İki od arasında

İki od arasında

18 Oktyabr 2024 15:32 94


Orxan Həsəni

Qarabağ müharibəsi və bu müharibədən doğan ictimai-siyasi nəticələr otuz ildir Azərbaycan reallığının mərkəzidir. Ağır və dolaşıq problem nəhayət keçən il (2023) həll olundu və bizi geriyə – son otuz ilin ədəbi trayektoriyasına baxmağa vadar elədi. Otuz ildə faciəvi insan taleləri ilə müşayiət olunan, “şəhid”, “itkin”, “qazi”, “qaçqın şəhərcikləri”, “yardım sıraları”, “soyqırımı”, “rayonların işğal tarixləri”, “qoboy səsi” kimi anlayışları həyatımıza salan müharibə bədii ədəbiyyatda özünü necə göstərdi? Hansı əsərlər yazıldı? Bu əsərlər nə qədər uğurlu idi?

Əvvəla, onu deməliyəm ki, hər reallıq (xüsusilə, müharibə və ondan doğan hadisələr) ədəbiyyatda özünü mütləq göstərir. Necə deyərlər, aşıq gördüyünü çalır.

Bu mövzuda yazılmış ədəbiyyat nümunələri digər mövzularda yazılanlardan əhəmiyyətli dərəcədə çoxdur. Lakin əsərlərin əksəriyyəti ədəbiyyat aləmində nüfuzu və qabiliyyəti olmayan müəlliflər tərəfindən yazılıb. Onları eyni xüsusiyyət birləşdirir: ilk növbədə humanist yanaşma çatmır, şüarçılıq, pafos, ermənilərin qəddarlığı, azərbaycanlıların məsumluğu əks olunur, müharibəyə aparan sosial səbəblər və ictimai nəticələr açılmır. Qarabağ mövzusunda yazılan əsərlər əsasən iki süjet xətti üzərində qurulub. Birinci süjetdə onlar bizimkiləri qırırlar, bizimkilər qarğış edirlər, ikinci süjetdə bizim bir əsgərimiz çıxıb misilsiz qəhrəmanlıq göstərir.

“Qarabağ” Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əhəmiyyətli hissəsini təşkil edirdi deyə bu mövzuda əsərlərin yazılması, filmlərin çəkilməsi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması fonunda “dəstəklənirdi”, bəli, lakin o əsərlər dəstəklənirdi ki, karikatur səviyyədə əzab çəkən, daim əzilən azərbaycanlıları göstərsin, onların iztirablarının üstünə getsin və onların iztirablarını ifadə eləsin. Göründüyü kimi belə əsərlərdə məqsəd yalnız “ermənilər biz fağır azərbaycanlıları qırdı” ideyasını təbliğ etməkdir. Bu əsərlərdə xeyir və şər, ağ və qara arasında kəskin məsafə görünür və şərin xeyrin üstündəki qələbəsi müvəqqətidir, bir gün xeyir güc toplayacaq və şərə qalib gələcək. Beləliklə, təxminən eyni ideyaya əsaslanan onlarla bədii əsər yazıldı. Qarabağ kimi unikal mövzu ədəbiyyata çörək ağacı kimi baxan müəlliflər tərəfindən istismar olundu. Bu müəlliflər insanların gerçək əzablarını onların dövrlə münasibətlərinin fonunda göstərmədikləri üçün qəhrəmanlar natamam, saxta, süjet qeyri-real təsir bağışladı. Elə buna görə bu qəhrəmanların əzabları psevdolaşdı.

Məsələn, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün “Dolu” romanına film çəkildi. 2013-cü ildə Bakıda Mədəniyyət və Turizm Nazirliyinin teatr, musiqi, təsviri sənət və kino sahəsində təsis etdiyi "Zirvə" mükafatının 6-cı təqdimetmə mərasimində bu təbliğat filminin yaradıcı heyətinə "Zirvə" mükafatı verildi. Belə deyək özləri çəkdi, özləri də mükafatlandırdı. Qərb cəmiyyətlərində isə film heç bir səs doğurmadı və Azərbaycanın mövqeyinə müsbət təsir göstərmədi.

Buna baxmayaraq yüzlərlə əsərin arasından müstəqillik dövründə yazılan iki əsərin adını çəkməliyəm. Bunlardan birincisi Seymur Baycanın “Quqark” romanı, digəri Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povestidir. Bu iki əsər arasında elementar ideya fərqləri var və bu fərqlər Qarabağ münaqişəsinin həllində, daha doğrusu, həllə münasibətdə özünü göstərir.

Birinci, “Quqark” romanının təmsil olunduğu pasifizm cəbhəsi haqqında:

Pasifizm münaqişələrin həlli vasitəsi kimi müharibə və zorakılığa prinsipial müxalifdir. İstənilən şəraitdə dövlətin müharibə aparmasının və fərdin müharibədə iştirakının tamamilə yanlış olduğunu müdafiə edir.

Tarixdə bilinən ilk pasifist hərəkatın yaradıcısı Budda olmuşdur. Budda müridlərindən ətraflarındakı canlılara qarşı zorakılıq göstərməməyi tələb edirdi. Daha sonra formalaşan Xristian mədəniyyəti də pasifizmi özünə rəhbər götürmüşdü.

Avropada renessansdan bu yana Qərbin pasifizm düşüncəsi müxtəlif siyasi təsir mühitində inkişaf etmişdir. 17-ci və 18-ci əsrlərdə pasifistlərin böyük əksəriyyəti, müharibələrin səbəbini kralların siyasətində görürdü. Buna görə siyasi gücün hökmdarlardan xalqa keçməsinin dünyanın bəşəri sülhə doğru irəliləməsi üçün əhəmiyyətli olduğunu düşünürdülər. Beləliklə hökmdarlar dövlətləri şəxsi mülkləri kimi gördüklərindən monarxiyanın müharibələrə daha çox meyilli olması fikri geniş yayılmışdı. Onunla müqayisədə cümhuriyyətin daha sülhpərvər profili vardı.

Bu fikirlərin nəticəsində 19-cu əsrdə Avropada sülhpərvər təşkilatlar quruldu. Pasifist ideyalar Hindistanın müstəqillik mübarizəsində Mahatma Qandi vasitəsi ilə əhəmiyyətli rol oynadı. Eyni zamanda 1960-70-ci illərdə ABŞ və Avropadakı tələbə hərəkatları pasifizm ideyaları ilə yaranmışdı.

Pasifizm müxtəlif zaman və janrlarda bədii ədəbiyyatın temasına çevrilib. Bu mövzulu əsərlərdə müharibənin mənasızlığı və sonda bihudəlik təsvir olunur, obrazlar və ölümlər fiksiya deyil və sağ qalanların gündəlik həyata adaptasiyası olduqca çətindir. Seymur Baycanın “Qurqark”ını belə romanların siyahısına daxil etmək olar.

Roman həqiqi, rəngarəng obrazlarla, mükəmməl işlənmiş bədii situasiyalarla doludur. Xüsusilə Qarabağ müharibəsinin başladığı ilk illərə aid səhnələrində müəllif (həm də qəhrəman) mərkəzdə dayanır və xatırladıqlarını neytral ifadə edir; münaqişə necə başladı, necə inkişaf elədi, hansı yollardan keçib müharibəyə çevrildi, belə dolaşıq vəziyyətə düşdü?

Seymurda xeyir və şərə konsentrasiya yoxdur, yalnız insan, insanın faciəsi var və Seymurun yaratdığı obrazlar millətin, dinin, dilin arxasında pərdələnmir, o, sanki qəhrəmanlarının gözünə baxır və onların ürəyinin içini görür. Buna görə romanda hər şey canlıdır; hətta əşyalar da bizimlə danışır, onlara toxunur və hiss edirik. Müəllif yuxarıda ümumiləşdirdiyim zəif əsərlərdəki kimi müharibədəki məğlubiyyətin əvəzini düşmən obrazlarından çıxmır, onları təhqir etməyə cəhd göstərmir, əksinə, başa düşür ki, bu müharibənin nəticəsi hər iki millət üçün məğlubiyyət idi.

“Quqark” Azərbaycan ədəbiyyatında əlahiddə hadisədir. Müəllif bu romanda heç bir üslubun, metodun, cərəyanın, tendensiyanın, “izm”in arxasınca qaçmır. Onu bu kontekstdə qiymətləndirmək də doğru deyil. Nərmin Kamalın sərrastcasına ifadə etdiyi kimi “Quqark – üzərinə kitab cildi çəkilmiş əsl həyatdır”.

Seymur pasifistdir, zorakılıq və müharibəyə qarşıdır. Buna baxmayaraq o, eyni zamanda Qərb təşkilatlarının münaqişənin həlli üçün təşkil etdikləri tədbirlərin mənasızlığını, sülh ideyasının hər iki dövlətin militarist siyasətinə necə amansızcasına uduzmasını başa düşüb.

İkinci, Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povestini təmsil edən revanşist cəbhə haqqında:

Revaşizm son illərdə Azərbaycanın siyasi gündəliyində tez-tez istifadə olunur. Dövlətlərin, partiyaların və ya sosial qrupların uğradığı hərbi və siyasi məğlubiyyətlərin nəticələrini yenidən nəzərdən keçirərək intiqam almaq istəyi mənasına gəlir.

Povestdə qaçqın bir ailənin son dərəcə ağır həyatının təsvirini görürük. Burada döyüş səhnələri yoxdur. Müharibə bitib və daha bir müharibə başlayıb; didərgin düşən dinc insanlar vətənin qalanında özlərinə güzəran qurmağa, ev tikməyə, yaşamağa çalışırlar, yaşamaq isə asan məsələ deyil, özgə hər yerdə özgədir, elə buna görə öz həmvətənləri tərəfindən sıxışdırılır, təhqir olunurlar.

Şərifin povesti brutal səhnələrlə doludur. Bu səhnələri oxuyanda adam başını tutub qaçmaq istəyir. Qəhrəmanlar bir-birinə ağzına gələni deyir, vurub gözlərinin altını qaraldır, başlarına ağac çırpır, yerdə budayır, analarını, bacılarını söyürlər. Bu mühitdə dövlətin yeganə missiyası adamların pulunu alıb onları barışdırmaqdır. Barışıq isə yalnız sonrakı davaya qədər çəkir. Vəziyyət o qədər acınacaqlıdır ki, bütün kənd qəddarcasına bir ailənin üstünə düşüb onları təkləməyə çalışır.

Qaçqın ailəsində böyümüş, uşaqlığı bu reallığın içində keçmiş biri kimi səhnələr mənə tanışdır. Xatırlayıram, yeni dərs ilinə “yerli” məktəbdə başlayan əmim oğlu sonrakı günlərdə dərsdən qaçmağa, nəhayət getməməyə başlamışdı. Mən o zamanlar uşaq idim və başa düşmürdüm əmim oğlu nə üçün dəftər-kitabını götürüb evdən çıxır və məktəb yerinə bizə gəlir, günortayacan təsərrüfat işlərində babama kömək eləyirdi. Məktəbə getdiyi vaxtlarda isə üstü-başı çirkli, köynəyi, şalvarı cırılmış gəlir və gəlib üstünün-başının çirkini bizdə təmizləyib, evə qayıdırdı.

Şərifin əsərində müharibə səhnələri olmasa da, qəhrəmanlar arasında daim çaxnaşma var və çaxnaşma süjet inkişaf elədikcə böyüyür, böyüyür, vəziyyət getdikcə mürəkkəbləşib, çıxılmaz olur.

Şərif ilk abzasda problemi qoyur: İlyas kişi tapşırır ki, qaçqın ailəsi müvəqqəti sığınacaq tapdıqları evdən gələn ayın başınacan çıxsınlar. Ev İlyasın ögey qardaşı Teylurun evi imiş və yaxın zamanda Teylurun arvadı qayıdacaq.

“Hələ köçümüz təzə gələn vaxtı qonşu arvadlar tökülüşüb bu kimsəsiz evin tarixçəsini bizə danışmışdılar. Ev Teylur adında bir kişinin olub. Teylur İlyazın ögey qardaşı imiş, traktor sürürmüş. Bir gün qohumlarından biri ova gedəndə kənddən bir az aralı əkin sahəsində Teylurla rastlaşır. Görüşürlər, adama bir siqaret çəkirlər, sonra Teylur dinc durmayıb tüfəngi ondan almaq istəyir. Ovçu patronun az olduğunu bəhanə gətirib tüfəngi vermir. Süpürləşirlər. Çəkhaçək, vurhavur… birdən tüfəng açılır. Açılan kimi Teylurun boğazında ağ deşik görünür…”

Beləliklə, ailənin başçısı məhəllə yeri götürür, tikəcəkləri daxalın orta tiri üçün “Səməd Vurğun” kolxozuna yola düşür. Lakin burada da onu uğursuzluq qarşılayır; sovet sədri ağac kəsməyə icazə vermir.

Qayıdanda isə onları daha bir konflikt gözləyir; ailənin qoyunları pambıq sahəsinə girib. Qoruqçu ailənin kiçiyini tutub və kolxoz sədrini, sahə müvəkkilini, yaxında-uzaqda pambıq yığan, su suvaran adamları yığıb başına. Qəhrəman qardaşını qoruqçunun əlində görüb onun üstünə dartınır. Ara qarışır və qoruqçunun oğlu vurub qəhrəmanımızın gözünün altını qaraldır.

Hadisə ailənin vəziyyətini daha da mürəkkəbləşdirir. Zəifə, yada qarşı heç kim mərhəmət göstərmir. Beləliklə, Sonyanın (qəhrəmanın sevdiyi qız) atası götürdükləri məhəllə yerinin ona aid olduğunu, burada özünün ev tikəcəyini, ailə başçısına başqa yer tapmasını deyir.

Budur, daha bir konflikt!

Bütün bu konfliktlərin açılması yalnız bir yolla mümkün ola bilər. Şərif yazır:

Axşam kişi nə çay içdi, nə də bir loxma çörək yedi. Qapqara qaralmışdı. Məni çağırdı, yanında otuzdurub üzümə baxmadan soruşdu:

“Kərimi döyə bilərsən?”

Çaşdım.

“Sən onu döyməsən, bu kənddə qala bilməyəcəyik. Hamı üstümüzə ayaq alacaq, bizi götübarmaqlı edəcəklər. İcazə verirəm, onu tut, ustaddan gəlmə elə! Heç kimdən qorxma, bu da olsun üç-dörd qoyun, polisə verib canımızı qurtararıq”.

Şərif zorakılığı konfliktin açarı kimi istifadə edir. Beləliklə, qəhrəmanımız gözünün altını qaraldan Kərimi amansızcasına döyür. Bu səhnələr nə qədər ağır olsa da problemlər həll olunur. Birdən-birə ailə ağac tapır, Sonyanın atası daha yer davası eləmir, qoyun verib polisdən yayınırlar, İlyas kişi onları Kərimin anası və bacılarına qarşı müdafiə edir, Sonyagilin iti onlara hürmür və nəhayət, ev tikilir.

“Kərpickəsən kişinin dastanı” povestini otuz ildən sonra Qarabağın müharibə yolu ilə azad olunması fonunda oxuyanda hər şey aydın olur. Şərif Ağayar iddia edir: “zorakılıqdan yaranan konflikti yalnız zorakılıq həll edə bilər”.

“Quqark” və “Kərpickəsən kişinin dastanı” əsərlərinin kontekstində otuz ildə Azərbaycan bədii fikrinin müharibəyə, onun həllinə münasibətini görürük. Seymur Baycanın “Quqark” romanında qəhrəman sülh missiyasının parçası olsa da, onda mütləq apatiya hökm sürür. Laqeydliyin səbəbi var: münaqişənin dərinliyinə endikcə, konturlarını gördükcə və hadisələri xatırladıqca, onun həllinə olan ümidsizliyi daha da dərinləşir. Zorla yaranan problemi yalnız zor həll edə bilər, lakin zorun həldə bir variant kimi istifadəsi qəbuledilməzdir.

Şərif Ağayarın “Kərpickəsən kişinin dastanı” povestində isə məhz bu variantla (zorun həldə bir variant kimi istifadəsi) qarşı-qarşıya gəlirik. Görünür, həyatın dibindən baxanda, bıçaq sümüyə dayananda problemin həllinə daha aydın münasibət göstərmək mümkün olur. Şərif əvvəl bizə həyatın dibini, daha sonra situasiyanın oyatdığı müdrikliklə çıxış yolunu göstərir: “Kərim” döyülməsə, rahat yaşamaq, problemləri həll etmək mümkün olmayacaq.

“Revanşizmin qələbəsi”

Şübhəsiz, bədii ədəbiyyatın münaqişə həll etmək kimi bir vəzifəsi və səlahiyyəti yoxdur. Bunu ondan tələb etmək ədalətsizlik olardı. Lakin artıq bitib qapanmış bir dövrün ədəbiyyat tarixindəki inikası nəhayət qiymətləndirilməlidir.