“Hisslərin tərbiyəsi”ni çoxdan oxumaq istəyirdim. Məndən aslı olmayan səbəblərə görə əlim kitaba çatmırdı. Nəhayət, keçən həftə əsəri oxudum. Əsərin süjeti, ideyası, müsbət və mənfi cəhətləri haqqında şəxsi fikirlərimi hələlik özümdə saxlayıram. Həvəsim və vaxtım olsa, bu mövzuda yazı yazacam. İndi isə sırf əsərin tərcüməsi haqqında qeydlərimi tirajlamaq istəyirəm. Yaxşılardan başlayaq, sonra nöqsanlara keçərik. Onu da əvvəlcədən qeyd edim ki, tərif və nöqsanlarda tamamilə haqlı olduğumu iddia etmirəm. Bu yazı daha çox açıq fikir mübadiləsidir. Qələm adamları, tərcüməçilər oxuyub faydalana bilərlər.
Belə qəşəng evləri görən sərnişinlərin çoxu bu cür evi olmadığına görə heyifsilənir, yaxşı bilyard masası, bir qayıq və arvadla birlikdə (ya da başqa xəyallarla) burada bir ömür yaşamaq arzusuna düşürdü. (Səh. 7)
hisslerin-terbiyesi-front-bookTəsvir yaxşıdır. Amma tərcümədə “ömür yaşamaq” sözünün yerinə “ömür keçirmək” sözündən istifadə olunsa, daha da yaxşı olardı. Ümumiyyətlə, “Hisslərin tərbiyəsi”ndə çoxlu gözəl təsvirlər var. Flober sanki əsərdə İbrahimoviç kimi (futboldan çox da başım çıxmır, azdan-çoxdan tanıdığım İbrahimoviçdir) bədii driblinqlər nümayiş etdirib. Əsərdə xoşuma gələn təsvirlərdən yeri gələndə, lazım olanda, ehtiyac yarananda, çox güman, hekayələrimdə istifadə edəcəm. Qeydlərimi aparmışam. Bunu bəribaşdan özüm deyirəm ki, sonra oğurluğun üstü açılsa, heç kim “Seymur Floberdən oğurluq edib” qışqıraraq əbəs yerə səs-küy salmasın. Müxtəlif əsərlərdən çoxlu təsvirlər oğurlayıb qalın dama-dama dəftərə yazmışam. Mən xəsis adam deyiləm. Kimə təbiət, obraz, otaq təsviri, maraqlı dialoqlar lazım olsa, xəbər eləsin. Əlimin altında hər cür iqlimə, hava şəraitinə, hər cür adama, hər cür məkana uyğun çoxlu təsvirlər var. Məmnuniyyətlə, hədiyyə edərəm.
Arıq olduğundan uzaqdan baxanda hələ cavan görünürdü, lakin onun seyrəlmiş saçları, boşalmış əzələləri, ən əsası, rəngi qaçmış solğun üzü bankirin canıyla əlləşdiyindən xəbər verirdi. (Səh. 32)
Həm Floberin təsviri, həm də tərcümədə “canıyla əlləşdiyindən” sözünün istifadəsi xoşuma gəldi.
Budur, şöhrətpərəstlik eşqiylə alışıb-yanaraq, günlərini mübahisələrdə yelə verərək, cürbəcür cəfəngiyyata, sistemlərə, tənqidə, hansısa nizamnamənin və ya incəsənət sahəsində islahatın zəruriliyinə inanaraq 50 yaşına gəlib çatmış, ortaya isə qaralamalardan başqa heç nə çıxarmamışdı. (Səh. 57)
Təsvir xoşuma gəldi. Əlbəttə, bu tərif müəllif üçündür. Qeyri-ixtiyari gözümün qarşısında bir nəfərin miskin siması canlandı. Zamandan və məkandan aslı olmayaraq insan tipləri, talelər amansızcasına təkrarlanır.
Küçələrdə ins-cins gözə dəymirdi. Hərdən daş döşənmiş küçənin sükutunu pozan tək-tük yük arabası keçirdi. (Səh. 74)
Əladır. Bu tərif də müəllifin ünvanına deyilib.
Sabah oğlunun gələcəyini gözləyən madam Maro daş atıb başını tutdu. (Səh. 93)
“Daş atıb başını tutdu” ifadəsi xoşuma gəldi. Atalar sözlərindən, məsəllərdən, söz birləşmələrindən tərcümələrdə cəsarətlə istifadə etmək lazımdır. Yaxınlarda bir ingilis romanı oxudum. Tərcüməçinin xətrinə dəyməmək üçün romanın adın yazmıram. Qoca kişidir, çox həssas adamdı, əsəbiləşər, halı pisləşər, ölə də bilər. Durduğum yerdə “günaha bulaşmaq” istəmirəm. Tərcüməçi ingilis atalar sözlərin olduğu kimi tərcümə etmişdi. Ona görə də müəllifin nə demək istədiyi çox da aydın olmurdu. Əgər tərcüməçi ingilis atalar sözlərinin mənasına uyğun gələn, mənasını verən Azərbaycan atalar sözlərindən istifadə etsəydi, həm əsər oxucu üçün doğmalaşardı, həm də müəllifin nə demək istədiyi, nəyə işarə vurduğu daha da aydın görünərdi. Tərcümələrdə hətta başqa xalqların oxşar yeməklərinin də adı dəyişdirilərək yerli yemək adlarıyla əvəz olunmalıdır. Məsələn, bir tərcümədə “xaşıl” sözünə rast gəlmişdim. Tərcüməçinin xaşıl sözündən istifadə etməyi çox ləzzət eləmişdi. Obrazın hansı yemək yediyi mənə tam aydın olmuşdu. Amma tərcüməçi yeməyin əsl adından istifadə etsəydi obrazın hansı növ yemək yeməsi qaranlıq qalacaqdı.
Gündəlik həyatın cürbəcür dinc səs-küyü, qəfəslərdəki quşların qanadlarının xışıltısı, xarrat dəzgahlarının cırıltısı, çəkməçi çəkicinin taqqıltısı eşidilirdi. (Səh. 96)
Qəşəng təsvirdir. Bu tərif müəllifin ünvanına deyilib. Sənətkarlıq budur. Gurultulu, təmtəraqlı təsvirlər yazmaq asandır. Heç nədən, adi şeylərdən ab-hava yaratmaq isə əsl ustalıq tələb edir.
Federik aya baxdı, fəzanın böyüklüyünü, həyatın miskinliyini, hər şeyin bihudəliyini düşündü. (Səh. 122)
Flober burada baş qəhrəman Federikin ovqatın yaxşı verib. Tərcüməçi də bihudəlik sözündən yerində istifadə edib. Bir növ şərqlə qərbin sintezi alınıb. “Səfillər”in tərcüməsində belə uğurlu sintezlər çoxdu.
Evin cah-calalı sanki söhbətlərin biabırçı mövzularını daha çox qabardırdı, lakin söhbət etmək tərzi danışılan şeylərin özündən də axmaq idi. Onlar məqsədsiz, əlaqəsiz, həvəssiz danışırdılar. Halbuki burada dünyagörmüş adamlar da vardı. Sabiq nazir, keşiş, iki-üç nəfər yüksək vəzifəli dövlət məmuru və hamısı ən çeynənmiş mövzularda boşboğazlıq edirdi. Bəzisi hər şeydən bezmiş kubar dula bənzəyir, bəzisi özünü at dəllalı kimi aparırdı. Qocalar isə bura nəvələri yaşda olan arvadları ilə gəlmişdilər. (Səh. 187)
Təsvir əladır, “at dəllalı” ifadəsi də xoşuma gəldi, amma cümlələr yaxşı cilalanmayıb. Daha yaxşı cilalamaq olardı.
Hər halda, yaxşı tapışıblar. Bir-birinə bab adamlardı. (Səh. 235)
“Tapışıblar” sözünün istifadəsi yaxşıdır. Vəziyyəti oxucuya daha da aydın göstərmək, əsəri daha da doğlamaşdırmaq üçün burada “eşşək anqırıb, tayın tapıb” ifadələrindən də istifadə etmək olardı. Niyə də yox? Cəsarətli olmaq lazımdı.
İngiltərə sözünü eşidən kimi cin atına minirdi. (Səh. 247)
Yaxşıdır.
Pullarını balta kəsmir. (Səh. 302)
Yaxşıdır.
Ona yağlı bir şapalaq ilişdirmək üçün Federikin ovcu geyişdi. (Səh. 304)
Qismən yaxşıdır.
…Bir suyu arabaçıya, bir az da seminaristə oxşayan, enli bakenbardlar saxlayan adam idi. (Səh. 311)
Yaxşıdır.
Əvvəla, onda qeyri-adi heç nə görmürəm, bir də axı daş atsan, onun kimi qadınlara dəyər… (Səh . 314)
Yaxşıdır, amma burda “itə daş atsan” ifadəsindən istifadə olunmalı idi. Adətən xalq arasında adamlar nəyinsə çoxluğun, bolluğun bildirmək üçün bu ifadədən istifadə edirlər. İtə daş atırsan gedir filan şeyə dəyir. Görünür, qadın həmrəyliyi tərcüməçiyə potensialından tam istifadə etməyə imkan verməyib.
Xoruzların qoltuqlarına verdim. (Səh. 320)
Yaxşıdır.
Baş qaşımağa vaxt tapmırdı. (Səh. 485)
Yaxşıdır.
Hər iksi eyni bezin qırağıdır! (Səh. 585)
Burda “eyni” sözünün əvəzinə, “bir” sözündən istifadə olunsaydı daha yaxşı olardı. “Hər iksi bir bezin qırağıdır”. Cümlə belə tərcümə olunmalı idi.
Heç vaxt heç kəsin toyuğuna kiş də deməmişəm. (Səh. 565)
Yaxşıdır.
Dambröz quşu gözündən vura bilərdi… (Səh. 579)
Yaxşıdır.
Hər halda, olacağa çarə yoxdur. (Səh. 589)
Əladır.
Hə, indi isə nöqsanlara keçək.
Qadın öz geyim-kecimi ilə görüntünü tamamlayırdı. (Səh. 32)
“Görüntü” sözünün yerinə başqa sözdən istifadə etmək lazımdı. “Türkcə” nin təsiri hiss olunur.
“Sənaye incəsənəti” dərgisinin bir neçə nömrəsi görünürdü. (Səh. 33)
“Nömrəsi” yox, “sayı”.
Katib dostunun verdiyi vədi tutmaq istəmədiyini görürdü. (Səh. 88)
“Türkcə”nin təsiri hiss olunur. “Vədi tutmaq” nədir? Bu Azərbaycan dili deyil. Azərbaycan dilində “vədi tutmaq” ifadəsi yoxdu. “Vədinə əməl eləmək”, “sözünə sadiq olmaq”, “sözünün ağası”, “sözünün yiyəsi olmaq” ifadələri var.
Odur ki, onu heç görməmək kimi dəhşətli aqibəti yaşamaqdansa, bütün əzablara qatlaşmağa hazır idi. (Səh. 101)
“Aqibəti yaşamaqdansa” nə deməkdir? Azərbaycan dilində belə ifadə yoxdur. Bu Akop Martayan türkcəsi tərəfindən aşınmaya məruz qalmış dildir.
Bir qız qoluna yaslanıb ucadan ona “pişiyim mənim” deyirdi. (Səh. 109)
“Qoluna yaslanıb” nə deməkdi? “Türkcə”nin təsiri.
Yol boşalandan sonra artıq görüntü yox olmuşdu. (Səh. 152)
“Görüntü” sözünün yerinə başqa söz istifadə olunmalı idi.
Bütün ədalətsizliklər istibdadı, gücdən sui-istifadə edən bu hüququn geniş izahına tapınır. (Səh. 159)
“Tapınır” sözü yersizdi. “Sitayiş edir” olmalıdır. Ümumiyyətlə, cümlə aydın deyil, qarışıqdı. Bir neçə dəfə oxudum heç nə başa düşmədim.
Ədəbi qurum… (Səh. 161)
“Qurum” yox, “təşkilat”, “idarə”, “müəssisə”, ən pis halda “orqan…” “Qurum” saxta, uydurma sözdür. Yazıçılar, jurnalistlər, tərcüməçilər qarışqa qəndə darışan kimi “qurum” sözünə darışıblar. Əsərdə bir neçə dəfə “qurum” sözündən istifadə olunub. Hamısını bir-bir yazmağa ehtiyac yoxdu.
Təzə paltarını geymək üçün səbirsizlənirdi. (Səh. 164)
“Səbirsizlənirdi” nə deməkdir? Özünə hörmət edən qələm adamı, tərcüməçi, hətta idmançı “səbirsizlənirdi” sözündən istifadə etməməlidi.
Məşqə qatılmalı… (Səh. 182)
“Türkcə”nin təsiri. “Məşqə qatılmalı” yox, “məşqdə iştirak etməli” olmalıdır. Köhnə tamaşalara baxın. Orda “tamaşada iştirak edirlər” yazılır. “Tamaşaya qatılırlar” yazılmır.
Fəhlələri tələsdirir, bu mağazadan o birinə qaçır, təzə həyatdan zövq almağa səbirsizləndiyinə görə hər şeyi bazarlıq etməyib alırdı. (Səh. 185)
Burda da lənətə gəlmiş “səbirsizlənirdi” sözündən istifadə olunub. İkincisi, “bazarlıq etməyib alırdı” nə deməkdir? Almaq elə bazarlıq etməkdi. Bazarlıq etmək, yəni nələrsə almaq. Çox güman söhbət burda qiymətləri aşağı salmamaqdan, satıcılarla çənə-boğaz etməməkdən gedir.
Sonra gündəmdə olan hadisələrdən danışmağa başladılar. (Səh. 200)
“Gündəmdə olan” nə idi, sən Allah? Buna heç hazır deyildim. Elə bil yeməyimin içindən tarakan, tük, ölü siçan çıxdı. “Gündəmdə olan” ifadəsindən istifadə etməklə tərcüməçi Floberin əsərini aşağı səviyyəli xəbər saytlarına döndərib. Yadıma “Şahruddinin səhvi yenə gündəm oldu” kimi səviyyəsiz xəbər sərlöhvələri düşdü. Açığı, Floberə yazığım gəldi. Bədii əsərin tərcüməsində “gündəmdə olan” ifadəsindən necə istifadə etmək olar? “Gündəmdə olan” ifadəsinə rast gələndə gözlərimə inanmadım. Düşündüm, bəlkə, gözlərim məni aldadır. Kitabı parkda oxuyurdum. Kitabı bağladım. Parkda bir neçə dəfə dövrə vurdum. Evə gələndə kitabı açıb bir daha 200-cü səhifəyə baxdım. Gördüm 200-cü səhifədə heç bir dəyişiklik yoxdu. “Gündəmdə olan” ifadəsi yerində idi. Dəhşət.
Ziyanda olmayacaqsan, gül kimi yatırımdı. (Səh. 222)
“Yatırım” yox, “sərmayə”. “Yatırım” saxta, süni, uydurma sözdür. Yaxınlarda Firudin Allahverdi də bir çıxışında “yatırım” sözündən bir neçə dəfə istifadə etmişdi. İradımı bildirdim. Zamin Hacıdan fərqli olaraq nala-mıxa vurmadı, cığallıq etmədi. İradla razılaşdı. Nə bilim, bəlkə də, məni yola verdi. Firudini başa düşmək olar. Bəstəkardır, amma Zamin Hacı kimi ağsaqqal qələm adamının uydurma, saxta, süni “yatırım” sözündən istifadə etməsi dözülməz və bağışlanılmaz haldır.
Hər halda, bu qədər pulu qəzet içinə yatırıb havaya sovurmaqdansa, nə alsan, yeri vardı. (Səh. 259)
“Yatırıb” yox, “qoyub”.
… Artıq verdiyi vədin təssüfünü yaşayırdı… (Səh. 259)
Yenə də “türkcə”nin kəskin təsiri. Bu Azərbaycan dili deyil.
…Dostuna verdiyi sözü tutmaq, həm də Arnuya kömək etmək istəyirdi. (Səh. 261)
“Sözü tutmaq” yox, “sözə əməl etmək” olmalıdır.
Arnu saçlarının dibindən tutmuş ruhunun dərinliklərinə qədər yenə də bütün arvadına məftun olmağa başlamışdı. (Səh. 264)
Bu cümləni heç başa düşmədim. Yəqin, burda texniki səhv var.
Tanrı eşqinə… (Səh. 272)
“Tanrı xətrinə” olmalıdır.
Öz səhvini etiraf etmək heç vaxt əskiklik deyil. (Səh. 325)
“Əskiklik” sözü yerində işlənməyib. Başqa sözdən istifadə olunmalı idi.
… Sərfəli nigahla çuvalını sudan çıxarmalı idi. (Səh 343)
“Çuvalını” yox, “çulunu”.
Aranı dağa qatdı… (Səh. 348)
Aranı dağa qatmırlar, aranı dağa, dağı da arana daşıyırlar. Bu söz çox düşünmək mənasında işlədilir. Əlli dərənin, əlli arxın suyun bir-birinə qatırlar. Bu söz də özünü dolaşdırmaq, hər şeyi qatıb-qrışdırmaq mənasında istifadə olunur. Dastanları, nağılları, köhnə əsərləri oxumaq lazımdır.
Üstəlik, o, sıradan incəsənət nümayəndəsi deyil… (Səh. 362)
“Sıradan” yox, “adi”. Cümlənin daha da koloritli alınması üçün “yoldan ötən” ifadəsindən də istifadə etmək olardı. Sıradan, sıralama sözləri son vaxtlar Azərbaycan dilinin canına darışmış gənələrdən biridir.
Bütün bu rüsvayçılığa rəğmən… (Səh. 372)
“Rəğmən” yox, “baxmayaraq” daha uyğundur.
Federik alış-verişə səxavətlə qatılmışdı. (Səh. 446)
“Səxavətlə qatılmışdı” nədir? Bu nə dilidi, hansı dildi?
Olsun! Mən də vəzifəmi yerinə yetirərəm. (Səh. 473)
“Olsun” sözünün yeri yoxdu. “Türkcə”nin təsiri, dilin aşınmaya məruz qalması açıq-aşkar hiss olunur.
… Təntənə ilə özünü sərgiləyirdi. (Səh. 480)
“Sərgiləyirdi” nədir? Offfffffffffff…
…Rokk ata çox böyük həyacan yaşamışdı. (Səh. 482)
Burda da “türkcə”nin təsiri, tərcüməçinin söz ehtiyatının nə qədər məhdud olduğu görünür. “Yaşamışdı” sözünün əvəzinə başqa sözdən istifadə olunmalı idi.
Üsyanın yaratdığı dəhşət azmış kimi, bir də bunu şişirtməyə çalışırdılar. (Səh. 486)
Bu Azərbaycan dili deyil. Dil hiss olunmur. Hərdən menə elə gəlirdi ki, bu kitabı iki adam tərcümə edib. Biri “türkcə”dən, biri də fransızcadan.
Federikə gəlincə, rəsmdəki qadın, hər halda, onun məşuqəsiydi. (Səh. 492)
“Gəlincə” yox, “gəldikdə isə”.
Ərinin çiyninə yaslanmışdı. (Səh. 499)
“Söykənmişdi”.
Marta həmişə atasının tərəfini tuturdu. (Səh. 505)
“Tuturdu” yox, “saxlayırdı”.
Əzabverici alçalmanın xəcalətini çəkir… (Səh. 510)
“Əzabverici” yox, “əzablı”. Aleksey Tolstoyun “Əzablı yollarla” əsəri var. Tərcüməçi həmin əsəri oxusaydı “əzablı” sözünün əvəzinə “əzabverici” sözündən istifadə etməzdi.
Onu belə xoşbəxt görüncə Federikin ona yazığı gəldi. (Səh. 512)
“Görüncə” yox, “görəndə”. Necə belə uşaq səhvləri buraxmaq olar?
… Qaçılmaz xərclər məşuqəsinə çox pul ayırmağına imkan vermirdi. (Səh. 516)
“Qaçılmaz” sözünün cümlədə yeri yoxdu. Başqa söz istifadə olunmalıdı.
Bir vaxtlar madam Arnunun ona yaşatdıqlarından… (Səh. 519)
Azərbaycan dilinə qənim kəsilən, dili qurudan, qısırlaşdıran on söz varsa, bu on sözdən biri, bəlkə də, birincisi “yaşandı”, “yaşatdı” sözüdür. “Yaşandı”, “yaşatdı”, “yaşanır” sözlərindən kim istifadə edirsə, bilin ki, o adamın dili Akop Martayan türkcəsi tərəfindən aşınmaya məruz qalıb.
Sakitlik çökmüş bu cür axşamlar ona eynən buna bənzəyən axşamları xatırlatdı. (Səh. 521)
“Eynən” yox, “eynilə”. Belə nöqsanlar bəzi yoldaşlara vasvasılıq kimi görünə bilər. Qətiyyən belə düşünməyin. Birincisi, bütün səhvlər və nöqsanlar ümumi nəticəyə öz təsirini göstərir. İkincisi, söhbət burda bədii təfəkkürün mənsubiyyətindən gedir. Üçüncüsü, şeytan həmişə xırda təfərrüatlarda gizlənir.
Dambröz yatağın başını kəsdirərək can çəkişən xəstəyə baxır… (Səh. 532)
“Can çəkişən” yox, “can verən”.
…Orlean yaxınlığında bir ferma, bir xeyli daşınar əmlak qalmışdı. (Səh. 536)
“Daşınar” yox, “daşınan”.
Siyasi görüşü… (Səh. 547 )
“Siyasi görüşü” yox, “siyasi baxışı, mövqeyi”.
İnancın yenidən doğuluşu… (Səh. 559)
“İnanc” sözünün əvəzinə başqa sözdən istifadə olunmalıdı.
…Ona bu qədər əzablar yaşadan saxta mühitə nifrət edirdi. (Səh. 588)
Azərbaycan dilinə qənim kəsilmiş, dili qurudan, qısırlaşdıran “yaşadan” sözündən yenə də istifadə olunub.
Kübar cəmiyyətlə qaynayıb-qarışdı və yeni sevgilər yaşadı. (Səh. 592)
Yenə də “yaşadı” sözü. Şərhə ehtiyac yoxdur.
Kitablarda hamının mübaliğəli hesab etdiyi, qınadığı hissləri mənə siz yaşatdınız. (Səh. 595)
Əsərin sonlarında tərcüməçi “yaşandı”, “yaşatdı”, “yaşanır” sözlərindən daha çox istifadə edib. Sanki yorulub, daha keyfiyyətə bir o qədər də əhəmiyyət verməyib.
Nəticə.
“Hisslərin tərbiyəsi”nin tərcüməsinə on ballıq sistemlə mənfi üç vermək olar. Tərcüməçinin xilası varmı? Var. Tərcüməçi hər şeydən əvvəl Akop Martayan türkcəsindən uzaqda dayanmalıdır. Heç bir formada Martayan türkcəsiylə ünsiyyətdə olmamalıdır. Martayan türkcəsiylə bu və ya digər formada ünsiyyətdə olan şəxsin dili mütləq pozulacaq, aşınmaya məruz qalacaq. Bu iki vuraq ikidi.
İkincisi, tərcüməçi sovet dövründə yazılmış, tərcümə olunmuş əsərləri oxuyaraq dilini təmizləməklə bərabər, həm də söz ehtiyatını artırmalı, dilə dərindən bələd olmalıdır.
azlogos.eu