Hüdudsuz yoxluğun verdiyi azadlığı

Hüdudsuz yoxluğun verdiyi azadlığı

09:43 19


Fəxri Uğurlu

Fridrix Hölderlinin “Hiperion, yaxud Yunan zahidi” romanı haqqında

Folkner kimi şeiri tərgidib nəsrə keçən, Bunin kimi şeirlə nəsri paralel aparan (onun poeziyasının, yoxsa prozasının güclü olduğu bu gün də mübahisə mövzusudur), Rilke sayağı nəsri ikinci dərəcəli məşğuliyyət sayan şairlər var. Romantizm erasında yaşayıb-yaratmış iki dahi alman şairini - Hölderlinlə Novalisi bu kateqoriyaların heç birinə aid eləmək olmur. Onlar dünyada ilk növbədə şair kimi tanınsalar da, hər iki şairin yaradıcılığının zirvəsi nəsr əsəri, konkret desək, romandır. Doğrudur, bu əsərləri hələ yeni roman örnəyi saymaq olmaz, janrın təzələnməsi bir müddət (azı iyirmi-otuz il) sonra o dövrdə sənətin qibləsi hesab olunan Fransada baş verəcək; bununla belə, bu kimi faktlar romanın yeni dövrdə dominant janra çevriləcəyini prosesin başlanmasından xeyli əvvəl müjdələyir.

İtaliya, İspaniya, İngiltərə, Fransa kimi ölkələrə baxanda Almaniya istər ictimai-siyasi, istərsə də humanitar-mədəni sahədə yeniliklərə gecikmişdi. Ona görə də mənəvi-estetik oyanışın aparıcı Avropa xalqları arasında təqribən üç-dörd yüz ilə ərsəyə gəlmiş mərhələləri on səkkizinci əsrdə, xüsusən də əsrin ikinci yarısında Almaniyanın pərən düşmüş torpaqlarında növbəyə düzülüb, alman zamanında tıxac yaratmışdı. Alman intibahı alman klassisizminə, alman klassisizmi alman maarifçiliyinə, alman maarifçiliyi alman romantizminə dirənmişdi. Ona görə də on səkkizinci əsrin sonları, on doqquzuncu əsrin əvvəllərində müxtəlif fikir, sənət cərəyanları müstəvisində meydana çıxmış, neçə yüz illik prosesləri dar zamana sığdırmış alman dahilərinin sayı-hesabı yoxdur: Kant, Lessinq, Raspe, Herder, Höte, Şiller, Fixte, Şellinq, Hegel, Şopenhauer, Şlegel qardaşları, Tik, Novalis, Qrimm qardaşları, Hofman, Şamisso, Kleyst, Brentano, Heyne, Hauf, Feyerbax, Ştirner... Motsart, Bethoven, Şubert...

Sadaladıqlarım hələ hamısı deyil. Bunca dahinin aşağı-yuxarı bir dövrə necə sığdığını təsəvvür eləmək çətindir.

Hölderlinin adı bu siyahıda çox şərəfli yer tutur. Yuxarıdakı adları yarıbayarı azaltsan belə Hölderlinin imzası yenə ixtisara düşməz, fəxri siyahıda qalar.

***

Alman romantizminin ən parlaq imzaları əsasən iki fikir-sənət məktəbinin məzunları olmuşdular - bunlardan biri Yena, o biri Heydelberq məktəbidir. Yena məktəbinə mənsub qələm adamları (Avqust və Fridrix Şlegel qardaşları, Lüdviq Tik, Novalis) dahi filosof İohan Qotlib Fixtenin subyektiv idealist fəlsəfəsinə söykənirdilər. Bu da təsadüfi deyildi, çünki Fixte 1794-1799-cu illərdə Yena universitetində mühazirə oxumuşdu, onun mühazirələrini sənət bayrağını yeni qaldırmış perspektivli tay-tuşlarıyla yanaşı Hölderlin də dinləmişdi.

Bu müddətdə onun Yena romantikləriylə xoş münasibəti yaranmışdı, Hölderlinin burada çıxan qəzetlərdə, jurnallarda şeirləri dərc olunmuşdu, dövrün nüfuzlu tənqidçisi Avqust Şlegel həmin şeirlər haqqında müəllifin böyük sevincinə, öyüncünə səbəb olmuş tərifli məqalə yazmışdı, zamanın canlı əfsanəsi Novalisin Hölderlin poeziyasına rəğbəti yaranmışdı. Bununla belə, onun adı Yena romantizm məktəbi nümayəndələri arasında çəkilmir.

Novalisin ölümündən (1801) sonra bu məktəbin çırağı da sönmüş, romantizm estafeti Heydelberq məktəbinə (Ernst Teodor Amadey Hofman, Henrix fon Kleyst, Klemens Brentano, Adelbert fon Şamisso, Yakob və Vilhelm Qrimm qardaşları) ötürülmüşdü. Bu məktəbin mənsubları daha çox filosof Fridrix Vilhelm Şellinqin ideyalarından ilhamlanırdılar.

***

Yenada olmağın bir üstünlüyü də vardı ki, bura Veymara yaxın idi. Veymarda isə Hölderlinin pərəstiş obyektləri, alman ədəbiyyatının bir cüt bütü - mərmər kimi soyuq, sağlam Höte, bir də külüylə oynayan xəstə Şiller yaşayırdı.

Hölderlin hər iki dahi şairlə tanış olmuşdusa da, onların bir az laqeyd, bir az da biganə münasibətiylə qarşılaşmışdı. Ona dilucu məsləhətlər verən Höte gənc şairin sonralar bütün mədəni xalqların dilinə çevriləcək şeirlərinin layiq olduğu beş-üç xoş, isti kəlməyə qıymamışdı. Sönməkdə olan Şiller isə eşdiyi bulaqdan su içmiş cavanın qələm təcrübələrinin nəşrinə, tanınmasına cığır açsa da, onu özünün gənclik ideallarının canlı timsalı, çoxdan ayrı düşdüyü lirik məninin reinkarnasiyası kimi tanısa da, “fırtına və təzyiq” emblemiylə möhürlənmiş alovlu keçmişinə qayıdası halda deyildi; böyük dramaturq bu zaman həyatının qürub mövsümünü, Karl Moorun ədalət divanına təslim olandan sonrakı ömrünü yaşayırdı.

Bir sözlə deyəsi olsaq, Hölderlin canının odunu tökməyə bir qaynar ocaq tapmırdı - gecə keçmiş, hamı yatmış, sobalar soyumuşdu.

Ancaq daha maraqlı dostluqlar da, ümidlə, işıqla dolu daha məsud günlər də bunlara qədər Tübingendə yaşanmışdı...

***

İohann Kristian Fridrix Hölderlin 1770-ci ildə Almaniyanın bir əyalət şəhərində doğulmuşdu. İki yaşı olanda atasını itirmişdi. Oğlunu ruhani görmək istəyən anasının arzusuyla Tübingen şəhərində ilahiyyat dərsi almışdı. Ruhani məktəbdə sərt qaydalar, monastır intizamı hökm sürsə də, buradakı tədrisin bir üstünlüyü vardı ki, tələbələrə klassik filologiya, fəlsəfə dərsləri də keçilirdi. Bunun sayəsində Hölderlin tezliklə antik ədəbiyyatın bilicisinə çevrildi. Tübingen universitetində o öz yaşıdı Hegellə, onlardan beş yaş cavan Şellinqlə auditoriyada kurs yoldaşı, yataqxanada otaq yoldaşı oldu. Onları həm fəlsəfəyə, həm də Fransa burjua inqilabının ideallarına sevgi birləşdirirdi. Dostlar azadlığa sədaqət andı içmişdilər, universitetin həyətində rəmzi azadlıq ağacı əkmişdilər. Universiteti bitirəndən sonra onların yolu ayrıldı, hərə öz taleyinin izinə düşüb getdi.

1794-cü ildən Hölderlin, bayaq dediyimiz kimi, Yena universitetində o dövrün ən böyük filosofu Fixtenin mühazirələrini dinləməyə başladı, tay-tuşu olan romantik sənətkarlarla tanışlaşdı. Məhz elə bu zamanlar onun sağalmaz xəstəliyinin ilkin əlamətləri özünü büruzə verməyə başladı.

1796-cı ildə Hölderlin Frankfurt şəhərində yaşayan Qontar soyadlı zəngin yerli tacirin evinə müəllim qismində dəvət olundu. Bir müddət keçmiş o, eynən sonralar Stendalın qəhrəmanı Jülyen Sorelin başına gələcəyi kimi, dərs dediyi uşaqların anasına, tacirin xanımı Süzett Qontara saf könüldən vuruldu. Bu cavabsız platonik sevgi Hölderlini özünün şah əsərini tamamlamağa həvəsləndirdi, ta şüurlu ömrünün sonuna qədər xanım Qontar şairin ilham pərisinə çevrildi. Hiperionun sənətin qüdrətiylə antik dövrdən çağırıb gətirdiyi Diotimanın prototipi məhz bu xanımdır.

***

1798-ci ildə Qontar ailəsindən ayrılmağa məcbur qalan Hölderlin cəlayi-vətən olub, Müşfiq demiş, avara su kimi dərədən-dərəyə axdı, şəhər-şəhər, bölgə-bölgə dolaşdı. Ayrılandan sonra da nakam şair öz Diotiması ilə gizli-gizli yazışırdı, xanım Qontar onu böyük işlər görməyə ruhlandırırdı. Yazışmalar ta 1802-ci ildə “Diotima” dünyadan köçənə qədər davam elədi. Sevgilisinin ölümü şairin onsuz da möhkəm olmayan psixikasına sağalmaz zərbə vurdu.

Bundan iki il sonra qayğıkeş dostu onu bir qraflıqda kitabxanaçı işinə düzəltdi (o zaman üçün bu, bir şairdən ötrü çox yaxşı, prestijli vəzifəydi). Fəqət Hölderlin bu gözəl vəzifənin başında da özünü toplaya bilmədi. 1805-ci ilin sentyabrında onu Tübingendəki əsəb xəstəxanasına yerləşdirdilər. Dövrün tanınmış psixiatrları burada düz 351 gün onun üzərində işləsələr də, şairin ruhunu bədəninə qaytara bilmədilər.

1807-ci ilin yazında nə vaxtsa Fridrix Hölderlini gəzdirmiş otuz yeddi illik boş bədəni dahi şairin diri-diri gömüldüyü yeriyən məzarı kimi Ernst Tsimmer adlı mərhəmətli bir dülgərin ailəsinə əmanət verdilər. Dülgər şairin kədərli xatirəsinə, xaraba qalmış yuvasına evinin qülləsində, Nekkar çayına baxan otaqda yer ayırdı. Tübingendəki məşhur evin bu hissəsinə indi də “Hölderlin qülləsi” deyirlər. Qüllənin birinci mərtəbəsinin pəncərəsi arxasından hərdən keçmiş şairin tutqun, azarlı kölgəsi boylanırdı. Artıq o, gen dünyaya ancaq bu dar pəncərədən baxa bilirdi. Keçmişi-gələcəyi, varı-yoxu, doğması-yadı bir yana, halalca adını belə yaddan çıxarmışdı, arabir özünü gah “cənab kitabxanaçı”, gah da “Skardanelli” kimi təqdim eləyirdi. Dünya onu, o da dünyanı unutmuşdu.

Hamı onun tezliklə öləcəyini düşünürdü. Di gəl, fələyin zavalına gəlmiş, barsız-bəhərsiz kötüyə dönmüş vücudun qaranlıq qismətində öz beyninin zülmət labirintində, Nekkarla bir axıb gedən həyatın sahilində hələ nə az, nə də çox, düz otuz altı il də dustaqlıq çəkmək varmış...

***

“Hiperion, yaxud Yunan zahidi” romanı epistolyar janrda yazılıb. Əsər iki cildə, hər cild də özlüyündə iki kitaba bölünür. Cild, kitab deyəndə həcm adama böyük gəlir, ancaq roman həcminə görə elə də iri deyil, hərçənd müəllif onu yeddi-səkkiz ilə başa gətirib. Hadisələr, düşüncələr oxucuya məktublaşma vasitəsilə çatdırılsa da, yazıçı əsərdə epistolyar janrın qaydalarına çox da itaət göstərməyib.

Birinci cilddə bütün məktublar Hiperionun dostu Bellarminə ünvanlanıb, ikinci cilddə isə Diotimaya yazılmış məktublara, üstəlik, Diotimanın Hiperiona ünvanladığı bir neçə məktuba da yer verilib. Məktubların düzülüşündə xronoloji ardıcıllığa elə də riayət olunmayıb, bir məktub özündən əvvəlki məktubların məzmunundan doğmur, onun davamı deyil, demək, hər bir məktub (yəni fəsil) müstəqil oxuna da bilər; yaxud da oxucu əsəri istədiyi yerdən oxumağa başlaya bilər.

“Hiperion” romanı poeziya ilə fəlsəfənin calağından yaranıb. Bu haqda əvvəllər də danışmışıq: son iki əsrdə təşəkkül tapmış yeni, çağdaş romanın bətnində - açıq, ya gizli - yetərincə həm poeziya, həm də traktat elementləri var. Ötən iki yüz ildə roman əvvəllər hökmranlıq eləmiş janrların fövqünə qalxan, ayrı-ayrı janrların xüsusiyyətlərini özününküləşdirən ədəbi sintezatora, superjanra çevrilib, nəsr nəzmi, dramı xeyli kölgədə qoyub. Demək, şah əsərini nəzmlə yox, nəsrlə yazan şair Hölderlin də - şüurlu, ya şüursuz - bu yeni tendensiyanın köhnə üsullarla bünövrəsini salanlardan biridir.

Epistolyar roman janrı ötüb keçmiş ədəbi epoxalar üçün xarakterik olsa da (məsələn, Jan-Jak Russonun 1760-cı ildə tamamlanmış “Emil, yaxud Yeni Eloiza” romanı bu janrın ən parlaq klassik örnəklərindəndir), düşünürəm ki, yeni romanın çoxbucaqlı, çoxbaxışlı, çoxtəhkiyəli polifonik ifadə tərzinin yaranmasında onun müstəsna rolu var.

Bəzən “Hiperion”un fəlsəfəsini Platona, ələlxüsus da neoplatonizmə bağlamağa çalışırlar. Mənə qalsa, bu yanaşma doğru deyil. Doğrudur, böyük şair antik dövrü, qədim yunan tanrılarını, Afina həyatını idealizə eləyirdi, uşaqlığını, yeniyetməliyini dindar çevrədə, keşiş məktəbində keçirdiyinə baxmayaraq hətta İsa Məsihi də antik tanrılar panteonunun sonbeşiyi sayırdı. Bununla belə, onu nə platonizmin, nə də Şellinq, Hegel kimi cavanlıq dostlarının yedəyinə bağlamaq olmaz.

Hölderlin, hər bir mütəxəssisin sözsüz razılaşdığı kimi, insanın təbiətlə əzəli vəhdətinin həsrətini çəkən, dondan-dona girən sərgərdan panteist, ana təbiətin süddən yanıq körpəsidir. Panteizmlə mistik monizmi əsla qarışdırmaq olmaz. Panteizmdə vahid mərkəz, ruhların ümumi toplanış məntəqəsi, vəhdəti yoxdur; panteizm materializmin astar üzü, təbiətin tanrılaşdırılmasıdır, onun insana bəlli, şüura çatımlı bir məntiqi də yoxdur. Panteist üçün insan təbiətin (yəni panteizm tanrısının) qeyri-üzvi varlıqdan üzvi varlığa çevirib sonra da geri aldığı bir ovuc torpaq, bir üfürüm kül, neoplatonik üçünsə kosmik şüurun gəzdirdiyi, ilahi ağılın söykəndiyi düşünən əsadır (Paskal).

Hölderlinin fikir əcdadlarını axtarırıqsa, zənnimcə, Heraklitdən, Empedokldan (şairin “Empedoklun ölümü” adlı dramatik poeması da var), Demokritdən, Epikürdən, stoaçıların babası Zenondan üzübəri baxmalıyıq. Bu axtarışda bir az da uzağa gedib daosizmə, buddizmə yaxınlaşsaq, heç də yolumuzu azmış olmarıq.

***

Əsər də, onun lirik qəhrəmanı da avtobioqrafikdir - müəllifin ömürlüyü üzərində bir az geniş dayanmağımız da buna görəydi. Hölderlin yunan xalqının azadlığı uğrunda Bayrondan fərqli olaraq xəyali mübarizəyə qalxsa da, sonda Şillerin qəhrəmanı kimi əməlindən peşman olur.

Romanda konkret zaman göstərilməsə də, bəzi məlum tarixi hadisələrə işarələrdən anlaşılır ki, Hiperionun məktubları on səkkizinci əsrin üçüncü rübündə qələmə alınıb. Vətəninin istiqlalı uğrunda osmanlı işğalına qarşı silahlı üsyana qalxan bu yunan oğlu başı daşdan-daşa dəyəndən sonra anlayır ki, belə müqavimətin heç kəsə bir faydası yoxdur. Onun mübariz, yurdsevər əsgərləri elə ilk fürsətdəcə talana qurşanırlar, onları xalq, vətən qarşısında borc hissi yox, tamah, nəfs hərəkətə gətirir. Bu kimi mənzərələr Hiperionu siyasi-ictimai ideallardan, daha doğrusu, illüziyalardan küsdürür, onu tərkidünyalığa sövq eləyir. Lirik qəhrəmanın silahlı yolla, zorakı metodlarla vətəninə, xalqına xoşbəxtlik gətirəcəyinə heç bir ümidi qalmır. Eynən “Qaçaqlar”ın atamanı Karl Moor kimi o da cinayətə qarşı cinayətkar üsullarla savaşmaqdan üz döndərir.

Bundan sonra Hiperion mübarizəni xarici düşmənlə yox, daxili düşmənlə, yəni özüylə aparacaq. O, praqmatik-gerçəkçi düşüncənin verdiyi silahı yerə qoyub, poetik-asketik şüurla silahlanır, üstünə gələn həyata qarşı dinc müqavimətə keçir, dünyadan nəsə qoparmaq yox, özünü dünyadan almaq yolu seçir.

***

Ancaq bu yolun da öz çətinlikləri var. Gərək elə bir etibar qazanasan ki, ana təbiət sənə qucaq açsın, səni köynəyindən keçirsin, sənə döşündən süd versin. Hiperion Bellarminə məktubunda çox həyəcan keçirdiyini yazır: görəsən, o, qəlbinin dağılmış nizamını, pozulmuş harmoniyasını geri qaytara biləcəkmi, bir adada keçmiş uşaqlığının saf arzularını, məsum ümidlərini yenə dada biləcəkmi?

Onun yetişməyində müəllimi Adamasın çox böyük rolu olub. Adamas ona antik dövrün gözəllik ideallarına, indi xarabalıqları qalmış keçmişin şərəfli səhifələrinə, həm igid, həm də müdrik əcdadlara sevgi, pərəstiş aşılayıb.

Dostu Alabanda ilə yolları da düşüncə fərqinə görə ayrılır. Hər iki gənc vətənini əsarətdən qurtarmağı arzulayır, ancaq fərqli üsullarla. Alabanda realist düşüncəli əməl adamıdır, sərt addımlardan, radikal metodlardan çəkinən, gerçək əsasdan məhrum xəyallara qapılan deyil. Hiperion ona insanları “gözəllik teokratiyası” işığında tərbiyələndirmək lazım olduğunu deyəndə Alabanda belə mülahizələri boş, mənasız xülya adlandırıb onunla söz davasına çıxır, bu səbəbdən dostların arası dəyir.

Hiperion bundan sonra dərin böhran keçirir, dünya onun gözlərində soluxub əlvanlığını itirir. Yenidən tənhalığına çəkilib dəniz kənarında təbiətlə üz-üzə qalanda qəlbindəki həyat çırpıntıları yeni bir həvəslə oynağa qalxıb kainatla arasındakı sərhədi silir, ana təbiət onu yenə beşiyində yırğalayır.

***

Doğma beşiyə qayıdandan sonra o, sevgisini - Diotimanı kəşf eləyir. Qız onun haqqında çox yüksək fikirdədir, əmindir ki, Hiperionun vətəni azadlığa qovuşdurmaq, xalqı tərbiyələndirmək kimi ali missiyası var, hərçənd Diotima özü də zorakılığa qarşıdır, hətta müstəqil dövlət qurmaq naminə belə gücə əl atmağın tərəfdarı deyil. Hiperion isə sevgi, xoşbəxtlik dənizində boğulmaqdaykən qazandığı ruhani müvazinətin, könül dincliyinin ona baha başa gələcəyini duyur.

Bu vaxt Alabanda ona yunan patriotlarının hücuma keçəcəyi barədə məktub göndərir. Hiperion sevgilisiylə sağollaşıb ölkəsinin azadlığı uğrunda savaşan fədailərin sırasında yer tutmağa tələsir. Onun qələbəyə böyük ümidi olsa da, döyüş məğlubiyyətlə nəticələnir. Söhbət qüdrətli türk ordusuna yenilməkdən getmir, burada qeyri-adi heç nə yoxdur, dərindən götürəndə bu, heç məğlubiyyət də deyil, hərbi cəhətdən rəqibdən zəif olmaqdır. Əsl məğlubiyyət başqadır.

Hiperion görür ki, milli azadlıq ordusunun əsgəri hər an nahaq qan tökməyə, yoxsulu, acizi qarət eləməyə, varlını talamağa hazır durub, onu heç nəylə saxlamaq mümkün deyil. Ən ağırı budur ki, azadlıq kimi müqəddəs amal uğrunda mübarizəyə qalxan qiyamçı ordu öz xislətinə, öz nəfsinə məğlub olub, azadlığını özüylə savaşda itirib. Belə başıpozuq hərami dəstəsiylə, belə azğın quldurlarla yer üzündə cənnət yaratmaqmı olar?..

***

Hiperion bu qərara gəlir ki, onu yurddaşlarıyla artıq heç nə birləşdirmir, buna görə də rus donanmasında qulluğa girir. İndi onun qismətində qəriblik, atılmışlıq var, hətta doğma atası da dönük oğlundan üz döndərib. Ancaq Hiperionun hədəfi şan-şöhrət, qəhrəmanlıq, sərvət, rahatlıq deyil, onun məqsədi Balkan müharibəsinə yollanan Vronski (“Anna Karenina”) kimi nahaq gülləyə tuş gəlmək, ucuz ölüm tapmaqdır.

İstefaya çıxandan sonra, nəhayət, Diotima ilə birlikdə Alp dağlarının ətəklərində, ya Pireney yarımadasında dinc, məsud həyata qovuşmağı arzulayır, ancaq sevgilisi artıq dünyadan köçüb. Xoşbəxtlik üçün imkan olanda şərait olmur, şərait yarananda da xoşbəxtlik olmur.

Beləcə, bu dünyada sonuncu təskinliyi də Hiperionun əlindən sürüşüb çıxır. Yadına düşür ki, bir vaxt müəllimi Adamas onun taleyini üzünə oxumuşdu: sənin kimi adamlar əbədi tənhalığa, sərgərdanlığa, narazılığa məhkum olunublar...

***

Bu taledən, qismətdən necə qurtulmaq olar? Yalnız ona bir zahid müdrikliyi, bir stoik səbriylə özxoşuna təslim olmaq hesabına. Kimsəsiz bir adada bir komaya çəkilib gedənlərə ağlamaq, çin çıxmayan arzuları dəfn eləmək, təbiətə, bir də antik çağların ideallarına tapınmaq, insanın tənhalığına xələl gətirən hər dürlü ideyadan, boynuna qılınctək enən hər dürlü mücərrəd anlayışdan aralı durmaq, dünyanı dar pəncərədən, həyatın sahilindən seyrə dalmaq, axırda da ana təbiətin yumşaq dizinə baş qoyub yuxuya getmək, ana-bala arasından sərhədi biryolluq götürmək.

Başqa sözlə, panteizm dəryasına baş vurub əbədi yoxluqdan doyumsuz zövq almaq. Hiperionun xoşbəxtlik resepti budur. Onun müəllifi o hüdudsuz yoxluğun verdiyi azadlığı hələ bu dünyadan köçünü sürməmiş dadmışdı.

"Yeni Azərbaycan"