İlham Əzizdən yeni hekayə: Krossvord

İlham Əzizdən yeni hekayə:   Krossvord

11 Noyabr 2024 12:04 221


Həftənin beş günü səhər 7-də Sahil metrosunun üzbəüzündəki sovetdənqalma qəzet köşkünün qabağında görüşürdülər. Buranı seçməklərinin səbəbi vardı; krossvord qəzeti alırdılar. Bu işi şöbənin ən cavanına - Aqilə tapşırmışdılar. Rafaellə Səxavət tez gəlsələr də, mütləq Aqili gözləyirdilər. Aqil krossvord seçməkdə peşəkarlaşmışdı. Qəzeti alandan sonra piyada üz tuturdular iş yerlərinə - Səməd Vurğun küçəsindəki Maliyyə Nazirliyinin mərkəzi binasına.


Krossvord xəstəliyi ölkəyə müstəqillikdən sonra ayaq açmışdı. Səxavət, Rafael, Aqil də bu xəstəliyə yoluxanlardan idi. Şöbə müdirinin işdən çıxdığı son altı ayda əl-qolları lap açılmışdı. Harda otursalar, hara getsələr, o xanaları düşünür, sözü tapanda da durduq yerdə qımışırdılar. Onsuz da əsas işlər ilin əvvəlində görülürdü, büdcə hələ keçən ildən hazır olurdu, arada tək-tük məktublara cavab yazırdılar.

Səhər tezdən qapıda duran kadrlar şöbəsi müdirinin oğrugüdən nəzərlərinin altından sivişib şöbəyə qalxırdılar. Səxavət otağa girən kimi çay qoyurdu, Rafael dünəndənqalma kağız-kuğuzu yerbəyer eləyirdi, Aqil işdən çıxan şöbə müdirinin stolunun üstünə krossvordu sərirdi. Birdən vur-çatlasın başlayırdı. İki-üç hərfli sözlər tapança kimi açılırdı. Hər tapılan uzun sözlə otağın havası yüngülləşirdi. Başqa şöbələrin də işi-gücü krossvord yazmaq idi, intəhası, büdcə şöbəsinin ustalığı bir başqaydı.

Bu gün də o əhvalla şöbəyə tələsirdilər. İçəri girən kimi idarə rəisinin diqqətlə divara baxdığını görüb diksindilər. İdarə rəisi iki otaq o yanda otururdu, şöbəyə az-az baş çəkirdi.

Rəisi görəndə üçü də birdən salam verdi, onun isə tükü də tərpənmədi, divardakı Ramazan təqviminə baxırdı. Səxavət təqvimi oturduğu yerin yuxarısından divara asmışdı.

- Səxavət, sən müsəlmansan? - rəis lapdan çevrildi, qaşlarını çatıb soruşdu.

Səxavət duruxdu, gözlərini o qədər qıydı, az qaldı, bəbəkləri bata. Fatmayıdakı yarımçıq evi, arvadı Xədicənin çığırtısı, köhnə "Moskviç"inin sınıq güzgüsü batıq gözlərindən düz beyninə doldu:

- Yox, ay rəis.

Rəisi gülmək tutdu. Güləndə alnının düyünü açıldı, qaşları yerinə qayıtdı. Rafaellə Aqil də rahat nəfəs aldılar.

Rəis: "Ayə, sən nətər adamsan?" - deyib başını yelləyə-yelləyə otaqdan çıxdı.

Səxavət otağın küncündəki dolaba baxdı:

- Çay qurtarıb ki... Qaçım, alım, gətirim.

Səxavət otaqdan çıxdı. Aqil qəzeti hirslə müdirin stolunun üstünə atıb kompüterləri toka taxdı. Rafael yerindən tərpənmədi, Səxavətin qayıtmağını gözlədi. Kompüterlər hələ tam açılmamış, Səxavət əlində çay qutusuyla gülə-gülə içəri girdi. "Çempion" çayını görən Rafaelin ovqatı təlx oldu.

Səxavət çayı dolabın gözünə qoyub dedi:

- Bu dükançı da məzəli adamdı e, deyir, siz ki bu qədər çay içirsiz, büdcə çətin düzələ.

Rafael bildi ki, dükançı elə söz deməyib, Səxavət bununla aranı qatıb bayaqkı pərtliyini ört-basdır edir. Stola yaxınlaşıb krossvordun ilk sualını oxudu: "Günəş Allahı".

"RA" deyən kimi Aqillə Səxavət stola cumdular.

Musiqi aləti - "tar".

"Çörək" - "nan..."

Elektrik samovarı asta-asta pıqqıldayırdı. Aqil ciblərini eşələyib evdən götürdüyü konfeti axtarırdı. Bir də baxdı ki, əynində başqa kostyumdur, naçar qalıb qənddanı stolun üstünə qoydu. Şıdırğı iş gedirdi, sözlər tapılırdı, krossvord dolurdu. Nahar fasiləsinə çatanda krossvordda bir-iki çətin söz qalmışdı, onu da nahar edib tapacaqdılar.

Rafael otağın qapısını bağladı, Aqil müdirin stolunun üstündən qəzeti götürüb ehmalca bükdü. Səxavət yeməkqabağı çayları süzürdü. Evdən gətirdikləri bankalar asta-asta ortalığa gəldi. Səxavətlə Aqilin gözü Rafaelin bankasındaydı. Bu gün də yarpaq dolması gətirmişdi. Bankanın qapağı açılan kimi otağa yarpaq ətri yayıldı, üzlərinə sevinc qondu. Yemək çox çəkmədi. Havadan-sudan danışa-danışa yeyib qurtardılar. Aqil qab-qaşığı yumağa apardı. Səxavət ağzını marçıldada-marçıldada üzünü Rafaelə tutdu:

- Əşi, özüm bilə-bilə elə dedim də. Guya, bilmir mən müsəlmanam? Fatmayıda da ateist olar?

Rafael bir söz demədi.

Aqil qabları gətirib yerbəyer eləyəndən sonra qəzeti sərib əliylə sığal çəkdi. Krossvorda baxıb soruşdu:

- Şaxta babanın vətəni.

Rafael sualı eşidəndən sonra siyirmələri eşələməyə başladı. Səxavət də güzgüdə zərgər dəqiqliyi ilə səliqəyə salınmış bığına - eyni ölçüdə düzülən tüklərə baxırdı:

- Yenə bığımı "çotki" düzəltmişəm ha... Laplandiya!

Aqil qələmi götürüb xanalara hərfləri yazanda Rafael Səxavəti diqqətlə süzürdü. Bir ay qabaq başına açdığı oyunu hələ də ona keçməmişdi.

Həmin gün rəis Rafaellə Səxavəti yanına çağırıb qabağındakı kağızı onlara göstərmişdi:

- İkinizi də Dövlət Karantin Xidmətinə yoxlamaya yazmışam. Vicdanım haqqı, pul yox e, gedib orda çörək kəssəz, məndən inciməyin, sizi tutduracam. Nə var, nə yox, yazın, gəlin, nə olsa, sizi də nəzərə alacam.

Səhərisi gün Rafael düz doqquzun yarısı Azadlıq prospektində - vədələşdikləri yerdə gözləyirdi. Səxavətin gömgöy "Moskviç"i boz binaların beton sifətləri arasında göründü. Rafael yola tərəf təzəcə bir addım atanda maşın onun yanından sivişib keçdi. O, bir şey anlamadı. Fikirləşdi, bəlkə, səhv salıb. Arxadan boylandı, yox, Səxavətin "Moskviç"idi, sağ güzgüsü də sallanır. Əl eləməyin də mənası yoxdu. Bu güzgü asfalta baxır. Bilmədi, neynəsin, qayıdıb səkidə durdu. Öz-özünü söyməyə başladı: "Nahaq satdım "Jiquli"ni. Satdım, verdim Tahirə, o da belə..."

Birdən "qədeş gəlmirsən?" səsi qulağında cingildədi. Səxavət başını sərnişin tərəfdən pəncərədən çölə çıxarıb bic-bic gülürdü. Rafael heç nə demədən maşına oturdu.

- Qədeş, manatlıq adam düşdü, dedim, əlimdən çıxmasın, - Səxavət dedi.

Dövlət Karantin Xidmətinə çatanda qalstuklarını düzəldib idarəyə girdilər. Hamı üzdən gülsə də, qəfil gələn qonaqlar heç kimin ürəyincə olmamışdı. Səxavətlə Rafael bütün maliyyə işçiləri kimi bu münasibətə öyrəncəli idi, ona görə veclərinə olmadı.

Texniki təchizat şöbəsinin rəisi çox vurnuxurdu, həddən artıq canıyananlıq edirdi. Bir stulu aparıb, o birini gətirirdi, dayanmadan girib-çıxırdı. Bilirdi, sonda bəla onun başında partlayacaq. İndidən görüm-baxım edir, eyni anda evdəki pulları, alacaq yerləri düşünürdü.

Günortaya az qalmış təchizat rəisi asta səslə dedi:

- Vallah, yoxlamaya dəxli yoxdu, durun, gedək, bir tikə çörək yeyək, - Rafael necə baxdısa, rəis pərt oldu. Dinməz-söyləməz çıxıb getdi.

- Əlimi yuyub gəlim, gedək, buralarda sosika-çörək yeyək, - Rafael dedi.

Səxavət qurcuxdu, hiss olunurdu, vaxt udur. Bu dəm təchizat rəisi gülə-gülə içəri girdi:

- Məllim, hazırdı, 10 demişdiz, 20 litr vurdurdum.

Təchizat rəisi bunu deyəndə, Rafael bildi ki, aləm bir-birinə dəyəcək.

Yoxlama bir ay çəkdi. Söhbət öz rəislərinə çatdı, hər gün ikisini də itdən alıb, itə verdi. Axırda köməyə yenə də Aqil yetişdi. Rəisdən yaxa qurtarmağın yolunu ancaq Aqil bilirdi. Aqil rəisin yanına girən kimi təzə terminləri saymağa başladı; struktur, innovasiya, rezident sözləri havada uçdu. Rayondan vəzifəyə gətirilən adama da heç bu sözləri demək olar?

- Rədd olun, gedin, işinizi görün!

Həmin gündən sonra rəis bir də bu söhbətə qayıtmadı. Rafael bu biabırçılığı unuda bilmirdi. Ancaq indi "Laplandiya" deyəndə onun gözünə Səxavət lap Şaxta baba kimi görünmüşdü.



***

İş gününü başa vurub küçəyə çıxdılar. Səxavətlə Rafael qabaqda, Aqil də onlardan arxada gəlirdi. Metroya tələsirdilər, bu vaxtlar metroda iynə atsan, yerə düşməzdi. Aqil bir ara qabağa keçdi. Rafael zarafatla: "Azacaqsan, çox irəli getmə", - dedi.

Aqil kənd uşağıydı, şəhərin küçələrini yaxşı tanımırdı, elə bilirdi ki, hansı küçəni axıra qədər getsə, bir də qayıda bilməyəcək, itib batacaq. Ona görə hara gedirdisə, yolda mütləq küçəni dəyişirdi. Yolunu uzatsa da, küçələri aldadırdı, istəmirdi küçələr onu birdəfəlik şəhərdən azdıra.

Aqilə elə gəlirdi, şəhərin yolları olmasaydı, adamlar mehriban olardılar. Onları heç yerə gedib çıxmayan yollar bədbəxt edib. Belə düşüncələrini ara-sıra yoldaşlarına da demişdi.

Küçəni burulanda Səxavətin ayağı çuxura düşdü, səndələdi, Rafael tez qoluna girdi:

- Nə oldu sənə?

- Bilmirsən? Başım itib, fikirdəndi.

Birdən ayılan kimi oldu:

- O biri sözü də tapdım, "tramvay".

Sevindilər. Metroya çatanda Aqil dayandı:

- Gəlin, bir siqaret çəkək, sonra minərik, - deyib qoltuq cibindən "Viceroy" çıxardı.

Səxavət başını yellədi:

- Ağlın çatmır, vallah. Biz siqaret çəkirik?

Aqil fikir vermədi, nazik plaşını düzəldə-düzəldə siqaretini sümürürdü. Bakının sərin küləyi onun az-maz çallaşmış saçlarını oxşayırdı. Ağaclarda payıza təslim olmayan həyasız yaşıl yarpaqlar əsirdi.

Rafaellə Səxavət göz-gözə gəldi. Aqil şən görünürdü, amma onun intihar edə biləcəyindən çox qorxurdular. İkisi də eyni vaxtda eyni şeyləri düşündülər, Səxavət dözmədi:

- At yerə o zibili, gəl, yoxsa, basabasa düşəcəyik, - deyib Rafaeli metroya tərəf dartdı. Aqil siqareti tullayıb onlara qoşuldu.

Səhəri gün işə çatan kimi Səxavətin dünən tapdığı sözü də xanalara yazdılar. Krossvordda tapılmayan bircə söz qaldı. Bu gün tapılsa, sabaha yenisini alacaqdılar, hər şey yenidən başlanacaqdı. Sözün, cəmi, iki hərfi məlumdu; "L" və "k"hərfləri. Bir az da uzun söz idi, belə sualla da ilk dəfə qarşılaşırdılar.

İlk cavab Səxavətdən gəldi: "Hamiləlik", - dedi və deyən kimi də peşman oldu. Söz üçünün də içindən keçdi. Vəziyyətdən heç cür çıxmaq olmurdu. Hərə öz stoluna yaxınlaşdı. Krossvord ortada qalmışdı. Heç kim qəzetə yaxınlaşmağa ürək eləmirdi. Səxavət qəzetə baxdı, ürəyində dedi ki, bir də krossvord yazmayacaq. Gözü güzgüyə sataşdı. Fikirləşdi, evə gedib bığını təmiz qırxsın. İndicə rəis gəlib üçünü də danlasaydı, lap ürəklərindən olardı. Səxavət bu sözü evlənən gündən yara kimi içində saxlamışdı.

Səxavətə öz qohumunu almışdılar. İnsafən, Xədicə gözəl-göyçək, tərbiyəli, imanlı qadındı. Əvvəl hər şey ürəkləri istəyən kimi gedirdi. Bir il keçəndən sonra qohum-əqrəba uşaqla bağlı xısınlaşmağa başladı. Hər keçən il bu səslər artırdı, axırda xora çevrildi, dünyanı Səxavətlə Xədicəyə dar elədi. Kimə salam verirdilər, birinci sual bu olurdu:

- Ay Xədicə, bir şey var?

Bu sualdan daha betəri dualar idi. Nə söhbət olurdu, araya salıb "Allah sizə bir övlad nəsib eləsin" deyirdilər, Səxavətlə Xədicənin ürəyini oxlayırdılar. Hər belə söhbətdən sonra Səxavət balacalaşır, Xədicənin deyingənliyi artırdı. Adi sual, adi söz böyük davaya çevrilirdi. Süni mayalanma söhbətləri çıxanda Səxavət çox götür-qoy elədi, axırda ürəyini Xədicəyə açdı. Xədicə başıbağlı, dindar qadındı, daş atdı, başını tutdu. Səxavətə dedi ki, bu söhbəti bir də eləsən, başımı açacam. Səxavətə elə gəldi, Xədicənin bütün hikkəsi bu çadranın altındadı, açsa, ərşə dirənəcək. Ona görə söhbəti bir də dilinə gətirmədi. Səxavət Xədicəyə söz çatdıra bilməyəndə qayıdırdı ki, Rafaelin gətirdiyi dolma min dəfə sənin yeməyindən dadlıdı.



***

Günlər beləcə keçir, söz tapılmır, otaqda oturmaq dözülməz olurdu. Əslində bu həngamələrsiz də otaq bir şey deyildi. Mebel, demək olar, yox idi. Başda şöbə rəisinin üç barmaq hündürlüyündə "T" hərfli stolu, bir də işçilərin üç balaca stol və stulları vardı. Rafaellə Aqil pəncərə önündə, Səxavət də lal divarın qabağında otururdu. Otağa girən kimi sağ əldə balaca dolab vardı. Onu şöbənin mətbəxi kimi işlədirdilər. Baxanda adama elə gəlirdi, bu otağa heç insan nəfəsi dəyməyib. Bircə balkonun məhəccərində dinməzcə ora-bura vurnuxan sərçə dünyada yaxşı şeylərin olacağından xəbər verirdi.

Artıq yeddi gün idi, söz tapılmırdı. Səhər iş təzəcə başlamışdı, qonşu şöbədən Gülşən nazlana-nazlana otağa girdi:

- Nu çto rebyata, tapmadız?

Gülşən ara-sıra şöbəyə gələndə dikdabanından çıxan səs burdakı yeknəsək ritmi pozurdu. Onun geyim-keçimi əla, ətri də gendən adamı məst edirdi. Amma nədənsə bu qızın heç nəyi xoş ovqat yaratmırdı. Ən çox da Aqilin onu görməyə gözü yox idi. İndi Gülşənin ədabazlığı onu lap özündən çıxardı. Səxavət Aqilin üzündə bunu hiss eləyən kimi tez dilləndi:

- Ay Gülşən, bu qədər gözəlliklə niyə ərə getmirsən?

- Səxavət müəllim, əri neynirəm, gəzib dolaşıram, sorub-soruşduranım yox, həyatın dadını çıxarıram. Mənimçün ərə getmək iki vur ikidi.

- Bəs sevmək, eşq?

- A kişi, nə sevmək, nə eşq ? Pul olsun e, pul, denqi.

Bu söz Gülşənin ağzından çıxan kimi Aqil qışqırdı:

- Sevgisizlik!..

Necə bərkdən və ürəklə dedisə, Gülşən otaqdan çıxanda dikdabanının səsi eşidilmədi.

Səxavətin gözləri parıldadı. Deyəsən, məşəqqət bitəcəkdi. Krossvord Rafaeldəydi. Aqil tez Rafaelin yanına qaçıb, krossvordun xanalarına zilləndi.

Aqilçün bu xanaların mənası başqa idi. O bu xanalara baxanda əvvəllər işlədiyi Qadınlar üçün İslah-Əmək Müəssisəsini xatırlayırdı.

Hər xana ordakı bir hücrə, hər xanadakı hərf oranın qadın sakini idi. Bəzisi yaşlı, bəzisi cavan. O, hərfləri də yaşlıya, cavana ayırmışdı. Hər dəfə xanalardakı hərfi tapanda dünyada ən çox sevdiyi qadına - Şəhlaya qovuşacağına inanırdı.

Aqil Şəhlaya 1 nömrəli qadın təcridxanasında rast gəlmişdi. Bəstəboy, qəhvəyi saçları çiyinlərində, gözləri ala, balaca burnu sifətinin düz ortasında, dodaqları şehli... Burda qadınlara diqqət etmək kişi zabitə yaraşmazdı. Həm də hamı bu məsələdə bir-birinə göz-qulaq idi. Yüngül səhv adamı işindən edərdi. Aqil qadın türməsində hər cürünü görmüşdü. Elə bu səbəbdən də evlənmək ağlının ucundan keçmirdi. Elə yalanlara şahid olmuşdu, elə hiylələr eşitmişdi, öz anasından şübhəyə düşürdü. Ona elə gəlirdi, uşaqlıqdan anası ilə atasının aralarındakı davaların hamısının günahkarı anasıdır. Türmədə keçirdiyi saatlarda dünyadan, ən yaxşı, ən müqəddəs hisslərdən soyuyurdu. Ta Şəhlanı ikinci dəfə görüb danışana kimi. Elə ciddi söhbət də deyildi. Sadəcə, rejim barədə yeni məhbusu məlumatlandırmaq, içəridə öz adamı eləməkçün adi əməliyyat söhbətlərindən biri idi. Nə oldusa, orda oldu. Şəhla qarşısındakı zabitə nifrətlə cavablar verdi. Hər dəfə üzünü turşudub cavabdan yayınanda Aqilin içinə isti qurğuşun damcıladı, içi-içalatı istiləndi, ağırlaşdı, zindana döndü. Bilərəkdən söhbəti uzatdı, mənasız danışdı, hərdənbir qadın zabit otağa girib-çıxırdı, söhbətin uzun çəkdiyinin fərqində olduğunu Aqilə eyham vururdu, amma nə fayda?..

Şəhla bezib durmasaydı, Aqil bu söhbətlə də ömrünü bada verib, ölüb gedəcəkdi. Şəhla icazəsiz-filansız otaqdan çıxdı, Aqil bir nöqtəyə zilləndi, anladı ki, hər şey daha əvvəlki kimi olmayacaq. Bu təhlükəli vəziyyət onun ömrünün ən gözəl çağı idi. Ya Şəhla, ya da ömür boyu boşluq və rəzalət!..

Bəla günü-gündən artdı, Aqili bürüdü. Ona elə gəlirdi ki, Şəhla məktəb yoldaşı olub, uşaqlıq sevgisidir, onu min ildir tanıyır.

Şəhla da ilk vaxtlar Aqili görəndə üzünü çevirirdi, onun işindən də, özündən də iyrənirdi. Ancaq günlərin birində Aqilin saçlarına baxdı, gözlərindəki əzabı gördü, yazığı gəldi. İstədi, bağrına basıb hönkürsün, özünü ələ aldı. Aqil Şəhlaya çatanda cibindən konfet çıxarıb əlləri əsə-əsə uzatdı, Şəhla aldı, ovcunda sıxdı, Aqil quş cələsi kimi hörgülərdən göylərə baxdı.

Aqil işdən sonra küçəyə çıxanda özünü itirirdi, bilmirdi, hara getsin, hara getsə, Şəhladan uzaqlaşırdı... Bütün küçələr gəlib burda, bu türmədə düyünlənirdi.

O, dərdini bircə uşaqlıq dostu Elşənə dedi, o da zarafata saldı, öyüd-nəsihət verdi. Şəhlanı söymək istədi, Aqil elə baxdı, qorxdu, söymədi. Onda Aqil bildi ki, 30 ildir dostluq etdiyi adam onun düşmənidir.

Rafael başını yellədi:

- Ay Aqil, hərfin biri artıqdır.

Səxavət gülüb dedi:

- Tapsam, elə mən tapacam, sizdən bir iş çıxan deyil.

Bu sözlərdən sonra Rafael hirsindən bilmədi nə desin, qayıtdı ki, Səxavət, toqqanı düzəlt.

Ramazan ayının tən ortasıydı. Səxavət gəlib hər gün kənddə verilən iftar süfrələrindən ağızdolusu danışır, yeməkləri bir-bir sadalayırdı. Rafael də eyni vaxtda Səxavətin oruc tutmadığını onun başına qaxırdı. Bunları eşidib Səxavət deyirdi:

- Vallah, mənim ürəyim oruc tutanlardan min dəfə təmizdir.

Neçə gündü hərə bir söz tapıb deyirdi, başqa şöbələrə də hay düşmüşdü. Rafael evdən çıxandan yolboyu sözü axtardı, ağlına heç nə gəlmədi. İşə çatdı, əlindəki bankanı çəkməcəyə qoyub, krossvordu rəisin stolunun üstündən götürüb zəndlə baxdı. Hərə öz işindəydi.

- Tapdım, "yetimlik".

Aqillə Səxavət dik atıldılar. Aqil cumub qəzeti götürdü, damaları saydı, üzü əyildi:

- Saya da bilmirsən?

Rafael bir də diqqət edəndə gördü, düz deyir, damalardan ikisi boş qalır.

Səxavət yaxınlaşıb Rafaelin əlindən tutdu, Rafael başını aşağı saldı.

O, Tahirin ölümündən sonra çarəsiz qalmışdı. Qırğın-qiyamətlə evlənmişdi Tahir. Qızın atası daş atıb başını tuturdu. Söhbət indinin söhbəti deyildi, nəsil-nəcabət davasıydı. İndi də gəlib Tahirin başında çatladı. Kənddə dilə-dişə düşmüşdülər. Atası Tahiri danlayırdı:

- Başına qız qəhətdi? Sümüyümü it sümüyünə calama, - deyirdi.

Tahirin tək ümidi adı nəsillə bir olan Rafaelə qalmışdı. Əncam çəksə, bircə Rafael çəkər. Araları açıq olmasa da, dərdini anlatmışdı, elə Rafael də məsələdən hali idi. Səhərki söz-söhbətdən sonra Rafael gecə anasını yuxuda gördü. Gördü, kefsizdir. Öləndən heç yuxusuna girməmişdi. Tezdən əl-üzünü yumamış Tahirə xəbər göndərdi:

- Qızı qaçır, gətir bizə!

O gündən Rafael həm atasıyla, həm də qızın qohum-qəbiləsiylə düşmən oldu. Kənd-kəsəkdən kim dilləndi, ağzından vurdu: "Ölməmişəm ki, lazım gəlsə, burda da qalacaqlar!"

Elə də oldu. Tanış-bilişdən iş soruşdu. Tərs kimi iş də tezliklə düzəldi. Dostunun Puşkin küçəsindəki "Exchange"ində. Əli-ayağı quru, qazancı da yaxşı. Rafael həm sevinirdi, həm də qürrələnirdi. Bir sevdanı, bir sevgini xilas eləmişdi. Bilirdi, hər şey axarına düşəcək. Dünyada qız qaçıran bir Tahir deyildi ki...

Ta keçən ilin qara qış gününə kimi. Həmin gün də oynaya-gülə evdən çıxdılar, yolboyu Rafael Tahirə tapşırdı, ev axtarsın: "Şükür, özünü dolandıra bilirsən, beşdən, üçdən dala da atırsan. Tək yaşasaz, bir az da qənaət edərsiz, məsuliyyətli olarsız".

Bu, iki qardaşın son danışığı, son dərdləşməsi oldu. Günorta Tahiri iş yerində güllələdilər. Rafaelin beli sındı, ömrünə əbədi qar yağdı.

Bir tərəfdən, qardaş itkisi, bir tərəfdən də, qarnı burnunda qız üzlü gəlin.

Kənd-kəsəkdə deməli, danışmalı söhbət deyil. Günahın hamısı yığılıb-yumrulanıb qaldı Rafaelin boynunda. O gündən Rafael heç nəyə gülə, heç nəyə sevinə bilmir, günü-gündən əriyirdi. Bircə ümidi o körpəyə qalıb, bəlkə, doğulmağıyla nəsə dəyişə. O da bəlkə...

Rafaelin canında elə ağrı vardı ki, onu izah etmək mümkün deyildi. İndi o, həqiqəti, sevinci, kədəri qarışdırırdı. Özünə ömrünün etiraflarını edir, etiraf etdikcə tək qalmaqdan qorxurdu.

İndi də bu söz bəla olub keçmişdi boğazına. Otaqda bir az qalsaydı, ürəyi dayanacaqdı:

- Uşaqlar, mən gedib bir az hava alım, gəzişim.

Əlində nə vardısa, qoyub otaqdan çıxdı. Səxavət dalıyca qışqırdı:

- İstəyirsən, evə get, soruşan olsa, deyərik, sənəd apardı.

Yəqin ki, Rafael bu sözləri eşitmədi, günün sonunacan heç onu gözləyən də olmadı...



***

Ramazanın sonu yaxınlaşmışdı, amma söz tapılmırdı. Söz tapılmadıqca münasibətləri pisləşir, yeməklərini də tək yeyirdilər. Bircə krossvordun başına yığışırdılar. Belə getsə, salam-kəlam da kəsiləcəkdi.

İşə də ayrı-ayrı gəlirdilər, heç kim heç kimi əvvəlki kimi gözləmirdi. Çay qoymağa da həvəs yox idi.

Təzəcə oturub kağız-kuğuzu yerbəyer edirdilər, qapı şəstlə açıldı. Qapının səsindən rəisin gəldiyi hamıya aydın idi. Rəis içəri göz gəzdirəndən sonra azca sağa çəkildi, arxasınca ortaboylu, üz-gözündən rahatlıq yağan, ağ köynəkli, "parlament" kostyumlu cavan oğlan peyda oldu.

- Sizin şöbənin təzə rəisidi, tanış olun - Rüfət müəllim.

Rəis bu sözləri deyib üçünün də sifətinə baxdı. İlk dillənən Səxavət oldu:

- Xoş gəlmisiniz, mənim adım Səxavətdi, bu Rafael, bu da Aqil.

Qabağa gəlib görüşdü. Rafaellə, Aqil görüşməyə qorxan adamlar kimi başları ilə özlərini təsdiqlədilər. İdarə rəisi elə sifət elədi, bilinmədi gülür, ya nifrət edir, çönüb otaqdan çıxdı. Şöbənin yeni rəisi otağa nəzər saldı, boş qalan stoluna baxdı. Stolun üstü qarmaqarışıq idi. Səxavət fiti başa düşdü, cəld rəis stolundakı hər şeyi qamarlayıb götürdü. Rəis yerinə keçdi, kreslosunda oturdu, oturan kimi narahat oldu:

- Bunu dəyişmək lazımdı, - dedi.

Rəis yerinə keçəndən sonra otağa səssizlik çökdü. Balkonda bayaqdan dinməzcə ora-bura boylanan sərçə "pırr" eləyib uçdu.

Aqil ciblərini qarışdırdı:

- Bəlkə, çay qoyum, içək?

Rəis stoluna əl çəkə-çəkə: "Kofeniz yoxdu?" - deyib başını qaldırdı.

Rafael birdən anladı ki, bu otaqda səkkiz ilə yaxındır oturur, heç vaxt burda kofe içilməyib.

Səxavət yazıqlaşdı, "yox" dedi. Yazıqlaşan kimi səsi kallaşırdı, öz səsinə oxşamırdı.

Rəis çiyinlərini çəkdi:

- Neynək, dəmləyin, içək.

Sözlər doğma gəldi, qırışıqları açıldı. Aqil cibindən üç dənə konfet tapıb qəndlərin üstünə düzdü, qəndqabını rəisin stoluna qoydu. Krossvord Rafaelin stolunun üstündəydi. Ehmalca qatlayıb siyirməyə qoyanda nəsə aşdı, təzədən açıb baxmağa utandı. Aqil elektrik samovarını yandırıb gözləyirdi, samovar həmişəkindən çox səs salmağa başladı. Ümidi ona idi ki, otaqdakı soyuq ab-havanı isti çay mülayimləşdirə. Rəis durdu, ora-bura baxıb nəsə yadına saldı, otaqdan çıxdı. Rahat nəfəs aldılar.

Səxavət gülümsədi:

- Pis adama oxşamır. Deyəsən, imkanlıdı.

- Görmürsən, kofe istəyir? - Aqil stəkanları yan-yana düzə-düzə dedi.

Çox keçmədi, rəis telefonda rusca danışa-danışa qayıtdı. Telefonu da bahalı idi. Səxavət telefonu görən kimi maşınının güzgüsü yadına düşdü.

Rəis danışığını bitirdi, yerini rahatladı, çaya baxdı, stəkanı götürən kimi isti əlini yandırdı. Özünü o yerə qoymadı, çönüb divardakı Ramazan təqvimini ifadəsiz nəzərlə süzdü:

- Oruc tutursuz? Allah qəbul eləsin.

- Çox sağ olun, - Səxavət dedi.

Təzədən otağa sakitlik çökdü. Rafael balkonun məhəccərinə baxdı, sərçə qayıtmamışdı.

Rəis çaydan bir qurtum içib üzünü Səxavətə tutdu:

- Ağsaqqal, bu iş mənim üçün "tramplin"dir. Başqa işə gedəcəm, papa məcbur elədi. Siz məndən çəkinməyin, bu vaxta qədər necə işləmisinizsə, elə də davam edin.

Bu sözlər üçünə də rahatlıq verdi. Aqil Rafaelə göz elədi. Rafael siyirməni açıb qəzeti götürəndə gördü ki, dolma bankası aşıb, siyirmənin içi yamyaşıldı. Tez qəzeti yoxladı, qəzet bulaşmamışdı. Ürəyi yerinə gəldi. Qəzeti stolunun üstünə sərdi. Səxavətlə Aqil yaxınlaşmağa ürək eləmədilər. Lapdan Səxavət üzünü rəisə tutub qayıtdı:

- Rəis, krossvordun bir sözünü neçə vaxtdı nə illah edirik, tapa bilmirik. Bəlkə, siz kömək edəsiz?

Rəis əvvəl başa düşmədi. Sonra ayağa durub Rafaelin stoluna yaxınlaşdı. Krossvord əzik-üzük olmuşdu. Rafael əli ilə sözü göstərdi.

Rüfət sözə diqqətlə baxdı, gözünü qıydı, dodaqları qaçdı.

"Ədəbiyyat qəzeti"