Hisslər, duyğular bizdən xəbərsiz baş qaldırır içimizdə. And olsun bu yazıya ki, heç birimiz iradəmizdən asılı olmadan yaşadığımız hisslərə, duyğulara görə günahkar deyilik. Və şübhəsiz ki, mən bu girişi özümə bəraət qazandırmaq üçün yazıram...
***
İnsan tənhalıq hissinə alışdımı, ən səs-küylü məclislərdə belə hər şey ona təkliyi, fani olduğunu xatırladar. Ən etibarlı dostu təkadamlıq masalar, ən yaxın həmdəmi küçələrdir tənhaların. Üzündəki gülüşü yarımçıq, sevinci qəfil parlayıb sönən işıq kimi ani və natamam. Adamlar onlardan niyə qaçdığını anlamazlar. Niyə təkliyi bu qədər sevdiklərini, niyə səs-küyə bu qədər düşmən olduqlarını bilməzlər. Tənhaların dostu olmaz, sevdiyi, öz qaramat dünyasına yaxın buraxmadığı sevimli, ara-sıra görməyə təhəmmül etdiyi adamlar olar.
Fanilərdən uzaq qaçanda onların gedişi, xəyanəti, vəfasızlığı, etibarsızlığı sonradan ağrı verməz, incitməz. Bunu hər şeydən yaxşı bilirlər şüurlu surətdə təkliyi, tənhalığı seçənlər.
Ancaq rasional dünyada yeri yoxdur hisslərin burulğanına düşüb yolunu itirən adamların.
***
Tənhaların gecələri daha qaranlıq, daha uzun, daha sıxıcı olar. Şəhərin səmasında qaranlıq səssizləşdikcə, tənhaların qaranlığında səs-küy artar. Ağrıların, peşmanlıqların gediş-gəlişi, kədərin paradı, hüznün atəşfəşanlığı başlar. Şəhər yuxuya gedəndə yeni günü başlar tənhaların. Səni hələ də yaşadığına inandırmağa çalışan qadın mesaj atar: “gecən xeyrə”. Sənsə şərmi, xeyirmi olduğunun fərqinə varmadığın qaranlıq gecənin acığına hüznlü bir mahnı açarsan telefonda. Divarlarda əks-sədası çiliklənər bütün notların. Nə oxuduğun şeirlər, nə dinlədiyin mahnılar içindəki bitib-tükənməyən axtarışı tamamlamağa kömək etməz, uzaqdakı sevgiliyə, ən sevgiliyə belə izah edə bilməzsən içində dərinləşən, uçurum kimi genişlənən tənhalığı...
Dostlar hər görüşdə içkini atıb-atmadığını soruşar, sən “daha içmirəm” deyib bağlayarsan söhbəti. Sırf bu sualın cavabının müsbət olmasını istəyənlər üzülməsin deyə alkoqolu atıb, qəhvəyə güc verərsən. Tənhaların ən sevimli içkisidir qəhvə. Fincanda gecə-gündüz qəhvə buğlanar, qəhvə qoxusuna bürünər otağın. Mətbəx pəncərəsinin qarşısından susqun şəhərə, küçədən ara-sıra keçən maşınlara baxarsan, keçmişini düşünüb bir az qəhərlənərsən, üşüdüyünü hiss edib qollarını ovuşdurarsan ağır-ağır. Hərçənd bir yerdən sonra nə keçmiş, nə gələcək umrunda olmaz, nə soyuq, nə isti fərq etməz.
Bayram axşamları hər zamankından daha ağrılı, daha duyğusal olarsan. Üç-beş foto, dörd-beş xatirə – bir tənhanın qura biləcəyi ən yaxşı bayram süfrəsi. Fotodan gülümsəyən qocalar, sənin varlığına möhtac təbəssüm, xilaskar uşaqlar boylanar. Telefonun inadla susar. Heç bir ailəvi məclislərdə adı anılmaz tənhaların. Heç bir dost, tanış ailə məclislərinə dəvət etməz, yəni qonaq dəvət edilmədiyi kimi, qapısını da döyən olmaz, “ailəvi dostluqlar”da adı anılmaz təkliyi seçənlərin. “Ailəvi məclis” planlarına daxil edilməz tənha adamlar. Uzaqbaşı ya bayramdan 2-3 gün sonra hansısa PUB-a içməyə, hansısa kafeyə “yeyib-içməyə” çağırarlar. Qəribədir, “ailəvi məclislər”də səni unudan dost-tanışlar bəzən aşkar, bəzən gizlin tənhalığı sənə qısqanarlar. Tənhalıqdan qaçmaq üçün sığındığın, heç bir gələcək vəd edə bilmədiyin, ümidsizcə sevdiyin qadın da anlamaz tənhalığa qaçışının səbəbini. Sənsə həyətdə oyun yoldaşı tapmadığı üçün maşınları mismarla cızan uşağın həyəcanıyla gecənin bağrına bir kibrit yandırıb atarsan. Nə gecə işıqlanar bu kibritin işığında, nə sükutu pozular şəhərin.
***
Baxmaq istədiyin filmlər yarımçıq qalar, evin hər köşəsində oxuya bilmədiyin kitablar qalaqlanar. “Bəlkə, bunu oxuyum”, – deyə açdığın kitabların dili olsa, o məşhur filmdəki kimi səni qınayar, səninlə danışar. Yatağın bir küncündə qıvrılıb gözlərini tavandakı qaranlığa zilləyib qara-qara düşünərsən: “bu gün də ölmədim”. Bütün işləri naməlum sabahlara ertələyib, tənbəlliyini çəkdiyin mənasız iztirabla kompensasiya etməyə çalışarsan. “Başqa vaxta” saxladığın görüşlərə, yarımçıq yazılara, qapandığın ümidsizliyə bir siqaret yandırıb, xəstəlik səbəbi tüstünü çəkərsən ciyərlərinə. Maraqsız bəhanələr uydurarsan insanlarla dolub-daşan “kafkaesk tənhalığına”...
Və bir sabah yataqdan qalxıb, tələsik bilgisayarı yandırıb, qarmaqarışıq duyğularını yazmağa çalışanda içində nəyinsə parçalandığının fərqinə varıb diksinərsən.
Tənhalığı əlində bayraq etdiyi ən ağır günlərdə qəfil öz eqoizminin, yarımçıqlığının fərqinə varır insan. Şüurlu seçilmiş tənhalığın, bəlkə də eqoistlikdən, bir az da məsuliyyətsizlikdən başqa bir şey olmadığı həqiqəti şillə kimi çırpılar üzünə. Nevrotik ya da psixoloji problemli fərd olduğunu qəbul etmək, həyata belə davam etməkdə qərarlı olmaq və ağılla yox, hisslərlə hərəkət etmək... Əslində bu qədər sadə deyil tənhalıq. Ya da bu qədər sadə olmamalıdır. Ancaq ətrafınızda kimdən soruşsanız, sizə aşağı-yuxarı bu şəkildə diaqnoz qoyacaqlar.
Ədəbiyyata görə, “homo sentimentalis”in, yəni duyğusal, hisslərlə yaşayan insanların vəziyyəti aşağı-yuxarı belədir. Sevimli yazıçım Milan Kunderaya görə, bu, isteriyadır. Bəlkə də belə yaşamaq asan olduğu üçün düşdüyümüz bu ruhi, psixoloji böhranın adına biz “tənhalıq” deyib keçirik. Mən isə hər şeyin izahının bu qədər sadə, bu qədər bəsit və asan olmadığını düşünürəm. Hər halda, “Hisslər, duyğular bizdən xəbərsiz baş qaldırır içimizdə”. Və yəqin ki, biz ö tənhalığımıza görə məsumuq...