulan ürək partlamağa meyllidir. Ovuc boyda ürəyə dağ boyda dərdləri sıxıb, dürtüb, tıxayıb vurmağa, döyünməyə məcbur edən adama ürəyin adekvat cavab reaksiyasıdır infarkt.
Yer üzü şən səslərdən daha çox ağı səsləri ilə yüklənib. Çünki biz faciəni faciəyə çeviririk. Bizim sinəmizdən qopan səsli haraylar kimi ürəyimizdə qışqırdığımız haraylar da bir enerji olaraq aləmə yayılır, kainata yayılır. Hamımızın - sizə səslənirəm ey oxucular - ağrı-acısını çəkdiyi, barışa bilmədiyimiz dərdlərimiz, bəlalarımız, əzablarımız, itkilərimiz var. Amma hamımız ağlamırıq. Hamımızın ölü bədənlərini basdırdığımız qəbristanlıqlarda uyuyan əzizlərimiz var. Həyat var olduqca bunlar belə də davam edəcək.
Bu dünyada qəzavü-qədərin, fəlakətin, xəstəliklərin, müharibələrin yaşatdığı ah-nalələr var. Bu dünyada xoş günlərin sevincini - dünyaya gətirdiyi övladının, qovuşduğu sevgisinin, qalib gəldiyi ölümcül xəstəliyinin, aldığı diplomun, qazandığı əmək haqqının, layiq olduğu mükafatın və sair kimi hadisələrin şadyanalığını ifadə edən nəşə dolu səslər, pıçıltılar, qışqırtılar var.
Və düşünün, bütün bu qarmaqarışıq hisslərin verdiyi cürbəcür səs və ünlər bir-birinə qarışır fəzada. Bu qarmaqarışıq hisslər simfoniyaya çevrilir. Uğultulu bir simfoniyaya. Bu, bütün növ çalğı alətlərinin olduğu nəhəng bir orkestrin minorda simfoniyasıdır. Biz insanlar özümüz bir çalğı alətini ifa edirik. Kimsə bu həyatda var-gücü ilə, ordlarını şişirdərək nəfəsli musiqi alətinə hava üfürür, yaşayır. Bəziləri ömrünü ağır kontrabasda ifa edircəsinə keçirir. Kimsə pianonun şirmayı dillərində öz şərqisini səsləndirir. Amma bunun da akkord tutub, tuta bilməyəni var. Musiqidə duyum vacib olduğu kimi gəlib düşdüyümüz və yaşamağa məcbur edildiyimiz bu dünyanın da ahəngini tutdurmağı bacarmaq lazımdır. Duyum olmasa yaşamaq çətinləşir. Siyahını çox uzatmaq olar. Amma bir şeyi xatırladım ki, çoxumuz həyatın not dəftərini oxumağı bacarmadan duyum gücünə yaşamağa davam edirik. Nə xoş notları bilənin halına...
Bəlkə yorucu oldu. Sadəcə demək istədiyim o idi ki, bu həyat bədbəxti çox, xoşbəxti az olan dünyanın insanlarının uğultusu - kosmik simfoniyası ilə dolan nəriltisindən ibarətdir. Rekviyem isə Yer üzündə həyat bitəndə çalınacaq.
Xoşbəxt olmağa çalışın. Ürəyinizə ağırlıq yükləməyin. Bu haraylar dünyasında çalışın minor yox, major ladlarınız eşidilsin. Axı dünya həssas qəlblər üçün bir cəhənməmdir.