İki ayrılıq - Anım

İki ayrılıq  - Anım

03 Fevral 2025 14:53 47


1991-ci ilin yayı, tanınmış şair Hüseyn Kürdoğlu öz doğma Laçınına qonaq gəlib, onu bizim cənnəti xatırladan kəndinizdə, “Dəmirçi” bulağının üstündə qarşılayırlar. Ev sahibi qismində indi adı şəhid müəllim kimi kəndimizin orta məktəbinə verilmiş Əmir Əsgərov çıxış edir. Məclisə xüsusi yaraşıq verən Aşıq Umbay və Aşıq Ədalət də yad deyil, qonşu kənddəndir. Hüseyin müəllimin özü də, qardaşı, tanınmış alim Şirindil Alışanlı da bu dağların oğludur. Kəndlərimizin arasında beş-on kilometr məsafə var.

Hüseyn müəllim sazın müşayiəti ilə gözəl şeirlər deyir. Mən onun oxuduğu misralardan öyrənirəm, sən demə, bu dünyada ağ bənövşə deyilən bir çiçək varmış. Hətta çox uzaqda deyil, bizim yaxınımızda, “İşıqlı” dağının ətəyində bitirmiş…

Şair qəribə intuisiya ilə vəziyyətdən narahatlığını da ifadə edir:

Boylanır üstünə çiçəklər, güllər,
Şəfəqdən rəng alır qıvrımca tellər.
Sənə toxunmasın duyğusuz əllər,
Alışıb közərib yanaq, bınövşə,
Ey ağ bənövşə!

Sanki bir neçə ay sonra bu qənirsiz gözəlliklərin işğala məruz qalacağını duyur.

Sevgi həm də itirmək qorxusudur!

“Dəmirçi” bulağında qurulmuş bu gözəl məclisin bir özəlliyi də odur ki, videokameranın lentinə alınır. O vaxt bu coğrafiyada belə şeylər nadir hallarda baş verirdi. Çünki hər adamda kamera yox idi.

Məcburi köçkünlüyün ilk illərində bu kasetə daha çox mərhum Əmir müəllimə görə baxırdıq. Çünki o, Laçının işğalı vaxtı düşmən mühasirəsinə düşmüş və aqibəti əbədi olaraq müəmmalı qalmışdı.

Gözəl zəngulələri ilə insanın ruhunu oxşayan Aşıq Ədalət də bu çəkilişdən az sonra rəhmətə getmiş, Laçının, doğma kəndlərimizin xaraba qaldığını görməmişdi…

Bu kaset həm də buna görə doğma idi.

Yadımdadır, ona ilk dəfə kəndimizin əhalisinin sığınacaq tapdığı Ağcabədi rayonunda, elliklə yığışıb məktəbdə baxmışdıq. İtkin düşən bir adam ekranda deyib-gülür, zarafatlaşır, yeyib-içirdi. Orda saz, burda şeir. Üstəlik kamera hərləndikcə görünən əsrarəngiz təbiət. Aranın isti düzənlərində nəfəs ala bilməyən insanlar ekrana necə kilidlənmişdisə, göz qırpmaq yadlarından çıxmışdı.

Çox keçmədən anladıq ki, bu çəkiliş təkcə ayrı-ayrı insanlara görə deyil, bütövlükdə, hər bir detalı ilə qiymətlidir.

Bir neçə il sonra Hüseyn Kürdoğlu da dünyasını dəyişdi və çəkilişin dəyəri bir az da artdı…

Belə gözlənilməz çəkilişlərin biri də 1993-cü ildə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialında baş tutdu. O vaxt məcburi köçkünlük həyatı yaşayan universitet Ağcabədi şəhərindəki texniki peşə məktəbində sığınacaq tapmışdı. Mən də həmin universitetin tələbəsi idim.

Çəkiliş dövlət televiziyasından gəlmişdi. Əlində mikrofon müəllimləri, tələbələri, peşə məktəbinin yataqxanasında yaşayan qaçqınları danışdıran qara saçlı, qara bığlı, dolu bədənli, ortaboy gəncin kimliyi ilə maraqlanmadım. Yatsam yuxuma girməzdi ki, mən onu tanıyıram.

Çəkilişi aparan jurnalistin kim olduğunu bu günlərdə – o çəkilişdən düz 31 il sonra bildim.

Peşə məktəbinin binasını, özümü, tələbə yoldaşlarımı dövlət televiziyasında görəndə qəribə hisslər keçirdim. O vaxt qarışıq dövr idi. Heç kim heç kimin yadına düşmürdü. Qaçqın bir universiteti yalnız simsar biri yada sala bilərdi. Salmışdı da.

Zaman gəldi Hüseyn Kürdoğlu ilə şəxsən tanış oldum. Evinə getdim. Mənə imzalı kitablarından bağışladı. Sonra Şirindil müəllimlə şəxsən münasibətimiz yarandı.

Hüseyn müəllimin görünüşündə də, səsində də izah edə bilmədiyim bir doğmalıq duyurdum. Sanki bütün Laçın danışırdı onun yerinə. Uca boyu, gur-ağ saçları onu ətəyində doğulub-böyüdüyü “İşıqlı” dağına bənzədirdi.

Mən onu heç vaxt yaddan çıxartmadım. Çıxara bilməzdim. Kuliz.az saytında rəhbər olanda məşhur “Atamın xatirəsi” layihəsi üçün oğlu İlham Alışanovu axtardım. Məlumat üçün bildirim ki, bu layihədə tanınmış ədəbiyyat adamlarının övladları ilə onların atası və ya anası haqqında müsahibələr aparırdıq. Layihənin gələcəkdə kitab halında nəşr edilməsi nəzərdə tutulurdu. İstəyirdim, Hüseyn müəllim də bu sırada olsun. Çünki o doğrudan da istedadlı bir söz adamı, dəyərli bir alim, gözəl bir insan idi.

Lakin o vaxt Az TV-də baş redaktor işləyən İlham müəllim təklifimə o qədər də isti yanaşmadı. Buna görə həm bir az incimiş kimi oldum, həm də ürəyimdə onu qınadım. Adamlar sözü sözün ardınca düzə bilməyən atasından Şekspir düzəldirdi, bu isə Hüseyn müəllim kimi kişidən danışmaq istəmirdi.

“Qanun” nəşriyyatına redaktor kimi gələndə də Hüseyn Kürdoğluya öz hörmətimi ifadə etməyə çalışdım. Nəşriyyatın məşhur “Gizli qalan imzalar” seriyasına onu da daxil etdim. Seriyanın məqsədi yeni nəslin yaxşı tanımadığı İsa İsmayılzadə, Ələkbər Salahzadə, Camal Yusifzadə, Şamxal Rüstəm kimi şairlərin yığcam kitabını buraxıb, uyğun qiymətə mağazalara paylamaq və sərgi-yarmarkalara çıxarmaq idi.

Əlbəttə, layihə ailəsindən icazə almalı idim. Həyatda heç vaxt görmədiyim İlham bəylə ikinci dəfə əlaqə saxladım. O bu dəfə məsələyə çox həssas yanaşdı və nəşriyyata gəlib şəxsən söhbət etmək istədiyini bildirdi.

Vədələşib görüşdük. İlham müəllimin tanış simasını görən kimi otuz illik yaddaşım dalğalandı: bu adam 1993-cü ildə bizi Ağcabədidə çəkən jurnalist idi. Saçı və bığı ağarsa da, çox dəyişməmişdi. İlk canlı söhbətimiz həmin uzaq keçmişi haqda oldu. Hər şeyi dərhal xatırladı. Çünki həmin günləri heç vaxt unutmaq olmazdı

Biz əlyazmanın yığılıb nəşriyyata tam hazır vəziyyətdə verilməsi prosesində iki dəfə görüşdük. O mənim iş otağıma gəldi və təkcə Hüseyn müəllimdən yox, bütün ədəbi mühitdən, Laçından xeyli söhbətlər etdi. Səmimi deyim, bir-birimizdən doymadıq. Onun bütün mövzularda çox hazırlıqlı olduğunu gördüm. Həm də fikirlərini çox aydın, səlis ifadə etmək qabiliyyəti diqqətimi çəkdi.

Bu günlərdə isə sosial şəbəkələrdə İlham müəllimin qəfil ölüm xəbərini oxudum.

Nə hisslər keçirdiyimi təsəvvür edərsiniz…

Onun mənə hədiyyə kimi gətirdiyi kitablar hələ də masamın üstündədir.

Səhifələyib verdiyi əlyazmalar, , fləş-kart, atasının portret fotosu...

Bizim ilk görüşümüz həm də vida görüşü imiş.

Mən də deyirdim, Laçından, doğma el-obadan niyə elə həsrətlə danışırdı. Halbuki bir-birə söz vermişdik ki, bu yay Laçında görüşüb kəndimizə – “Dəmirçi” bulağına gedib köhnə xatirələri təzələyəcəyik.

Ölüm qaşla-gözün arasından da yaxın imiş…

Mən indi Laçını – biz tərəflərin o əsrarəngiz gözəlliyini həm də İlham müəllimin gözləri ilə seyr etməliyəm.

Ruhu şad olsun.

“Vətən səsi”