İlham Qəhrəmandan portret-hekayə: Dədəm

İlham Qəhrəmandan portret-hekayə:   Dədəm

15 Noyabr 2024 12:41 135


Uşaq yaddaşı daşa həkk olunmuş yazı kimidir.
Məhəmməd peyğəmbər

- Burdan bir atlı keçmədi?
- Keçdi.
- Çaparağıdı, yorğaraq?
- Çaparaq (və ya yorğaraq).
- Çapsaq, çatarıq?
- Həəə.
- Dəh-dəh-dəh-dəh-dəəhhh!

Bu sual-cavabdan ibarət qısa dialoq dədəmlə bağlı xatirələrimin əvvəlincisidi. Yadımdadı, Sus kəndinin Aşağı bağdakı çəmənliyində arxası üstdə uzanıb məni qarnına mindirirdi. Atlı haqqında soraqlaşmanın həm sualını, həm də mən əvəz cavabını deyib tamamlayandan sonra "dəh-dəh" deyib at çapışı qarnında məni atıb-tuturdu. Ardınca əlləri və dizləri üstdə at şəkli alıb məni belində gəzdirirdi. Papağının dimdiyini geri hərləyib "höl-höl" deyə-deyə mənimlə qoç kimi hölləşirdi. Balaca vaxtı nənəm mənə Bozu deyirdi, dədəm Dədəbalası çağırırdı. Yaxşı işimi görəndə ağızdolusu "dədəbalası" deyirdi, işim xoşuna gəlməyəndə Ağəmmədlərə - Qızılcada nənəmin mənsub olduğu tirə - çəkdiyimi deyirdi. Nənəm nadir hallarda adını çəkərdi, eləcə ortalığa danışardı. Adını çəkməsə də, dinləyənlər bilirdi ki, dədəmdən söhbət gedir. Nənəm hərdən dədəmə özünəməxsus ad qoyub bizimlə məzələnirdi. Aralıdan gələn dədəmi uşaqlardan birinə göstərib deyirdi:

- Dədikun gəlir.

Dədəmin dədəsinin adı Nemət olub. Nemət babam Sus kəndində və ətrafda ən varlı adam olub. Kollektivləşmədə babamın 300 qoyunu çobanı və itiylə kolxoza alınır. Bu haqda kolxozun qaytanlı kitabında mal-dövləti kolxoza alınmış şəxs kimi (Sus, Qızılca, Zabux) bircə babamın adı varıdı. Babam səxavətli kişi olub. Kəndin xeyir-şəri üçün həmişə sürüsündən heyvan ayırarmış. Dədəm danışırdı ki, qonşu erməni kəndi Xənəzəyə getmişdim. Ata nal-mıx almaq üçün dəmirçi dükanına girdim. Dəmirçi erməni Susdan olduğumu biləndə atamı soruşdu. Dedim, Nemətin oğluyam. Bunu deyəndə erməni yuxalıb ağladı. Dədəmi maraq bürüyür. Erməni deyir ki, aclıq illərində getdim Susda Nemətin qapısına. Uşaqların ac olduğunu deyən kimi, 2 öküzə buğda yüklətdirdi, yanıma da 2 adam qoşub dedi, bu adamı aparın çaydan (Zabux çayı) adladın, getsin evinə. Bir dəfə də yay vaxtı uzun boylu, buxara papaqlı, əlində çəlik şərq ziyalısı görkəmində bir adam gəldi çıxdı alma bağında olduğumuz dəfə. Dədəmlə çox mehriban görüşdü. Özünü isnad verəndə məlum oldu ki, kişi Laçının Alıqulu kəndindəndir, şəhərdə (Laçında) yaşayırlar. Adı Seyid Abbasdır. Nemət babamla dost olublar. Babamın xeyirxahlığıyla bağlı xatirələrini danışdı. Abbas kişi Alıquluya qaçqın gəldiklərini, babamın onlara heyvan damazlığı verdiyini, darda hamıya əl tutan olduğunu dedi. Sonradan bu kişinin din adamı, Quran hafizi olduğunu gördüm.

Kolxoz qurulandan sonra babamın keçmiş çobanının anası ölür. Çoban dağdan gəlir babamın üstünə ki, ehsan verməyə ətlik heyvan yoxdu. Babam deyir ki, bəs heyvan kolxozdadı, sədrə denən anan ölüb, ehsanlıq versinlər. Çoban kolxoz sədrinə bu haqda deyir və cavabında sədrdən gözağartması alır. Babam ondan sonra kolxozun nə olduğunu başa düşür. Bir müddət sonra o vaxt Laçında NKVD olan şəxs gəlir babama deyir ki, atını da ver. Babam deyir, "qoyunu sürüynən apardınız, ata dəymə". NKVD ev yıxmaqda Laçında ad çıxartmış adam idi. Onun əliylə Laçında çoxları kulak adıyla uzaq diyarlara sürgün edilmişdi. NKVD atı götürüb gedir. Susun qənşərindəki dikdən aşanda at bir dəfə kişnəyir, babam qapıda keçinir. Dədəsi öləndə dədəm də, özündən böyük bacısı Həvva mamam da ağlıkəsməz yaşda olurlar. Heç biri atasını xatırlamırdı. Babamın ölümündən sonra oğrular Susdakı ağ evindən - o dövrdə ancaq imkanlı adamların ağ evi olurdu - bir gecədə 12 gəbə aparırlar. Günü bu gün də Susda qoşa qazma tövlələri durur. Sus qəbiristanlığındakı başdaşında ərəb əlifbasında yazı vardı. Bakıda "Bilik" cəmiyyətində kursa getdim ki, əlifbanı öyrənim, başdaşındakı yazını oxuyum. Kursu bitirənə qədər Laçın işğal olundu...

Dədəm çox zəhmətkeş, işcanlı adam idi. Əgər görüləsi iş vardısa, axıra çatdırmayınca rahatlıq tapmazdı. Hər işin çəmini bilən idi, gördüyü işi səliqəylə - cani-dildən görərdi. Evimizdə kəndçilikdə işlənən hər bir həcət vardı. Evində həcəti olmayan kişilərə "korocaq" deyirdi. Mən balaca olanda yaxşı çarıq tikirdi. Sus kəndinin cavan qız-gəlini toylardan əvvəl çarıqlıq gön götürüb bizə gələrdilər. Dədəm həvəslə onlara üçburun (gülburun da deyirdilər) çarıq tikərdi. Çox halal adam idi. Deyirdi, bizim evə haram düşmür. Təxminən, 4, ya 5 yaşım olardı, yazda Laçının altındakı dərənin ağzında (indiki "Laçın pavilyonu"nun sol tərəfi) düşərgə salan köçü gecə qəflətən sel tutur. Yaddaşım məni aldatmırsa, köç İmişlinin Əlipənahlı tərəkəmələri idi. Sel alaçıq qarışıq dolu farmaşları Həkəriyə axıdır. Biz o vaxtı Sus kəndinin çayqırağı alma bağındakı dəfdə olurduq. Hadisə bizdən 4-5 kilometr yuxarıda olmuşdu. Səhər-səhər gördüm dədəm alma bağının çəpərinin üstünə gəbə-kilim, yorğan-döşək sərir, çəpərin dibinə nehrə, qazan qoyur. Gəbə-kilimlər qumlu idi. Dədəm bu şeylərin bəzisini gecə daşan çay səhər yatandan sonra çaylaqdan tapmış, bəzisini lildən çıxartmışdı. Qənşər yerə sərirdi ki, sahibləri axtaranda görsünlər. Günortadan sonra tərəkəmə atlıları gəldilər dədəmin seldən çıxartdığı bu şeyləri alxış eləyə-eləyə atlarının üstünə atıb apardılar. Sonralar dədəm evdə deyinirdi ki, filan naxırçı bu ziyanlıqdan tapdığı şeyləri Xırman təpənin dalındakı böyürtkən şəlində gizlədibmiş.

Dədəm çox qonaqpərvər idi. Yadımdadı, Padşahlı körpüsünün (Nikolay körpüsü də deyirdilər) yanında Yol İdarəsinin gözətçi evində olurduq, tək evliydik. Qonum-qonşu aralıda olurdu. Evdə hinduşkanı kəsib çıxırdı el yolunun qırağına ki, bir yolötən gəlsin, onu evə dəvət etsin, birlikdə çörək yesinlər. Bəzən yolda yolötən olmurdu, yemək bişirdi, dədəm evə gəlmirdi ki, biz də yemək yeyək. Bu zaman nənəm qarasına deyinirdi: "ta bitib qalacaq orda, gəlməyəcək ki, körpələr loxmasını yesin".

Qonaq olanda gizlindən tut arağını çıxardıb qoyurdu süfrəyə. Yaxşı tut arağı çəkirdi. Qonağa deyirdi, mən çəkən araq inəyin sarı yağı kimi təmizdi. İçki olan məclisdə sağlığı bu olardı - "içək kişiliyin sağlığına!" Evimiz yol kənarında olduğundan Susdan, Qızılcadan əsgər gedən gənclər evimizin yanından keçirdi. Onlarla görüşəndə pul kisəsi əvəzi işlətdiyi hərbi biletinin arasından bir onluq çıxarıb ciblərinə qoyardı.

Dədəm sərt adamıdı. Sağılmazdan əvvəl buzov və oğlaqlar anasını əməndə bizimlə dalaşırdı. Evimizdə həmişə iri qazanlarda ərinmiş sarı yağ, pendir, bəhməz, mürəbbələr olurdu. Keçi pendirimiz heç ələ düşməzdi. "Laçın pavilyonu" evimizlə üzbəüz idi. Rayonun rəhbərliyi, Bakıdan gələn qonaqlar olanda ofisiant əlində boşqab yüyürürdü bizə ki, bəs qonaq gəlib, Səlbi xalanın pendirindən istəyirlər. Nənəm boşqabı doldurub yola salardı, buna görə pul almaq ağlımıza da gəlməzdi.

Dədəmin həm də dolayısıyla söz anlatmağı vardı. Tut vaxtı uşaqlar ayaqqabı istəyəndə deyirdi:

- Ayaqqabı tutun dibindədi - yəni dibinə tökülən tutu yığın, araq çəkilsin pul olsun.

Yanında bir dəfə bərk utanmışam. Qaçqınlıq vaxtı Xırdalanda dədəmgil məskunlaşdığı evdə hamımız oturub ordan-burdan söhbət edirdik. Nənəmlə dədəm dəyinmişdilər - bir-birinin qarasına danışırdılar. Nənəm onu suçlayan bir məişət əhvalatı danışdı, dədəm də dedi ki, yalansa, ağzın əyilsin! Cavabdan bildim ki, nənəm haqlıdı, sadəcə, dədəm cığallayır, bizim yanımızda günahını boynuna almaq istəmir. Həm də cavabdakı and-töhmətin hər iki başı nənəmi tuturdu - yəni yalan deyirsənsə, ağzın əyilsin, düz deyirsənsə, heç nə. Bu cavabdan sonra nənəm özünə görə dədəmə ayıb bildiyi bir sirrin üstünü açdı. Dedi:

- Bir dəfə də mənə dedi ki, sən get bostanı sula, özü də guya dəhnəyə gedir ki, suyu döndərən olmasın. Uşaqları da götürüb yendim bostanı sulamağa. Gün qızana qədər bostanı suladım qurtardım, çıxdım evə ki, filankəslə (nənəm xanımın adını da dedi, uzaqda olan tanıdığımız qadın idi) qayğanaq eləyib üstünə də bal töküb yeyirlər. Nənəm cümlənin bal yerini hirsli vurğuyla dedi. Hiss etdim ki, o an nənəm hakim, dədəm müttəhim olsaydı, nənəm dədəmə "uff" demədən rahat 50 il iş kəsərdi. İstədim deyəm, ay nənə, sən nəyi qoyub, nəyi axtarırsan, qayğanaq nəmənədi, indikilər bozbaş bişirib yeyirlər. Amma deyəsən, dədəmə görə utandım, nitqim batdı. Nənəmin bu ittihamlı çıxışından sonra dədəm ortalığa:

- Ə, bu arvad ağlın itirib, - deyib uzandığı çarpayıda üzünü divara çevirdi. Hələ onun nənəmlə ev davasında belə əliyalın qalmasını, müqavimətsiz təslim olmasını görməmişdim. Bu yerdə dədəmin bir söhbətini də əlavə edim. Özü danışırdı ki, Zabuxda Sümüklü Əvəz Savat adlı qızla evlənəndən bir neçə gün sonra əsgərliyə çağırılır. Əvəz Savatın qolundan tutub gətirir dədəmin yanına və deyir:

- Umud, əsgərə gedirəm, Savatı bircə sənə umud eləyirəm.

Dədəm deyir 3 il müddətində kolxozun hansı işinə getdimsə, Savat yanımda oldu. Bu sirri bilənlər dədəmlə Savat xalanı bacı-qardaş hesab edirdilər.

Balalarına sevgisini heç vaxt bildirməzdi. Amma bir dəfə yayda belə bir hadisə oldu. Məndən balaca bacım Gültəkin Həkərinin sağ tayında Sus bağlarının qabağındakı adada otlayan oğlaqları gətirməyə gedir. Bacım gecikəndə dədəm evin böyründəki dikə çıxır ki, bacımı çağırsın. Qənşərə çıxanda görür ki, Həkəri çayın başına yağan yağışdan elə daşıb, o tay-bu tay gedir. Ada selin altındadır. Zeynəb xalam danışırdı ki, Umud yanıqlı səslə, "ay Gültəki, ay Gültəki" çağıra-çağıra çay yenişə qaçırdı. Sən demə, bacım selin özündən əvvəl gələn fışıltı səsindən - soyuq suyla sahildəki qızmış daş-qumun cızıltısından yaranan xor fışıltı əmələ gətirir - duyuq düşüb oğlaqları adadan Böyük bağa çıxardıb. Dədəm bacımı görəndə dəsmalını çıxardıb gözlərini silib.

Ehtiyatlı kişi idi. Papağının içində daim iynə-sap olardı. Deyirdi, "örüşdə paltarın elə yerdən sökülə bilər ki, o halda ortalığa çıxmaq ayıb olar". Örüşə gedəndə həmişə əlində ağac olardı. Mala, keçiyə gedəndə bizi əli ağacsız görəndə hirslənirdi. Deyirdi, "korocaq olmayın". Ocaq çatıb alça və zoğal ağaclarını əvvəl yaxşı ütürdü, sonra onlardan toppuzlu əl ağacları düzəldirdi. Kəndçilikdə hər işin çəmini bilirdi. Ən etibarlı və ələyatımlı alətlər də dədəmdə olardı. Bəzən tanışlar gəlib kərəntisini, belini (çala, təfkeş), dəhrə-baltasını işlətmək üçün aparırdılar. Kövşənə çıxanda özüylə bir düjün alət götürərdi - kərənti çəkici, zindan sancılmış kötük, yiyə, daş, satıl, törpü və 6 ölçüdən 9 ölçüyə qədər kərəntilər. Bəzən ot çalanda kərənti otun arasında qart bir şeyə dəyirdi və bu zaman kərəntinin ağzına yel düşürdü. Dərhal həmin kərəntini söküb dəmirkəsənlə ağzındakı yelli hissəni kəsib çıxardardı. Yelli kərənti ot layını yaxşı vərrəmirdi, ot zay olurdu. Biçin vaxtı kövşəndə kərəntisi korşalan kəndçilərimiz kərənti çiynində bizim ot yerinə gələrdi. "Yoruldum" deməzdi - zindanda onların da kərəntisini döyürdü.

Yaxşı əl qabiliyyəti vardı. Sus kəndində, Bəylikdə kimin dəm çaynikinin lüləyi, qulpu sınardısa, o vaxtın mampası şirni qutularından yamaq kəsib təmir edirdi. Belə xeyirxah işləri elə həvəslə edərdi, qazancı da alxış olardı. Qaranlıqda çöldə, tövlədə işlətmək üçün tutacaqlı, lalalı əl çırağı düzəldirdi. Yadımdadı, evdə uşaqlar üçün əski parçası, keçə və kirpi oxundan kuklaya bənzər oyuncaq düzəldirdi. Adına da "Qarnıkeçəburnubiz" deyirdi. Sonralar Tallinə gedəndə mağazada o oyuncağın oxşarını gördüm. Adına "Buratino" deyirdilər. Gecə körpə uşaqlar səs eləyib böyükləri yatmağa qoymayanda deyirdilər ki, yatmasanız, Qarnıkeçəburnubiz" gəlib sizi aparacaq.

Yaxşı at və yaxşı itdən həmişə söhbət salardı. Çəmbər adlı qara köpəyimiz vardı. Dədəm deyirdi ki, bu it bircə dil bilmir. Bir dəfə belə bir hadisə oldu. Bazar günü atı da, eşşəyi də palanladıq, çayın o tayında "Çarıxçıxmaz" deyilən yerə oduna getdik. Qış fəsli idi, bərk qarlamışdı. Çəmbər də bizə qoşulmuşdu. Meşədə at-eşşəyi ardıca bağlayıb qabaqlarına ot qoyduq. Dədəm sırıqlısını, ardınca da təzə pencəyini çıxardı. Pencəyi ardıcdan asıb sırıqlısını yenidən əyninə aldı. Başladıq odun eləməyə. Dədəm doğrayırdı, mən də gücüm çatanları ardıcın altına - yük vurulacaq yerə daşıyırdım. Bazar günü olduğundan radioda saat 14-ün muğamat konsertinə çatmaq üçün dədəm əl-ayaq eləyirdi. Çəmbər arada ərincək səslə uzaqda ovçuların atdığı güllə səsinə hürürdü. Yük hazır olan kimi at-eşşəyi yüklədik. Eşşək irəlidə, at yedəkdə çaya sarı yenməyə başladıq. Çəmbər gəlmir, ardıcın dibində gah hürür, gah zingildəyirdi. Biz çayı keçib getdik evə, yükləri qapıya aşırıb içəri keçdik. Dədəm radionu qoşdu, nənəm də bizə yemək çəkdi. Çəmbər axşam da qapıya gəlmədi. Fikrim Çəmbərin yanında qalmışdı. Səhər tezdən Zabuxdan gələn kolxoz maşınından dədəmi səslədilər ki, tez gəl, Qızılcada filankəs ölüb, yasa gedirik. Dədəm tez nənəmə dedi ki, pencəyi gətirsin, maşın gözləyir. Nənəm ora-bura baxdı, pencək tapılmadı. Dədəm köhnə pencəyi geyib nənəmin tirəsinə də bir yağlı söyüş söyüb kolxoz maşınına tərəf qaçdı. Maşın gedəndən sonra atımızı tövlədən çəkdim çölə. Nənəmlə atı palanladıq. Boyum çatsın deyə, çəlləyin üstə çıxıb atı mindim. Nənəm itin kəmsiyini verib dedi: "Gəlməsə, kəmsiyi sal boynuna çək". Günəşli qış havası idi. Çayı keçib dünən odun elədiyimiz ardıclığa - Çarıxçıxmaza gəldim. Çəmbər elə ardıcın altında idi, məni görəndə şikayət edirmiş kimi gah quyruq buladı, gah zingildədi. Atdan düşdüm itin yanına ki, kəmsiyi itin başına salam, birdən ardıcdan ərimiş qar suyu boynuma düşdü. Devikdim. Yuxarı baxanda dədəmin pencəyini ardıcdan asılmış gördüm. Çəmbərin dünən niyə bizimlə getmədiyi sirr bu imiş.

Dədəmdə güclü yumor hissi vardı, çoxlu lətifələr bilirdi. Şuxluğu sevirdi. Nənəm uzun qış gecələri ağzında dınqıdı çalıb uşaqları oynadanda dədəm tez papağının dimdiyini geri fırlayıb bir-birinə pərçimlənmiş əllərinin şəhadət barmağıyla çırtıq vurmağa başlayardı. Belə baməzə hərəkəti bizi güldürərdi. Yaxşı səsi olmasa da, hərdən kefi durulanda Aşıq Ələsgərdən və muğamlardan bir ağız zümzümə edərdi. Belə məqamda nənəm ona sataşmaq üçün deyərdi: "eşitməyən, qulaqların tutulsun!"

Evdə həmişə sac çörəyi bişərdi. Axıra qalan balaca kündədən bişən çörəyin adına "koka" deyirdik. "Koka" hər dəfə evdə uşaqların birinə düşərdi. Onu yeməz, mətah kimi saxlayardıq. Axşam dədəm "koka"sı olan uşağa deyərdi - "koka"nı ver, sənə dəvə düzəldim. Biz də sevincək razılaşardıq. "Koka"dan dişlək ala-ala deyərdi: "bu əyri yer dəvənin boynudu, bu dik yer dəvənin belidi, bu boş yer dəvənin qarnının altıdı" və s. Axırda "koka" dədəmin dişləyində yoxa çıxardı. Bu vaxt "koka" sahibi ağlayırdı, qalanlar gülüşürdük. Evə vırdı-vızan düşürdü. Mənzərəni seyr edən nənəm deyirdi: "elə dədəniz də siz ağıldadı".

Həyatının son 16 ilini dünya işığına həsrət yaşadı. Hansı həkimə apardıqsa, dedilər, çarəsi yoxdu. Arada giley eləyirdi ki, məni həkimə aparmırsız. Elə bilirdi çarəsi var. İki dəfə şair dostum, göz həkimi Paşa Qəlbinurun yanına apardım. Paşa doktor vəziyyətin nə yerdə olduğunu bilirdi, dədəmi stola oturdub müayinə edirdi. Axırıncı dəfə müayinədən sonra Paşa doktor dədəm eşitməsin deyə əl işarəsiylə mənə başa saldı ki, heç bir ümid yeri yoxdu. Mən: "Dur gedək evə", deyəndə dədəm asıldı Paşa doktorun qolundan, yalvarıcı səslə dedi:

- Sənin başına dönüm, sol gözümü əməliyyat elə, o gözüm açılacaq. Bu sözdən sonra mən doluxsundum. Paşa doktor da kədərləndi və bu sözləri dedi:

- Əmi, and olsun Həzrət Abbasın kəsilən qollarına sənin gözlərini əməliyyat eləməyin xeyri yoxdur.

Doktorun bu sözlərindən sonra dədəm bir daha onu göz həkiminə aparmağı dilinə gətirmədi.

Gözləri görməsə də, əl havasına evdə papağının, pencəyinin, çəliyinin, dəyişəyinin harda olduğunu bilirdi. Əlləri dədəmə həm də gözünü əvəz edirdi. Bizə o lazım idi ki, evdə hərəkət edəndə ona toxunmayaq. Hava sakit olanda çəliyini, bir də balaca döşəkcəni götürüb qapının ağzında dayanırdı - bu o anlama gəlirdi ki, evdən konfet verək, cibinə qoysun. Dördüncü mərtəbədən birinci mərtəbəyə minnətsiz - məhəccərdən tutub özü aşağı düşürdü. Aşağıda balaca uşaqlardan hansı biri məhəccərsiz pilləkəndən həyətə çıxmağına kömək etsə, ona konfet verirdi. Bir dəfə həyətdə qonşulardan bir nəfərə 20 manat verir ki, xırdalasın - bərbərə gedir. Qonşu kişi dədəmə iki beşlik vermişdi. Qonşunun bu hərəkətini nə dədəm, nə də biz heç kəsə demədik.

Ömrünün son 7 ayını yanında qaldım. Səhərlər şora qaymaq qatıb ona loxma tuturdum. Düşmənin Laçından çıxacağı xəbərini deyəndə bizə inanmadı. Televizorda xəbərlər başlayanda yeriyib düz televizorun yanında diktorun dilindən eşidəndən sonra dərindən həsrət çəkdi. Bu həsrətdə həm də rahat ölə bilməyin kədər qarışıq sevinci vardı dədəmin üzündə. Bir dəfə səhər süfrəsində loxma tutan zaman Savad bacımın - dədəm bacıma öz anasının adını qoymuşdu - yanında mənə dedi ki, ta qoyun ölüm. Laçına ordumuz yeriyən gecə canını tapşırdı. Laçın azad olmuşdu, dədəm ölmüşdü. Qarabağda rayonlar işğaldan azad olduqca Sabunçuda tanıdım-tanımadım, qənşərimə çıxan hər kəsə ovuc-ovuc ağızşirinliyi konfet paylayırdım. Sabunçuda məni tanıyanlar gözləyirlər ki, Laçın azad olub, şair gəlib ağızşirinliyi paylayacaq.

Burdan bir atdı getdi,
Atın nallatdı getdi.
Ay kimi şəfəqləndi,
Gün kimi batdı getdi.

Sarı Aşığın bu bayatısında atlının keçməsi xəbəri var, dədəmin sual-cavabında isə atlının keçib-keçməməsi xəbər alınır - burdan bir atlı keçmədi?! Bu an dədəmin at belində çaparaq Laçında döngədən aşdığı gözümün önündədi.

“Ədəbiyyat qəzeti”