İçimizdəki torpaq sürüşməsi - Salamdan qısa şeirlər

İçimizdəki torpaq sürüşməsi   - Salamdan qısa şeirlər

09 Dekabr 2022 10:20 638


Salam Sarvan

Kənd və Qənd

Kənddə doğulub-böyüdüyüm ev
uçulub-dağılıb indi.
O evi hamı və hər şey tərk eləyib.
Ancaq uşaq vaxtı dişləyib atdığım qəndin
başına yığışanqarışqalar
hələ də ordadı.

Dünyadan çıxış

Evdən çıxdığın kimi çıxacaqsan dünyadan –
işığı söndürüb qapını bağlayandan sonra düşünəcəksən:
heç nəyi unutmadım ki,
heç kimi unutmadım ki?

Xətlər

Falçının qarşısında açılmış
bu qoca əllərin içi
hələ də eyni şeyi göstərirdi:
«17 yaşında məhəbbətini tapacaqsan…»

Kəndirbaz

Cavanlığı kəndir üstündə
keçmiş bu qoca
indi körpü üstündə ovudur özünü.

Vəziyyət

Eynən qatarların vəziyyətindəyəm.
Onlarçün qandal relslərdən çölə, azadlığa çıxmağın
bircə yolu var – qəza!

Eşq

Hələ də bilmirik ki, sevgi nədi:
yataqdan sonra qadının saçından öpməkdi,
yoxsa, bir tikə çörəyi acından öpməkdi?

Cığır

Darıxıram…
Başımda sənin fikrin –
gərdiş eləməkdən bir cığır açmışam
döşəmə üstündə.
Hərdən o cığırda
“balaca oğlum” velosiped də sürür.

Sevgi

Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaq üçün.

Yaşayış

Tufanda qaçıb evə girirsən,
zəlzələdə qaçıb çıxırsan çölə.
Başqa bir səbəb yoxdu gəl-get üçün.

Pəncərə şüşəsi

Mən sənin qarşına
pəncərə şüşəsi kimi çıxdım ki,
mənə baxanda dünyanı görəsən.
Sənsə mənə
güzgüyə baxırmış kimi baxıb keçdin.

Tale

Xəyalında tikdiyi evi
yenə uçdu bu yazığın –
içindəki torpaq sürüşməsindən.

Şəkil və fon

Dünən bərk darıxırdım.
Bütün şəkillərimi tökmüşdüm qabağıma:
o şəkillərdəki adamlara yox,
fondakı ağaclara, binalara baxırdım.

Baxış

Üzümüzü üzünə söykədiyimiz
sevgilimizin çiyinləri üstündən
ayrıldığımız adamlara baxırıq əslində.
İndi bildinmi, niyə darıxırıq əslində?!

Tramvaylar kimi

Bir az da gözləsəydilər,
tramvaylar kimi qayıdacaqdıq
göyə baxanda elektrik xəttimizi,
yerə baxanda relsimizi görənlərin yanına.

And

Təkcə and yerimiz dəyişmir:
canına and içdiklərimizin
qəbrinə and içirik indi...

And içirəm ki, mən sənin
ən yaxın keçmişin olacam...

Unuduluş

And olsun Allaha,
indi biz
Günəşin zirvələrdə unudub atdığı
qar kimi tənhayıq, qar kimi tənha.

Gediş

Bizimki çoxdan qurtarıb –
çoxdandı mən səndən çıxıb gedirəm.
Sən də məndən çıx get,
get çat mənə.

Həbsxana

Daha nələr?..
Kötük postamentlər üzərində
həmişəyaşıl abidələr.

Daha kimlər?..
Pəncərəsi kamera divarından
təqvim kimi asılmış məhkumlar.

Tarix

İndi tez-tez ölmək istəməyimin sirri bu ki,
tez-tez incidilən uşaq kimi
qaçmaq istəyirəm rəhmətlik anamın yanına.

Dizlərini qucaqlayıb demək istəyirəm:
məni ruhdan salan bu ömrün, bu günün ağrıları deyil,
məni tarix ruhdan salıb, ana.

Triada

Dostlar bir-bir çıxıb gedir...
udduğum havada uçub gedir,
içdiyim suda üzüb gedir,
basdırıldığım torpaqda yeriyib gedir.

Zaman

Bax ha...
Uşaq vaxtı yıxılarkən ağlamadığın ağrılara
əlli yaşdan sonra başlarsan ağlamağa.

Məhbus

Bu həyatda
heç bircə saat da məhbəs görməsəm də,
hər şeyə barmaqlıqlar arasından baxıram:
hətta torpaq da mənimçün
ayaq barmaqlarımın arasından göründüyü qədərdi.

Yerdəyişmə

Köhnəlmişəm:
otağımda tavanın suvağı sökülüb,
döşəmənin boyası tökülüb,
divar kağızı siqaret tüstüsündən saralıb...

Amma bu il göylərin rəngini, dənizlərin səsini,
dağların örtüyünü dəyişmək istəyirəm.
Sonra səni qonaq çağırmaq,
səninlə bu yenilikdə görüşmək istəyirəm.

Arabalar

Guya neynirsən bu şəhərdə, neynirsən?
Gündüzlər təlim maşınında gəzib
yol hərəkəti qaydalarını öyrənirsən,
axşamlarsa balaca otağında
gərdiş eləyirsən «əlil arabasında».

Aldanış

Guya tənhalığa çəkilmisən –
gizlətmisən dünyanı dörd divarın o üzündə…

Ətrafa baxmırsan –
dülgərin satmaqçün düzəltdiyi pəncərədən
heç yerə baxmadığı kimi.