İki qadın arasındakı adam - Qsa Şeirlər

İki qadın arasındakı adam   - Qsa Şeirlər

24 Yanvar 2025 16:21 44


YeniYaz.Az şair Həyat Şəminin qısa şeirlərini təqdim edir.

1.

Toy çalınır,
Ağaclar yarpaq tökür başına
külək oynadan otların.

2.

Dəli sular gözlərinə sovurdu
sahildəki duz dağını...
Ağladı buzdağı,
ağladı...

3.

Səbrindən asılıb qalar
İnsanlar,
basabas şəhər avtobuslarında…

4.


İşıqlar sönəndə
Alov gülməyə başladı,
Şam ağlamağa…
İşıqlar yandı,
alov yox oldu, şam kiridi…

5.

Zəlzələ qopardın
içimdə yıxıldı hər şey...
Səni sağ çıxardım
uçqunlar altından
hər dəfəsində...

6.

İndi mən
iki dodaq arasında
sıxılan sözəm,
sən –
iki qadın arasındakı adam.

7.

Yardım bağrını göylərin
cərrah dualarımla,
qurtardım səni…

8.

İndi bir qadın
səndən uşaq gözləyir,
mənsə zəng...

9.

Yoxluğunun içində
gizləyəcəm səni,
Bəlkə, taparsan özünü deyə,
gözləyəcəm səni...

10.

Ürəyimin zənginə oyandım,
Gedəcəyin günə quruluymuş
çırpıntılarıyla...

11.

Doğulmayan körpələrə
hamilə
şişmiş ürəklərin sancısnı,
kim bilə bilir ki...

12.

Mən səni Allaha tapşırdım,
qiymətini zaman verəcək
girdiyin hər imtahanda...

13.

Çobanyastığı üzündəki gülüşün
“sevir, sevmir” misalı...
Bir "sevir" sözünü
sığdıra bilmədim
Gül üzünə...

14.

Lalə ürəyin xallı,
Qana-qana içdin onsuzluğu…

15.

Naftalin qoxulu düşüncələrin
güvə savaşında,
amma ürəyin güvənli…

16.

Gözlərin sulu,
simmetrik ada,
tənha yaşıllıq baxışlarında,
alagözlüm!

17.

Hər gül
bir tikan libası
geyinməyə məhkumdur,
bilirəm…

18.

Sən –
gecələrin aydınlığı qədər mübhəm,
gündüzlərin qaranlığı qədər mürəkkəbsən…

19.

Ürəyin doğmadır,
yuvan yad,
dağılan içində fəryad…

20.

Məhəllədə nə desən var:
ov itləri saxlayan kim,
ağac əkib ümid bağlayan kim,
kiminin toyuğu-cücəsi,
kiminin keçməyən gecəsi...

21.

Boy-buxununa doymadığıma:
“Gözlərini yeyim” - dedim,
Zeytungözlüm!…

22.

Niyə gözündəki sevgi,
Dilinə düşmədi,
Gözündən düşdü, gecə gözlüm?

23.

Hardasan indi görən,
kimin ürəyindəsən?
Əynini qalın elə, deyirəm,
soyuqdur, üşüyərsən...

24.

Ayağının altı qara qızıllı şəhərində
dilənçiləri artırdı,
ağ qızıl yığanları
mis pul kimi qızarırdı tarlalarında
bu məmləkətin,
bir zamanlar…

25.

Bir dəli şeytan deyir,
bəlkə, keçdiyin zamanı
geriyə doğru dərk edəsən…
Çıxasan qaldığın yerdən,
bütün yaşadıqlarını
ikiayaqlı tərk edəsən,
İstanbul!

26.

Həbs olunmuş bir sevgi var
dördkameralı qəlbimdə.
Hamısında o, yatır…

27.

Bir az sevgi yollayım,
Bircə gilə etibar.
Səndən heç nə qalmayıb,
Qalanı da gəl apar...

28.

Qələmlərin ömrünü
yeyir hər gün hərflər.
Mən səni axtarıram,
Gözlərimdə görüblər...

29.

Qəlb atışım
sənə hədəflənmiş,
ürəyim döyünür…
Nəbzim atır özünü
vücudumun hər yerindən,
Intihar var gecədə...

30.

Yenə durmuşam arasında
keçmişlə gələcəyin…
Yaz gəldi,
qarışqaların sayı
ölçü vahididir sənsizliyin…

31.

Öp məni üzümün bitdiyi yerdən,
qulağımda sırğa olsun
soyuq dodaqların

32.

Gecə…
Dəniz yırğalanır,
Ay yatıb dizi üstündə…

33.

Üç dilimə böldüm ömrümü -
birini savaş yedi,
birini həyatla barış,
digərini də İstanbul...